Sənə yazmadım, Səni yazdım (7-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 3 451
Səs ver:
(səs: 0)
Atası Atabəyin özündən arxayınlığına daha da əsəbiləşərək qışqırdı.
– Kimsən axı sən? Niyə vura bilmirlər? Təpik də vurarlar, hələ yumruq da. – O oğlunun çox təsirləndiyini hiss edib, daha yavaş səslə davam etdi. – Anan anlamır, eşikdə olan bilir nə var, nə yox. Mən istəmirəm üzüləsən, elələri bizim kimilərini adam gözündə görmürlər. Mən Cəbrayılovun əlinin altındakı yüzlərlə işçisindən biriyəm. Elə bilirsən o “bəh-bəh” deyəcək səni kimi bir oğlanla qızının görüşməyinə?
Atabəy artıq dinləmək istəmirdi, atasının danışıqları hər kəlməsilə onun qürurunu qırırdı və qəfildən atasına:
– Sözün bitdisə mən gedim, – deyib onun cavabını gözləmədən qapını açdı.
Atası sözlərinin onunçün nə qədər faydasız olduğunu görüb səsini bir az yuxarıdan qaldıraraq:
– Get, cəhənnəmə get, mən sənə deyirəm kişi ol, kuklası olma varlı qızların. Küsür hələ, başın daşa dəyəndə biləcəksən, bir heç kimi kənara atılanda deyəcəm.
Elə bu vaxt qapıda anası Atabəyə:
– Get öz otağına, – deyib, ərini sakitləşdirmək istədi.
Şəmil isə ən çox arvadına acıqlıydı, ona əsəbi halda baxaraq:
– Darıxma, bu ağılnan sən onu bədbəxt edəcəksən, reallığı başa düşmək bu qədərmi çətindi? – deyib, maşının açarlarını götürərək evdən çıxdı.
Həmən gün Atabəy ilk dəfə idi ki, atasına bu qədər qəzəb, kin duyurdu. Əslində o, hər zaman atasına hörmətlə yanaşmış, onun istənilən tələbinə itaətkar olmuşdu. Amma indi mövzu ayrı idi. Heç kim ona Səmradan uzaq gəzməyi tələb edə bilməzdi, atası belə. Başqası ona bu sözləri demiş olsaydı, əlbəttə, o, artıq payını almışdı, amma neyləsin ki, bu adam onun atasıydı. Atabəy atasının dediklərində həqiqətə uyğun heç nə görmürdü. Əlbəttə, atası Səmranı tanımırdı. Atabəy düşünürdü ki, əgər atası Səmranın səmimiliyini, tərbiyəsini, ən əsas Atabəyə olan münasibətini bilsəydi belə danışmazdı. Səmranın valideynləri isə ziyalı adamlar idi. Bu adamlardan nəinki Atabəyə, heç kimə pislik gələ bilməzdi. Atasının isə sürücü fəlsəfəsilə düşündükləri, əlbəttə, mümkün olası iş deyildi. Ona görə də atam bu təsəvvürlərini qoy özünə saxlasın. Bu yumruq təpik söhbəti isə elə ancaq sürücülük səviyyəsində rəftar idi. O bu gün həyatında ilk dəfəydi ki, atasının peşəsinə, həyata baxışına acıqlıydı.
Atabəy az qala qəzəbdən boğulurdu. Anasıyla da danışmaq istəməyib evdən çıxdı. Ürəyində qardaşının evdə olmamasına sevindi. “O da evdə olsa, indi gəl bir də bunun lağlağısına döz” öz-özünə dedi. Ramin Atabəydən fərqli utancaq, sakit təbiətli idi. Özündən balaca qardaşının dəlisov təbiətinə böyük qardaş kimi iradlarını bildirsə də, bu Atabəyin heç vecinə deyildi. Aralarındakı 3 yaş fərqə baxmayaraq Atabəy Ramindən ürəkli, qorxusuz biri olmuşdu həmişə. Qardaşı kompüter dil kurslarına gedəndə o məktəbdən əlavə ancaq idmana getmişdi. Görkəmcə də fərqliydilər; Ramin ağbəniz, ala gözlü, düzgün cizgiləri olan hündür oğlan idi. Atabəyin idmançı görkəmindən onda əsər-əlamət yoxuydu, amma ona da yaraşıqsız demək olmazdı. Ramin ikinci kursda oxusa da hələ onunla bağlı evdə qız söhbəti getməmişdi, evdə evlilikdən söz salınanda da qıpqırmızı qızarardı. Qardaşı Atabəyin hələ Səmradan əvvəl qızlarla danışdığını biləndə onu yerli-yersiz vurğulayıb, cırnadardı. İndi isə evdə belə ciddi dava zamanı əgər o, evdə olmuş olsaydı, bu vəziyyətdən zaman-zaman istifadə edər, möhkəmcə cırnadardı Atabəyi.
Atabəy həyətə düşdü, dostu Üzeyirə zəng edib mağazada olduğunu biləndə yanına getdi, gecə saat 12-yə qədər birlikdə oturdular. Üzeyir Atabəyin sinif yoldaşı və ən yaxın dostuydu. Atasının bir neçə telefon mağazası var idi. Gözləri zəif, bədəncə cansız, uzun oğlanıydı. Atabəy öz dürüstlüyü, kişi xarakteri ilə tək Üzeyirin yox, onun ailəsinin də hörmətini qazanmışdı, ailələri Üzeyirin Atabəylə bir yerdə olduğunu biləndə rahat olurdular. Atabəyə inam-etimadları sonsuz idi. Təbii ki, bu hörməti Atabəy özü qazanmışdı və bu gün onların mağazalarında ilk dəfəydi ki, bu qədər gec saatlara qədər otururdu, çünki evə getmək istəmirdi. Ancaq saat 11-dən anasının zəngləri başladığında atasını görmək istəməsə də anasını daha artıq nigaran etmək istəməyib Atabəy evə yollandı. O gündən sonra atası Atabəyə Səmra haqqında ən kiçik eyham belə etmədi. Amma arvadına teztez “O qızla hər şey bitibdimi, əgər bitməyibsə onu başa sal bitirsin, yoxsa yazıq edəcəklər” deyirdi. Hələ bir dəfə Atabəy üzündən ər-arvad arasında daha ciddi dava düşdü.
Atabəy hazırlıqdan gec gələcəyini anasına zəng edib demişdi. Atası saata baxdıqca hövsələdən çıxır, tez-tez “yəqin o qızla görüşüb” deyəndə axırda Saranın ərinə olan səbri tükəndi, acıqlı nəzərlərlə sözə başladı:
– Kimlə “görüşüb-görüşüb” salmısan? Deyirəm susum, dillənməyim, amma daha dözmək olmur. Belə atalıq olar? Nə istəyirsən axı bu uşaqdan? “O qız-o qız” deyib durmusan, onlar sinif yoldaşıdır, nə var axı burda?
Əri səsini qaldıraraq:
– Danış, danış, deyəsən sənin ürəyin doluymuş, – deyib daha sərt tonda, – oğlun gəlir ağzına gələni danışır, sən də inanırsan, kim kimlə sinif yoldaşıdı? 2 ay əvvəl qurtarmadı bu sinif yoldaşlıq?
Arvadının üzü dəyişmişdi, əsəbdən əsirdi, o ərinin üzünə heç vaxt qayıtmazdı, amma indi mövzu Atabəy idi, anasına görə onu bu qədər üzməyə heç kimin, hətta atasının da haqqı yox idi. Ona görə də neçə aydan bəri ürəyində yığıb saxladığı sözləri boşaldırdı:
– Onun qürurunu qırırsan, başa düşmürsən ki, sənin belə sözlərin onu necə alçaldır? Sən necə atasan öz oğlunun hisslərinə hörmət eləmirsən? Yerli-yersiz bu qız söhbətini salırsan. Bir də ki, Atabəyin fikri ciddidi, onunla əylənmir ki, sabah qız tərəf nəsə desin. O qız da Atabəyi sevir... – deyəndə əri artıq oturduğu stuldan qışqıraraq ayağa qalxdı:
– Mənim atalığımı bəyənmirsən? Nə boş-boş danışırsan burda? Öz danışdığına özün inanırsan? Atabəyin fikri ciddiymiş... Ciddi olmağı lap pis, onlar da ciddi zərbələr hazırlayarlar sənin axmaq oğluna, yenə elə-belə yanaşmış olsaydı yüngül qurtarmaq olardı. Bir az sakit durduqdan sonra o, səsini yumşaldıb sözlərinə davam etdi: – Mən onu başa sala bilmirəm, sən məni yaxşı tanıyırsan, səbrim çatmır ona fikrimi çatdıram, amma onu sən başa sala bilərsən, başa sal ki, o qız bizlik deyil, tayımız deyil bizim. Elə bilmə ki, mən heç nə başa düşmürəm. – Atabəyin gözlərinə baxanda məndə ən az sənin qədər bilirəm ki, bu sevgidi, bağlılıqdınədi, bilmirəm, amma hər nədirsə ciddi şeydi.
Şəmil artıq bayaqkı kimi əsib-coşmurdu, sakitləşmişdi, elə Sara da sakitləşmişdi, dinməzcə ərinə qulaq asırdı. O, arvadının gözlərinə baxaraq: – Yoxsa elə bilirsən bir sən çox istəyirsən onu? Mən adam-zad deyiləm? Nədi, mənim ürəyim yoxdu? Başa düş, mən onu istədiyimdən deyirəm, az görmüşük həyatda belə şeyləri? Birdəfəlik başa düşmək lazımdı ki, varlılar kasıba əl tuta bilərlər, kömək edib mehribançılıq da göstərərlər, bir sözlə, hər cür yaxşılıq edərlər, ancaq elə bir məqamda öz üstünlüklərini xatırladarlar ki, sən özünə də, kasıbçılığına da, həyatına da nifrət edərsən. Bir də ki, heç o qızı bizimkinə verməzlər, – o arvadının gözündən nə demək istədiyini anlayıb sözlərinə davam etdi, – hə, bilirəm, deyəcəksən qız sevir, amma inan ki, qızın sevməyi boş şeydi, atası deyər, oda sevməz. Lap tutaq ki, bizim ağılsız güc-bəlayla bu qızla evləndi, sonra nə olacaq onun həyatı? Qayınanasının, qayınatasının gözündə nə hörməti olacaq onun? Bir ömür sürünüb əyilərək, yaltaqlıq edərək yaşayacaq? Qızın da, elə onun ailəsinin də düşünülmədən dedikləri hər hansı söz ona öz miskinliyi ni xatırladacaq. İstər-istəməz onların xoşuna gəlmək üçün dəyişəcək, özü kimi olmayacaq, saxta olacaq həyatı, olmadığı kimi olmağa çalışacaq. Bu şəkildə xoşbəxt olmaq olarmı? Azadlığını qurban verən biri xoşbəxt ola bilərmi? – O arvadına baxırdı, sözlərinin ona necə təsir etdiyini anlamaq istəyirdi. Arvadının baxışlarındakı acıq artıq ümidsizliklə əvəz olunmuşdu. Sonda arvadının gözlərinə baxaraq: – Mənim gecəmi gündüzümə qatıb işlədiyimi səndən yaxşı heç kim bilmir. Mən bugünədək ləyaqətimi, kişiliyimi bacardığım qədər qorumuşam, öz kişilik müstəqilliyimi hər şeydən üstün tutmuşam. İndi mənim oğlum getsin kiminsə evinin küncünə sığınsın? Hörmətsiz-hörmətsiz kürəkənlik etsin? O uşaqdı, aralarındakı uçurumu anlamır, bəs sənə nə olub? – O, arvadına baxaraq, daha qətiyyətli bir səslə: – Oğlunu başa sal, – deyib otaqdan çıxdı.
Sara çox qəmgin idi, ərinin sözlərində həqiqət olduğunu anlayırdı, amma onu da anlayırdı ki, bu danışdıqları haqda Atabəyə bir kəlmə də deməyəcək, daha doğrusu, deyə bilməyəcək. Atabəy bu qızı elə saf, elə coşqun məhəbbətlə sevirdi ki, sevildiyinə də elə əmin idi ki... Sara səbəbi nə olursa olsun, onların yaşadıqları sehrli anı pozacaq heç bir şey etməzdi. Qoy Allah özü onlara kömək olsun. Belə bir anda onunçün olacaqları gizli qüvvələrin öhdəsinə buraxmaq ən yaxşısı idi.

Müəllif: Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri