Bir cüt qanad (16-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 407
Səs ver:
(səs: 0)
Yenidən qapının açılma səsi ilə başımı qaldırdım. Gözümdəki qara bağlayıcıdan içəri süzülən işıq içimdəki ətrafı görə bilmə istəyini daha da artırırdı. Ancaq əlimdə eşitdiyim ayaq səslərindən başqa heç nə yox idi.
“ Səni yenidən görməyimə şad oldum, Qırmızıbaş. İnanıram
ki, hisslərimiz qarşılıqlıdır.”
Ağzımın açıq olduğu üçün şanslı idim. “ Həm də necə.” – dedim istehza ilə başımı hansı tərəfə döndərəcəyimi bilməyərək. “ Hələ o beynimi yandırmağın üçün çox darıxmışdım.”
“ Mükəmməl idi, elə deyilmi?” Güldü. Bir stula bağlı olmasaydım, onun dərsini vermək üçün əlimdən gələni edərdim. Ən azından zəif olmadığımı sübut etmiş olardım. “ İncimə, amma bildiyin kimi səninlə şəxsi qərəzim yoxdur, sadəcə Urielin sənə göstərdiyi bıçağın yerini öyrənməli idim.”
“ Artıq öyrəndiyinə görə məni sərbəst buraxmaq haqqında danışsaq?” Bunun olmayacağını adım kimi bilirdim. Amma yenə də şansımı sınamaq istədim.
“ Əlbəttə, əgər yazı olan vərəq əlimizdə olsaydı.” Gördüyüm işartının önündən keçən gölgə ilə adamın qarşımda

hərəkət etdiyini anladım. Xəyalımda iblisi daha hündür canlandırdığım üçün başımı bir az yuxarı qaldırmışdım.
“ Vərəqin harada olduğunu öyrəndikdən sonra onu
götürmək elə də çətin olmamalı idi.” – dedim.
“ Şübhəsiz, əgər sənin o sevimli mələyin Emmanuel orada olmasaydı.”
Bir gün Emmanuelin adını belə həsrətlə gözləyəcəyimi və eşitdiyim zaman isə belə xoşbəxt olacağımı biriləri mənə desəydi, ona ağlını itirdiyini və buna görə də bir dəlixanaya yerləşməyi məsləhət görərdim. Amma indi isə tam tərsi olmuşdu, görünür, dəlixanaya yatmalı olan elə məhz özüm imişəm. “ İblislərin heç də bacarıqlı deyilmiş.” Bu dəfə gülmək sırası məndə idi.
“ Ola bilər.” – dedi quru bir səs tonu ilə. “ Lakin o yazıya ehtiyacımız belə yoxdur. Nə də olsa, əlimizdə sən varsan. Hər şeyin mənbəyi olan sən.” Boğazıma bir yumruq oturdu, sanki. Bir anda dilim-damağım qurudu və udquna bilmədim.
Nə də olsa, əlimizdə sən varsan.
Bu cümlə beynimi ələ keçirərək öz əsirinə çevirmişdi.
Əllərində mən var idim. Bu o demək idi ki...
Tanrım, mənə kömək et.
“ O qocanın sizi unutduğunu nə zaman anlayacaqsan?”
İblis sualının qarşılığında cavab gözləyərək bir qədər dayandı, ancaq danışmadığımı görüb mızıldanaraq gözümə bağladığını açdı.
Bir neçə dəfə göz qapaqlarımı yumub-açdıqdan sonra ətrafdakılar qəribə şəkildə göründülər. Gözlərimin işığa alışması üçün bir qədər gözləməli oldum. Qarşımdakının nəyə bənzədiyini öyrənmək istəyi ilə ona baxdım. Uzun, qarabuğdayı və azacıq saqqalı olan iri biriydi. Üzündə

mərhəmət deyilən duyğunun bircə damcısına belə rast gəlmək mümkünsüz görünürdü. Gözləri yanan alova bənzəyirdi. Qaşları çatılmış halda qollarını sinəsində birləşdirərək məni süzürdü.
Onun alov saçan gözlərindən qaçaraq ətrafıma baxdım. Düşündüyüm kimi ətrafda heç nə yox idi. İri bir otaq, stulun üzərində bağlı halda oturmuş mən, qarşımdakı iblis və tavandan asılmış bir lampa... Bir də otağın hər yerinə səpələnmiş şüşə qırıntıları, əzik kağızlar, taxta yeşik parçaları. Köhnə tərk edilmiş zavod, ya da anbar kimi bir yerdə olmalı idim.
Emmanuelin dediklərini xatırlayaraq qaça bilmək üçün bir yer axtarışına çıxdım. Otaqda yalnızca bir pəncərə var idi, o isə sonrada kərpiclə hörülmüşdü. Bir də içəri açılan dəmir qapı vardı. “ Gördüyün kimi...” – dedi iblis eyni sərt üz ifadəsi ilə. “ ...qaçacaq bir yer yoxdur.” Əli ilə arxasındakı qapını göstərdi. “ Əgər oranı düşünürsənsə, səni iyirmidən çox iblisin qarşılayacağına dair söz verə bilərəm.”
Əgər Emmanuel vərəqi ələ keçirmişdisə, yazılanı oxuyub bıçağı tapacaqdı. Və sonrasında məni bu soyuq cəhənnəmdən xilas edəcəkdi. Bunu sırf mənim üçün olmasa belə, edəcəkdi. Çünki bura onun üçün göndərilmişdi. Məni qorumaq və içimdəki ruhdan məni azad etmək üçün. Vəzifəsindən imtina etmə ehtimalı var idimi? Ya gəlməzsə? Ya bıçağı götürüb yoxa çıxarsa? Ya sadəcə bıçaq üçün mənə yalan deyib, yanımda idisə? Ya....
Lənət olsun... İblislər belə çıxmasa, məni yeyib-bitirən bu
yalar axrıma çıxacaqdı.
“ İndi səndən nəzakətli bir şəkildə Urielin sənə göstərdiklərini deməyi xahiş edəcəm.”

“ Və mən də olduqca nəzakətli bir şəkildə rədd edəcəm.”
“ Əyləncəli qızları sevirəm.” Üzündə qəribə bir gülüş əmələ gəldi. Yalnızca başında iki buynuz və bir quyruğun olmaması onu bildiyimiz iblislərdən fərqləndirirdi. Üzünü qapıya tərəf çevirərək səsləndi. “ Oyuncaqlarımı gətirin.”
Oyuncaqlar? Bunu eşidən kimi ağlıma ilk anda “Fifty shades of Grey” filmi gəldi, ancaq qarşımdakının nə olduğunu bir daha xatırlayınca daha dəhşətverici səhnələrə imza atacağımıza əmin oldum.
Dəmir qapının şaqqıltısı ilə diksindim. Normal insanlardan sadəcə gözləri ilə fərqlənən iblis bir otel otağına yemək sifarişi çatdırırmış kimi təkərli kiçik dəmir stol ilə içəri girdi. Tək fərq bu masanın üzərində yemək deyilən bir şeyin olmadığı idi.
İblis stolu Balielin yanına gətirdi və heç nə demədən
otaqdan çıxdı.
“ Sənə son otuz saniyə vaxt verirəm.” – dedi Baliel. Stola yaxınlaşıb üzərindəki ağ örtüyü açdı. Səliqə ilə düzülmüş bıçaqlardan birini əlinə alıb barmağını sürtərək nə dərəcədə iti olduğunu yoxladı. “ Və?” Başımı iki yana tərpətdim. Bu hərəkətin mənə baha başa gələcəyini bilirdim, amma Cənnət bıçağının iblislərin əlinə düşməsindən daha dəhşətli heç nə ola bilməzdi. “ Bunu sən istədin.”
Əlindəki bıçağı bir göz qırpımında stula bağlanmış əlimə sapladı. Bədənimə yayılan dözülməz ağrı ilə qışqırdım. İblis soyuqqanlı bir şəkildə bıçağı çəkərək əlimdən çıxartdı və bu azalmayan ağrının daha da şiddətlənməsinə səbəb oldu. Gözlərimi yumaraq dərindən bir neçə dəfə nəfəs aldım. Ancaq bunun bir işə yaradığını deyə bilməzdim. Əlimdən axan qan isə yerdə, çoxdan kiçik bir gölməçə yaratmışdı.

“ Bunun hələ sadə bir başlanğıc olduğunu bilirsən?” Ağrının təsirindən ona heç bir cavab verməsəm də, hər ikimiz veriləcək cavabımın nə olduğunu çox yaxşı bilirdik.
İblis qanlı bıçağı yenidən eyni əlimə, ancaq əvvəlki batırdığı yerdən bir qədər yuxarıya vurdu. Bununla kifayətlənməyərək bıçağı əlimin içində sağa-sola hərəkət etdirməyə başladı. O an dözülməz ağrılar üzündən qışqırmaqda olduğum və gözlərimi yumduğum üçün tam olaraq iblisin üz ifadəsindən xəbəriz idim, lakin bundan həzz aldığını bilirdim. Çox güman ki, ağzı qulaqlarının dibində parlaq qırmızı gözləri ilə ağrıdan necə qıvrıldığımı izləməklə məşğul idi.
“ Cənnət bıçağının yerini de.” – təkrarladı bıçağı əlimdən çıxardıb.
Tanrıya mənə kömək etməsi, məni bu əzabdan qurtarması və tez bir zamanda Emmanuelin məni tapması üçün dua etdim. Əslində bunu necə bacardığımı belə bilmirəm, çünki ağrı, sanki, bir parazit kimi bütün bədənimi, beynimi ələ keçirmişdi.
İblis əlindəki qanlı bıçağı stolun üzərinə qoydu. İşgəncənin bu qədər tez bitdiyinə sevinməkdən çox təəccüblənmişdim.
“ Narahat olma, Qırmızıbaş.” – dedi iblis üzümə baxaraq. İki dərin kəsik olan sağ əlimi, demək olar ki, hiss etmirdim. Tərpətməyə çalışsam da, dərhal dişləri və caynaqları ilə hücuma keçən ağrıların qarşısında aciz qaldığımı görüb bu fikrimdən daşındım. Bədənimdə Urielin ruhu olduğu üçü yaralarım bir müddətdən sonra sağalacaqdı, amma ağrıları... “ Digər tərəfdən olduqca şanslısan, bunu bilirsən? Əgər indi birlikdə Cəhənnəmdə olsaydıq...” – qanlı bıçağı mənə göstərdi. “ ... orada sənə yaşadacaqlarımın yanında bunlar uşaq oyuncağı qalardı.” Stolun üzərinə qəribə dəmirlər və iynəyə bənzər çıxıntıları olan bir maskanı xatırladan, həyatımda ilk dəfə

gördüyüm bir aləti əlinə götürdü. “ Bu bilirsən nədir?” – soruşdu . “ Bu alət günahkarın başına keçirilir və içəri doğru çıxan iynələr göz qapaqlarına, burna, yanaqlara və dodaqlara girərək hər hansısa bir üz cizgisinin hərəkət etməsinə mane olur. Yəni ağrıları qışqıraraq, ya da gözlərini yumaraq xəfiflətmək istədiyin halda, iynələr daha dərinə girib səni daha çox incitməyə başlayacaq.”
TANRIM!!!!
“ Ən sevdiklərimdəndir. Cəhənnəmdə bundan daha yaxşısı var, amma oradan dünyaya heç nə gətirmək olmadığı üçün bunu məhz sənə görə özüm hazırladım.” İrəli gələrək qarşımda dayandı. Tərdən üzümə yapışan saçımı qulağımın arxasına tərəf itələdi və “ bıçağın yerini demək üçün hələ də bir şansın var.” – deyə əlavə etdi.
“ Bunu sənə heç vaxt deməyəcəm. Və etdiklərinin məni öldürməyəcəyini ən az mənim qədər sən də bilirsən.” – dedim. İblisin əlindəkini görüb az öncəki izahını xatırlayınca udqundum. Əlimin ağrısını belə unutdum bir anlıq.
Çiynini çəkdi. Bir qaşını qaldırıb dişlərini göstərərək güldü. “ İstədiyimi əldə edənə qədər davam edəcəyimizi unutmamağın kifayətdir.” Əlindəki aləti açaraq başıma keçirtdi. İblis aləti var gücü ilə sıxdı. Üzümə girən iynələrin ağrısı daha dözülməz idi.
Ona qarşı dirənməyim heç də asan olmayacaqdı. Hələ bu
qurğu ilə heç...
Bir bıçaqla yenidən bədənim üzərində kəsik əməliyatına davam edəcəyini gözləsəm də, bu baş vermədi. İblis stoldan uzaqlaşaraq otaqdakı yeganə dirəyin yanına getdi. Başımı həmin tərəfə çevirib hara getdiyini görmək istəsəm də, iynələr bir az daha dərinə batdı və buna görə hərəkətsiz dayanmağa çalışdım.

“ Cəhənnəm alovunun yerini verməsə də, ən azı onun qədər əzab verəcəyinə inana bilərsən.”
Göz bəbəklərimi bacardığım qədər sola çevirdim. Tam görməsəm də dirəyin üzərindəki bir dəmir qolu görə bildim. Və dirəkdən bağlandığım stula qədər gələn naqili.
Naqil? Bircə, bu olmasın!!! Bircə bu olmasın!!!
“ Bir... İki...” – saymağa başladı iblis. Gözlərimi yummaq istəsəm də, alınmadı. “ və üç.” – deməsi ilə dəmir qolu yuxarı qaldırması bir oldu.
Bədənimə daxil olan cərəyanla bütün bədənim şiddətlə silkələnməyə başladı. Döş qəfəsimin hərəkət sürəti artdı. Bu dəfə ağrılar yalnızca caynaqları ilə hücuma keçmişdi, ancaq bu hücum dişlərlə olunan hücumdan daha ağrılı idi. Ağzımı açıb qışqırmaq istədim. Lakin üzümə batan iynələr nə bir üz əzələmin hərəkət etməsinə, nə də göz qapaqlarımın yumulmasına icazə verdi. Bütün bədənim alışıb-yanırdı, sanki. Ürəyim bu saniyə öz yuvasını tərk edəcəkmiş kimi döyünürdü. Fizika dərslərində dəfələrlə cərəyanın təhlükəli olduğu deyilmişdi, amma bu qədər ağrılı olduğunu təxmin belə edə bilməzdim.
İblisin dəmir qolu aşağı salması ilə cərəyan axını və mənim stulda silkələnməyim dayandı. Burnumdan süzülməyə başlayan isti maye, ağzımda duzlu dadını hiss etdiyim qan ilə qovuşaraq sinəmə tökülürdü. Başıma, sanki, böyük bir çəkiclə iri mismar çaxılırdı.
Orqanizmim özünə gəlməyə macal tapmamış növbəti bir cərəyan axının hücumuna məruz qaldı. Və buna tab gətirə bilməyib huşumu itirdim.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri