Sənə yazmadım, Səni yazdım (4-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 990
Səs ver:
(səs: 0)
Atabəy Səmragilin sinfinə 9-cu sinifdə gəlmişdi. Atabəyin anasının qohumu Nilgün də bu sinifdə oxuyurdu, məktəbdə keçiriləcək imtahan haqqında ilk dəfə Nilgünün anası Atabəyin anası Saraya demişdi, əgər imtahanı yaxşı yazsa Atabəy güzəştli oxuya biləcəkdi. İmtahan haqqında kifayət qədər məlumatlandıqdan sonra Sara bu imtahanlara oğlunu aparmış və Atabəy ödənişli məktəbdə ödənişsiz oxumaq şansı qazanmışdı. Ata isə oğlunun belə imkanlı sinifdə oxumasını istəmirdi, oğlunun belə bir gözqamaşdırıcı aləmdə qürurunun sınacağından, öz kasıbçılıqlarını ürəyinə salacağından qorxurdu. Atasının düşüncəsinə görə “onsuz da həyatda varlı-kasıb arasındakı böyük uçurumu zamanla, böyüdükcə görəcəkdi, niyə indidən görsün” desə də, nə qədər oğlunu bu məktəbdən uzaq tutmaq istəsə də razı sala bilməmişdi. Nəhayət, Atabəyin bu məktəbdə oxumasına oğlunun qarşısına çıxan böyük bir şans olduğunu qəbul edib oxumasına razı olmuşdu. Beləliklə, atası sürücü, anası evdar qadın olmaqla Atabəy bu məktəbin gəlmiş-getmiş ən kasıb şagirdlərindən biri oldu. Kasıb şagirdin zəngin məktəbdə oxuması təzad yaradırdı, kasıb uşağı kasıblığını, varlı uşağı da varını gizləyir, hər iki tərəf mövcud reallığın təsirini azaltmaq istəyirdi. Məktəb həyat deyildi, bəlkə də həyatın ən az görünən üzüydü. Məktəbdə nadir hallarda varlı-kasıb söhbəti gedirdi, uşaqların çoxu təmiz olduqları qədər də ürəyiyumşaq olurlar, var-dövlətlərini başa düşərək gizlədirdilər. Böyüklər kimi başa düşərək gözə soxmağı sevmirdilər, Atabəygilin sinfində də xoşbəxtlikdən aradakı uyğunsuzluğu gözə soxacaq “pis uşaq” yoxuydu, bəzi müəllimlərin fərqli yanaşmaları, valideynlərin bəzən sinifdə boy göstərmələri olmasaydı, əlbəttə, aradakı bu uyğunsuzluq, yada da düşməzdi. Bir dəfə siniflərində bu mövzuda böyük qalmaqal oldu. Baxmayaraq ki, Atabəyin ortalama balı sinifdə hamıdan yüksək idi, o informatikanı yaxşı bilmirdi, informatikanı ən yaxşı bilən isə Bakıda bir neçə tikinti şirkətinin sahibinin oğlu Həsəniydi, onun atası öz mənəmmənəmliyi ilə hər zaman valideyn iclaslarında diqqəti özünə çəkirdi. Müəllim Atabəyi daha çox istədiyindən informatikadan layihə olimpiadasına onun adını vermişdi. Həsən isə bu layihəyə çox ciddi hazırlaşmışdı. O kompüterdə müxtəlif oyunlar qurur, informatika müəllimini belə heyrətə salacaq proqramlar hazırlayırdı. Atabəy bilirdi ki, olimpiadaya getmək Həsənə qarşı ədalətsizlik olardı, bu olimpiadada iştirak onun haqqıydı və Həsənə olan hörmətindən o olimpiadaya getmədi, o getməməyi üçün müəllimə bəhanə gətirsə də Həsənə düzünü, onu özündən üstün hesab etdiyi gerçəyi söyləmişdi. Həmin günün sabahı Həsənin atası məktəbə gəlib elə tufan qopardı ki, bu hadisəni məktəbdə bilməyən qalmadı. Məktəbin müdirini müdir müavini sinfə çağırtdırdı. Məktəbdə rəhbərlik onu sinifdən çıxarıb sakitləşdirmək istəsə də, alınmadı, görünür, onun sözü hamıya idi. Ortayaşlı bu adam elə əsəbi, elə hirsliydi ki, sinfə girən kimi üzünü müdirə tutub:
– Bilirsinizmi, məktəbinizdə nələr baş verir? Bilirsinizmi ki, məktəbinizdə müəllimlər obyektiv qiymət vermirlər? Niyə seçirsiz uşaqları? O uşağın nəyi üstündür Həsəndən?
– o əlini kobud formada uzadıb Atabəyi göstərərək dedi.
Həsənin atası “o uşaq” sözünü elə dedi ki, sinifdəki hər kəs üzünü Atabəyə çevirdi. O bir kəlmə sözlə Atabəyin bu mühitə yad olduğunu hər kəsə, elə Atabəyin özünə də xatırlatdı. Atabəy qızararaq başını aşağı saldı. Ortayaşlı bu adamı, görünür, heç nə narahat etmirdi, dayanmadan danışırdı:
– Biz azərbaycanlıların əksəriyyətində gərəksiz “canıyananlıq” var. Kasıb olduğu üçün birini daha çox əzizləyirlər, ona yerli-yersiz güzəştə gedirlər. Bu yanaşmayla zəngin olanın haqqını da yeyirlər, özlərinə də haqq qazandırırlar ki, o varlıdı, onsuz da bəxti gətirib, xırda-para ədalətsizliklər onun sahib olduğu xoşbəxtlik dağını zədələyə bilməz, – oğlu Həsən qıpqırmızı qızarmışdı, görünür, o, evdə olanları danışsa da, işin bu yerə çatacağını gözləmirmiş, kişi isə get-gedə səsini qaldırırdı: – Üç gündü eşitmişəm, vallah, ağlım başımdan çıxır, o boyda pul tök, oxut, üstəlik də əsəbiləş, əslində mən ağılsızam ki, bu boyda pulu gətirib bura tökürəm. – Müdir, müdir müavini üzrxahlıq edib onu sinifdən çıxarmaq istəsə də, o elə etiraz etdi ki, ona bir də heç kim yaxınlaşa bilmədi. Amma bir az yumşaq davam etdi: – Vallah, bu problem tək məktəblərdə deyil, gündəlik həyatımızda da baş verir, inanın, baş verir, bu yanaşma bizim milli xüsusiyyətimizdə var ey. Məsələn, hansısa məhəllədə bir kasıb, ya da bir xəstə yaşasın, ona imkanı olan, gücü çatan hamı əl tutar, bu adam bizim doğmamız olmasa belə ona qol-qanad gəlmək, dəstək olmaq bizim köhnə adətimizdi. Amma bir imkanlı gəlib kasıb məhəllədə yaşasın, onun hər hərəkəti insanlara acıq gələr, yaxşılıq edər, deyərlər özünü göstərir, sakit, qıraqdan gəzər, deyərlər təkəbbüründəndi. İstənilən halda varlı gözümüzdə günahkardı, inanın, yad bir yana, qohumları belə zənginliyinə görə onu bağışlamırlar. – O, sözlərinə təsdiq istəyirmiş kimi müdirin üzünə baxaraq danışırdı, müdirsə təmkinini pozmadan səssizcə onu dinləyirdi, müdirin sakitliyindən o özünün tam haqlı olduğunu hesab edib qələbəsini təmin etmiş kimi bir anlıq dayandı, dərindən nəfəs alaraq üzünü informatika müəlliminə tutub, ağıl verirmiş kimi dilləndi:
– Səni qınamıram, ay müəllim, bu ta qədimdən belədi, artıq bizdə şüuraltı bu cür proqramlaşıb, zənginin qabiliyyəti də, istedadı da bizdə inamsızlıq yaradıb, sual doğurub, axı onlar bacarmazlar? Hər zaman inanmışıq ki, varlılarda qürrələnəcək yaxşı bir məziyyət varsa, o da onun sərvətidir.
Kişi nəfəs almadan danışırdı, əsaslı-əsasız danışırdı, elə bil illərlə dolmuş ürəyini tökməyi bu sinfə saxlamışdı. Sanki o, sözlərini təkcə bu sinifdəkilərə yox, bütün dünyaya ünvanlayırdı. Sinifdə hər kəs bu adama baxırdı, müdir, müdir müavini, müəllim, şagirdlər, bu adam ona qulaq asanlarda özünə qarşı nə qədər ikrah doğursa da, onun sözlərində reallıq mövcud idi. Və bunu sinifdəki hər kəs bilirdi.
Həmin gün baş verənləri kim unutsa da, Atabəy unutmadı, təbii ki, evdə bu haqda bir kəlmə də söyləmədi. Bu Atabəyin amansız, lakin real həyatla ilk tanışlığı idi. İlk dəfə özünü bu sinifdə yad hiss etdi Atabəy. Bu yeni mühit onunçün nə qədər gözqamaşdırıcı olsa da, aralarındakı uyğunsuzluğu artıq anlamışdı. Ancaq bu hadisə onu ruhdan salmadı, əksinə, günün birində özünü onlar kimi, hətta bu sinifdəkilərdən də üstün, sayılıb-seçilən biri olacağına inandırdı. Atabəyin lider ruhu, özündən əmin görkəmi, içindəki böyük inam onu heç də kasıb ailənin uşağına bənzətmirdi. O bu sinifdə nəinki atasının dediyi kimi kasıb, qüruru sınmış biri, əksinə, həm fiziki, həm də xarakterindəki möhkəmliklə məktəbin ən üzdə olan şagirdlərindən biri oldu. Atabəy bu sinfə gəldiyi gündən oğlanları başına toplamağı, bütün qızların diqqətini özünə cəlb etməyi bacarmışdı. Hündür boyu, idmançılara xas bədən quruluşu, azca uzanmış saçları bu qarabuğdayı oğlanı çox yaraşıqlı göstərirdi. Qızların qəlbini narahat edə biləcək qədər mənalı baxışları varıydı onun. Cəsur təbiətli bu oğlanın məşğul olduğu idman növü güləş olsa da, idmanın, demək olar ki, bütün sahələrində uğurlu idi, voleybol, basketbol, tennis, üzgüçülük və sair. Qabiliyyətli, istedadlı olduğu qədər, mehriban idi. Az keçmədi, bu xoş görünüşlü oğlan bütün məktəbin sevimlisinə çevrildi. Xüsusən də qızların, sinfə yeni gəldiyinə baxmayaraq hamı ilə çox asan dostlaşdı, yalnız bir qızdan başqa, nəinki Atabəyə, heç kimə əhəmiyyət verməyən, dərslərindən başqa heç nə ilə maraqlanmayan, Səmrayla münasibəti hamı kimi deyildi.

Soyuq, ciddi, bəlkə də bir az sərt biri idi Səmra, gözəl desək, Atabəy üçün gözəl də deyildi, Atabəyin ətrafında ondan da gözəl qızlar varıydı, üz cizgiləri düzgün, incə olsa da, bu qızda çox solğun bir üz varıydı, gözləri iri olsa da baxışları da solğun idi, ona baxanda Atabəy bir dəfə qohumu Nilgünün qulağına demişdi ki, belə ağ olmaq da bir iş deyil, az qala damarları çıxır. O bu sözləri yavaş desə də Səmra eşitmişdi. Bu sözdən sonra Səmra evə gəlib güzgünün qabağında dönə-dönə üzündəki damarlara baxıb kədərlənmişdi. Və həmin gündən o, Atabəydən uzaq gəzdi. Belə yaraşıqlı oğlanın onu bəyənmədiyini bilirdi, buna görə həm utanır, həm də çox gərgin olurdu. Onunla eyni ortamda olduğu zaman sinifdə çox uşağın onu təkəbbürlü, darıxdırıcı hesab etdiyini hiss edirdi, Atabəy də onlardan idi. Ancaq özündən razı soyuq, maraqsız biri kimi görünmək Səmranın özündən asılı deyildi, o uzaqdan nə qədər təkəbbürlü görünsə də onu yaxından tanıyanlar əslində bunun təkəbbür yox, həddindən artıq utancaqlıq olduğunu bilirdilər. O insanlar içində çox sıxılır, dinib danışmır, bəzənsə hansısa mənəvi tələbatdan, ehtiyacdan yox, nəzakət naminə hansısa söhbətə qoşulub fikir bildirərdi. Əlbəttə ki, onun tərbiyəsi qüsursuz idi, bu üzdən onu bütün müəllimlər çox istəyir, ona dərin hörmət bəsləyirdilər.
10- cu sinfin əvvəlində artıq bütün sinif öz ixtisas qrupunu seçmişdi. Səmra və Atabəy eyni qrupu – üçüncü qrupu seçdilər, qrupda 12 nəfər varıydı, beş qız, yeddi oğlanıydılar. Aralarında ən güclü Atabəy idi. O, qrup hazırlığına başlayan kimi ilk oktyabr sınağında 677 bal topladı, müəllimlər onun təhsilinə çox ciddi yanaşırdılar, növbəti sınaqlarda məktəb ondan 700 bal gözləyirdi. Səmranın və sinifdəki digər şagirdlərin bal səviyyəsi Atabəydən çox ciddi fərqlənirdi. Səmranın balı 10-cu sinifdə ən yaxşı halda 400 olurdu. Atabəy 10-cu sinfin sonunda artıq 700 bal toplayırdı.
11- ci sinfə hər kəs həvəslə başlamışdı. Səmra elə bu ərəfədə gözlənilmədən sarılıq xəstəliyinə tutuldu, müalicəsi uzun müddət çəkdi, bu səbəbdən də çox dərsdən qaldı, əvvəldən yaxşı oxuduğuna görə müəllimlər hamısı güzəştə gedirdi. Dekabr ayında Səmra artıq özünü tam yaxşı hiss etdiyindən valideynləri onun məktəbə getməsinə razı olmuşdular. O, həmin gün sinfə hamıdan birinci gəlib oturmuşdu, xəstəliyin müddəti 3 ay çəkmişdi. Üç ay yay tətili, üç ay da xəstəlik müddəti, beş-altı ay olardı ki, sinif yoldaşları onu görmürdü, bu müddət ərzində o, elə qəşəngləşmişdi ki, onu görən hər kəsi özünə heyran buraxmaya bilməzdi. Əynində ağ boğazlı kofta və dizini örtən ətək düzgün biçimli bədəninə çox gözəl yaraşırdı. Ayağında isə idman krosovkası varıydı, saçlarını yuxarıdan yığmışdı, solğun baxışlarını iti zəkasından xəbər verən dərin mənalı baxışlar əvəz eləmişdi, əvvəlki kimi arıq olmadığından üzündəki damarlar yoxa çıxmış, ağ parlaq dərisi sanki ətrafa işıq saçırdı, çox az müddət ərzində ona belə gözəllik gəlmişdi. Səmra nə bu gözəlliyi kifayət qədər dərk edir, nə də gözəlliyinin başqasına təsir göstərməsini arzulayırdı. Gözəlliyin içində olan ən ali gözəllik, gözəl olanın bu gözəllikdən xəbərdar olmamasıydı, qızın öz gözəlliyindən xəbərdar olmadan gözəl olması məsumluğun, saflığın, səmimiyyətin özüydü. Ədəbiyyat dərsindən dostluq mövzusunda inşa yazmışdılar, inşa yazmaq Səmranın ən sevdiyi məşğuliyyətlərdən biriydi. İnşa yazmaqda onun rəqibi yoxuydu sinifdə, ədəbiyyat müəllimi həmişə onun inşasını çox tərifləyirdi, hətta müəllim onun inşalarını çox sevdiyindən özündə saxlayırdı. İnşa dostluq mövzusunda yazılmalıydı. Amma bu dəfə fərqli oldu, müəllim inşaları oxudu və ən çox Atabəy və Səmranın inşasını bəyəndiyini söylədi. Bu günə qədər salam-xudahafizdən başqa Atabəylə kəlmə kəsməyən Səmra tənəffüsdə Atabəyə yaxınlaşıb onun inşasını istədi.
– Neynirsən? – Atabəy karıxmış halda mızıldandı.
– Oxumaq istəyirəm ki, görüm həqiqətən kiminki daha yaxşıdı.
– Elə səninki ən yaxşısıdı. – Atabəy istehzayla dedi. Səmra onun istehzasını görməzlikdən gələrək:
– İcazə versən oxuyardım, – söylədi.
Atabəy inşanı ona vermək istəməsə də verdi, belə təkəbbürlü qızın onun inşası haqda nəsə xoş söz söyləməsi mümkün deyildi, ya səhv axtarıb müəllimə göstərəcəkdi, ya da öz inşası ilə müqayisə edib tənqid edəcəkdi. Bu Atabəyin düşündükləri idi, nəticə isə tam əksi oldu. Növbəti tənəffüsdə Səmra çox xoş bir təbəssümlə ona yanaşdı:
– Çox maraqlı, dərin məzmunlu inşadı, doğrudan özün yazmısan? – Təəccüblə soruşdu.
– Bəs kim yazasıdır ki? Əlbəttə, özüm yazmışam.
– Nə bilim, dedim bəlkə valideynlərin yazıb, – deyib ardınca: – heç inanmazdım ki, belə inşa yaza biləsən, deməyə söz tapa bilmirəm. Bilirəm ki, müəllim özü demədi sənin inşan hamıdan yaxşıdı, çünki müəllim əvvəllər həmişə mənim inşalarımı tərifləyirdi, bu inşa mənim inşamdan müqayisəyə gələ bilməyəcək qədər yaxşıdı. – Səmra elə səmimiyyətlə danışırdı ki, bir insan ancaq bu qədər özü ola bilərdi.
– Çox tərifləmə, inşadı də, – desə də Atabəy əslində bu xoş sözlər üçün ürəyində elə sevinmişdi ki, həm də çaşqın idi, gözləmədiyi insandan gözləmədiyi sözlər eşidirdi.

Müəllif: Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri