Həsrətindəyəm (38-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 6
Baxılıb: 4 713
Səs ver:
(səs: 0)
Elşad maşını həyətə salıb yerə endi. Alt-üst olmuş əhvalla masanın arxasına keçib oturdu.

Zeynal yeyib-içəndən sonra qalxmış, qab-qaşıq eləcə süfrədə qalmışdı.

Bu vaxt İlkinin maşını darvazanın önündə göründü. Salonu bürüyən oynaq musiqi səsi, səsucaldanların guppultusu buradan belə aydın duyulurdu. Hətta səsə Zeynal da eyvanda göründü.

İlkin maşını həyətə salıb maqnitofonu söndürdü. Maşından enəndə pilləkəni ağır addımlarla düşən Zeynal irişərək ona sataşdı:

– Nə olub, təzə bəy, məşq edirsən?

Elşad altdan-altdan qanlı-qanlı Zeynalı süzüb, bir az da gərildi.

İlkin qardaşının zarafatına zarafatla cavab verib, şən əhval-ruhiyyədə:

– Atamgil hələ gəlməyib? – deyə masaya doğru gəldi. – Salam-əleyküm, yoldaş leytenant!

Başını əlləri arasına alıb oturmuş Elşad dillənmədi. İlkin, bir gözü Zeynalda, heç nə başa düşməsə də daha üstünü vurmadı. Baxışları ilə ətrafda Hüseyni gəzib, ucadan:

– Hüseyn kişi hanı? Gəlsin görüm, əmisi darıxıb bu gün onsuz, – dedi.

Elşadın dillənmədiyini görəndə:

– Qaqa, nə olub? – deyə sükutunun səbəbini xəbər aldı. – Hüseyni soruşuram, yatıb olmaya?

İlkin bunu deməyinə peşman oldu. Özü də bilmədən qardaşının yarasına duz basdı sanki. O, sözünü bitirməmiş yerindən sıçrayıb qalxan Elşad bir həmlədə masanı çevirib aşırtdı. Süfrədəki qab-qacaq beton döşəməyə tökülüb çilikləndi. İlkin mat-məəttəl geri çəkildiyi halda Elşad bununla kifayətlənmədi. Stulları hara gəldi, necə gəldi tulladı, skamyanı qaldırıb hirslə yerə çırpdı.

– Elşad! – İlkin həyəcanla ona doğru getdi. Mane olmaq istədi. Bacarmadı. – Nə olub, a kişi, özünə gəl! Sakit ol!

– Nə qazlanıb gəlmisən, ayə, üstümüzə? Başına hava gəlib? – Zeynal dayandığı yerdən ona səsini göyərtdi.

– Havalanaram bu gedişlə! Buna çalışırsınız! – Elşad od tutub yana-yana Zeynala bağırdı. – Bəsdirin! Məhv elədiniz həyatımı! Tüpürüm bu ev-eşiyə də, sizə də! O tikiləni də sabah buldozerə verib yerlə bir etdirəcəm! Lazım deyil mənə ev! Rahat buraxın məni! Əl çəkin yaxamdan!

– Səsin özünə xoş getməsin! – Zeynal qardaşına bozardı. – Kişi kimi evdə hünərin yoxdur, arvadın yanında sözün keçmir, bizə niyə acığın tutur? Bunun günahı bizdədir? Kişi olmağı da biz sənə öyrədək?

Elşad özü ilə bacara bilməyib qardaşının üstünə yeriyəndə İlkin qarşısına keçib ona mane oldu:

– Yaxşı, bəsdir! Baş qoşma ona sən! Ağlını başına yığ. Əsəbiləşmisən, nə dediyini bilmirsən. Gəl çıxaq küçəyə, bir az sakitləş. De görüm, nə olub?

Elşad qolunu qardaşının əlindən çəkib çıxararaq maşına əyləşdi.

– Bu vəziyyətdə hara gedirsən? – İlkin ona səslənsə də Elşad cavab vermədi. Sürüb getdi.

Bütün gecəni içib, evə səhərə yaxın qayıtdı. Otağa keçib, üzü üstə taxtın üstünə düşüb qaldı.

Səhəri gün İlkinin səsinə oyandı.

Artıq günorta idi.

Əl-üzünə su vurub, ayaqlarını dalınca sürüyə-sürüyə gəlib pilləkəndə oturan Elşad yorğun-əzgin baxışlarla həyətə baxmağa başladı.

Gəlib eyvanda onun başı üstündə dayanan İlkin narahatlıq duyulan bir səslə Elşada:

– Elşad, dünən nə baş verib? Hüseynlə gəlinbacı niyə yoxdur evdə? Danış görüm, sən niyə bu haldasan? – deyə sual verdi.

Elşad dillənmədi. Gicgahlarını barmaqları ilə sıxıb ovuşdurdu. Başı ağrıyırdı.

– Niyə dinib bir söz demirsən? – İlkinin səbri tükəndi.

– Deyiləsi heç nə yoxdur.

– Boş yerə bütün gecəni içmisən?

– Öz əlimlə evimi yıxmışam. Bunu qeyd eləmək lazımdır, ya yox? – Elşad kinayə ilə dilləndi.

– Zarafatın heç yeri deyil.

– Onda sual vermə! – Elşad qardaşının sözünü kəsdi. – Öz işinlə məşğul ol! Toya az qalıb, get, öz işlərini həll elə. Mənə fikir vermə.

***

Atamgil acıq edib gəldiyimi bilmirdilər. Onlara Elşadın poliqonda olduğuna dair bir yalan satmışdım. İstəmirdim mənim ucbatımdan atam yenidən xəstəxanalıq olsun.

Bir neçə gün sonra Elşad dediyi kimi dalımca gəldi.

Hüseynə yemək yedirdirdim. Gözləmədiyim bir anda qapı açıldı və Elşad həyətə girdi.

Çox solğun və məyus görünürdü. Sonuncu dəfə gördüyüm Elşada çox az bənzəyirdi. Qolu-qanadı qırılıb yanına düşmüş, kədər gözlərində məskən salmışdı. Sözün açığı, onu bu vəziyyətdə görəcəyim ağlıma gəlməmişdi.

Ürəyimin şiddətlə vurmasına baxmayaraq özümü soyuqqanlı göstərdim. Halbuki bir həftə idi nə gecə yatırdım, nə gündüz. Elşaddan ayrı keçən bu günlər nəfəsimi kəsirdi.

Hüseyn atasını görər-görməz içini çəkib əlimdən çıxaraq sevincək ona doğru yüyürdü. Məni unutdu.

Elşad qollarını yana açaraq qabağına qaçan Hüseyni bir həmlədə qucağına götürüb bağrına basdı. Dönə-dönə öpdü.

Bu mənzərə qarşısında gözlərim dolsa da özümü tutub durmuşdum ki, ağlamayım.

Handan-hana Elşad sanki özündə qüvvə tapıb Hüseyn qucağında mənə doğru gəldi. Və ona əzab verən hisslərdən qurtulmaq üçün dilə gəldi:

– Gedək evə.

Məni yola gətirmək üçün çox söz dedi.

Mən razı olmadım. Getmək istəmədiyimi ona qəti şəkildə bildirdim.

Və balaca qollarını atasının boynuna dolayıb bərk-bərk ona sarılmış Hüseyni güc-bəla ilə Elşaddan aldım.

Hüseyn atasından ayrılmaq, qopmaq istəmirdi, çığırtısı ərşə qalxmışdı. Gözünün yaşı selə dönmüş bir halda əlini atasına uzadıb, bütün cəhdi ilə ona can atırdı, onu qucağımda güclə saxlamışdım.

Elşad uşağın düşdüyü vəziyyətə bir az da talan oldu. Məzəmmətlə məni süzdü. Baxışları ilə məni qınadı.

Bilirdim düz eləmirəm, amma ürəyim o qədər sınmışdı ki, ürəyimə daş bağlayıb sözümdən dönmədim. Və o, getdi. Amma sınıb parça-parça olmuş ürəyimi də gedərkən özü ilə apardı.

Artıq 20 gündən çox idi ki, atam evində idim. Hüseyn hər gün atasını soruşur, onu istəyirdi. Uşağın bu halı məni ağrıdır, əzab çəkirdimsə də qürurumu sındırmaq istəmirdim.

Son günlərdə Elşad Leylanın mobil telefonuna zəng vurub mənimlə danışmaq istəsə də, mən bunu qətiyyətlə rədd edirdim.

Leyla bu səbəbdən məni qınayır, iradını bildirirdi.

– Dəli olmusan sən? Bu günədək nələrə dözmüsünüz, nə çətinliklər görmüsünüz, amma yenə bir-birinizdən vaz keçməmisiniz. İndi balanız var, ayrılmağı düşünürsünüz? Hüseynə rəhmin gəlmir? Uşağın göz yaşı sənə zərrə qədər təsir eləmir?

10 GÜN KEÇDİ.

Həmin gün Leyla telefonu mənə gətirib qınaq dolu baxışlarını üzümə dikdi:

– İlkindir. Səninlə danışmaq istəyir. Deyiləsi sözü var, – deyib, yanımdan ayrıldı.

– Alo!

Xəttin o üzündən İlkinin qüssəli səsi duyuldu:

– Salam, hər vaxtın xeyir, gəlinbacı.

Salamını aldıqdan sonra o, Hüseyni xəbər aldı və zəng vurmasının səbəbini açıqladı:

– Bilirsən niyə zəng vurmuşam? – Sözünə bir qədər ara verib, kədərlə əlavə etdi. – Elşad xəstə yatır. Bir neçə dəfə həkim çağırmışıq. Dünən də yaxşı deyildi. Təcili yardıma zəng vurası olduq. Bu qədər ciddidir yəni vəziyyəti. İşə də çıxmır. Bəlkə gələsən? Gəlsən yaxşı olar.

Telefon qulağımda sarsılmış halda onu dinləyirdim. Qəhər məni boğdu, dillənə bilmədim. İlkin xahiş dolu bir səslə yenidən mənə səsləndi:

– Elşadı kiməsə görə qurban vermə. O, sizinçün canından keçər, gəlinbacı. İnan ki, bunu edər. Nə olubsa olub, unudun bitsin. Barışın. Hüseynə xatir, qayıt gəl evə.

Əlim titrəyə-titrəyə gözümün yaşını sildim.

– Sən hazıram de, gəlim gətirim səni.

Ona cavab verməli idim deyə dərhal özümü toplayıb, kövrək səslə dedim:

– Aha, oldu, deyərəm.

İlkin razılaşıb zəngi bitirdi.

Bu xəbərdən sonra elə bir halda idim ki, daha İlkini gözləyə bilmədim. Atama evə getmək istədiyimi bildirdim və o da sorğu-sualsız məni Elşadgilə gətirdi.

Həyətə keçəndə İlkin çardağın altındakı skamyada oturub qulağında telefon kiminləsə danışırdı. Çox güman, nişanlısı ilə. Bizi görən kimi yerindən qalxdı. Tez-tələsik xudafizləşib söhbəti bitirdi. Bizə doğru gəldi:

– Mən səndən xəbər gözləyirdim, gəlinbacı… – deyib, məni də Hüseyni bağrına basdı.

– Gözləyə bilmədim. – Doluxsunmuş halda evə tərəf baxdım.

Hüseyni məndən alan İlkin gülər üzlə onu danışdırmağa başladı.

– Balaca kişi, adam da heç əmisini atıb gedər? Bəs demirsən, əmi darıxır burada sənsiz? – Hüseyni öpüb, oxşadı.

Dözməyib, Elşadı soruşdum:

– İlkin, nəyi var, niyə xəstələnib?

İlkinin ifadəsi dəyişdi. Tamam ciddi halda:

– Ürəyidir. Ciddi müalicə lazımdır. Özünü qorumalıdır bundan sonra. Səhlənkarlıq edib vaxtında düşməyib dərdinin dalınca. Nəticəsini əvvəl-axır göstərməli idi. Can tab gətirər bu qədər müsibətə, gərginliyə? Daş olsa çatlayardı. Getdi də sağlamlığı əlindən. Xəstəlik tapdı.

Başımı aşağı salıb dinmədim.

– Elşad zəif iradəli bir insan deyil. Amma onu sizin evdən getməyiniz yıxdı. Buna tab gətirməyə gücü çatmadı. Onu tək qoyma, gəlinbacı. Səhvləri çoxdur qardaşımın, amma ona bu cür cəza vermə. O, siz olmadan yaşaya bilməz! Əgər onun siz yox ikən necə əzab çəkdiyini görsəydin, mənə haqq verərdin.

Evə qalxdıq. İlkin Hüseyni bizim otağa – Elşadın yanına apardı. Onların arxasınca getsəm də içəri keçməyə cəsarətim çatmadı. Qapının ağzında ayaq saxladım. İçəridən İlkinin dediklərini duydum. Hüseynlə idi:

– Oyanmayıb ata? Eybi yox, biz çıxaq bir azdan oyanar.

Hüseyn əmisini dinləmədi. İnadla atasının yanında qalmaq istədi. İlkin də məcburən onunla razılaşmalı oldu.

– Yaxşı, sən deyən olsun. Atasının oğludur e, öz dediyi olmalıdır, vəssalam! – deyib, İlkin otağı tərk elədi.

Mən açıq qalmış qapıya yaxınlaşıb Elşadı görmək istədim. O, üzü üstə uzanıb bərk yuxuya getmişdi. Taxtın kənarında tumbanın üstündə bir xeyli dava-dərman, müxtəlif həblər var idi.

Hüseyn atasını oyatmaq üçün qolunu dartır, əlinin üstündən öpə-öpə onu çağırırdı.

Bu gördüklərim məni sızım-sızım sızlatdı. Onun bu hərəkətinə gözlərim doldu. Necə bir günaha batdığımı dərk etdikcə vicdan əzabında qovruldum.

O, min bir cəhddən sonra, nəhayət, atasını oyatmağı bacardı. Elşad handan-hana aramla gözlərini açıb, yarıyuxulu halda Hüseyni qarşısında görəndə bir anlıq duruxdu. Bəlli ki, gözlərinə inanmadı. Lakin bunun yuxu olmadığını tezliklə anlayanda dərhal yerində qalxıb oturdu. Hüseyni qucağına nə vaxt aldığını belə bilmədi. Ata-bala bir-birlərinə sarıldılar. Elşad oğlumuzu öpüb qoxuladıqdan sonra:

– Bəs anan… – “Haradadır” demək istəyirdi ki, gözü bir anda mənə sataşdı. Kəlməsi dodaqlarında sındı. Məni görəndə tutulub qaldı. Baxışlarını gözlərimdən çəkib, daha heç bir söz demədi.

Dəli kimi ona sarılmaq istəsəm də yaxınlaşmağa cəsarətim çatmırdı. Heç Elşad da adətinin əksinə bunu məndən istəmirdi.

Müqəssir adamlar tək başımı aşağı salıb, onun qarşısında büzüşmüşdüm.

Elşadın üzünü saqqal basmışdı. Rəngi solmuş, əvvəlki şuxluqu qalmamışdı. Xəstə olduğu hər halından bəlli idi.

Məni evə qaytarmaq üçün dalımca gələndə dediyi sözlər qulaqlarımdan günlərcə çəkilib getməmişdi: “Çiyinlərimə elə ağır bir yük qoyublar ki, daşımağa gücüm çatmır. Heç olmasa sən yanımda ol. Sən başa düş məni”.

Hüseyni dindirib-danışdırsa da bir gözü məndə olan Elşad sonda dözmədi:

– Yerindən tərpənməməyə and içmisən? – Mənə irad tutdu.

Onun bu sözü məni bir anda ürəkləndirdi. Kövrələrək irəli yeriyib ona sarıldım. Xeyli buraxmadım.

Elşad səhhəti ilə bağlı uzun müddət müalicə almalı oldu. Həkim içki, siqaret, əsəb-gərginlik qətiyyən olmaz dediyi halda Elşad siqaretdən əl çəkə bilmirdi.

Tezliklə Leyla gəlin köçdü. Payızın ilk həftəsində İlkinə toy etdilər.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri