Cənnətin ətri (16-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 940
Səs ver:
(səs: 0)
Qapının digər üzündə cavan, həm də tanış bir səs:
– Kimdi? – dedi. Azca səsimi boğaraq:
– Mənəm, tanımadın? – dedim.
– Yox, kimdi ki?
– Sən canın ələ salma məni, mənəm də, qapını aç,
– deyəndən sonra cəftənin dartılaraq açıldığı zaman çıxardığı sürtünmə səsini eşitdim və ardınca qapı aralandı. Qapıda düşmən sifətindən çaşmış halda üzərimə zillənən iki qara göz var idi. Qapını açmasına peşman olmuş, əldən-ayaqdan düşmüş, lal kimi du- rub, canavarı görmüş qoyun kimi baxırdı. Bir addım geriyə çəkildiyində cəld kəmərimə keçirdiyim bıçağı çıxararaq var qüvvətimlə qarnına sapladım. Bıçaq ya- rımqol köynəyini asanlıqla dəlib qarnını deşdiyində ağzını qocaman açıb nəfəsini çəkərək gözlərini bərəltdi, başını aşağı əyib bıçağın sancıldığı nahiyəyə baxdı və astaca başını qaldırıb yazıqcasına yalvaran gözlərini gözlərimə zillədi. Dişlərimi bir-birinə sıxıb gözünün içinə baxa-baxa nifrətlə bıçağı çıxarıb bir də sancdım. O uzaqlaşıb qurtulmağa çalışarkən sol əlimlə sağ çiyninin arxasından tutaraq bıçaqla av- tomat kimi işləyir, durmadan zərbələr endirirdim. Qarnına, mədəsinə, çiyninə, əllərinə. Bıçaq durmadan, dayanmadan irəli gedir, geri qayıdır və yenidən sancılırdı. O əli ilə müqavimət göstərdiyində bıçağı əlinin içinə saplamışdım. Barmaqlarından biri üzü- lüb dərisindən sallanırdı. Onun murdar və isti qanı əllərimə bulaşdığında belə durmadım. Zərbələri vur- duqca həzz alaraq ağrılarımı, əzablarımı çıxarırdım. Onu qorapalan1 kimi deşik-deşik etmişdim. Zarıyaraq döşəməyə uzanıb qan gölməçəsində çapaladığında:
– Canım, kimdi gələn? – sözünü eşidərək başımı qaldırıb növbəti qatilimə, növbəti qurbanıma baxdım. Qatilim gözümün önündə dayanmışdı. O da yeni sev- gilisi kimi lal olub qorxularını əks etdirən gözlərini üzərimə zilləmişdi. Ayağa qalxıb ağır-ağır caniyə sarı addımladığımda əlimdə tutduğum bıçaqdan, bar- maqlarımdan Əlinin qanı süzülüb yerə damcılayırdı. Onun üzərinə getdikcə o geriyə addımlayır, islan- mış cücə kimi yığılırdı. Axırı divara dirənib dayandı. Yerə çömbəlib əllərini üzünə tutaraq için-için ağla- dı. Zülmətdə belə görünə biləcək qəzəbimlə, əlimdə tutduğum qanlı bıçaqla tələsmədən ağır addımlar- la üzərinə gedirdim. Sol əlimlə boğazından yapışıb çömbəldiyi küncdə divara sıxa-sıxa ayağa qaldırdım. Boğazını möhkəmcə sıxdığımdan onun gözləri, sifəti getdikcə qızarırdı, nəfəsi tükəndiyindən qolumu 1 Plovsüzən. dartıb cırmaqlayaraq canın qurtarmağa çalışırdı.
Ah çəkib tüpürə-tüpürə:
– Niyə aldatdın məni?
– deyə bağırdım. O səsini çıxarmayıb ağladığından ikinci dəfə
– niyə aldatdın məni?
– Deyə bağırıb başını zərblə divara çırpdım.
Dili topuq vuraraq:
– Sən də, sən də aldatmışdın məni,
– deyib yenə ağladı.
Daha da qəzəblənib:
– Sən xəyanətə xəyanətlə cavab verən fahişəsən, sa- tılmış fahişə, – deyə bağırdım.
O ağlayaraq:
– Elə fikirləşirdin ki, xəyanətini bağışlayacam? Hər şey eləcə bitəcək? – dedi.
Dişlərimi qıcıyaraq:
– Buna görə etmisən guya? Günlər öncə elə fikirlə- şirdim ki, xəyanəti bağışlayacaq qədər böyük birisən. Sən demə, sən satılacaq qədər kiçik imişsən, alçaqlıq simvolu imişsən. Tüpürüm sənə. Tüpürüm sənin qa- dınlığına. Hər şey sənin istədiyin kimi də bitməyəcək. Bunu da lazımsız olacaq başına sox ki, xəyanət etdiyimə görə yox, sərvətə, pula görə xəyanət etdiyini bilirəm, kor deyiləm! – deyə çığırdım.
Saçlarından tutub ayağına badalaq vuraraq üzü üstə döşəməyə uzatdım. Bıçağı hulqumuna dayayıb düşünmədən möhkəmcə yuxarı çəkdim. Bıçaq onun boyun sümüyünə dirənib dayandı. Qanı təzyiqlə bü- tün ətrafa, divara, tavana, yerə-göyə sıçradığında o başı kəsilmiş canı çıxan toyuq kimi çapalayırdı. Saçla- rını buraxıb ayağa qalxaraq sağa-sola çırpınaraq qıv- rılmasını izlədim. 15-20 saniyə sonra onun çırpınan zərif vücudu hərəkətsiz qaldı. Bir vaxtlar at quyruğu- na bənzər yığdığı qəhvəyi saçı, baxmaqdan doyma- dığım üzü, üzünə gözəllik qatan eynəyi tamam qana batmışdı. Diz üstə əyilib qara rəng böyük yarı-oval formalı kauçuk çərçivəli eynəyini yerdən götürüb əlimdə sıxaraq gözlərinə baxdım, caninin gözlərinə. Yumulmamışdı. O qatil gözlər bərələrək mənə baxır- dı, o ölü gözlərdə keçirdiyi ağrı, duyduğu qorxu alov tək bərq vururdu.
İçimdə heç yaşamadığım, heç bilmədiyim əcaib bir hiss yarandı. Mərhəmət, nifrət, sevgi və məyusluq qa- rışığı bir hiss. Özümdən asılı olmadan gözümdən yaş axmağa başladı. Bıçaq əlimdən sürüşüb düşdü. Qan- lı əllərimi üzümə tutaraq hönkürə-hönkürə ağladım orda, zamanın fərqinə varmadan, bəlkə beş dəqiqə, bəlkə bir saat. Dizlərimi yerdən götürüb ayağa qalxa- raq asta addımlarla evdən həyətə çıxdım. Bağlı darva- zanın cəftəsini açıb keçərək maşına əyləşdim. Maşını sürətlə sürərək birbaşa Əcəmiyə, evimə qayıtdım. Evə girdiyimdə qardaşım qulağında telefon otaqda var-gəl edirdi. Üst-başım qana bulaşmış halda gördüyündə həyəcanla:
– Nə olub sənə, nə olub sənə? – deyərək üstümə cumdu.
Mən:
– Öldürdüm, ikisini də öldürdüm, – deyə cavab verdim.
Qardaşım qucaqlayıb:
– Neynədin sən, ay bədbəxt, neynədin sən? – deyərək ağladığında mən sayıqlayaraq:
– Öldürdüm, ikisini də öldürdüm, öldürdüm, öl- dürdüm, – deyirdim. O məni duşa salıb bütün paltar- larımı əynimdən çıxardı. Yaş əsgi ilə üzümü silərək:
– Tez ol, tez ol, aparacam səni, aparacam burdan, heç kim tapa bilməyəcək, – kimi sözlər söylədiyində can verən balıq tək ağzımı açıb-yumurdum. O mənə quru paltar geyindirəndə nəhayət dilləndim:
– Heç yerə getməyəcəm. Qardaşım əsəblə:
– Necə yəni getməyəcəm?! Tez ol, geyin deyirəm,
– dedi.
Sakit tərzdə heç nə olmamış kimi:
– Yox qardaş, mən heç yerə getməyəcəm, ömrü boyu gizlənərək yaşamaq istəmirəm, tutacaqlar, tutsunlar, amma heç yerə getməyəcəm, qaçıb gizlənmək istəmirəm, başa düşürsən məni? Qaçıb gizlənmək istəmirəm. Daha nə ölməyimin, nə də yaşamağımın mənası var. Nə olacaqsa olsun.
– Sənin ağlın başında deyil, ömrünün yarısın içəridə çürüdəcəksən, ay bədbəxt, bunu istəyirsən? Nə danışdığını bilirsən? Bu cavan yaşını içəridə çürütmək istəyirsən? Bilirsən birdə nə vaxt çıxacaqsan çölə? Bilirsən?... Saçın, saqqalın ağaranda, qocalanda, onda da çıxıb görəcəksən nə anan qalıb, nə atan. Bü- tün tay-tuşlarının boyu böyüklükdə oğlu olanda sən içəridə çürüyəcəksən. Başa düşürsən məni? Bizə yazı- ğın gəlmir sənin? Bir gör nə etmisən? Səni Rusiyaya, dostlarımın yanına göndərəcəm, yaşayarsan, qalar- san orda, evlənərsən, uşaqların olar. Biz sənin yanına gəlib-gedərik, heç kim tapa bilməz səni orda, heç kim. Yaşayarsan özün üçün necə istəyirsən.
– Yox, getməyəcəm, özünü yorma boşuna, qərarım qətidir. Hər şeyi gözəl başa düşürəm, hər şeyi gözə almışam, qaçmayacam. İçəridən qocalıb çıxsam da, içəridə çürüsəm də qaçmayacam, – dedim.
Qardaşım ağlayıb yalvarmaqda davam etsə də fik- rimdən daşındıra bilmədi. Gözlərimizi bir nöqtəyə zilləyərək lal-dinməz səssizcə divanda oturmuşduq. Bu səssizliyi qapı tıqqıltısı pozdu. Ayağa qalxıb qapını açmağa getdiyimdə qardaşım qolumdan tutub ya- zıqca:
– Açma, – deyərək boynunu bükdü.
Qapı yenidən döyüldü və qapı arxasındakı adam:
– Evdə kimsə var? Polisdir, qapını açın! – deyə səsləndi. Qardaşımın əllərindən qolumu astaca çəkib,
– axır-əvvəl açmalıyıq, – deyərək qapıya sarı getdi- yimdə qardaşım çörəyi əlindən alınmış yetim uşaq kimi arxamca baxırdı.
Qapını açdığımda Firuz:
– Budur, Rasimdir, – deyə hündür boy, möhkəm əzələli polislərə qorxa-qorxa məni göstərdi. Onlar qa- pının ağzında qolumu qandallayıb pilləkənlərlə aşa- ğı düşürdükdə qardaşım çarəsizcə ağlayırdı. Polislər məni qolu qandallı blokun önündə saxladıqları “Fiat” markalı PPX maşınına saldıqda bina sakinləri pən- cərələrdən boylanaraq maraqla olub-bitənləri izləyirdi. Maşın hərəkət etdiyində dəmir şəbəkəli pəncərəsinə ba- şımı söykəyərək qardaşıma baxırdım. O blokun önündə dizi üstə çöküb əlləri ilə bərk-bərk qucaqladığı başını aşağı-yuxarı yellədirdi. Barmaqlıqlar arxasında işıqlı yolları seyr etdirərək bölməyə apardılar.
Törətdiyim cinayətlə bağlı istintaqın gedişatında müstəntiqin hər hansı sualın cavabsız qoymadan, yalan demədən cavabladım, nə səbəbə etdiyimi, harda necə öldürdüyümü, niyyətimi, məqsədimi bütün təfərrüatı ilə. Bir də onda ayıldım ki, məhkəmədə bar- maqlıqlar arxasından azadlıqdakı insanlara baxıram. Məhkəmədə Əlinin və Nərminin valideynləri söyüşlər qalmır, yağdırırdılar. Mənsə sakitcə onlara baxırdım. Ailəmdən sadəcə qardaşım vardı məhkəmədə. Qar- daşım da boynunu büküb yazıq-yazıq mənə baxırdı. Dostum Rauf da onun yanında əyləşib heç nə ifadə etməyən gözlərini üzərimə zilləmişdi. O gün dövlət ittihamçısı elə gözəl ittiham edirdi ki, özüm-özümə nifrət edirdim.
Sonuncu məhkəmədə hökm oxundu. Ömürlük azadlıqdan məhrum etmə. Dövlətə zərər verən, kimsə- yə xeyri olmayan bir məxluqa dönüşdürdü məni o itti- ham hökmü. Həyatın müqəddəratını həll edən hökm. Sözlərin qüdrətini, sözün hökmünü o zaman anladım və onu da anladım ki, onu kimin dediyindən də çox şey asılıdır. Danışan dağdırsa sözü də zirvədir. Hök- mün oxunması ilə qardaşımın gözündən yaş sel kimi axdı, Əli və Nərminin valideynlərisə az da olsa toxta- mışdılar. Mən heç nə barəsində düşünmürdüm. Göz qapaqlarımı qırpmaqdan başqa hərəkət etmirdim. Məhkəmə bitdi və mənim həbsxana həyatım başladı. Barmaqlıqlar arxasında olduğum qırx birinci gün ata- mın öldüyünü öyrəndim.

***
Atam adam öldürdüyümü, məni polislərin apar- dığını öyrəndiyi zaman ürəyin tutub ölübmüş. Mə- nimsə bundan aylar sonra xəbərim olmuşdu. Atam haqqında düşünüb ağlamaqdan başqa əlimdən heç nə gəlmirdi. Daha onu geri qaytara, onunla kəlmə kəsə bilməyəcəkdim. Uşaqlıq illəri, atamla birlikdə keçir- diyim vaxtlar yadıma düşdükcə bağrım odlanırdı. O zamanlar atam cavan, iri cüssəli, möhkəm əzələli, sa- çı-saqqalı qapqara bir kişi idi. Ailəsini, millətini çox sevən, ürəyi təmiz və yumşaq, dildən acı bir adam idi, bəzən qəzəbli, anlaşılmayacaq dərəcədə mürəkkəb, bəzən mehriban, su tək şəffaf. Adətən susqun olar, şəxsi problemlərindən söz açmaz, dərdini bölüşməkdə çətinlik çəkərdi, kefsiz olduğunda nə anam, nə qarda- şım, nə də mən ondan söz ala, səbəbin öyrənə bilərdik. Mingəçevirlilərin “dəniz” dediyi, atamla birgə getdi- yimiz Mingəçevir Su Anbarındakı günlər atamın bizə olan sevgisini gizlətməzdi.
Hər dəfə qardaşımla dənizə girəndə atam da bizimlə birlikdə dənizə girər, bizim yanımızda üzərdi. Heç zaman bizi irəliyə getməyə qoymazdı. Qorxardı. Boğulmağımızdan, bizi itirməkdən qorxardı. Hələ dənizə gəlib çatmamış yol boyu boğulub ölənlərdən danışar, irəliyə üzməkdən çəkindirərdi. Bir dəfəsində dənizdə olduğumuz vaxt bir uşağın cansız bədənin su- dan çıxarmışdılar. Atam ondan sonra həmin il qarda- şımla məni dənizə aparmadı. Növbəti il də bizi dənizə aparmaqdan imtina etmişdi. Ancaq üçüncü ili dənizə getməyə müvəffəq olmuşduq. O qardaşımla məni çox sevirdi. Heç zaman bizi sevdiyini dili ilə söyləməsə də mən bunu hiss edirdim. Atam heç vaxt sevgisini ifadə etməyi bacarmamışdı. Düşündükcə boğulurdum. Keçən günləri xatırladıqca boğulurdum.
“Həyata bax... mən içəridəyəm, atam torpaq altda, anam, qardaşım pərişan halda, kaş dənizdən çıxarı- lan cansız uşaq bədənlərindən biri də mən olaydım”
– deyə düşünürdüm, atamı çəkinib utandığımdan ürəyim istədiyində qucaqlamadığıma görə peşman olmuşdum, bir ömür utancaqlığı bəhanə edərək do- yunca sarıla bilməmişdim heç. Uydurma bəhanələrlə peşman olacağımı çox gec anlamışdım, artıq çəkinərək sarılmadığım sevdiyim insan həyatda yox idi. Nərmin həyatıma girib çıxana kimi həyatımı məhv etməyi ba- carmışdı. Mən məhv olmuş, uçulmuş, xaraba qalmış şəhərə dönmüşdüm. Nüvə partlayışından çıxmış bir şəhərə. Kimsənin yaşayıb radiasiyaya məruz qalmaq istəməyəcəyi şəhərə. Dörd divar arasındakı xara- ba qalmış şəhərə anası, qardaşı və dostundan başqa kimsə ziyarətə gəlmirdi.

İçəridəki həyat çöldəki qədər ürək açan deyildi. Hər istədiyini edə bilmirdin. Hər gün müəyyən olunmuş vaxtda yemək yeməli, müəyyən olunmuş vaxtda yat- malı idin. Həbsxananın daxili nizamnaməsinə əməl etməli, növbətçiləri dinləməli idin. Özləri istədiyi vaxtda səni həbsxananın həyətinə aparır, istədikləri vaxt içəri göndərirdilər. Azadlığım üçün, azadlıqda etdiklərim üçün, azadlıqdakılar üçün yamanca darıx- mışdım. Günlər keçmək bilmirdi. Günləri, bəzən saat- ları, bəzən dəqiqələri saymışdım. Ömürlük həbs olun- duğumu xatırlayaraq zamanı ölçdüyümün mənasız olduğunun fərqinə vararaq buna son vermişdim. Alt- mış səkkiz gün on yeddi saat saydığım sonuncu vaxt oldu.
Gündəlik məşğuliyyətim yeməkdən, çaydan, id- mandan və siqaretdən ibarət idi, əgər tualetə getməyi saymasaq. Bunlardan savayı etdiyim yatmaq idi. Hər gecə cinayətkarlarla birgə yatırdım, qanunun qoyduğu adla: cinayətkarlarla, qatillərlə. O insan- ların əksəriyyətinə cinayətkar, qatil gözü ilə yox, zərərçəkmiş gözü ilə, yaralı gözü ilə baxırdım. O ya- ralılardan biri də on üç il öncə həbs olunmuş, qırış- qırış üzündən, solğun gözlərindən dərd oxunan ağ- saqqal idi. Taleyi qaralanmış ağsaqqal yeznəsini qətlə yetirdiyindən məhkum edilmişdi. Onun qətlə yetirdiyi yeznəsi arvadını, ağsaqqalın bircə övladı olan qızını yeməyi gec gətirdiyinə görə döyə-döyə öldürmüşdü. Ağsaqqal da yeznəsini qoşalülə tüfənglə qorapalan etmişdi. Ağsaqqal atalıq instinkti ilə etdiyi hərəkətə görə azadlıqdan məhrum edilmişdi. Ədalət hökmü atanı azadlıqdan yox, övladdan məhrum etmişdi san- ki. Bu adamın həbs edilməsini “ədalət” – deyə qəbul edə bilmirdim. Fəqət bütün həbs olunmuşlar ağsaqqal kimi də deyildi. Orada hər cürə adamlar var idi. Qa- rışqanı fil eləyib adam öldürənlər, elə filin özünə görə adam öldürənlər, söyüşə, qisasa, xəyanətə görə adam öldürənlər var idi. Elə məhbuslar var idi ki, ömrünün qırx üçüncü ilini içəridə keçirirdi.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri