Bir cüt qanad (1-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 087
Səs ver:
(səs: 0)
“ Yemək vaxtıdır.” – deyib tibb bacısı içəri girdi. Qapını açdığı açarı cibinə qoyduqdan sonra mənə yaxınlaşdı. Stulu çəkərək çarpayının yanına qoyub əyləşdi və üzündəki ciddi bir ifadə ilə bura gətirildiyim gündən bəri hər səhər eyni olan yeməkdən bir qaşıq mənə uzatdı. Bilmirəm, bəlkə də dəlixananın qaydası bu idi.
Bəli, düz eşitdiz, dəlixana. Bəziləri kimi Psixiatriya xəstəxanası ya da nə bilim, Psixiatriya mərkəzi kimi deməyə belə çətinlik çəkdiyim mədəni adlardan istifadə etmək niyyətində deyiləm. Bura, sözün əsl mənasında, dəlixanadır. Artıq dörd gündən çoxdur ki, buradayam. Kiməm, haradan gəlmişəm və ən əsası, hələ də burada niyə olduğumu bilmirəm. Əslində özüm haqqında bilmədiyim bir çox məsələ var. Məsələn, adımı belə bilmirəm. Soyadımı, ailəmi, yaşadığım yeri bilmirəm. Tək bildiyim, gecənin bir yarısı qışqırtı, kəsməyən başağrıları ilə parkın ortasında oyanmağım və dərhal bura gətirilməyimdir. Digər bildiyim bir şey varsa, o da bitmək-tükənmək bilməyən pıçıltılardır. Sadəcə bir sözdən başqa nə deyildiyini anlamadığım halda hər gecə, hər gündüz

eşitdiyim pıçıltılar. Əslində başa düşdüyüm yeganə kəlimə isə yalnızca qəribə bir addan ibarətdir.
Emmanuel
Bəlkə də haqlıdırlar, bəlkə də , həqiqətən də, dəliyəm. Nə də olsa, bütün bunların başqa cür bir izahı ola bilməzdi. Hansı ağıllı insan adını və kim olduğunu xatırlamazdı ki? Hansı ağıllı insan gecənin ortasında parkda oyanardı ki? Hansı ağıllı insan pıçıltılar eşidərdi ki?
Tibb bacısı əlində qaşıqla mənə səsləndi. “ Yeni gələn?” Adımı xatırlamadığım üçün bura gəldiyim andan məni belə çağırırdılar. Nə də olsa, adsız qalmaqdan yaxşı idi.
Ağzımı açmadan ona tərs bir baxış atdım. Bunu dəfələrlə təkrarlamağıma və nəticədə heç nə əldə etmədiyimə baxmayaraq yenidən sınamaq istədim. “ Özüm yeyə bilərəm.”
“ Gözəlim, sənə inanmağı çox istəyərdim, amma bunu bir dəfə etdim və nə ilə nəticələndiyini məndən yaxşı bilirsən.” - əlindəki qaşığı dodaqlarıma dayadı. “ Xoşluqla ağzını açsan, yaxşı olar. Başqa işlərim də var, bütün günü burada oturub sənin nazınla oynayan deyiləm.”
Bir neçə dəfə verilən dərmanları atmaqdan imtina etdiyimə görə həkimlər həmin atmalı olduğum dərmanları yeməyin içərisində mənə verməyə başlamışdılar və bunu anladığım anda yeməkdən də imtina etmişdim. Lənətə gəlmiş sakitləşdiricinin təsiri keçdikdən sonra gizlicə buradan qaçmağı planlamışdım, lakin göründüyü kimi heç nə alınmamışdı. Nəzarətçilər tərəfindən tutularaq yenidən geri qaytarılmışdım, elə o gündən də bu iylənmiş donuzu mənim baxıcım etmişdilər.
“ İstədiyin olsun.” – dedim və ondan canımın qurtulmağının tək yolunun, yeməyi tez bir zamanda bitirməyim olduğunu bildiyim üçün ağzımı açdım.

Yeməyin son qaşığından sonra bir qədər də dayanaraq ağzımdakını udmağımı gözlədi. “ Ağıllı qız.” – saçlarıma soyuq əlləri ilə sığal çəkdikdən sonra boş qabı götürüb uzaqlaşdı. Cibindəki açarı çıxardıb qapını arxadan kilidləməsini gözləyərkən bunu etmədi. “ Bu günlük sərbəstsən. Otaqdan çıxıb istədiyin yarımağıllı dostunla söhbət edə bilərsən.”
Tibb bacısının getməsinin ardından yerimdəcə uzanaraq gözlərimi tavana zillədim. Keçmişimi, kimliyimi və gələcəyimi düşündüm. Bir gün buradan çıxa biləcəkdimmi? Adımın nə olduğunu, valideynlərimin kimliyini xatırlaya biləcəkdimmi? Ya bu pıçıltılar? Onların anlamını, nə olduğunu anlaya biləcəkdimmi?

Tanrım, mənə yardım et. Bilirəm, oradasan və məni görürsən. Görürsən ki, necə aciz bir haldayam, necə çarəsiz, necə yalnızam. Öz dəyərli vaxtından sadəcə bir neçə saniyə ayırıb mənə kömək edə bilərsənmi? Yalvarıram...

Ancaq hər zamankı kimi bu dəfə də bir səs, bir işarə
gəlmədi.
Burada təkbaşına daha çox otura bilməzdim. Otaqdan çıxmağım üçün əlimə bir günlük şans düşmüşkən bunu dəyərləndirməli idim. Bir qaçış yolu tapa bilməsəm də, bəlkə biriləri ilə söhbət edərək günü sonlandıra bilərdim.
Çarpayımdan qalxaraq ayaqlarımı döşəməyə basdım. Bəlkə gözümdən nələrsə qaçıb, bəlkə nəyəsə diqqət etməmişəm, bəlkə elə məhz bu otaqda buradan xilas olmaq üçün bir yol vardır, deyə diqqətlə otağa nəzər yetirdim. Ancaq bir çarpayı, qırıq bir stul və tavandan sallanan bir lampadan başqa heç nə

olmadığına bir daha əmin oldum. Otaqdan çıxaraq dar, qaranlıq koridorla addımladım. Qarşısından keçdiyim otaqların çoxunun qapısı bağlı, açıq olanlar isə bomboş idi. Koridorun sonundakı zala daxil oldum. Ortalıqda gəzən tibb bacılarından, həkimlərdən və bir problem çıxmasın deyə ətrafa baxan nəzarətçilərdən başqa hər tərəf dəlilərlə dolu idi. Kimisi stulda təkbaşına oturaraq öz-özünə danışırdı, kimisi özünü hələ də müharibədə hiss edərək əmrlər verirdi, kimisi qucağı boş olduğu halda öz uşağını tutduğunu zənn edərək onu sakitləşdirməyə çalışırdı. Oturmaq üçün hər kəsdən uzaq sakit bir yer axtarışına çıxdım.
Birdən arxadan kimsə mənə dəyərək “ bağışla.” – dedi. Geri döndüyüm zaman qarşımda xəstələrdən birini gördüm və belə nəzakətli olduğuna görə onun digərlərindən fərqləndiyini düşündüm. Ancaq əli ilə xəyali sevgilisini tutaraq “ gəl, həyatım, rəqsimizi davam etdirək.” – deyib öz-özünə rəqs etməyə başlaması baş qaldırmağa çalışan ümidimi də məhv etdi.
Otağın bir qırağında pəncərənin yanındakı stola yaxınlaşaraq stulu çəkib əyləşdim. Yuxum gəlməsə də, dərmanlar məni, sanki, tənbəlləşdirmişdilər. Bütün günü, hətta ömrümün sonuna qədər bu stuldaca oturmaq istəyirdim. Başımı əllərimin arasına alaraq buradan heç vaxt çıxa bilməyəcəyimi, ömrümün sonuna qədər burada ilişib qalacağımı düşündüm.
Həkim içəri girərək əllərini bir-birinə çırpıb diqqəti öz üzərində topladı. Bir neçə ad çəkərək sonda “ ... və sən Yeni gələn qrup söhbətinin vaxtıdır.” – dedi. “ Ardımca gəlin.”
Lənətə gəlmiş qrup söhbətləri. Öz-özümə deyinərək içimdə
həkimi söysəm də, onun dediyini etməkdən başqa əlimdən heç

nə gəlmirdi. Çünki burada öz iradənlə hərəkət etmək anlayışı
yox idi.
Ona görə qalxaraq həkimin arxasınca digərlərin arasında otağa daxil oldum. Dairəvi şəkildə düzülmüş stullardan birində əyləşdim və həkim hər kəsin gəldiyindən əmin olandan sonra başladı. “ Deməli belə... İlk kim başlamaq istəyir?” Gözlərini oturan hər kəsin üzərində gəzdirdikdən sonra heç kimdən səs çıxmadığını görüb əlavə etdi.
“ Çəkinməyin. Sizi narahat edənlərdən başlayaraq qorxularınızı, sevincinizi, kədərinizi bizimlə bölüşə bilərsiz.”
Həkimin təkidinin ardından bir neçə adam özlərinin inanılmaz dərəcədə maraqlı əhvalatlarını danışdı və içlərindən ikisinin sonu sakitləşdirici iynə ilə otaqdan çıxarılmaq oldu.
Bir neçə saat davam edən söhbətdən sonra hər kəslə birlikdə otağı tərk edərək yenidən dünyadan qopmuş bir topa insan və onlara baxaraq gülüb, özlərini “ağıllı” sananlarla dolu zala daxil oldum. Bir qədər öncə oturduğum stulum boş idi, yenidən orada oturmaq istədim, ancaq ətrafıma göz gəzdirərkən bu fikrimdən daşındım. Ən yaxşısının otağıma çəkilərək sakitcə uzanmaq olduğuna qərar verdim.
Otağıma ( lənət olsun, artıq buradan çıxmaq şansımın olmadığını, deyəsən, qəbul etmişdim, çünki “otaq” sözünü mənsubiyyət halında işlədirdim.) girib, nəm qoxusu versə belə, artıq öyrəşdiyim çarpayımda oturdum. Ayaqlarımı sinəmə doğru çəkərək qollarımı ətrafına doladım. Başımı dizimin üzərinə qoyub gözlərimi yumdum. Qulağımdan getməyən pıçıltılar daha da yüksəlməyə başladı. Birilərinin yanımda duraraq bilmədiyim bir dildə danışdığını belə fikirləşdim, ancaq burada heç kimin elə bir dil bildiyini düşünmürdüm. Və bu, məni daha çox qorxutmağa başlayırdı, çünki mənim də

ağlımı itirdiyimdən başqa bir variant ortaya çıxmırdı. Ya elə ilk başdan dəli idim, ya da artıq olmağa başlayırdım. Hansının olduğundan əmin olmasam da, bu ikisindən birinin olduğuna adım kimi əmin idim.
LƏNƏT OLSUN !!! Axı mən heç adımı da bilmirdim.
Yaxınlaşan addım səsləri ilə başımı dizlərimin üzərindən qaldıraraq gözlərimi açdım. Yanındakı iki polis işcisinə nəzakətli görünmək üçün büründüyü yalançı gülümsəməsi ilə tibb bacısı başımın üzərində dayanmışdı.
“ Polislərin sənə bir neçə sualı olacaq.” – dedi tibb bacısı. “ Sənin kimliyini tapmaq üçün yenidən buradadırlar. İnanıram ki, onlara lazım olan cavabları verəcəksən, düzdü?”
Başımla razılığımı bildirdikdən sonra tibb bacısı məni polislərlə baş-başa qoyaraq otaqdan çıxdı. Polislərdən birini artıq bir dəfə görmüşdüm, ancaq digərini – daha gənc olanını isə ilk dəfə idi ki, görürdüm. Yeni polis başımı qaldırdığım zamandan bəri gözlərini üzərimdən çəkmirdi. Mavi gözlərində sərt bir qış küləyi kimi bədənimə titrətmə salan nələrsə var idi. Daha çox dayana bilməyib baxışlarımı qaçırtdım, əgər buna davam etsəydim, gözlərindəki soyuğun məni donduracağından, dərinliklərindəki şaxtada həbs olunacağımdan qorxurdum.
Digər polis stulu çəkərək əyləşdi. Gözlərini qırpmadan mənə zilləyən gənc polisə yazmağa başlamasını işarə etdi. “ Yəqin ki, buraya ilk gün gəldiyin zamankı söhbətimizi xatırlayırsan.” Kaş ki, xatırlamaz olardım. “ O gündən sonra nəsə bir irəliləyiş halına rastlamısanmı? Özün haqqında, ailən haqqında nəsə bir məlumat?” Dayanaraq hər hansısa bir cavab verməyim üçün məni gözlədi. Ancaq verəcək bir cavabım olmadığını anlayıb davam etdi. “ Hər hansısa bir şey ola bilər, hətta o, sənə adi, lazımsız bir məlumat kimi gələ bilər, ancaq

kiçik bir ip ucunun böyük əhəmiyəti ola bilər.” Başımı iki tərəfə hərəkət elətdirdim. Ara-sıra gizli baxışlarımla gənc polisin hələ də bütün diqqətinin mənim üzərimdə olduğunu gördüyüm zaman özümü daha çox itirirdim.
Gənc polis “ ailən haqqında da heç nə xatırlamırsan? Yaşadığın küçə haqqında, məsələn? Oxuduğun məktəb?” – dilləndi. Ancaq bunun sadəcə elə belə soruşduğu məlum olurdu, verdiyim cavabın onun üçün heç bir önəmi yox idi.
“Heç nə.” – cavab verdim. “ Heç nə yadıma düşmür.” Çarəsiz bir halda kömək dilənmək üçün yanımda əyləşən polisə baxdım. “ O testlər bəs? Şəklimi çəkdiz, barmaq izimi götürdüz və bunlardan bir nəticə əldə edəcəyinizə məni əmin etdiz. Amma yenə də burada eyni söhbəti edirik...”
“ Sakitləşin.” – dedi polis bir anda özümdən çıxdığımı görüb. “ Şəklini bütün polis mərkəzlərinə paylamışıq, barmaq izindən isə heç bir nəticə çıxmadı. Ancaq narahat olma, hər şey qaydasına düşəcək. Həm bura sənin üçün də yaxşıdır...”
“ Mənim dəli olduğumu düşünürsüz? Mənim dəli olduğumu düşünürsüz?!” Çarpayımdan yerə düşərək qışqırmağa başladım. “ Mən dəli deyiləm. Əgər siz işinizin öhdəsindən yaxşı gəlsəydiniz, indi mən ailəmlə birlikdə ola bilərdim.”
Polis oturduğu yerdən qalxaraq gerilədi və dərhal tibb bacısını çağırdı. Tibb bacısı əlində iri bir iynə və yanında iki nəzarətçi ilə otağa daxil oldu. Mən isə dəli olmadığımı qışqıraraq sübut etməyə davam edirdim. Nəzarətçilər məni çarpayıya yıxaraq hərəkət edə bilməyəcəyim dərəcədə bərk tutub saxladılar və tibb bacısı vaxt itirmədən iynəni qoluma batırdı.
“ Narahat olma, əlimizdən gələni edirik.” – dedi və gənc polisə də otaqdan çıxmasını işarə edərək uzaqlaşdılar.

Son anda iynənin təsirindən yuxuya getməzdən əvvəl “məni buradan çıxardın.” – deyə yalvardım polislərin arxasınca.
Və cavab olaraq beynimin içində biri danışdı.
“ Bu gecə üçün hazır ol.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri