Bir cüt qanad (22-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 239
Səs ver:
(səs: 0)
Bir neçə saat keçmişdi. Ağrılarım getdikcə azalarkən içəridəki səssizlik məni qorxutmağa başlamışdı. Balielin əlində keçirdiyim əyləncə dolu günləri xatırladım.
LƏNƏT OLSUN !!!
Anam və bacım hələ də onların əlində idi.
Tanrım, sənə yalvarıram, onları qoru. Əgər məni
eşidirsənsə...
Yoxsa Lucifer haqlı idi? Yoxsa, doğurdan da, Tanrı üçün heç bir əhəmiyyət kəsb etmirdik?
Dərindən nəfəs alıb çarpayıdan qalxmağa çalışdım. Kürəyimdə heç bir ağrı hiss etməyincə rahatladım. Güzgünün qarşısına keçib əynimdəki köynəyi çıxartdım. Belimə bağlanmış sarğını açarkən, bunu Emmanuelin etdiyini xatırladım. Əynimdəki qara paltarı soyundurmuş, bədənimdəki qanları təmizləmiş, belimdəki yaranı bağlamış və ən əsası isə məni çılpaq olaraq görmüşdü. Görəsən, nə düşünmüşdü? Məni elə qarşısında gördüyü zaman nələr hiss etmişdi? Heç mənə...
Üzümə bir sillə vurdum və “ özünə gəl, Clara Pedersen.” – dedim. “ O sadəcə etməli olduğunu edib, bundan artığı nə olub, nə də olacaq. Özünü ələ almalısan. Anan və bacını o lənətə

gəlmiş yerdən xilas etməlisən.” Güzgüyə baxaraq, sanki, digər mənlə danışırdım.
Sarğını açıb kürəyimə baxdım. Təmiz dərimdən başqa geriyə heç nə qalmamışdı. Ailəmi xilas etməyin yeganə yolunun Emmanuel olduğunu qəbul edib paltarımı geyinərək evdən çıxdım.
Yaz günəşi artıq başqa ölkələri işıqlandırıb bir başqalarını qaranlığa bir addım daha yaxınlaşdırarkən ay səmada günlük qələbəsini qeyd etmək üçün yerini almağa hazırlaşırdı. Bir neçə saat sonra öz silahdaşları olan parlaq ulduzlarla dünyanın bir hissəsini yenidən zülmətə qərq edəcəkdi onu hər zaman tərk edən günəşin acığına.
Yenidən azadlıqda olmağın verdiyi rahatlığı ciyərlərimə çəkib Emmanuelin harada ola biləcəyini düşündüm. Bu barədə heç bir fikrimin olmamasına baxmayaraq gələn ilk taksini saxlatdırdım.
Maşına minərkən beynimdə quyunun dibindən gəlirmiş kimi Emmanuelin səsi əks-səda verdi. Harada olduğunu dedikdən sonra səs yoxa çıxdı. Sanki, onu axtardığımı və onunla danışmalı olduğumu bilirdi.
Sürücüyə ünvanı deyib həmin yerə çatmağı gözləyərkən arxaya söykəndim. Gözlərimi çöldə normal həyatlarından olduqca razı görünən insanlara zillədim. Həqiqətən də, çox qəribə deyildimi? Mən burada iblis və mələklər arasında sıxışıb qalarkən dünyanın əksəriyyəti bütün bu varlıqların yalnızca hekayələrdə həqiqət olduğunu zənn edirdilər. Ya din adamları? Gündə bir neçə dəfə oxuduqları həmin kitablarda adı keçənlərin var olduqlarına, doğrudan da, inanırdılarmı?
Maşında keçən hər saniyədə anam və bacımın o vicdansızların əlində nələr çəkdiyini düşününcə içim böyük bir

məyusluq dalğasının hücumuna məruz qalırdı. Onlar üçün
narahat idim. Həm də çox...
Əgər Emmanueli, onları xilas etmək üçün razı sala bilməsəydim, nə olacaqdı? Ailəmi necə xilas edəcəkdim? Onları bir daha görə biləcəkdimmi?
Bütün bunları düşünərkən maşının dayanması ilə fikirlərimdən azad oldum. Günahkarın evindən çox da uzaqda olmayan bir barın yanında idim. Və nədənsə buna heç təəccüblənmədim. Emmanuelin belə bir yerdə ola biləcəyini təxmin etməliydim.
Taksidən düşdüm və onun uzaqlaşması ilə barın qapısını açıb içəri daxil oldum. Emmanuel ilə ilk dəfə gəldiyim yerdən o qədər də fərqlənmirdi, amma bura bir az daha geniş idi. Bir tərəfində içkilər və kiçik stollar, digər tərəfində isə bir neçə bilyard masası vardı. Zəif işığın altında çox da yüksək olmayan musiqi sədası ilə gözlərim ətrafı gəzərək Emmin axtarışına çıxdı. Üç-dörd gəncin oynadığı bilyard masalarına tərəf baxdım. Amma orada yox idi. Sonra içkilər tərəfə dönərək ən küncdə bir stolun arxasında oturduğunu gördüm. Qarşısında bir içki şüşəsi, kobud əlləri arasında itən stəkan ilə başını önə əymişdi.
Addımları daha sürətləndirib başının üzərində dayandım. Gəldiyimdən xəbərsizdi, ya da bunu bildiyi halda başını belə qaldırmaq zəhmətinə qatlanmaq istəmirdi.
“ Emmanuel.” – deyə səsləndim ayaqüstə dayanaraq.
Yavaşıdılmış bir video çəkimindəymiş kimi, başını astaca qaldırdı. Üzündə məşhur gülümsəməsini yaratmaq istəsə də, bu dəfə elə də uğurlu alınmamışdı. “ Raymond.” – dedi çətinliklə eşidə biləcəyim bir səs tonu ilə. “ Adım Raymonddur.”

“ Raymond...” – təkrarladım. Ona fərqli bir adla xitab etmək inanılmaz dərəcədə qəribə gəlsə də, bu adı ona yaraşdırmışdım. Bilmirəm niyə, amma başqa bir adda onu təsəvvür edə bilmirdim.
“ Otur, Qızılsaç.” Qarşısında boş stulu işarə etdi.
Stulu çəkib əyləşərkən “ adım Claradır.” – deyə xatırlatdığım zaman əlini havada yelləyib boş stəkanını içki ilə doldurdu.
“ İç.” – deyib stəkanı mənə doğru itələdi. Əvvəlcə ona, sonra isə mən gələnə qədər şüşənin yarıdan çoxunu boşaltmaq üçün istifadə etdiyi və indi mənə içmək üçün uzatdığı stəkana baxdım. Bir anda gözümün qarşısında onun əsl görünüşü canlandı. Qusmamaq üçün özümü güclə saxladım və stəkanı geri itələyib şüşəni başıma çəkdim. “ Qəlbim qırıldı.” – dedi istehza ilə. Ağzımı açmağa hazırlaşmışdım ki, düşüncələrimi oxuyaraq məni qabaqladı. “ Bəli, qəlbim var və külə dönməyib.” Dərhal düşüncələrimin ətrafındakı çatlamış hasarları yenidən inşa etdim, artıq bunu neçənci dəfə təkrarladığımı xatırlamayaraq.
“ Kim mənim kimi həmin mənzərənin şahidi olsa, eyni şeyləri düşünərdi.” Sərt bir şəkildə şüşəni stolun üstünə qoydum.
“ Çox gözəl.”
Baxışlarımı ona zillədim. Mənim yerimdə kim olsaydı, bəlkə də ondan qorxub qaça bilərdi. Amma içimdə qorxudan çox həyəcan, maraq və narahatlıq var idi. Emmanuelin əslində nə olduğunu öyrənmək və ailəmi xilas etmək üçün razı salmaq istəyirdim. “ Eşidirəm.” – təkid etdim baxışlarımdan heç nə anlamadığını görüb. “ Kim ya da nə olduğunu danışmağın üçün daha nə qədər gözləməliyəm. Bəlkə sənin çox vaxtın ola bilər,

amma mənim belə bir şansım yoxdur. Sırf sənin üzündən, səni öz axmaq səhvlərini yumaq üçün göndərən Urielin üzündən ailəm indi kim bilir, nə haldadır. Lucifer onlara nələr yaşadır...” “ Bir az yavaş.” Emmanuel ya da yeni öyrəndiyim kimi Raymond əllərini irəli uzadaraq həddindən artıq yüksək çıxan səsimi aşağı salmağımı işarə etdi. Sonra onunla birlikdə ətrafıma nəzər salarkən içəridə hərkəsin gözlərini mənə zillədiklərinin fərqinə vardım. “ Hər şeyi danışacam.” – dedi
məndən fərqli olaraq daha sakit bir səs tonu ilə.
“ Əlbəttə !!!” Əsəbdən yanaqlarımın yandığını hiss edə bilirdim. Çox güman ki, yenə alışaraq qırmızıya dönmüşdülər. Amma onları düşünəcək vəziyyətdə deyildim. “ İlk öncə Günahkarın nə olduğu ilə başla.”
Mən cavab gözləyərkən Raymond ayağa qalxaraq masadan uzaqlaşdı. Arxadan çağırıb onu dayandırmaq istəyirdim ki, bara yaxınlaşıb içki aldığını gördüm. Geri qayıdana qədər bir neçə dəfə dərindən nəfəs alıb özümə gəlməyə çalışdım. Üzümə düşərək qıdıqlanma yaradan saçlarımı arxaya atıb ayrı-ayrı işlərlə məşğul olan fərqli insanlara baxdım. Damağındakı siqaret tüstüsündə boğulduğu halda ondan imtina etməyən yaşlı adam diqqətimi cəlb etdi. Titrəyən əllərinin səbəbi qocalıqdan çox həyəcana bənzəyirdi, çünki stolun altından uzatdığı ayağı da eyni əlləri kimi yerində dayanmaq bilmirdi. Siqareti dodaqları arasına qoyub barmağındakı üzüyə sığal çəkdi. Üzündəki ifadə isə o qədər kədər dolu idi ki... Sevdiyi birini – böyük ehtimalla, həyat yoldaşını itirmişdi. Birlikdə yaşlanıb, birlikdə öləcəklərini deyən insanın, sözünü necə tutmadığının şahidi olmuşdu. Amma əslində qadın bunu etmişdi. Ömrünün sonuna qədər kişinin yanında olmuşdu. Ölüm mələyinin onların canını eyni anda almamasının günahkarı idi mi?

“ Nəyə baxırsan?” Raymond əlində yeni bir şüşə içki və bir stəkan ilə masada öz yerini aldı.
“ Tanımadığım insanlara baxıb onların həyatlarını təxmin etməyi sevirəm.” – dedim. “ Bu, mənə milyardlarla fərqli insan və milyardlarla fərqli həyatın qarşısında bizim bir toz dənəciyi qədər kiçik olduğumuzu və gözümüzdə böyütdüyümüz problemlərin bəziləri üçün bir hədiyyə ola biləcəyini xatırladır.”
Raymond içkiləri süzüb birini mənə verdi. “ Söhbətimiz zamanı ehtiyacın olacağına əminəm.” Gülümsədi.
Gözümü yaşlı adamdan çəkməyi bacardım. “ Artıq başlasan heç də pis olmaz.”
“ Günahkar...” – deyə köks ötürdü. “ Bu bizə verilən bir
addır. Cəhənnəmdə hər kəs belə adlandırılır – Günahkar...”
Bütün o gördüyüm yanmış bədən, nə olduğu bilinməyən sima və tikanlı zəncirlər gözümün önündə bir daha canlandı.
“ İnan mənə, Qızılsaç, orada bir saniyə belə keçirtmək istəməzsən. Qızmar alovların qucağında – heç zaman anlaya bilməyəcəyin dərəcədə bir istidən bəhs edirəm.” – sözlərinin üstünə basaraq xüsusi vurğu ilə deməyi bacarmışdı. “ Bədənin alovların ağuşuna atılması, bütün dərin yanıb, sümüklərin istinin təsirindən əriyənə qədər orada hər bir hüceyrənin ağrısını, acısını hiss etmək, sonra özünü yenidən tək parça halında tapıb bu dəfə fərqli və daha ağır bir işgəncəyə məruz qalmaq – dərinin diri-diri soyulması və ən kiçik saç telinə qədər hər orqanının ət kimi tikələrə ayrılması, bir barmağını azacıq bükdüyün halda belə bədənindəki zəncirlərin səni deşik- deşik etməsi, aclığının və susuzluğunun nəcis və irinli su ilə yatızdırılması...” Danışdıqca, sanki, onların hamısını hiss edirmişəm kimi, bədənim bir ağrının əsarəti altına alınmışdı.

Tüklərim biz-biz olarkən qulaqlarım eşitdikləri dəhşət qarşısında aciz qalmışdı. Birinin bu qədər əzaba, işgəncəyə necə tab gətirdiyinə bir anlam qazandıra bilmirdim. “ ...və bütün bunların hər dəfə yenidən təkrarlanması. Yenidən... yenidən... və yenidən...”
Stəkanı bir dəfəyə boşaldaraq yenisini süzdüm. Raymond haqlı idi, içkiyə ehtiyacım var idi, həm də düşündüyümdən daha çox...
“ Cəhənnəm belə bir yerdir, Qızılsaç.” Üzündəki quru ifadə ilə gözlərini uzaqlara dikdi.
“ Bu ki dəhşətdir...” Deyə bildiyim bundan başqa heç nə olmadı. Danışmaq, cümlə qurmaq qabiliyyətimi itirmişdim. Başqa nəsə deməyə çalışsam da, uyğun sözləri tapıb bir-birinin ardınca calaşdıra bilmədim.
“ Heç vaxt yaşamaq istəməyəcəyin və bir dəfə yaşadığın halda isə oradan xilas olmaq üçün hər şeyi etməyə hazır olacağın bir dəhşətdir.” İçdiyim ikinci stəkanı boş görüb doldurdu öz içkisini başına çəkdikdən sonra. “ Bütün o işgəncələrdən, sonsuz əzabdan qurtulmaq üçün ən ümidsiz belə olan şansı dəyərləndirməyə hazır idim ki, onlardan biri də Uriel oldu. Bədənim yenicə öz əvvəlki halına qayıdarkən qarşımda təmiz libası, uzun parlaq saçları və görüb görə biləcəyin ən gözəl sima ilə dayanan Urieli gördüm. Və mənə bir təklifi olduğunu, yalnızca qəbul etdiyim halda təklifini eşidə biləcəyimi dedi təkidlə. Təbii ki, mən də qəbul etdim.” Dayandı və gözlərini yenidən boşluğa dikdi. “ Cəhənnəmdən çıxartdı məni. Səni tapmağı və Cənnət bıçağının yerini öyrənərək onunla səni öldürməyimi dedi. Səbəb olaraq isə sən iblislərin əlinə düşdüyün zaman Cənnətin və mələklərin sonu olacağını vurğuladı. Bunun qarşılığında mənə təklif edəcəyi

şey olmasaydı, nə mələk, nə iblis, nə də səni öldürmək vecimə olardı. Amma mənə bir cüt qanad təklif etdi.”
Arzu ilə parıldadığını zənn etdiyim soyuq baxışlarını üzərimdə gəzdirdi. Məndən bir cavab, ya da ən azından nəsə deməyimi gözləyirdi, lakin bütün bunlar...
Bütün bunlar düşündüyümdən belə daha dözülməz idi...
“ Cəhənnəmdən sonsuza qədər azad olmaq üçün bir cüt qanad, Qızılsaç. Bunun bir Günahkar üçün nə demək olduğunu anlamaya bilərsən, amma sırf o qanadlara sahib ola bilmək üçün nəinki səni...” Cümləsinin sonunu gətirib-gətirməmək barəsində düşündü bir qədər və sonra davam etmək qərarına gəldi. “... hətta dünyadakı milyardlarla insanı belə öldürə bilərəm. Əgər bir dəfə yaşadıqlarımın sadəcə şahidi olsaydın, nə üçün belə dediyimi daha yaxşı başa düşərdin.”
Sümüklərin əriyənə qədər bədənin yanması, dərinin soyulması, bir heyvan kimi doğranmaq, nəcis və irinli su...
Düşüncəsi belə kifayət etmişdi. Amma bütün bunlar bir günahsızı öldürmək üçün əsaslı bir səbəb idimi? Mənim üçün yox. Lakin bir Günahkar üçün? Əminəm ki, bundan əsaslı bir səbəb ola bilməzdi. Əgər mən də onun yaşadıqlarını yaşasaydım ki, bunu heç kim istəməzdi, bir saniyə belə tərəddüd etmədən hər bir təklifi qəbul edərdim. Sonu və nəticəsi necə olursa olsun, məni Cəhənnəmdən çıxartması yetərli idi.
“ Və bunun üçün Uriel mənə bəzi mələk gücləri verməklə yanaşı, bu yolda mənə mane olan bəzi insana aid xüsusiyyətləri yox etdi – aclıq, susuzluq, yorğunluq...” Ovcunun içinə sıxışdırdığı stəkanı göstərdi. “... sərxoş olmaq kimi.” – dedi. “ Sənin o ağıl xəstəxanasında olduğunu deyib məni bura göndərdi. Bıçağın yerini içində Urielin ruhu olduğu üçün

yalnızca sənə deyə biləcəyini bildirdi və bu müddətdə sənin yanında olub iblislərdən qorumalı idim. Bıçağı ələ keçirən kimi isə... ürəyinə saplayıb bu işin sonuna çıxacaqdım və arzusunda olduğum qanadların sahibinə çevriləcəkdim.”
“ Zəncirlər...” – dedim uzun müddət sonra. “ ... incidirlər?” “ Zəncirlər?” – soruşdu. “ Ah, əlbəttə, Luciferin sənə əsl
görünüşümü göstərdiyini unutmuşdum. Cəhənnəmdə olarkən, bəli, həddindən çox... Amma burada məni hələ də alovlar diyarına bağlayan yeganə şey odur. Qanadlara sahib olan kimi onlardan da xilas ola biləcəm.”
Qanadlara sahib olmaq...
Bunu necə də asan bir şəkildə söyləyə bilirdi. O qanadlar mənim həyatıma son verdiyi an meydana çıxacaqdı və bu düşüncə içimdə tamamilə fərqli bir duyğunun yaranmasına səbəb olmuşdu. Öldüyünü biləcəyi halda yaşayan bir insandan başqa heç kimin anlaya bilməyəcəyi duyğu idi bu.
Ayağa qalxaraq bilyard masalarına tərəf getdi. Bütün bu danışdıqlarına və yaşadıqlarına baxmayaraq özündən əmin hərəkətlərində bir əksiklik yox idi. Enli iri kürəyi həmişəki kimi dik dayanmış, hər addımı öncədən planlanmış bir şəkildə dəqiq, baxışları isə hər şeyə meydan oxuyan meşə kralının baxışları kimi mərhəmət duyğusundan uzaq idi.
Masanın üzərinə əyilib daşları səliqə ilə yığarkən iblislərin əlində olan sevdiklərimə qovuşmağın yollarını axtarmağa başladım. Kömək istədiyim halda bunu qəbul edərdi? Yoxsa onu qanadlarından başqa heç nə maraqlandırmırdı?
Bunu öyrənməyin tək yolu var idi – Raymondun yanına gedib ondan soruşmaq.
Cəsarətimi toplayıb vücudumu ən az onunku kimi dikləşdirdim.

“ Cəsarətlisən.” – dedi arxadan ona yaxınlaşdığımın fərqinə varıb. “ Sənə hər şeyi danışdım və səni öldürəcəyimi dedim, buna baxmayaraq hələ də ətrafımda fırlanırsan.” Sağ əlində bilyard çubuğunu yüngülcə tutaraq masaya doğru əyildi. Dizlərini azacıq büküb ayaqlarını çiyinləri ilə eyni məsafədə araladı. Sol əlində barmaqları ilə körpücük yaradaraq bilyard çubuğunu asta şəkildə hərəkət etdirərək ağ topa vurdu. Və bütün topların masa boyunca səpələnməsinə səbəb oldu. Bu oyunda mahir olduğu hər halından görünürdü.
“ Ailəm Luciferin əlindədir.” – deyə birbaşa söhbətə giriş etdim. Gözünün ucu ilə mənə baxıb çiynini çəkdi. “ Mənə kömək etməlisən.”
“ Səbəb?”
Səbəb...
“ Çünki onlar mənim bu həyatda sahib olduğun ən dəyərli insanlardır.” – dedim. “ Əgər ömründə bircə dəfə belə olsa, birinə dəyər vermisənsə, nə demək istədiyimi başa düşəcəksən.”
“ Cəhənnəmə məhkum olduğumu unutmusan, deyəsən.” Vurduğu hər atış, bir topun masadan əksilməsinə səbəb olurdu. “ Sənin düşündüyün kimi biri olsaydım, hal-hazırda Cənnətdə kokteylimdən içərək istirahət edərdim.”
“ Mən hər kəsin içində - ən dərində belə olsa - bir yaxşılığın yatdığına inanıram.” – dedim. “ Emmanuel...Cəhənnəmə düşəcək dərəcədə necə bir pislik etdiyindən xəbərsizəm, bəli, ancaq indi qarşımda olan cəhənnəmdən əvvəlki Raymond deyil, oradan çıxmaq istəyən Raymond var.” Oyunu dayandırmasa da, mənə qulaq asdığından əmin idim. “ Çünki hər nə qədər qəlbində qaranlığın hökm sürdüyünü, yaxşı biri olmadığını, heç kimi və heç nəyi vecinə almadığını iddia edib

özünü belə göstərsən də, buna inanmıram. Məni öldürəcəyin halda nəyə görə hələ burada olduğumu soruşmuşdun. Bax, əsas səbəb məhz budur. Sənin düşündüyündən daha yaxşı biri olduğuna inanıram. Hər qaranlığın içərisinə cüzi də olsa, aydınlığın sıza biləcəyinə inanıram. Və o aydınlığın daxil ola bilməsi üçün qapının sadəcə aralı qalması kifayət edir.”
Emmanuel hərəkətlərini daha da sərtləşdirib çubuğu ola bildiyi qədər sürətli bir şəkildə toplara vurmağa başladı. Vurduğu heç bir zərbə boşa getməzkən bir neçə saniyədə masadakı bütün toplar yoxa çıxmışdı. Amma məni onun cavabı daha çox maraqlandırırdı.
Çubuğu masanın üzərinə çırpıb çiyni çiynimə sürtünəcək dərəcədə yaxın bir şəkildə yanımdan keçdi.
“ Onları harada saxladıqlarını bilmirəm.”
Tanrım, təşəkkürlər...
Arxaya baxmadan əlavə etdi. “ Amma yerlərini bilən birini
tanıyıram.”
“ Mənə kömək edəcəyini bilirdim.” – dedim sevincimi gizlətməyi bacarmadan.
“ Amma bu, sonda səni öldürməyəcəyim mənasını vermir, Qızılsaç.”
Artıq taleyimi qəbul etmişdim. Ya iblislər tərəfindən öldürülüb Cənnəti təhlükə altına atacaqdım, ya da Emmanuel tərəfindən öldürülüb Cənnəti qorumaqla yanaşı, ona həsrətində olduğu qanadlara sahib olmaq üçün kömək edəcəkdim.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri