Bir cüt qanad (11-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 329
Səs ver:
(səs: 0)
İki gün daha keçdi. Aylar sonra anamla, bacımla birlikdə keçirdiyim iki gün... Urielin mənə göstərməyə çalışdığı şəkillərdən ibarət kabuslarla oyandığım, Emmanuelsiz, ancaq onu düşünməklə keçirdiyim iki gün...
Emmanuel... Birlikdə olarkən tez bir zamanda ondan qurtulmaq üçün Tanrıya dualar etdiyim, onun ağılsız zarafatlarından, danışığından bezdiyim halda, indi onu ağlımdan çıxara bilmirdim. Bəlkə də bütün bunlar onunla çox vaxt keçirdiyim üçün və başıma gələnləri bilən yeganə adam olduğu üçün idi. Hər nə qədər ondan xoşum gəlməsə də, mələk-iblis arasında qaldığım zaman mənə arxa çıxan bir tək o varıydı.
Ya indi? İndi, görəsən, məni axtarırdımı? Yoxsa o da
məndən canı qurtardığı üçün sevinirdi?
Eyniylə mənim kimi...
Səhər yeməyindən sonra mətbəxi təmizləyərkən “ Clara” – deyə anam sözə başladı. “ Bəlkə də bunu istəməyəcəksən, amma...”
“ Amma?” Əlindəki kiçik kartı mənə uzatdı. “ Bu nədir belə?”

“ Düşündüm ki, bəlkə psixoloq yanına getsən...”
“ Dəli olduğumu düşünürsən? Ağlımı itirdiyimi?” Əslində son yaşadıqlarımdan sonra ağlımın hələ də yerində olması əsl bir möcüzə idi.
“ İki gündür yemək yeməkdən başqa otaqdan heç çıxmırsan. Söhbət etməyə çalışdığım zaman isə, məni özündən uzaqlaşdırırsan.” – dedi asta bir səslə. “ Ona görə də bu gün psixoloqla görüş təşkil etdim.”
“ Mən...”
“ Bax, Clara. Sadəcə bir neçə dəfə. Əgər istəməsən, sonra getməyə bilərsən. Mənə görə bir sına.” Buna razılıq vermək istəməsəm də, biriləri ilə söhbət etməyə, həqiqətən, ehtiyacım var idi. “ Saat ikidə.”
ƏLA !!!

“ Clara, hazırsan?” Anamın səsi ilə başımı qaldırıb saata baxdım. Psixoloq görüşməsinə sadəcə bir saat qalmışdı, hər nə qədər bunu istəməsəm də...
Həvəssiz bir şəkildə yatağımdan qalxdım. “ Gəlirəm.” – deyə qışqırıb paltarımı dəyişdim. Güzgünün qarşısına keçdiyim zaman dərimin solğun olduğunu, gözümün altında qara halqaların əmələ gəldiyini gördüm.
Olanlar, bütün bu yaşadıqlarım məni çox yormuşdu. Bir vampir olsaydım, tabutuma girib heç kim açmasın deyə içəridən kilidləyərək sonsuzluq yuxusuna gedə bilərdim... Emmanueldən, Urieldən və iblislərdən uzaq...

Aşağı düşdüyüm zaman anam Jessica ilə birlikdə hazırlaşıb məni gözləyirdi. “ Ailə görüşməsi olduğundan xəbərim yox idi.” – dedim bir az qəzəbli, bir az zarafatcıl bir səs tonu ilə.
“ Jessi evdə tək qoymaq istəmədiyim üçün.” – cavabladı. “ Səni ora qoyduqdan sonra bacınla bir az gəzintiyə çıxarıq... işin bitənə qədər.”
Bunun daha nə qədər davam edəcəyini bilmirdim. Anam hər
zamankından daha çox mühafizəkar görkəmdə idi.
Dünənki alış-veriş zamanı aldığım pencəyimi götürüb ayaqqabılarımı geyindim. Anamın hər ehtimala qarşı verdiyi pullardan başqa içində heç nə olmayan çantamı çiynimə saldım. Və qapını açdım.
Lucası gördüm. Qapının açıldığını görən kimi zəngə doğru
uzanan əli havada donaraq qaldı.
“ Salam, Lucas.” Anam arxadan məni itələyərək önə çıxdı, məhz o an bir heykəl kimi durub ona baxdığımın fərqinə vardım. Saman sarısı saçları arasında parlayan yaşıl gözləri üzündəki yaratdığı şirin gülümsəməsi ilə tam bir vəhdət təşkil etmişdi. O anda ağlıma Emmanuel gəldi. Onu ilk gördüyüm zamankı sərt üz cızgiləri, çıxıntılı çənəsi və mavi gözləri.
Təbii ki, bu düşüncəmi dərhal beynimdə yox edərək fikrimi Lucasa cəmlədim. Hətta bir anlıq Lucasla Emmanueli eyni tutduğum üçün özümə lənət də oxudum.
Emmanuel heç vaxt Lucas ola bilməzdi !!!
“ Necəsiz, xanım Maria?” – dedi Lucas anamın əlini sıxaraq. “ Qızınıza qovuşduğunuz üçün çox sevindim.”
“ Çox sağ ol, əzizim.” Qoluyla məni vurdu yavaşca. “ Bu Lucasdı, qonşumuz...”
Başının üzərindəki günəş eynəyini düzəldib “ bu gözəlliklə tanışıq, xanım Maria.” – gülümsədi Lucas mənə baxaraq.

Bu dəfə danışmaq sırası məndə idi. “ Bura gəlməzdən öncə əvvəlki ünvana getmişdim və orada xanım Nora ilə danışarkən Lucası gördüm.” – dayandım və sonra əlavə etdim. “ Biz də anamla dəli həkimi ilə görüşə gedirik.”
Lucas təəccüblə “ dəli həkimi?” – deyə soruşdu.
“ Sən Claraya baxma.” – dedi anam. “ Psixoloqla bir görüşməmiz var və tək olmasın deyə mən də onunla birlikdə gedirəm.”
Lucas anama, sonra mənə baxdı. “ Əgər icazə versəniz, qızınızı mən apara bilərəm. Həm uşaqlıq dostum ilə danışacağımız çox şeyimiz var.”
Anam bir anda həyəcanlanaraq “ əlbəttə.” – cavab verdi olduqca həvəsli bir şəkildə. Və Lucasın bunun fərqinə varmadığına ümid edərək gülümsədim. “ Clara, sən nə düşünürsən?”
Bu sualı səbirsizliklə gözləyirdim. Amma yenə də sadəcə çiynimi çəkdim.“ Olar.”
Çölə çıxıb maşına minməyə hazırlaşarkən anam arxadan səslənib məni dayandırdı. Yanıma gəlib çantasından telefonunu çıxartdı və “ sənə telefon almağı unutsaq da, ən azından bunu götür. Telefon rəhbərində evin nömrəsi də qeyd olunub , əgər lazım olsa, zəng edərsən.” – deyərək mənə verdi.
“ Narahat olmayın, xanım Maria. Qızınız mənə əmanətdir.” Lucas əlini havada yellədib sağollaşdıqdan sonra maşına əyləşdi.
“ Çox sağ ol, Lucas.” – dedim maşını işə salıb oradan uzaqlaşarkən. “ Psixoloq öncəsi ana nəsihətlərindən xilas etdiyin üçün.”
Gülərək qarşılıq verdi Lucas. “ Nə zaman ehtiyacın olsa.”

Psixiatriya mərkəzi çox da uzaqda deyildi. On dəqiqə yox idi ki, artıq çatmışdıq. Lucas maşını saxlayaraq yolun qarşısındakı binaya baxdı. “ Yaxşısan?” – soruşdu üzümdəki tərəddüd dolu ifadənin fərqinə vararaq. “ Getmək istəmirsənsə, xanım Mariaya heç nə demərəm.”
“ Bu yoldan qaçış yoxdur.” Maşından düşdüm. Pəncərədən içəri boylanaraq “ mənə şans dilə, Lucas.” – dedim. “ Əgər bir saata çıxmasam, bil ki, dəli paltarı geyindirib xəstəxanaya yatızdırılmışam.”
“ Alnının ağı ilə bu çətin yolda qələbə qazanacağına inanıram.” – güldü.
Çantamı düzəldib özümdən əmin olmayan addımlarla binaya doğru yaxınlaşdım. İçəri girən kimi gözümün qarşısında bir neçə günlük yatdığım, sözün əsl mənasında, dəlixana yadıma düşdü – tapşırıldığım tibb bacısı, həkimlər və əvəzsiz sakinlər olan dəlilər. Sonra Emmin polis formasında yanıma gəldiyini xatırladım. Mənə zillədiyi buz kimi baxışları, otaqdan çıxarkən düşüncələrimə danışması, gecə yarı otağımda peyda olub məni qucağına alaraq pəncərədən aşağı tullanması.
“ Buyurun.” Buranın məndə yaratdığı qəribə hissin təsiri altında qeydiyat şöbəsinə yaxınlaşmışdım. “ Necə kömək edə bilərəm?”
Üzümə kiçik bir gülümsəmə qondurdum. İlk baxışdan dəli adının üzərimə yapışmasını istəməzdim. “ Şey... Xanım Smith ilə bir görüşüm var idi.”
Qız qarşısındakı kompüterə baxdı. “ Adınız və soyadınız?” “ Clara Pedersen.”
Adımı daxil edərkən düymələrin çıxartdığı səsin sonunda “ iki yüz dördüncü otaq.” – dedi. “ Koridorun sonundakı liftdən istifadə edə bilərsiz.”

“ Təşəkkür.”
İkinci mərtəbəyə çıxıb iki yüz dördüncü otağı tapdım. Son dəfə özümü toplayıb qapını döydüm və “ buyurun” – sözünün ardından içəri daxil oldum.
Açıq çəhrayi və ağ rənglərin üstünlük təşkil etdiyi otağa, iri bir akvariumun içindəki rəngli kiçik balıqlar olduqca xoş bir abu-hava qatmışdı. İçəri girdiyim zaman, sanki, üzərimdəki bütün dərdlər, acılar qapının ağzında dayanaraq yenidən üzərimə hücum çəkmək üçün otaqdan çıxmağımı gözləyirdilər.
“ Salam, Clara.”
“ Salam, xanım Smith.”
Əli ilə masanın qarşısındakı kreslonu işarə etdi. “ Keç, əyləş.” Səsi olduqca sakit və hüzurverici idi. “ Mənə sadəcə Caroline de.”
“ Əlbəttə, Caroline.”
“ Xanım Maria bir az olanlardan danışdı. Bildiklərindən və bilmədiklərindən.” – dedi. “ Amma mən ananın danışdıqlarını artıq unutdum. Burada sadəcə sən və mən varıq. İndi səndən xahiş edirəm, hər şeyi ilk başdan sona qədər asta və aydın bir şəkildə danış.” Qarşısındakı vərəqləri qarışdırdı. “ Narahat olmağa, ya da qorxmağa heç bir səbəb yoxdur. Bu söhbət sadəcə ikimiz arasında qalacaq.” Ona nə danışacağımı düşündüm. “ Sadəcə ən başdan danışmağa başla, heç nəyi düşünmədən.”
Sadəcə ən başdan danışmağa başla... Necə istəyirsən...
“ Milad bayramı idi.” – deyə başladım. Caroline eynəyini düzəldib əllərini masanın üzərində birləşdirdi. Bütün fikrini toplayaraq qulaq asmağa başladı. “ Anam və bacımla hər il keçirilən şəhər mərkəzindəki şənlikdən qayıdan zaman evimizin yandığını gördük. Atam içəri idi. Həmin gün ayağını

qırmışdı və həkimin yazdığı sakitləşdiricilərdən vuraraq daha çox ağrı hiss etməsin deyə onu yuxuya vermişdik.” Bunu belə yüksək səslə dediyim zaman heç yaşamadığım bir hislə doldu içim. Vicdan əzabı, peşmanlıq, təəssüf, bəlkə də qorxu. Adının nə olduğunu bilmirdim. Dayandım. Hələ yeni başladığımı bilirdim, lakin atamı xatırlamağım mənə heç də yaxşı təsir bağışlamamışdı. Onu təsəvvür etdikcə bədənimdə bir titrəmə meydana gəlirdi. Burnuna yanıq qoxusu gəldiyi zaman nələr keçirmişdi? Hər tərəf alovlar içərisində qalarkən oyanmışdımı, yoxsa hələ də iynənin təsiri altında idi? Ya bədəni yanmağa başlayarkən? O zaman bunu hiss edə bilirdimi? Qızmar alovun ayağından, ya da qolundan başlayaraq getdikcə yuxarı qalxmasını? Bütün bədənini əhatə etməsini?
Tanrım. Düşüncəsi belə dəhşət ikən, atamın nələr yaşadığını
təxmin etmək...
“ Clara, yaxşısan?” Bir stəkan suyu mənə uzatdı. Etiraz
etmədən bir qurtum içdim.
“ Yaxşıyam.” – dedim və davam etdim, evdə anama danışdığım qədəri ilə kifayətlənib. “ ... Hər şeyi xatırladıqdan sonra da geri qayıtdım.”
Danışıb bitirdikdən sonra dərindən nəfəs aldım.
Bunlara inandığını zənn etmirdim, amma həqiqətləri danışsam belə, yenə də mənə inanmayacaqdı və bəlkə də sonu qorxduğum kimi dəlixanaya göndərilməyimlə nəticələnəcəkdi.
Sonrakı müddət ərzində sadəcə sual-cavab oyunu oynadıq. Caroline suallar verir, mən isə yalanlarımla ona həqiqət kimi gələn cavablar verirdim. Arada ona pul qazandıran nəzakətli səs tonu ilə məsləhət verir və qaldığımız yerdən söhbətimizə davam edirdik. Mənim isə bir gözüm saatda qalmışdı. Lucasın

tək başına maşında oturduğunu və sıxılaraq dəliyə döndüyünü xəyal edib gülümsəyirdim.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri