Sənə yazmadım, Səni yazdım (2-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 668
Səs ver:
(səs: 0)
Oxuyun, ciddi kitablar oxuyun, qalanı həyatın işidi!
F.Dostoyevski

Səmra xəbərlərə baxırdı. Hava məlumatlarına keçəndə televizorun səsini qaldırdı. Artıq adət etmişdi, neçə müddətdir Ankaradakı hava şəraitinə baxıb, sonra söndürürdü televizoru. Hava məlumatları sabaha güclü yağış dedi – Ankaraya da, Bakıya da. “O da yağışı sevir” – deyə düşündü Səmra və xəyalı onu uzaqlara – 6 il bundan əvvələ apardı... İyun ayının onuydu. Güclü yağış yağırdı həmin vaxt...
Səmranın telefonuna zəng gəldi. O idi – Atabəy.
– Tez çıx çölə, həyətə düş.
– Dəlisən? Yağışı görmürsən ki?!
– Sənə deyirəm düş, xahiş edirəm. Mən artıq binanın qabağındayam.
– Bu yağışda niyə gəlmisən?
– Sual verdiyinə düş aşağı.
– Bəs mamagilə nə deyim?! Dayan görüm... – deyib yavaş addımlarla anasıgil oturan otağın qapısından keçdi.
Valideynləri televizorda nəyəsə maraqla baxırdılar. Tez düşüb getmək olardı. Səmra çox narahat idi. Atabəy heç vaxt belə eləməzdi, “yəqin nəsə ciddi səbəbi var” – deyə düşündü. Həyətə düşən kimi o, blokun qarşısında Atabəyi suyun içində görüb ard-arda suallar verməyə başladı:
– Nəyə gəlmisən? Nəsə olub?
– Səni görməyə gəlmişəm! – hələ də leysan yağan yağışın altında dayanaraq gülə-gülə dedi.
– Dəlisən? Bu yağışda neynirsən? Suyun içindəsən, belə gecə vaxtı nə olub ki, gəlmisən? Ürəyim partladı, bir də ki, yağışın altında durma, – deyib Atabəyin əlindən tutaraq yağışın altından bloka tərəf çəkdi.

– Yağışı belə yağan gördüm, ürəyim durmadı, dedim gəlim sənlə bir yerdə baxaq yağışa, – o, Səmranın əlini möhkəm sıxaraq yağışı göstərib: – Bax gör, nə gözəl yağır, Səmra!
Səmra yağışa, sonra Atabəyin su daman üzünə baxıb:
– Hə, gözəldi, amma bir də belə etmə, xahiş edirəm, görən olar, həm də xəstələnərsən, mamagil də bilsə yaxşı olmaz, belə şeylər etmə bir də, – narahatlıqla təkrarladı.
– Yaxşı, gedirəm, gedirəm, qorxma, – deyərək yenidən yağışın altına çıxıb üzünü göyə tutaraq bərkdən: – Yağış, mən bu qızı çooooox sevirəm, – deyə qışqırdı. Xoşbəxtlikdən yağışın səsi, göy gurultusu, elə möhkəm idi ki, Atabəyin səsi ətrafda eşidilmədi.
– Susss, neyləyirsən? Səsini eşidəcəklər, – deyib, ona daha çox təsir etmək üçün Səmra da yağışın altına gəldi, indi ikisi də yağışın altındaydı...
Atabəy onun iki əlindən yapışıb gözlərinə baxaraq sevincək:
– Bilirsən, ən sevdiyim yağış dəli kimi yağan yağışdı, belə yağış altında islanmaq... özü də sənlə, bundan gözəl heç nə yoxdu, heç nə, – deyib Səmranın üzünə tökülən yağış suyunu sildi, artıq onun çox narahat olduğunu görüb, – yaxşı, gedirəm, unutma, yağışı sənlə sevdim mən, – deyərək uzaqlaşdı.
O gündən sonra tez-tez yağış yağanda parkda oturub, yağışın yağmasını izləyirdilər, Atabəy yağışa baxıb: “Bizlə daha xoşbəxt yağır” deyərdi.
Bu üzdən də yağışın yağmasının Səmra üçün başqa bir anlamı varıydı.

Xoşbəxt sonluq ancaq o zaman olur ki, ona qədər hər şey pis olsun.
Remark

Səmra evin tək qızıydı, doğulduqdan sonra anası Nailə uzun müddət xəstə yataqda yatası olmuşdu, ciddi anemiya xəstəsi idi, qan azlığından çox əziyyət çəkirdi, sürəkli müalicələr olsa da, xəstəlik xroniki olduğundan yenidən övlad sahibi olub ana olmaq istəyi onda arzu olaraq qaldı, və illər keçdikcə bu halla barışıb bütün məhəbbətini yalnız Səmraya verdi. Nailə gözəl qədd-qaməti, düzgün sifət quruluşu, nə geydiyini, nə danışdığını bilən savadlı xanım idi. Onu sözün əsl mənasında zövq örnəyi adlandırmaq olardı. Zahiri görünüşü onun nə qədər ləyaqətli xanım olduğunu xəbər verirdi. Bakıda özəl klinikaların birində uşaq həkimi işləyirdi. Nailə Səmranın atası Tahirdən fərqli olaraq imkansız ailənin qızıydı. O, Gəncədə imkansız ailədə doğulmuşdu. Atası avtobus sürücüsü, anası adi ev qadını olsa da o, inadkarlıqla, əzmlə oxumuş, Tibb Universitetinə daxil olmuşdu. Tələbəlik illərində Səmranın atası Tahirlə bir-birlərini bəyənib ailə qurmuşdular. Tahirlə evlilik onların hər ikisi üçün də çox uğurlu evlilik olmuşdu. Bu insan onunçün tək ər yox, bir hikmət məktəbi idi. Ərinin sayəsində o, ictimai pillələri sürətlə yuxarı qalxıb üstün təbəqənin tələblərinə çox tez yiyələnmiş, bu sinfə mənsub olmadığını hər kəsə unutdurmuşdu. Tahir onun ailəsinə qarşı həmişə ailicənab, və çox səxavətli olmuşdu. Nailə ailənin böyük qızı olduğundan özündən balaca üç bacısının və qardaşının təhsil almağında böyük rolu olmuş, ailənin yükünü çox cavankən öz üzərinə götürmüşdü. O, valideynləri başda olmaqla bacılarına və qardaşına istənilən köməyi əsirgəməmişdi. Anasının vəfatından sonra, özündən 12 yaş kiçik olan ən balaca bacısı Əminəni Gəncədən Bakıya gətirmiş, onun təhsilini, məsuliyyətini öz övladı kimi düşünüb qayğısına qalmış, maddi, mənəvi dəstəyi ondan əsirgəməmişdi. O, Əminəni Tibb Universitetinə girməsi üçün hazırlıqlara qoymuş, bacısı universitetə qəbul olduqdan sonra təhsilini bitirənə qədər onlarda qalmışdı. Universiteti bitirdikdən sonra da onu cerli-cehizli ərə verib arxasında dayanmışdı. Nailə özü əzab-əziyyət nə deməkdi, kasıbçılıq nə deməkdi, yaxşı bilirdi. Buna görə də ailəsinin ayağa qalxmasına bacardığı qədər dəstək olurdu. O bu gün Bakının tanınmış, üzdə olan xanımlarından biri idi. Amma əldə etdikləri ona heç də qıraqdan göründüyü kimi sadə, asan yolla verilməmişdi, uşaqlığında, tələbəlik illərində çəkdiyi əziyyətlər elə ağır olmuşdu ki, bu gün ona hər şeyin qarşılığı verildiyini rahatlıqla söyləmək olardı. Həyat ona qarşı yaxşılığa yaxşılıqla cavab vermişdi, o düzgün yol tutub, öz yoluna baxmış, bu yolda irəliləmiş və qarşısına düzgün adamlar çıxmışdı. Ən az o özü öz həyatı haqqında düşünəndə belə nəticəyə gəlirdi, o, müvəffəqiyyətin açarını öz yolunda əzmlə, inadla irəliləməkdə görürdü.

Müəllif: Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri