Otaq yoldaşım Pinti (4-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 046
Səs ver:
(səs: 0)
Özümlə heç nə oxumayan sinif yoldaşımı, Farizi də gətirmişdim. Onu özümə yoldaş etməmişdim. O ağıllı əlinə gələni yazıb universitetə girmək arzusunda idi, buna görə də mənimlə birgə gəlmişdi. Fariz dərslərini oxumasa da, muğam oxuyurdu, yaxşı səsi var idi. Heç sevgilim olmasa da, mən ondan həmişə könül oxşayan “Nə üçün səni unuda bilmirəm?” mahnısını oxumasını xahiş edirdim. Fariz və taksi sürücüsü ilə söhbət edə­edə gəlib imtahan olacaq məktəbə çatdıq. İmtahan olacaq məktəbin ətrafında bir xeyli insan var idi. Onların çoxu abituriyentlərin valideynləri idi. Atası, anası, nənəsi, əmisi ilə gələnlər var idi, əksəriyyəti də həyəcanlı görünürdü. Onu da deyim ki, valideynlər uşaqlarından daha həyəcanlı görünürdülər. Əksər abituriyentlərdən fərqli olaraq, mən yalnız getmişdim və heç də həyəcanlı deyildim. Bəlkə də hazırlıq vaxtı hər ay sınaq imtahan­ larında iştirak etdiyimdən, yəqin ki, ondan idi həyəcan keçirməməyim. Saat 10­da imtahan başlayacaqdı və saat 10­a az qalmışdı deyə telefon və pulqabımı bir nəzarətçiyə təhvil verib digər nəzarətçiyə tərəf yoxlanı­ şa getdim. O yoxlanış aparan əclaf əlləməyə həvəsli bir əclaf idi yəqin, üstümü yoxlayarkən hər yanıma toxun­ du, məhrəm yerim qalmadı. Bir az da dirəşsəydi, əli içimə girəcəkdi. Bu, tək mənim başıma gəlməyib, qəbul imtahanına gedən dostlarından da soruşa, onlardan da eşidə bilərsən, bəlkə də özün də bilirsən. Əllənmək mərhələsindən keçdikdən sonra şəxsiyyət vəsiqəmə bax­ dılar, başqasının adından girib yazmaq təhlükəsinə görə bunu edirdilər. Vəsiqəmə baxan nəzarətçi, vəsiqənin üzərindəki şəklə baxıb şəkildəkinin mən olmadığımı dedi. Onun gözlərində problem yox idi. Həqiqətən də şəkildəki mən indiki mənə oxşamırdı. İki il öncə 4/3 şəkil çəkdirdiyimdə 2 manat pul ödəyib 8 şəkil çıxartdır­ mışdım, özümə lazım olan iki şəkli səliqə ilə kəsib digər şəkilləri evə qoymuşdum, iki il sonra vəsiqə çıxarma­ ğa getdiyimdə həmin keçəl olduğum şəkillərdən apar­ mışdım. İki il müddətində imtahan günü saçım tamam qulaqlarımı örtmüşdü. Həmin nəzarətçi şəkildəki məni mənə bənzətməyib imtahana girmək istəyən məni başqa bir nəzarətçiyə yönləndirdi. Bu nəzarətçi də digəri kimi bir mənə, bir vəsiqəyə baxır, amma bir bənzərlik tapa bilmirdi. Mən ona: “Qaşlarıma bax, qaş alan deyiləm, ay dayı, bax, eyni qaşdır, sərhəd kimi” – dedikdə on­ ları razı salıb sonunda içəriyə girə bildim. Qaşlar canı­ mı qurtardı, yoxsa az qalmışdı ki, bütün oxuduqlarımın içinə qumbara çəkib atsınlar. Ağ rəngə boyanmış, böyük üçmərtəbəli məktəbin mərmər döşəməli pilləkənləri ilə qalxaraq imtahan verəcəyim otağa getdim, biletdə göstərilən yerdə əyləşib yanımda bir qızın oturmasını arzu etdim və elə də oldu, arzuma yetdim. Dünya gözəli olmasa da, bir qız gəlib sağımda əyləşdi. O qız şəxsiyyət vəsiqəsini çıxaranda adını, ata adını, soyadını oxudum. Onu niyə etdiyimi xatırlayıram, çünki o zamanlar MTN­ə sənəd vermək arzularımın yeni­yeni məhv olduğu za­ manlar idi və MTN­in vəzifəli şəxslərinin hər şeyi görüb yadında saxlaması kimi kinolardan görüb­götürdüyüm vərdişlər hələ də məndə bir vərdiş kimi yaşamaqda idi. İmtahana yarım saat qalmış böyrəklərimdə ağırlıq hiss edib tualetə getmək üçün otaq nəzarətçisindən icazə istəyərək dəhlizə çıxıb tualetə istiqamət aldım, bu sırada bir oğlan yaxınlaşaraq: “Yanındakı qızı tanıyırsanmı?”
– deyə məndən soruşdu. O gədə həmin qızı tanıdığını, bir müəllimənin yanına məşğələyə getdiyini, oradan tanıdığını dedi. Həmin oğlanla olan söhbət yanımda oturan qız haqqında mənə bir az məlumat vermiş oldu. O məlumat ki, heç bir zaman heç bir işimə yaramayan məlumat. Həmin oğlanın dediyi, yanımda oturan qızın getdiyi məşğələyə bir vaxtlar mən də getmişdim. O bizim qonşu rayonların birində pullu hazırlıq keçən ingilis dili müəlliməsindən bəhs edirdi. İmtahan otağına geri dö­nüb yerimə əyləşdiyimdə başladım artistliyə. Yanımda əyləşən xanıma atasının adını, öz adını, onu tanıdığımı dedim. Qız çaşmış halda mənə baxır, onu haradan tanı­ dığımı anlaya bilmirdi, anlaya da bilməzdi, axı onu tanı­ mırdım. Mən yenə artistliyimə davam edib onun hardan olduğunu, kimin yanına məşğələyə getdiyini deyirdim. O: “Bunları hardan bilirsən?” – deyə maraqla soruşur­ du. Düşüklüyümdən əl çəkməyib ona: “İnterpoldan gəlmişəm”, – demişdim, özündənrazı səfeh­səfeh da­ nışırdım ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşlarından biri sinfə daxil oldu, sual kitabçalarını paylayıb nəzarətçi müəllimlərə saat onda imtahanı baş­ latmaları barədə göstəriş verib otağı tərk etdi. Kitabçanı açdığımda hər şey əla idi, suallar lap tanış gəlirdi. Adət aldığım kimi, kitabçanın öz sırası ilə sualları cavabla­ yıb­bitirib cavab kartına köçürdüm. Vəzifəmi yerinə yetirdikdə imtahanın bitməsinə 20 dəqiqə qalmışdı, icazə istəyib getmək istədikdə nəzarətçilər otaqdan çıxmağa icazə vermədilər, yerimdə oturub imtahanın bitməsini gözləməyə məcbur oldum. O sırada sağımda əyləşən qız öz cavab kartını qaralayırdı. Bir neçə xananı qaraladıqdan sonra onların yanlış cavab olduğunu ona söyləmişdim. Mən ona yardım etmək istəyirdim, düz­ dür, bir az gecikmişdim. Onu da yardım saymaq olar, yəqin?! Hmmm... sən necə düşünürsən? Bunu düşünüb özünü yorma. Bu yardım deyil, vaxt keçirmək idi.

***
İmtahan bitdikdə avtovağzala gedib, rayona işləyən marşrutlardan birinə əyləşdim. Mənlə gələn sinif yol­daşım Fariz birlikdə gəldiyimiz taksi ilə çıxıb getmiş­ di artıq. Onlara gözləməmələrini özüm tapşırmışdım. Çünki “onlar gözlədiyində şüuraltı impulslar imtahanı tələsik bitirməmə, onların yanına qayıtmağıma səbəb ola bilər” deyə düşünmüşdüm. Nəticədə imtahandan zəif nəticə ala bilərdim, əslində valideynlərimin də buna görə gəlməmələrini xahiş etmişdim. Bu səbəbdən Lənkəranda bizim rayon avtobuslarından birinə əyləşib rayona, rayondan isə kənd avtobusuna əyləşib evə qa­ yıtmalı oldum. Evə çatan kimi maraq dolu suallar baş­ ladı, yetən hər kəs imtahanın necə keçdiyini, nə etdiyi­ mi soruşdu. Mən də oxuduğum mövzulardan olduğu üçün sualların asan gəldiyini, nəticənin yaxşı olacağını söyləyirdim. İmtahanın bitməsindən saatlar keçməsinə baxmayaraq, imtahan nəticəmi öyrənmək, nə qədər bal topladığımı bilmək istəyirdim. Bu səbəbdən də bir­bir fənn müəllimlərimə zəng edərək sualları oxuyub cavab­ larını öyrənirdim. Müəllimlərimin dedikləri ilə də qane olmayıb axşamüstü Space Tv­də yayımlanacaq imta­ han barəsindəki müzakirəni səbirsizliklə gözləyirdim. Cavabları internetdə yoxlayır, təkrar­təkrar baxırdım. Özümdən əmin olaraq imtahana getsəm də, bütün ki­ tabları oxusam da, nəticəm heç də istədiyim kimi ol­ madı. Əslində pis olmadı, sadəcə, istədiyim, arzuladı­ ğım kimi olmadı. Buna canım sıxılmış, yenə özümü pis hiss etməyə başlamışdım, nə isə... Ən çox Azərbaycan dilindən düzgün cavab qaralamışdım – 25 sualdan 24­ nü, məncə, bu yaxşı idi. Ən az isə ədəbiyyatdan – 17 doğru cavab, bu isə çox bərbad nəticə idi, ədəbiyyatı heç vaxt sevməmişəm, sevməyəcəm də. Digər fənlərin isə 25 sualından 20­sini doğru cavablamışdım, bunlara da nə pis, nə yaxşı demək olardı. Mən 600 balı keçəcəyimi düşünmüşdüm. 500­ü keçəcəyimə isə əmin idim. Elə belə də oldu. Birgə imtahana getdiyimiz ağıllı dostum Farizsə elə bir nəticə aldı ki, təəccübləndim. Bu necə ola bilərdi axı? O, dərslərini oxumurdu, bu doğrudur. Amma nəticəsinin 0 olması həqiqətən də maraqlı idi. O bəlkə də TQDK­ya borclu qalmışdı. Onun fırıldaq ar­ zusu yerinə yetmədi, ürəyində yanaraq közərib söndü. Fəqət bu yolla tələbə olan alimlərimiz də az deyil.

***
Həyəcanla ötürdüyüm müddət keçmiş, nəticələr çıxmış, sıra ixtisas seçiminə gəlmişdi. Bu, demək olar ki, həyati bir seçim idi. Ona görə də buna çox incə ya­ naşmalı idim. İxtisas seçimi ilə əlaqədar kursda oxu­ yan zaman kurs müəllimləri ixtisaslarla bağlı məlumat verəcəklərini, yardımçı olacaqlarını söyləmişdilər. Atam və mən ixtisaslarla bağlı məlumat alaq, hansı ixtisası seçək deyə məsləhətləşmək üçün kursa getmişdik. Ora­ da gördüm ki, bir vaxtı yardım edəcəklərini söyləyən həmin müəllimlər başdansovdu yardım edirlər, onların bu tərz yardımı mənim həyatımın önəmli mərhələlərinə istiqamətlənən qərarlarından birinə yönəlmişdi. Mən onlarla razılaşmayıb atamla birgə evə qayıtdım. Abituri­ yent jurnallarını vərəq­vərəq, sətirbəsətir araşdırıb bax­ dıqdan, internet üzərindən ixtisaslarla bağlı məlumat topladıqdan sonra düzgün bir qərar verdiyimi düşü­nüb, ixtisas seçimimi hüququm olaraq özüm etdim. Atam 3­cü qrupun zirvə ixtisası olan hüquqşünaslığı yazmağımı arzulayırdı. Ürəyimdən bir səs də həmin ixtisası yazmağıma səsləyirdi məni. Mən də beləcə öz xoşumla, həm də atamın istədiyi seçimi etmiş oldum. Bundan aylar öncə Dövlət Təhlükəsizlik Xidməti olan Milli Təhlükəsizlik Nazirliyinə sənəd vermək üçün bizim rayonda yerləşən MTN­in rayon şöbəsinə müraciət etmişdim. MTN­in rayon şöbə binasına daxil olan zaman onların verdiyi suallar haqqında bəzi şeylər eşitdiyimə görə, binanın həyətindəki maşınla­ rın nömrəsini əzbərləyir, harada kameralar var deyə diqqətlə baxır, üzərinə çıxdığım pilləkənlərin pillələrini sayırdım. Belə saya­saya gedib rəisin qəbul otağına gir­ dim. Nəticədə isə iki gözləmədiyim fərqli sual verdilər, mən isə bilmədim. O zaman saçım uzun, geyimim də indiki cavanlara xas bir tərzdə idi. Rəis bunları da ölkənin təhlükəsizliyini qorumaq istəyən şəxsə yaraş­ dırmamış, saçımı­başımı da bəyənməmişdi. Hə, bir də qeydiyyata düşə bilməməyimin mənə ən pis olan tərəfi
– bu orqan üçün boyumun balaca olduğunu demişdilər. Mən rəisin dediklərini dinləyib şöbədən suyum süzülə­ süzülə ayrıldım. İyirmi gün sonra saçımı kəsdirib, əyin­ baş alaraq hazırlaşıb yenidən şöbəyə getmişdim. Birinci müraciətimdəki boyumdan başqa, uyğunsuzluqları­ mın hər birini qayda­qanuna salmağıma baxmayaraq, mənim bu arzum ürəyimdə qaldı. İkinci müraciətimdə mənə: “Daha gecikmisən”, – söyləmişdilər. Mən də ya­ zıq­yazıq şöbə rəisinə: “Heç olmasa kiçik bir işıq var­sa, onu məndən əsirgəməyin, bura daxil olmaq mənim uşaqlıq arzumdur”, – demişdim. Rəis: “Yaxşı, savad­ lı oğlansan, gəl ki, mümkün deyil, mümkün olsay­dı, kömək edərdim”, – deyərək səmimi təbəssümünü üzünə yaymışdı. Mən rəisin otağından icazə alaraq çıxmaq istədiyimdə: “Hüquqşünaslığı oxuyar, bitirər, bura sənəd verərsən, uğurlar”, – demişdi. Mən də təşəkkürlərimi bildirib, ikinci dəfə suyum süzülə­süzülə oradan ayrılmışdım. Uşaqlıqdan bəri MTN­ə daxil ol­ maq arzusu ilə oxuyurdum, alınmadığı üçün Daxili İşlər Nazirliyinə hazırlaşmağa başladım. Bütün sənədləri toplayıb rayon mərkəzində yerləşən polis şöbəsinə qey­ diyyata düşmək üçün müraciət etməyə getdim. Oradan da boyuma görə məhrum oldum. Bu boy mövzusu ta­ mam ürəyimi sıxır. Ölmüş marketdə satılmır ki, alasan, bostanda yetişmir ki, böyüdəsən. Hər şəkil çəkdirəndə də rəsmdə yalnız alnım düşür, hər dəfə də utanıram. Bilmirəm, bəlkə də utanmamalıyam. Amma birtərəfli olaraq boyumun balaca olmasına həm özümə, həm də bütün balacaboy insanlara İlahi ədalətsizlik kimi baxı­ ram. Axı niyə mənim boyum balacadır? Axı niyə mən də digərləri kimi normal olaraq uzun deyiləm? Hələ özümdən uzun qarşı cins gördüyümdə tamam əsəbdən partlayıram, fəqət əldən gələn nədir ki? Heç nə. Nə isə, dostum. Mən bu əhvalatlarla rastlaşdıqdan sonra yeni yaranmış olan Dövlət Gömrük Komitəsinin Akademi­ yasının Gömrük işi fakültəsi üzrə hüquqşünaslıq ixtisa­ sına qəbul olmuşam. DGKA­ya qəbul olduğumu mənə ilk söyləyən və bu şad xəbərin qarşılığında bir dənə də olsun şirinlik, bəxşiş­filan istəməyən telefonum oldu. Marketdə atamla birlikdə müştəriləri yola saldığım za­ man telefonuma mesaj gəlmişdi. Mesajı oxuduğumda hara qəbul olduğum mənə o vaxt məlum oldu. Mesajı oxuyan kimi mesajdan əvvəlki halım necə idisə, elə o halda, nə sevinmədən, nə üzülmədən, nə də başqa bir hiss keçirmədən atama da oxudum. Amma atamın nə hiss keçirdiyi gözlərindən oxunurdu. O buna çox sevin­ mişdi və marketə gəlib­gedən bütün kəndçilərimizlə söhbətində sözü fırlayıb gətirərək mənim hara qəbul olduğumu fəxrlə deyirdi. Mənim sevindiyim də yalnız­ ca bu oldu. Atamın sevinməyi mənim üçün xoş hal idi. O mesajı oxuduğumda ağlımdan keçən yalnızca: “Artıq 11 ildir daşıdığım yükü çiyinlərimdən atdım”, – oldu, buna görə də çox rahatlamışdım. Dünyaya göz açan­ dan məktəbə gedən vaxta kimi yaşadığım azadlığı, 11 ildən sonra bir ay ərzində yenidən yaşayacaqdım və bu, şübhəsiz, mənim üçün möhtəşəm idi.

Yazar: Elmar Şahbazov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri