Sənə yazmadım, Səni yazdım (3-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 800
Səs ver:
(səs: 0)
Səmra dünyaya gəldikdən sonra qızı onun ən zəif, ən həssas nöqtəsi oldu. Bəlkə də tək övlad idi deyə, ona bu qədər həssaslıqla yanaşırdı. Səmra onun üçün dünyanın bütün nemətlərindən üstün və dəyərliydi. Qızı doğulduqdan sonra o, bütün işlərini kənara atıb ancaq qızıyla məşğul olmuş, onu heç vaxt nə dayəyə, nə də hər hansısa köməkçiyə etibar etmişdi. Yalnız Səmra 6 yaşına çatıb məktəbə gedəndə o yenidən iş həyatına başlamışdı. Səmranın tərbiyəsinə hər zaman ciddi yanaşardı, qızının varlığı ona qürur, xoşbəxtlik verirdi. Xüsusilə də qızının dərslərində və yaxud musiqidə hər hansı kiçik bir uğurunu belə görəndə qəlbi xoşbəxtlik içində qərq vurardı.
Tahir imkanlı və olduqca ziyalı ailədə böyümüşdü. Atası bank müdiri, anasısa həkim olan Tahir ailənin tək oğul övladı olmuş, bir bacısı isə Moskvada yaşayırdı. Tahir də, bacısı da təhsilini Moskvada almış, qardaş-bacı hər ikisi Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirmişdi. Bacısı Moskvada yaşayan azərbaycanlı ilə ailə qurub orada yaşamış, özü isə bitirdiyi universitetdə elmlər namizədi adını aldıqdan sonra Bakıya qayıtmışdı. O, işgüzar karyerasına 25 yaşından başlamışdı. Bakıya gələn kimi özəl klinikaların birində cərrah işləmiş, az müddət içində savadlı, bacarıqlı cərrah kimi məşhurlaşmış, bir neçə il içində şöbə müdiri, sonradan isə klinikanın direktoru vəzifəsinə yüksəlmişdi. Onun cəmiyyətdəki nüfuzu təkcə savadlı həkim olmağından irəli gəlmirdi. Dürüstlüyü və vicdanlı olması da onun adının üstünə yaxşı mənada ad gətirmişdi. Onda insanlarda özünə qarşı ehtiram yaratma qabiliyyəti və vicdanını itirmək qorxusu varıydı. Pul mövzusunda olduqca həssas idi. Qazanc xətrinə vicdanını susduranlardan deyildi. Bu o demək deyildi ki, iş həyatında şəhərin hansısa üzdə olan işbazlarından geri qalırdı. O, həkimlikdən başqa biznesin bir neçə sahəsində uğur qazanmışdı. Hələ atasından qalan sərmayə hesabına otelçilik və daşınmaz əmlak ticarəti ilə məşğul olur, ildən-ilə sərvətinə sərvət qatırdı. Onun mühüm ictimai mövqeyini, ləkələnməmiş ad-sanını, kifayət qədər maddi imkanını və sözün əsl mənasında yaşadığı ailə mühitini nəzərə alsaq onu bəxti gətirmiş adlandırmaq olar. Cəbrayılov taleyin onu qaldırdığı yüksəklikdən başı gicəllənməmiş, əksinə, möhkəm iradi keyfiyyətləri ilə bu yüksəkliyi daha da ucaltmışdı. O, hələ gənclik dövründən zehni fəaliyyətə o qədər aludə olmuşdu ki, qadın-qız mövzusunda çətinlik çəkirdi. Atası Qoca Cəbrayılov ona dönədönə ailəsiz hər şeyin fani olduğunu, gec-tez tək qalacağını desə də evlilik onunçün çox müşkül bir məsələyə çevrilmişdi. Səmranın anası Nailə ilə tanışlığı isə tam təsadüfi olmuşdu. Onu tibb universitetində dərs deyən Moskvada bir yerdə oxuduğu tələbə yoldaşı Kərəmin yanına gedibgələndə görmüşdü. Kərəmdən qızın kimliyini soruşanda o da Nailənin çox tərbiyəli, ağıllı qız olduğunu, tələbələrinin içində xüsusi yeri olduğunu söyləyib Tahir müəllimin qıza qarşı fikrinin ciddiləşməsinə səbəb olmuşdu. Sonradan qız haqqında daha dərindən məlumat toplamışdı, sadə ailənin qızı olsa da ailələrinin ədəb-ərkan qaydalarını lazımınca bildiyini, ailəsinin tərbiyəli, sakit ailə olduqlarını öyrənəndən sonra axır ki, evlənmək qərarına gəlmişdi. Tahir Nailədən düz 14 yaş böyük idi, aralarında xüsusi sevgi macərası-filan yaşanmamışdı, el qaydası üzrə elçi gedilmiş və evlənmişdilər. Bu evlilikdən sonra arvadına bağlanmış, sözün həqiqi mənasında ailəcanlı ər və yaxşı ata olmuşdu.

Səmra hündürboylu, düzgün üz cizgiləri olan incə qızıydı. İri qara gözləri qar kimi ağ üzünü mənalı görsədirdi. O zahiri görkəmində, gözəllikdə eynilə anasına bənzəyirdi. Amma üstün məntiqi, dərin zəkası və zahirən sakit görünüşü onun Tahir Cəbrayılovun qızı olduğunu xəbər verirdi. O, Bakının ən bahalı məktəblərindən birində təhsil alırdı. Məktəbdə təhsil alan bütün şagirdlər təhsil haqqı ödəyirdilər, lakin hər sinifdə istisna olaraq iki, ya üç şagird qoyulmuş, bəlli bal səviyyəsini toplayıb ödənişsiz əsaslarla oxuya bilirdi. Ödənişsiz təhsili qazananlar isə yaxşı oxuyan yox, istedadlı şagirdlər idi ki, qəbulda düşmüş sualları yüz faiz yaza bilmişdilər. Səmra məktəbdə ödənişli oxusa da dərslərinə son dərəcə ciddi yanaşmağı, məsuliyyəti, çalışqanlığı ilə müəllimlərin sevimlisi idi. Sinifdə Bakının tanınmış imkanlı ailələrin uşaqları təhsil alırdı, universitet rektorunun qızı, bank müdirinin qızı, ticarət mərkəzinin müdirinin qızı və sair. Sinifdə kimin geyimi dəyişsə də onu həmişə eyni geyimdə görmək olardı. Bu dizdən qara sadə düz ətək, krujevalı ağ köynək idi ki, Səmraya çox gözəl yaraşırdı. Sinif oğlanları ona qarşı xüsusi rəğbət bəsləyirdilər, onun yanında daha çəkingən idilər, nəinki başqa qızların. Ona olan xüsusi hörmət başqa qızlarda ona qarşı paxıllıq hissi yaradırdı. Sinifdə yaxın olduğu rəfiqəsi yoxuydu, bir az Nilgünlə yaxınıydı. Nilgün yaxşı oxuyan olmasa da çox açıqürəkli, səmimi qızıydı. Hər cür saxtalıqdan, riyakarlıqdan uzağıydı. Səmra bu qızı çox istəyir, ancaq çox yaxınlığına buraxa bilmirdi, onun dərslərindəki zəifliyinə görə məsafəni qoruyurdu. Hələ kiçik yaşlarından yaxşı oxumayan uşaqla dostluq etmək əsla etməyəcəyi hərəkətlərdən biri olduğunu anası ona öyrətmişdi. Dərslərinə məsuliyyət daşımayan bir qızla Səmranın dostluq etməsinə yaxşı baxmayan ana qadağalarla dolu söhbətin sonunda daima qızına “insanın dəyəri çevrəsindəkilərin dəyəri ilə ölçülür” deyirdi.


Müəllif: Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri