Həsrətindəyəm (21-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 10
Baxılıb: 4 709
Səs ver:
(səs: 0)
5 AY SONRA.

Aradan keçən bu müddətdə bura artıq öyrəşməyə başlamışdım. Bu beş ayda evdən kənara çıxmasam da, demək olar darıxmırdım.

Elşad da məni incitmir, xətrimə dəymir, əksinə, məhəbbətlə yanaşırdı. Nə desəm, gözüm üstə deyib yerinə yetirirdi. Amma bu qədər vaxtda o, bir dəfə olsun atasıgillə əlaqə yaratmamışdı. Yeni nömrə alıb, izini itirmişdi. Kənana da bərk-bərk tapşırmışdı ki, İlkinə onun nömrəsini, qaldığımız evin ünvanını verməsin. Bütün bu olanlarda İlkinin zərrəcə günahı yox idi. Buna görə istəmirdim Elşad İlkini belə cəzalandırsın. Onun haqqı boynumda böyük idi. Qardaşıyla heç olmasa bir dəfə zəng vurub danışsın deyə Elşada nə qədər dil töksəm də bir faydası yox idi. Nuh deyirdi, peyğəmbərə dili gəlmirdi. Hər dəfə eyni sözü eşidirdim:

– Mən İlkinə xəbərdarlıq etmişdim. Bağışlamaram demişdim. Tüpürdüyümü yalayan deyiləm! Məndən bir də bu barədə xahiş eləmə!

Bir qədər sonra Kənan Elşada xəbər vermişdi ki, atası bir neçə aydır xəstə yatır. Və məsləhət görmüşdü ki, zəng vurub onu bir xəbər alsın.

Lakin bu xəbər də Elşadın ürəyindəki kini əritməmişdi. Bir kəlmə ilə Kənana:

– Allah şəfasını versin! – deyib, söhbəti bağlamışdı.

Günlər beləcə öz axarı ilə keçməkdə idi.

Sona xala və Nazim əmi bizə o qədər qaynayıb-qarışmışdılar ki, hərdən şübhə edirdim biz onların kirayəşinləriyik. Onlar bizə öz övladları kimi bağlanmışdılar, biz də onlara. Bizi onlarla evlərin arasındakı bircə daş hasar ayırırdı. Sona xala hər gün bizə baş çəkirdi.

Elşad istirahət günləri evdə olanda Nazim əmiyə bütün işlərdə mütləq kömək edirdi.

Yaz gəlib havalar da isinmişdi deyə bir yerə yığılanda artıq həyətdə və yaxud masanın ətrafında oturur, saatlarla söhbət edirdik. Nazim əmi burda yaxşı bağ salmışdı.

Elşadla münasibətimiz yolunda ikən o, peyda oldu.

Bir gün Sona xalayla söhbət edərkən həyətə 30 yaşlarında bir qadın girdi. İlk baxışdan xarici görünüşünə fikir verdiyi, dəblə ayaqlaşdığı bəlli olurdu. Dar geyimi onun bütün əzalarını önə çıxarmışdı. O, iti addımlarla bizə doğru gəlib, ruh görmüş adam kimi həyəcanla soruşdu:

– Ay Sona xala… Bu evi Elşad tutub?

Mən üzünü birinci dəfə gördüyüm bu qadından ərimin adını eşidəndə, özü də belə səmimi bir formada, oturduğum yerdə suya dönüb qaldım. Özümü ələ alıb bəlli etməməyə, sözün hara varacağını gözləməyə başladım. Sona xala onu görüb narazılıqla:

– Hə, tutalım elədir. Nə lazım idi?

Qadın gözucu məni süzüb, eyni həyəcanla dedi:

– Maşınını gördüm səhər darvazanın önündə. Burda deyildim, yeddi aydır çürüyürdüm qayınananın yanında. Dünən gecə gəlmişəm. Ay Sona xala, sən evi mənə vermədin, mən də gəlib səninlə üzbəüz evi tutdum. Oldum sənə qonşu. Bəs nə bilmişdin!

– Allah xeyrini versin! – Sona xala dilucu dilləndi.

Qadın birdən diqqətlə üzümə baxıb, Sona xalaya müraciətlə soruşdu:

– Bu ceyran gözlü qız kimdir belə? Birinci dəfədir görürəm. Qohumundur?

– Elşadın həyat yoldaşıdır! – Sona xala şəstlə dedi.

– Evlənib Elşad? – Qadın sarsılmış halda bir də mənə baxdı. Başdan-ayağa məni süzdü.

– Subay qalası deyildi ki… Əcəb söz danışdın da. Evlənib də, üstəlik, ailəsini də götürüb özüylə gətirib.

Qadın pərt olduğunu büruzə vermək istəməyərək guya bu xəbərə şad oldu.

– Həə? Nə yaxşı! – Məcburi gülümsədi. Və özünü təqdim etdi. – Gəl tanış olaq. Kama! Məni burda hamı belə tanıyır.

Mən dillənmədim. Mənim yerimə Sona xala dilləndi:

– Onun adı özü kimi Mələkdir! Mələk!

Qadın həyətdən çıxanda geri dönüb bir də mənə baxdı.

Mənim səsimin çıxmadığını görən Sona xala özü dilləndi. Həmin qadını işarə edib:

– Bir neçə ay bundan əvvəl gəlmişdi, vermədim evi buna, – dedi. – İstəyir lap milyon versin mənim bu evimə, xeyri yoxdur. İllərlə boş saxlayaram, amma belələrinə vermərəm. Mən də qulaqlarımın günahkarıyam. Heç yaxşı sözlər danışmırlar bunun haqqında. İki il olar dul bir kişiyə ərə gedib. Amma onun ərə getməyi ağzı yummaq kimi bir şeydir. Əri yetimin balası bir parça çörəyin əsiridir. Onu dağa-daşa salıb, bu da ki, öz kefində!

Mənim fikrim o qadının yanında ilişib qalmışdı. Deyəsən Elşadı yaxından tanıyırdı. Kim bilir, bəlkə köhnə sevgililərindən biri olub. Bu düşüncəylə məni artıq şübhə götürmüşdü. Onun “Elşad evlənib?” – deyən səsi qulaqlarımdan çəkilib getmirdi.

Sona xala isə məni başa salmağa, ayıq olmağa çağırırdı. Etiraf edim ki, sözləri canıma vəlvələ saldı. Mənə izah olunmaz bir narahatlıq gətirdi.

– Gözü açıq ol! Kişini boş buraxma! Belələri heç dinc bəndə olmurlar. Kişi ovçusudurlar. Elə ki yaraşıqlı, pullu kişi gözlərinə kəsdirdilər, əllərinə keçirməyincə sakit olan deyillər. Kişilər də elə bir məxluqdur ki, belələri onları bir anda ovsunlayır. Kişiyə də nə lazımdır, kefi kök olsun! Demə ki, bu xala mənimlə bu nə söhbətdir edir. Sən də mənim balam. Boy-buxunlu, yaraşıqlı ərin var. Səni də görürəm necə sevir. İmkan vermə ki, ağlını bulandırsınlar. Vaxt ikən bir uşaq dünyaya gətir onunçün, ailəsindən soyumasın. Məsuliyyət hiss eləsin. Evə bir az da bağlansın. Dünyanın o başına da gedə, nə qədər laqeyd ola, yenə də balasından ayrı qala bilməyəcək. Bala başqa nemətdir. – Sona xala köks ötürdü. Sonra sözünə qaldığı yerdən davam elədi. – Sona xalan çox çəkib belələrindən. Kişi qocalıb, indi oturub yanımda. Uşaq da olmurdu deyə əlinə bir növ bəhanə düşürdü. Kişi üçün istəyir lap canını verəsən, dünya gözəli olasan, xeyri yoxdur. Evdən çıxdı, yanından ayrıldı, gözü bayırda olur. Sənin deyil. Gözəllikdən də nə vaxtsa doyur. Onun istəklərinə cavab verən birini axtarır. Bu kişilərin xisləti belədir. Hələ cavansan, bəlkə də məni başa düşmürsən. Amma sözlərimi qulaq ardına vurma. Diqqətli ol.

Həmin qadının çox sərbəst bir şəkildə Elşadı xəbər alması, üstəlik, bir addımlığımızda ev tutması Sona xalanı mənimlə belə açıq danışmağa vadar eləmişdi.

Mən dillənib bir söz deməsəm də onunla tamamilə razı idim. Çünki hələ rayonda onu rədd edərkən Elşad bunu üzümə açıq söyləmişdi: “…Mənə qadın yoxdur? Yoxsa elə bilirsən, dalınca sürünürəm deyə səndən bir dənədir?”

O gecədən sonra onun üzünə hər baxanda bu sözlər ağır bir şillə kimi mənə çırpılırdı.

O axşam Elşad işdən qayıdıb şam etdikdən sonra hər dəfə olduğu kimi xəbərdarlıq etdi:

– Sabah naryaddayam yenə, gecə tək qorxmayacaqsan?

– Yox, – soyuq səslə dedim.

Elşad diqqətlə üzümə baxdı. Bayaqdan səbrini basıb sual verməsə də, axırda marağı ona üstün gəldi:

– Niyə bikefsən? – Şübhəylə soruşdu. – Nə isə olub? Gözümə birtəhər dəyirsən.

– Yox, sənə elə gəlir. – Mən inkar edib boynumdan atdım. Kama barədə heç nəyi açıb-ağartmadım. O, bu cavabıma inanmadı, amma çox dərinə də getmədi.

– Təki belə olsun! – deyib, adəti üzrə alnımdan öpdü.

Bir neçə gün sonra biz Sona xalagilin xahişi ilə onlara getmişdik. Sona xala samovar çayı dəmləyib, həyətdə çay süfrəsi açmışdı.

Elşadla Nazim əmi həmişəki kimi nərd oynayırdılar. Nazim əmi Elşada əsgərlikdə başına gələn əhvalatlardan danışır, Elşad şirin-şirin gülürdü.

Bu vaxt həyət qapısı açıldı. Həyətə girənin kim olduğunu görəndə gözlərimə inanmadım. Elə bildim başımdan aşağı qaynar su ələdilər. Həmin dəqiqə gözucu Elşada baxdım.

Elşad onu görəndə üzü bir anda ciddi ifadə aldı. Qaşları çatıldı. Rəng verib rəng aldı. Hirsli-hirsli fısıldayıb, oyuna davam etdisə də bir az əvvəlki şövq və həvəslə oynamadı. Astadan Nazim əmiyə:

– Lənət şeytana! Bu burda neyləyir? – dedi.

– Alə, qonşu evi kirayələyib də, bilmirdin?

Elşadın qanı bir az da qaraldı.

– Vay sənin!.. Day denən işimiz var də… Bir bu əskikdi! – Narazılıqla başını buladı. – Mərdimazarı axtarmaqla deyil ki…

Kama sinəsi və kürəyi açıq qısa don geyinmişdi. İri dolğun sinəsi və formalı budları uzaqdan diqqəti cəlb edirdi.

Forslana-forslana yaxınlaşıb, salam verdi. Əlində bir qutu vardı.

O, Nazim əmidən belə utanıb sıxılmadan birbaşa Elşada:

– Elik… – dedi, – bir bax gör buna nə olub belə? Sənin başın çıxır tok işindən. Dünən almışam, bu gün işləmədi.

Elşad düyünlənmiş qaşlarının altından tərs-tərs Kamaya baxdı. Mənim yanımda dillənib bir söz deyə bilmədiyi üçün dilini-dodağını gəmirdi.

Sona xala məsələni anlayıb Kamaya narazılıqla:

– Qoy qalsın, Nazim baxar sonra, – dedi.

– Yox, mənə indi lazım idi. – Kama üzünü Elşada tutdu. Əzilib-büzüldü. – Baxmırsan?

Nazim əminin Elşada işarə etdiyini gördüm: “Yola ver getsin”.

Elşad dişi bağırsağını kəsə-kəsə naəlac qalıb Kamanın uzatdığı feni hirslə onun əlindən aldı. İşləyib-işləmədiyini yoxlamaq üçün ayağa qalxanda gözucu məni süzdü. Və bəlli etməməyə çalışsam belə necə gərildiyimi gördü.

Feni elektrik xəttinə taxıb yoxlamağa başladı. Kama gedib onun yanında dayanmışdı. Gözünü Elşaddan çəkmirdi. Elşadın isə bir gözü məndə idi, arabir üzümdəki ifadəni izləyirdi.

Mən özümü sındırmamağa çalışsam da bütün bədənim əsirdi. Onun Elşada zillənmiş məftunluq yağan baxışlarını görməmək üçün gözlərimi onlardan qaçırmağa çalışırdım. Amma bir yandan da laqeyd qala bilmirdim.

Çox keçmədən Elşad soyuq və rəsmi səslə Kamaya:

– Zay mal imiş. İşləmir. Atıblar sənə! – dedi və feni kobud bir şəkildə Kamanın sinəsinə sıxdı. “İtil burdan!” deyər kimi. Kama bu həmlədən qeyri-ixtiyari bir addım geri çəkildi. Və laqeyd addımlarla onun yanından ötüb keçən Elşadı təəccüblə süzüb:

– Aaa… necə yəni zay maldır? Nə qədər pul saymışam, – dedi. – Orijinal adıyla satıb mənə əclaf!

– Başından etmək üçün itələyir birinə ki, üstündə qalmasın da. – Elşad kinayə ilə dedi. – Əvvəl xam olursan, şirnikirsən. Amma zay elə zaydır.

Bunu deyib oyununa davam etmək istədi. Kama dilini dinc saxlamadı:

– Öz aramızdır, Elik… sən də atanşikin biriymişsən a, o vaxt getdin, gələcəm dedin, gəlib çıxmadın.

Elşad pörtüb qaldı. Qanlı-qanlı Kamanı süzüb, fısıldadı, bir söz demədi. Bəlkə də mən burda olmasaydım…

Nazim əmiylə Sona xala narazılıqla Kamanı süzdülər. Mən Sona xalaya kömək etmək adıyla evə keçib, əslində özümə gəlməyə çalışdım.

***

Ertəsi gün Kamaya yolda rast gələn Elşad maşını saxladı. Düşüb iti addımlarla ona yaxınlaşdı. Qolundan tutub:

– Sən nə etmək istəyirsən? – əsəblə soruşdu. – Kimə söz eşitdirirsən? Dilin bu qədər uzanıb?

– Nədir, üzün danlanıb? – Kama Elşadı qıcıqlandıra-qıcıqlandıra güldü. – Danışaydın da keçirdiyimiz o günlərdən balaca şahzadənə! İstəyirsən mən danışım!

– Sən öz fikrincə məni təşviş altında saxlayıb, hədələyirsən, küçük?!

Kama özünü qətiyyən sındırmadı:

– Mən yalnız səni istəyirəm, vəssalam!

– Sən məni artıq maraqlandırmırsan! – Elşad özü də hiss etmədən səsini qaldırdı. – Bir heçsən mənimçün! Nə olubsa, keçmişdə qalıb. Açıb-ağartmağın bir mənası yoxdur! Ay başdan xarab, səndən sonra yüzü gəlib-keçib e, əlimin altından. Sən hələ orda qalmısan? Yoxsa özünü nadir tapıntı hesab edirsən?

Kama gözlərini süzdürdü.

– Axrıncı dəfə xəbərdarlıq edirəm: bir də qələt edib artıq-əskik söz danışsan, məndən incimə!

– Neyləyəcəksən?

Elşad boğazından yapışıb onu hirslə maşına dirədi. Dişlərini bir-birinə sıxdı.

– Mən çox şey edə bilərəm! – dedi. – Başın bədəninə ağırlıq eləməsin!

– Özünə gəl, camaat bizə baxır! – Kama küçədən keçənləri ona göstərib, Elşadın əlinin altında çırpındı.

– Sən belə abır-həya bilənsən, ləçər? – Elşad səsini bozartdı. – Şələ-küləni də yığışdır, rədd ol o evdən! Səni görmək istəmirəm! Bir də rastıma çıxma! Bu qəsəbədə başqa ev tapmadın? Niyə rədd olub getmirsən öz rayonuna? Haradan gəlmisənsə, ora!

Kama, yəni Kamilə əslən buralı deyildi. Hələ yeniyetmə yaşlarında ikən ucqar rayonların birindən köçüb gəlmiş, bu qəsəbədə yerləşmişdi. Elşadla da burada o, hərbi hissəyə işə düzəldikdən bir neçə ay sonra tanış olmuşdu.

Elşaddan bu sözləri duyanda:

– Buraxx! Mənə əmr eləmə! Ürəyim burada qalmaq istəyir, buradan da ev tutmuşam! – dedi, məzəmmətlə Elşadı süzdü. – Heç dəyişməmisən! Əvvəlki tək kobudsan! Amma mən elə sənin bu kobudluğunu, bu sərtliyini sevirəm! Və səndən əl çəkən deyiləm!

– Sənə sözümü dedim! – Elşad ona barmağını silkələyib maşına oturdu.

– Baxarıq! – Kama inadkar bir tövrlə onun arxasından dilləndi.

O gündən sonra Kama Elşadı izləyən bir kölgəyə çevrildi. Hər fürsətdə Elşada yaxınlaşıb çəkinmədən onunla hətta Mələyin gözləri önündə danışır, onu söhbətə cəlb edirdi.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri