Bir cüt qanad (10-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 266
Səs ver:
(səs: 0)
Və qapı açıldı.
“ Claya...” Bacım idi. Canım, hər şeyim Jessicam. “ Claya...” – dedi yenidən. R hərfini deməkdə çətinlik çəkirdi, ona görə hər zaman Claya deyə çağırırdı məni.
Aşağı əyilib onu qucağıma aldım. Bacım qollarını boynuma, ayaqlarını isə belimə doladı. Dayanmadan onu öpərkən otaqdan çıxan anamı gördüm. Əllindəki sini məni görən kimi yerə düşdü. Sanki aylarca buna məşq edirmiş kimi, gözləri bir anda doldu. Süzülən göz yaşı ilə qollarını açıb üzərimə gəldi. Aramızda əzilməsin deyə bacımı dərhal yerə qoyub anama sarıldım.
Canım anam...
“ Qızım... Clara...” Davam edən öpüşlərin arasında dodaqlarını üzümdən ayırıb mənə tamaşa edirdi. Qarşısındakının mən olduğuma inanmırdı, deyəsən. Haqlı idi də, mən belə hal-hazırda onun qarşısında, onun qollarında olduğuma inana bilmirdim. Bu da mənə bir yuxu kimi gəlirdi, gecələri gördüyüm və tər içində yatağımda oyandığım o yuxulardan biri idi, sanki.

Anamı qucaqladığım bir əlimdən digər əlimlə çimdik götürdüm. Yuxudan oyanmağa hazırlaşsam da, heç nə olmadı. Nə məkan, nə yer, nə də qucaqladığım şəxs dəyişdi. Yuxu deyildi.
Təşəkkür edirəm, Tanrım.
Göz yaşlarımızı sellər-sular olub axmağa başladı. Sevincimi necə göstərəcəyimi bilmirdim. Əminəm ki, anam da eynisini yaşayırdı. Çünki məni qucaqlamaq, öpmək, saçıma sığal çəkmək, ya da üzümə baxmaq arasında qalmışdı. Birini seçməli olsa da, bunu etmədi. Yalnız biri ilə kifayətlənməyib hər birini sıra ilə etməyə başladı.
“ Səni sevirəm, Clara. Səni sevirəm, mələyim.”
Mələk. Bu sözü eşidəndə artıq qusmamaq üçün özümü güclə saxlayırdım. İnsanlar onlara kömək edən, dualarını, istəklərini Tanrıya çatdıran, heç kim görməsə belə gözəllikləri dillərə dastan olan varlıqlara da mələk deyirdilər, mənim bədənimi ələ keçirib bir ay keyf çəkən və həftələrdir, yanımda olub əsəbimlə oynayan o axmaq varlığa da mələk deyirdilər.
“ Mən də səni...” Öpdüm ən azı yarım saat ərzində bir milyon dəfə etdiyim hərəkəti təkrar edərək. “ Sənin üçün çox darıxmışdım.”
“ Səni bir daha görə bilməyəcəyimi düşünmüşdüm.” – dedi anam titrək səsi ilə. “ Bir daha səni görə bilməyəcəyimi düşünmüşdüm.” – təkrar etdi bu dəfə zaman zərfi ilə əvəzliyin yerini dəyişərək.
Yanımızda dayanıb olmayan qabaq dişləri ilə gülümsəyən Jessicanı da özümə çəkərək qucaqladım.
Açıq qapının qarşısındakı sonsuzluğa bərabər bir müddət kimi gələn qucaqlaşmadan sonra anam qapını örtüb əlimdən tutaraq içəri girdi. Əvvəlki evimizdən fərqli olaraq zalda

qəhvəyi, ağ və qara rənglər üstünlük təşkil edirdi. Bura, sanki, həyatda artıq yaşamaq üçün səbəbi qalmayan və ölüm mələyinin gələrək onun canını almasını gözləyən biri tərəfindən bəzədilmişdi. Zal, ortalıqda divan və kreslo, ondan bir qədər aralıda isə çox da böyük olmayan stol, pəncərənin yanındakı bir dolabdan ibarət idi. Bir anda öz evim üçün darıxdım. Rəngbərəng divar kağızı, çiçəkli divan dəsti, iri stol...
“ Tanrım.” Anam əllərini üzümdə gəzdirdi. Bunun həqiqət olduğuna hələ də inanmırdı, deyəsən. “ Qızım, sənin üçün çox narahat idim. Qorxurdum. Başına nələr gəldiyini düşününcə ağlımı itirirdim. Hər gün nə qədər göz yaşı tökdüyümü təxmin belə edə bilməzsən. Gecələr sənin şəklini sinəmə basaraq yuxuya gedirdim. Harada olduğunu, əsas da sağ olub- olmadığını belə bilmədən keçən günlərimi necə başa vurduğumu Tanrıdan və Jessicadan başqa heç kim bilmir.”
Ona bütün bunları yaşatdığım üçün özümə lənət oxudum. Urielə lənət oxudum. Bütün bunları bizə yaşatmağa nə haqqı var idi? Axı ona kim bu haqqı... Sən, Clara. Ona sənin bədənini ələ keçirməsi üçün icazə verən sən idin. “ Bağışla, ana...”
“ Axı nə baş verdi, qızım? O gecə...” Anam gözlərini uzaqlara dikərək xəyala daldı. “ Evi bürüyən alovlar bir andaca söndü. Bunun necə olduğunu heç kim anlamadı və o vəziyyətdə bunun necəliyi də heç kimi maraqlandırmırdı. Dərhal xilasedicilər özlərini evin içinə atdılar. Nə qədər etsəm də, qolları ilə məni həbs edən insanların əlindən qurtulub evə girə bilmədim. Çox keçmədən atanı çıxartmağı bacardılar. Bütün bədəni yanıq içərisində idi. Dərhal gələn təcili tibbi yardım maşınına qoyaraq xəstəxanaya apardılar. Mən də o

maşına minmək istədim, lakin sizi tapa bilmədim. Daha doğrusu, səni tapa bilmədim. Jessica sənin bir anda ayağa qalxaraq oradan uzaqlaşdığını dedi.” İnsanda bu qədər göz yaşı olduğuna inana bilmirdim. Əlimlə anamın göz yaşlarını silib yanağından öpdüm. “ Mən də bacını götürüb xəstəxanaya yollandım dərhal. Amma ora çatan kimi pis xəbər verdilər. Atan elə yoldaca ölmüşdü.” Uriel yanğını söndürmüşdü. Ancaq atam... Onu xilas edə bilməmişdi. Bu isə onun yalançı olduğunu göstərirdi. Mənə atamı xilas edəcəyinə dair söz vermişdi, halbuki. “ O gündən sonra səndən bir xəbər ala bilmədik. Axtarmadığım yer qalmadı, amma yox idin. Sanki, buxarlanıb havaya qarışmışdın.”
Yanımızdan nə zaman getdiyini görmədiyim Jessica əlində bir stəkan su ilə qarşımda dayandı. Ancaq o suya anamın hal- hazırda məndən daha çox ehtiyacı var idi və buna görə də stəkanı bacımdan alaraq ona uzatdım. Bir nəfəsə başına çəkərək içib qutardı. Jessica divana çıxaraq yanımda oturdu və məni qucaqladı.
Anam bunu görüb gülümsədi və göz yaşlarını sildi. “ Artıq yanımıza qayıtdığına görə hər şeyi unudub yenidən davam edə bilərik.” Mən daha çox harada olduğumu soruşmasını gözləsəm də, bunu etmədi. Səbəbini bilməsəm də, buna sevinmişdim. Çünki ona verəcək bir cavabım yox idi. Bura gələrkən də bu barədə heç nə düşünməmişdim. Ona olanları danışa biləcəyimdən belə əmin deyildim. Anam ayaqüstə dayanıb mənə baxarkən söhbətimizin hələ bitmədiyini anladım. Görünür, ilk gündən məni sıxaraq qorxutmaq istəmədiyi üçün çox da üzərimə gəlməmişdi. “ Sənin üçün ən sevdiyin yeməyi hazırlayacam.” – dedi. “ Portağallı ördək.” Ağzımın suyunun axmaması üçün özümlə böyük mübarizə apardım. Dəlixana

yeməklərindən, sonra isə Emmanuelin evində bişirdiyim dadsız yeməklərdən sonra anamın hazırladığı ləzzətli təamlardan dadacağıma görə həddindən artıq sevinirdim.
“ Necəsən, gözəlim?” Jessicanın qəhvəyi saçlarına sığal çəkdim. Qırıq dişlərini göstərərək gülümsədi.
Anamın səsi mətbəxdən gəldi. “ Qızım, bacına otağını göstər.”
Jessica divandan düşüb əlimdən tutdu. “ Gəl” – deyə qabağa düşdü və mən də onun arxasınca addımladım. Pilləkanlardan yuxarı çıxdığımız zaman sağdakı ilk qapını açdı. Digər evimizdəki otağımın eynisi idi. Eyni yataq, eyni dolab, eyni kompüter masası, eyni divar boyası və eyni pərdələr. Bir anda özümü o keçmiş günlərimdəki kimi hiss etdim – olduqca xoşbəxt.
İçəri girib pəncərəni açdım. Sərin yaz havasını ciyərlərimə çəkdiyim zaman mələk və iblis savaşının ortasında olduğumu unutdum bir neçə saniyəlik. Arxaya baxdığım zaman Jessicanın artıq getdiyini gördüm. Yatağa yaxınlaşıb uzandım. Gözlərimi tavana zilləyib atamı düşündüm.
“ Nə baş verib, qızım?” – deyə soruşmuşdu bir dəfə. Evə gələn kimi birbaşa otağıma çıxıb qapını çırpmışdım. Qapını arxadan bağlamaq istəsəm də, bunu etmədim. Çünki atamın gələcəyini bilirdim. Hər dəfə pis olduğum zaman anamdan çox atam mənimlə danışmaq vəzifəsini öz üzərinə götürmüşdü. Və bu dəfə də yanılmadığımı görmüşdüm atam içəri daxil olan kimi. Yanıma gəlib oturmuşdu. “ Hər şey qaydasındadır?”
Ağlamışdım. Başımı tərpədərək yaxşı olmadığımı demişdim. Səbəbini soruşduqda isə “ məni sevdiyini düşündüyüm oğlanı başqası ilə gördüm.” – demişdim və

yenidən ağlamağıma qaldığım yerdən davam etmişdim. “ Yanılmışam. Məni sevmirmiş.”
Atam bir az daha mənə yaxınlaşmışdı. “ Heç kim o gözəl gözlərindən axan yaşa dəyməz.” – demişdi. “Bəzən düşündüklərimizin tam tərsi olduğunu görürük. Çünki həyatın ən sevdiyi oyunundan biridir. İstəklərimizi, xəyallarımızı və arzularımızı darmadağın etmək.” Üzündəki o qayğıkeş ifadə ilə mənə baxmışdı. “ Həyatda hər şey istədiyimiz kimi olmur, qızım.” Alnımdan öpmüş və məni qucaqlamışdı. “ Buna öyrəşmək lazımdır.”- deyə gülümsəmişdi ardınca.
Əgər indi də yanımda olsaydı, yenidən ona hər şeyi danışardım. Məni qucaqlayıb yol göstərməsinə eytiyacım var idi. Əslində əvvəllər ona danışdıqlarım o qədər də böyüdüləsi bir məsələ deyilmiş. Bunu indi anlayırdım. Bir dəfə “ başqa iş, ya da həll ediləsi bir məsələ yoxmuş kimi, həmişə mənə qulaq asıb kömək edirsən. Sanki dünyanın yeganə dərdi buymuş kimi.” – demişdim. Hər zamankı kimi alnımdan öpüb “ bəlkə də mənim dünyam sənsən.” – deyə cavab vermişdi.
Onun üçün darıxmışdım. Atamla danışmaq, vidalaşmaq üçün qəbri üzərinə getmək istəsəm də, buna hazır deyildim. Onu orada – torpağın altında səssiz yatarkən görməyə hazır deyildim.
“ Otağını bəyəndin?” Anamın səsi məni atamla olan xəyallarımdan ayırdı. Qapının önündə dayanmışdı. “ Otağın üçün alış-verişi məhz özün etmişdin, xatırlayırsansa. Ona görə mən də burada eynisini etmək istədim. Geri döndüyün zaman – geri dönəcəyini hər zaman bilirdim - ən azından dəyişməyən bir şey olsun deyə.” - əlavə etdi. “ Yemək bişirərkən düşündüm də, mənim yaşadıqlarım səninkilərin yanında bəlkə də heç nədir. Kim bilir, bu iki ay müddətində harada olmusan və

necə...” Qəhərlənərək cümləsini tamamlaya bilmədi. Gələrək yatağımın bir küncündə oturdu. Uzanaraq əlini əlimin üzərinə qoydu. “ Mənimlə bölüşə biləcəyini unutma. Bilirəm, heç vaxt atanı əvəz edə bilmərəm, amma... Clara o gecə nə baş verdi?”
Buna hazır deyildim. Bir yalan, ya da hansısa uydurma əhvalat tapa bilməmişdim. Yoxsa hər şeyi olduğu kimi danışmalı idim?
“ Bir az qəribə səslənəcək, amma heç özüm də nə olduğunu bilmirəm. O gecə evi alovlar içərisində görərkən ağlımda yalnızca bir şey var idi – atam. Onun alov almış bir şəkildə qışqırıqlar içərisində yanmasını beynimdən çıxarda bilmirdim və... Və orada daha çox oturub gözləmək mənə bir cəhənnəm əzabı kimi gəlirdi. Hələ oradan atamın ölü cəsədinin çıxmasını görmək... Buna dayana bilməzdim, ana....” Gözümün qarşısında yaşlardan bir pərdə çəkilməyə başlamışdı. “ Mən də oradan getdim. Hara olduğunu bilmədən... Sonrasını mən belə xatırlamıram. Ta ki gözlərimi tanımadığım bir parkda açana qədər. Yaddaşım paramparça olmuşdu. Orada bir yerlərdə mənə aid nələrinsə olduğunu bilirdim, keçmişimə aid nələrinsə, amma əlimi uzadıb onlara çata bilmirdim. Adımı belə xatırlamırdım.” Anamın əllərini bərk-bər sıxaraq köks ötürdüm. Ən azından bura qədər həqiqəti demişdim. Ancaq sonra olanlar...
Ardını gətirəcək bir yalana ehtiyac qalmadan anam məni
qucaqladı. “ Artıq yanımdasan, mənimləsən.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri