Sənə yazmadım, Səni yazdım (1-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 12
Baxılıb: 7 821
Səs ver:
(səs: 3)
Əsərdə başqa-başqa dünyalardan olan fərqli siniflərə məxsus iki gəncin sevgi hekayəsindən bəhs olunur. Məhəbbət, dost itkisi, ailə, ayrılıq acısı, mənəvi sarsıntılar, peşmançılıq, müharibənin gətirdiyi müsibətlər, nəhayət, bağışlaya bilməməklə bağlı bütün duyğularınızı yerindən oynadıb, dərin düşüncələrə daldıracaq bir roman.
Ona ən yaxın olan insanlar arasında seçim etmək məcburiyyətində qalacaq Səmranın seçimi həyati seçimdir – valideynləri, yoxsa sevdiyi oğlan...
Ümumiyyətlə, sevgiyə ikinci şans vermək olarmı? Arzularını darmadağın, xəyallarını alt-üst edən, peşman edən sevgiyə... Bağışlamaq olarmı bu sevgini? Yoxsa bağışlamayıb bir ömür itmiş xoşbəxtliyinin ağrısını çəkməyə məhkum olmaq? Əslində bağışlayacağın bu sevgi sənin ən ülvi arzundursa, bağışlamaq gərəkmirmi?!

MƏKTUB 1
Məktub yazıram... Sənə yazsam da adım kimi bilirəm ki, heç vaxt oxumayacaqsan! O üzdən də SƏNƏ YAZMIRAM, SƏNİ YAZIRAM deməliyəm. Bilirsənmi, bu gün dörd ildir ki, səni görmürəm, səsini eşitmirəm, elə bil heç yox imişsən. Bilmirəm öyrəndimmi sənsizliyə, ya yox, amma onu bilirəm ki, səninlə danışmadığım günüm olmadı bu dörd ildə. Hər yeniliyi sənlə bölüşdüm; yeni iş, yeni planlar, yeni tanışlar haqqında bircə sənə danışdım ürəyimdə... Bilirsənmi, qarşıma qoyduğum bütün hədəflərə yavaş-yavaş çatıram. Magistraturaya yüksək balla qəbul olmaq, test imtahanından 7 almaq, İngiltərədə “online phd” və sairlər, bunlar hamısı bir-bir gerçəkləşir. Amma hərdən bunların hamısının mənasızlığını, puçluğunu dərk edirəm. Zamanla yeniliklər də məni sıxmağa başladı. İçimdəki boşluq hər keçən gün daha da dərinləşdi. Axı heç bir uğur, heç bir yeni tanışlıq, heç bir yenilik insanı içindəki boşluqdan azad edə bilməz.
Ayrılığımızın ilk günlərində bu kədərin keçib gedəcəyinə inanırdım. Tərsinə oldu! Alışa bilmədiyim kədər həyatımın vərdişinə çevrildi. İçimdəki kədərin heç bitməyəcəyini, nəhayət ki, anladım.
Qəlbimin bomboş bir çöl, bir səhra olduğunu söyləyimmi sənə? Ətrafın adamla dopdolu olar, amma yalnızlıqdan qulağın batar. Məgər kimsə içindəki yalnızlıqdan yaxa qurtara bilibmi?! Elə yapışıb ki, yaxamdan bu yalnızlıq! Nə sadiqmiş, nə vəfalıymış belə!..
Kimsəyə zərrə qədər yer yoxdu qəlbimdə. Səninlə elə doluyam ki, harda olsam qəlbimdən sənin ətrin gəlir.
Eynilə mağazaya gedib bütün pulunu bir mağazada xərcləmiş kimiyəm, o hissləri xərcləyib qurtarmışam, bəlkə də vaxtından tez xərclənib, amma artıq bitib. Müflisləşmiş biri kimi... ondan layiqlisi belə çıxsa verməyə heç nəyin olmur. Bilmirdim sən mənim hər şeyim imişsən... özüm də bilmirdim hər gözəl şeyi sənlə yaşamışammış, hər şeyi yaşamış biri, hansısa qəlbi sevindirə bilərmi?
Yadındamı, Türkiyədə 3 ay qalıb gəlmişdin, mən soruşanda ki, heç yadına düşürdümmü, demişdin ən xoşbəxt günümdə də yadımdasan... Bax indi sənə onu demək istəyirəm ki, ən xoşbəxt günümdə də yadımdasan. Əslində, mən səndən sonra nə elə dəhşətli əzab yaşadım, nə də bir xoşbəxt günüm oldu. Sıradan bir həyat oldu mənimki... Həyatımın ən acı, ən şirin günlərini sənlə yaşadım. Görüşlərimizin birində mənə, “dərin adamların sevgisi də dərin olur” demişdin... Sən deyən düz oldu...
Bilirsənmi?.. Sənə olan həsrətim nə qədər böyük olsa da vicdan əzabım, peşmançılığım ondan da böyük oldu.
Sənlə yaşadıqlarım adi sevgi hekayəsi olmadı mənimçün, səndən sonra bütün həyat hikmətini dərk etdim. Ən birinci öyrəndim ki, gərək heç kimə, heç nəyə öyrəşməyəsən. Öyrəndim ki, öyrəndiklərimin xoşbəxtliklə bağlantısı yox imiş, bəlkə də ən xoşbəxtlər elə hər şeydən ən xəbərsiz olanlar imiş. Həyatımızın məsuliyyətini özümüz daşımalı olduğumuzu öyrəndim, valideynlərin övladın taleyinə qarışa biləcək səddi öyrəndim, cəsarətin özbaşınalıqla fərqini, xətkeş kimi bir həyatın olmadığını öyrəndim. Öyrəndim ki, biz həyatı yox, həyat bizi heç bir yerdə yazılmamış qanunlarına tabe edir. Səhv etməkdən qorxmamağı, çətinlikdən, məyusluqdan, əzab çəkməkdən qorxmamağı öyrəndim. Öyrəndim ki, çətinliklər də, məyusluqlar da, peşmançılıqlar da real həyatın bir hissəsidir, və hamısı keçicidir.
Gec olsa da öyrəndim... Bəs gec olmaq heç olmamaqdan yaxşıdır deyirdilər, nə oldu?! Bildim ki, yalan imiş! Səndən sonra gecikməyin bağışlanmamağını öyrəndim.

Müəllif: Dilşad Talıbova
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 7 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri