Həsrətindəyəm (24-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 12
Baxılıb: 4 995
Səs ver:
(səs: 0)
İki gün keçmişdi, amma Elşad hələ də evə gəlməmişdi.

Növbəti gün döyülən qapı səsinə yataqdan qalxıb güclə addım ata-ata qapıya yaxınlaşdım. Hələ özümə gələ bilməmişdim. Ayağa qalxanda otaq başıma fırlanırdı. Buna görə Sona xala məni tək qoymurdu. Tez-tez gəlib baş çəkirdi.

O, bir az əvvəl getdiyi üçün fikirləşdim ki, gələn Elşaddır.

Qapını açdım. Qarşımda dayanan Elşad deyildi, atam idi.

Bir anlıq sandım ki, xəyal görürəm. Amma bu bir gerçək idi. Gələn atamdı.

Bu qədər həsrətdən sonra məni bu halda görəcəyini ağlına gətirməyən yazıq kişinin gözləri dolmuşdu. Çənəsi əsir, dodaqları titrəyirdi. Saralmış bənizimə, divardan tutub ayaq üstə dayanmağa çalışan halsız vücuduma baxdıqca hönkürməmək üçün özünü zorla saxlamışdı.

Amma mən onun qədər güclü ola bilmədim. Sevinc qarışıq bir heyrətlə əlimi ağzıma tutub hönkürdüm. Özümü atamın üstünə atdım. Bərk-bərk ona sarıldım.

Atam məni bağrına basıb, saçlarımı qoxuladı. Dərin köks ötürdü.

Onu içəri dəvət etdim. Sevincimin həddi-hüdudu yox idi. Atam bura qədər gəlmişdisə, deməli, məni bağışlamışdı. Deməli, hirsi soyumuşdu. Mənimçün bundan böyük sevinc ola bilməzdi.

Allah bir qapını bağlayanda o birini açır, deyiblər. Elşadın başına gələnlər və 3 gün əvvəl aldığım zərbədən sonra bunu mükafat olaraq qəbul etmişdim. İndi ürəyim uçunurdu ki, bircə Elşad evə tez gəlib çıxsın. Atamla barışsınlar.

Atam tutqun baxışlarla otaqları nəzərdən keçirir, bizim həyat şəraitimizlə sükut içində tanış olaraq dinib-danışmırdı. Hələ də ayaq üstə dayandığını görüb, ona oturmağı təklif etdim. Amma o, başının işarəsiylə bu təklifi geri çevirdi.

Çalışırdım ona gümrah görünməyə çalışam, amma atamı aldada bilməzdim. O, rəngimə-ruhuma baxaraq od tutub yana-yana:

– Bu qədər vaxtdan sonra səni bu gün-rüzgarda görəcəyimi bilsəydim… – Sözünün ardını gətirə bilmədi. Qəhərləndi, narazılıqla başını buladı.

Mən cəsarət edib anamı, bacımı xəbər ala bilmirdim atamdan. Söz tapmırdım danışmağa.

O, bir qədər özünə gəldikdən sonra məni ikinci dəfə heyrətləndirdi. Gəlməyinin əsl səbəbini açıqladı.

– Hazırlaş, maşın gözləyir qapıda. Səni aparmaq üçün gəlmişəm.

Atam bunu elə qətiyyətlə dedi ki, çaşıb qaldım.

– Niyə?

– Niyəsini soruşma! – Atam kiməsə olan acığından bütün hirsini mənə tökdü. – Nə deyirəmsə, ona əməl et! Gedirik! Və burdan bir çöp də götürmə özünlə!

Məni saran şübhədən dözməyib yenə sual verdim:

– Elşad çağırtdırıb səni? O istəyib məni aparasan burdan?

O gün aramızda gedən dava-dalaş səbəbi ilə mən indi bu qənaətdə idim.

– Elşad kimdir? – Atam bir anlıq duruxan kimi oldu. Mənim baxışlarımı yerə dikib dinmədiyimi görəndə birdən sanki ayıldı, sifəti tutqun ifadə aldı. Başa düşdüm ki, yazıq atam hələ kürəkəninin adını da bilmirmiş.

– O qoduq məndən oğurluq edə bilər yalnız! Mənə əmr edib ayağına çağıtdırmağa hünəri çatmaz!

Mən başımı aşağı salıb gözümün yaşını tökməyə başladım.

– Geyin! Bir az cəld ol!

– Ata… – Yazıq-yazıq üzünə baxdım. – Ondan xəbərsiz gedə bilmərəm! Xəbər edək, sonra!

Atam ağzını doldurub mənə nəsə demək istəyirdi ki, bu vaxt Nazim əmi ilə Sona xala içəri girdilər. Və məsələni anladılar. Sən demə, atam ev sahibi olduqlarından bizi əvvəlcə onlardan soruşubmuş.

Atam onlara öz qərarını bildirdi:

– Mən qızı götürüb aparıram. O vicdansız əgər maraqlansa, gələr, səbəbini öyrənər!

Nazim əmi mənim necə göz yaşı tökdüyümü görəndə getmək istəmədiyimi üzümdəki ifadədən oxudu. Və atama:

– Qardaşımsan… Belə eləmə də. Yaxşı iş deyil bu. Bilmirəm indi nə baş verib aranızda, amma Elşad pis oğlan deyil. Ədəb-ərkanlı, böyük-kiçik yeri biləndir. Belə alınmır axı. Bu uşaq sizin qızınız da olsa, onun ailəsidir.

Atamı od götürdü:

– Yaxşı oğlan quldurluq eləməz! Evlənmək fikri olan adam gedib ağsaqqalı, ağbirçəyi varsa məsləhət edərdi, qapıma adamını göndərərdi. Küçədən quldur kimi qız götürüb aparmazdı. Məni el içində rüsvay elədikləri bəs deyil, indi də şərt qoyurlar önümə! Tələb irəli sürürlər! Verirdim o vaxt onu polisə. Qohum-əqrəba yığışdı, öyüd-nəsihət etdilər, bir işdir olub, gəl daşın bu fikirdən, yoxsa zərərli çıxan yenə sən olacaqsan… Çəkdim sinəyə, susub oturdum. Yaxşı bəs, 2 ildir haradadır bunun böyükləri? Nəslində bir adam yoxdur ki, qabağa dursun? Mənim qızım nədir bunlarçün? Bu qədər ucuz, bu qədər qiymətsizdir? Mən bu qədər vaxtı nə çəkmişəm, bilirsiz? Bilməmişəm kimdən soruşum balamı! Harada axtarım!

Nazim əmi bu duyduqlarından sonra təəssüf hissi ilə başını aşağı saldı. Əslində çıxılmaz vəziyyətdə qaldı. Köks ötürdü. Atam əlavə etdi:

– Burda sizin qarşınızda deyirəm qızıma. Əgər məni özünə ata sayırsa, əgər bir balaca özünə hörməti varsa, sözümdən çıxmamalıdır! Mənlə gedəcək!

Mən hönkür-hönkür ağlamağa başladım. Bu dəqiqə çox pis vəziyyətdə idim. Nə Elşaddan vaz keçə bilirdim, nə də atamdan. İkisinin arasında qalmışdım. Elşadı belə ağır günlər keçirməkdə ikən atıb getməyə ürəyim gəlmirdi.

Sona xala mənim halımı görüb atama dil tökməyə başladı:

– Daha evləniblər. Cahillik ediblər də, böyüklüyü siz edin, ayırmayın gəncləri bir-birindən. Günahdır!

– Anam-bacım… mən ayırmıram. Bunu məndən tələb edirlər! Mən istəmərəm övladım bədbəxt olsun. Amma onun aqibətinə görə çox narahatam. Məni düz başa düşün! Bu oğlanın böyüyü – dilim də gəlmir bu sözü işlətməyə – üzümə durub deyir ki, nə qədər canımda can var, imkan vermərəm onlar bir ailə olsun. Bu sözdən siz nə başa düşürsünüz? Bir məni başa salın. – Atam odlana-odlana dilləndi. – Bəlkə mən qanmazam?

Heç kimdən səs çıxmadı. Atam qəti səslə əlavə etdi:

– Nə qədər ki, gec deyil, bəri başdan üzülüşsünlər. Sabah mənim qızım qucağında bunların törəməsi ilə küçələrdə qalmasın. Bu oğlan onların oğludursa, bir az atlanıb-düşəcək, sonda razılaşacaq valideynləriylə! Olan yenə mənə, mənim qızıma olacaq!

Nazim əmi telefonu qulağına tutub, danışa-danışa qonşu otağa, oradan da bayıra çıxdı. Mənim bütün diqqətim indi Nazim əmidə idi. Onun nə danışdığını dinləyirdim:

– Elşad… hardasan, alə, sən? Beş dəfə zəng vurmuşam. Harada? Qulaq as, gör nə deyirəm. Qayınatan gəlib, burdadır. Evə gəlsən yaxşı olar. Çalış, bir az tez tərpən!

Sona xala hələ də atamı fikrindən daşındırmağa çalışırdı. Amma buna nail ola bilmirdi. Atam Elşadı işarə edib deyirdi:

– Gedib böyükləri ilə danışar, əvvəlcə öz problemini ata-anasıyla yoluna qoyar, ondan sonra gəlmək fikri olsa, gəlib ailəsini aparar. Başqa cür, əsla!

– İşləriylə əlaqədar başı bir az qarışıqdır. Onu da başa düşün. Gözləyin, özü gəlsin, xəbəri olsun, buna ikilikdə qərar verin.

– Mənim onu gözləməyə nə fikrim yoxdur, nə də vaxtım. – Atam mənə sonuncu dəfə xəbərdarlıq edib evdən çıxdı. – Maşında gözləyirəm.

Mən dərhal Sona xaladan yapışdım. Ağlaya-ağlaya:

– Mən getmək istəmirəm, xala, – dedim. – Atamın təbiətinə bələdəm. Məni burdan aparsa, bir də geri qaytaran deyil!

– Mən tanıdığım Elşad sənin orada qalmağına razı olmaz! Ağlama!

Bir qədər sonra məcburən atamın tələbinə boyun əyməli oldum. Nə qədər ləng tərpənib vaxt qazanmağa çalışdımsa da, Elşad gəlib çıxmaq bilmədi.

Göz yaşlarım yanaqlarımı yuya-yuya gedib maşında əyləşdim. Tez-tez dönüb geriyə, Elşadın gələcəyi yola baxırdım. O, hələ görünmürdü. Sona xala baxışlarıyla məni narahat olmamağa çağırır, Nazim əmi durmadan Elşada zəng vururdu.

Nəhayət, maşın yerindən tərpəndi. Tini burulanda mən ağlaya-ağlaya bir də çevrilib geri baxdım.

***

Mələkgil getdikdən 5 dəqiqə sonra son sürətlə hərəkət etməkdə olan maşının əyləcinin qəfil səsinə Nazimlə Sona geri çevrildilər. Onlar hələ də evlərinə getməmişdilər. Həyətdə dayanıb Elşadın gəlməsini gözləyirdilər.

Elşad tez-tələsik maşından enib, qapısını belə örtmədən qaçaraq addımlarla həyətə girdi. Nazim onu görən kimi iradla:

– Şükür, gəlib çıxa bildin! – dedi.

Elşad onlara yaxınlaşıb təlatümlü bir ifadə ilə hər ikisini süzdü:

– Prokurorluqda idim. Nə olub? Niyə gəlib?

– 5 dəqiqə olar çıxıblar.

– Başa düşmədim. – Elşad Nazimi süzdü.

– Götürüb apardı qızı! Dedi, gəlsin, danışarıq!

– Necə yəni apardı?

– Vallah, bir müsibətlə getdi ki, Mələk. – Sona söhbətə qoşuldu. – Nə qədər ağlayıb yalvardı, mümkün olmadı.

– Atası da olsa, buna ixtiyarı yoxdur! Onun yiyəsi mənəm! – Elşad gərildi. – Bu nə deməkdir? Adamdan bir soruşmazlar?

– Oğlum, – Sona Elşadı sakitləşdirməyə çalışdı, – əlbət, var də bir səbəbi.

Elşad daha gerisini dinləyə bilmədi. Hiddətlə darvazaya doğru getməyə başladı. Nazim yüyürüb ona çatdı. Qolundan tutub onu saxladı:

– Hara, alə?

– Dalınca gedirəm! Geri qaytaracam! – Elşad əsəblə geri dartındı.

– Ağıllı ol! – Nazim təmkinlə dilləndi. – Hələ yox! Səbrini bas, bir az sakitləş. Bir-iki gün keçsin, böyüklərini də götürüb, birlikdə gedərsən.

– Hansı böyükləri? – Elşad acı istehza ilə dilləndi. – Söz tapdın danışmağa?

– Alə, ay xətakar, sən oğurlamısanmış ki bu qızı! – Nazim heyrətini boğa bilmədi.

– Mənimki də belə gətirdi. Başqa yolum yox idi.

– Hmm… Mən də fikirləşirəm hərdən, bu uşaqların niyə bir valideynləri gəlib-getmir, maraqlanmır?

Elşad daha bir söz demədi. Alt-üst olmuş bir əhvalla həyətdəki skamyaya çöküb oturdu. İki əliylə başını sıxdı.

Axşam Elşad evə qayıdıb otağa keçəndə özünü tamamilə kimsəsiz hiss elədi.

Hər gəlişində körpə uşaq təki qabağına qaçıb ona sarılan Mələk yox idi. İndi onu boş otaqlar və ürək sıxan bir səssizlik qarşılayırdı.

Mələk yataqdan necə qalxıb getmişdisə yataq o vəziyyətdə də qalmışdı. Dərmanları masanın üstündə qoyduğu kimi dururdu. Bütün bunları gördükcə ürəyi xiffətindən partlamaq dərəcəsinə gəldi. Tənhalıq Elşadı necə sıxdısa, özüylə bacarmadı. Mələyin xalatını götürüb burnuna tutdu, dərin-dərin qoxuladı. Bir anlıq da olsa onu yanında hiss etmək istədi. Bir az da talan oldu. Divana çöküb oturdu. Həsrət ona necə üstün gəldisə əzab içində əliylə üzünü ovuşdurub, əliylə dolmuş gözlərini sıxdı. Çiyinləri titrədi. Xeyli sakitləşə bilmədi.

Handan-hana bir qədər toxtayıb, özünü ələ aldıqdan sonra telefonu götürdü. Qardaşına zəng vurdu. Tezliklə xəttin o üzündən İlkinin həmişəki mülayim səsi eşidildi:

– Bəli.

– İlkin, mənəm, Elşad.

– Elşad?! – İlkin yerindən dik qalxdı. Tez-tələsik əlavə etdi. – Səsini eşidək, a kişi… Allah sənə kömək olsun, adam belə insafsız olar? Necəsən?

Elşad dağınıq saçlarını daraqlayıb alnına yayaraq onu saran qəm-qüssədən güclə dillənə bildi:

– Yaxşı deyiləm, İlkin. Heç yaxşı deyiləm!

İlkinin ifadəsi dəyişdi. Bir gözü maraqla onu dinləyən ata-anasında, narahat bir səslə:

– Nə olub? – deyə soruşdu.

Elşadın cavab yerinə telefonda fısıltısı duyuldu.

İlkin dayanıb gözlədi. Qaşları düyünləndi. Qardaşına səsləndi:

– Elşad, de görək nə olub də. Salamatlıqdır?

Bunu görən anası ərinə baxa-baxa kinayə ilə dilləndi:

– Hmm… Kürkünə birə düşüb bəyzadənin! Gör necə zəng vurdu? Bu neçə vaxtda heç yada da düşmürdük.

İlkin çevrilib gözucu tərs-tərs anasını süzdü. Evdən çıxdı. Pilləkənləri enməkdə ikən anasının bütün sözlərini eşitmiş olan Elşadın əsəbi səsi duyuldu. Hər şeydən bezib usanmış, yorulmuş halda üsyan etdi:

– Ona de ki, hərdən o dünyasını da fikirləşsin! Heç olmasa bir dəfə Allahı yadına salsın! Mənim həyatımı alt-üst etməkdən yorulmadı?

– Yaxşı, sakit ol. Danış görüm, nə olub? – İlkin bir anlıq durub, sonra şübhəylə soruşdu. – İçkilisən yenə? Dilin söz tutmur.

Elşad gərgin bir səslə tamam başqa söz dedi:

– Mənə şəhərdən çıxmağa icazə yoxdur. Amma bir yolunu tapıb gələcəm rayona.

– Niyə icazə yoxdur? Nə baş verib?

– Sözümü kəsmə! – Elşad səsini göyərtdi. Və dərhal eyni tonda əlavə etdi. – Mən rayona gəlsəm, o zaman o evdəkilər üçün yaxşı heç nə baş verməyəcək, əmin olun! Yorulmuşam artıq! Bəsdir!

– Elşad, nə olub axı?

– Nə olduğunu mən səndən soruşuram! Anan yenə nə hoqqa çıxarıb orda?

– Başa düşmədim.

– Mən ümumiyyətlə bizim ailəni başa düşə bilmirəm! – Elşad hiddətlə səsini qaldırdı. – Nə istəyirlər məndən? Nə veriblər mənə, ala bilmirlər? Niyə rahat buraxmırlar məni?

– Elşad…

– Atası Mələyi əlimdən alıb apardı! – Elşad əzab içində qovrula-qovrula dedi.

– Nə danışırsan? – İlkin təəccübləndi. – Niyə? Nə səbəbə?

– Nəyə desən and içim ki, bu işdə ananın barmağı var! Əgər belə olmasa, gəl mənim üzümə tüpür!

İlkin onu sakitləşdirməyə çalışdı:

– Darıxma. Yoluna qoyarıq. Öyrənərəm nə məsələdir.

– Nəyi yoluna qoyacaqsan? Nəyi? – Elşad əsəbi tonda bütün acığını yenə qardaşına tökdü. – Anan məni kişilikdən saldı deyirəm sənə, a kişi! Bilirsən bu nə deməkdir? Adamın açıq-aşkar üzünə söyməkdir! Söydürdü məni anan! Saldı kişilikdən! İstəyinə çatdı! Bilmək istədiyin başqa nəsə var? Çatdı sənə nə demək istədiyim?

– Sən sakit ol, bir dəlilik eləmə. Mən sabah gedib Mələyi götürüb gətirərəm evə!

– Ehtiyac yoxdur!

– Niyə?

– Niyəsini özün yaxşı bilirsən! Heç olmasa bu sualı vermə də mənə! Mənim o evdəkilərə daha etibarım qalmadı!

İlkin məyus bir səslə dedi:

– Qaqa, belə danışma də, səni and verirəm Allaha.

Elşad İlkinin sözünü ağzında qoydu:

– Anan Mənsuməyə de, sakit otursun yerində! Bəsdir hegemonluq elədiyi! Məni vadar eləməsin xoşagəlməz bir addım atım!

İlkin anasına görə narazılıqla başını buladı. Daha deməyə söz tapmadı.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri