Sənə yazmadım, Səni yazdım (9-cu bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 084
Səs ver:
(səs: 0)
Sevginin ömrü bir an, qalanı xatirədi.
Baba Vəziroğlu

Sentyabr ayı idi. Artıq dərslər başlamışdı. Universitet
həyatı bambaşqa idi Səmra üçün. O, burda çoxlu yeni tanışlar qazanmışdı özünə. Səmra dərslərə çox həvəslə başlamışdı, sevdiyi ixtisas onu özünə elə bağlamışdı ki, bütün gün
oxuyur, vaxtının çoxunu kitabxanada keçirirdi, Atabəylə
çox gec-gec görüşürdülər, artıq məhkəmə olmuş, Atabəyin
atasına 6, qardaşına 4 il iş kəsilmişdi. Ankara həbsxanasında
idilər. Anası ömründə heç yerdə işləmədiyindən evin bütün yükü Atabəyin üzərinə düşmüşdü, dostu Üzeyirin atası
Atabəygilin vəziyyətinin ağırlığını yaxşı bilirdi, bu üzdən
də Atabəy iş axtarmalı olmadı, mağazaların birində telefon satıcısı kimi işləməyə başladı, pula ehtiyacı çox olduğundan ayda yalnız iki dəfə istirahət götürürdü, onda da
Səmranı görməyə gedirdi. Ayda iki dəfə görüşsələr də hər
gün telefonla danışırdılar. Görüşlərində Səmra uzun-uzadı
dərslərindən, müəllimlərdən, tələbə yoldaşlarından danışırdı. Atabəy də xüsusi bir heyranlıqla qulaq asırdı ona. Bir
dəfə Səmra danışıb-danışıb, susdu və Atabəyə baxıb:
– Deyəsən çox danışdım, hə? – soruşdu. Atabəy onun
gözlərinə baxaraq dedi:
– İncimə, sözlərindən çox səsinə qulaq asıram, nə danışmağının mənası yoxdu, təki sən danış, sənin səsinə qulaq asım.
Səmranın təəccübləndiyini görən Atabəy daha ciddi və amma
sakit səslə əlavə etmişdi ki: – Bilmirəm necə izah edim, bu səs
mənim taleyimin səsidir, bunu heç vaxt unutma. – Bu sözləri
eşidən Səmra başını onun çiyninə söykəyib xoşbəxtcə gülümsünmüşdü.

Ancaq hər şey göründüyü kimi deyildi, son vaxtlar
Səmra ilə anası arasında mübahisələr, narazılıqlar çox teztez baş verirdi. Anası Atabəylə görüşmələrini istəmirdi, teztez ona: “O sənin tayın deyil” desə də, Səmra üçün mənasız
idi. Bir dəfə anası ilə arasında lap ciddi mübahisə yaşandı.
– Atan bilmir ki, sən onun haqqında ciddi düşünürsən,
özün də bilirsən ki, bu münasibətin ciddiləşməyinə heç vaxt
izin verməz.
Səmra çox rahat bir tərzdə dilləndi:
– Atam məni çox istəyir, o məni üzəcək heç nə etməz,
bilirəm ki, məni dəstəkləyəcək, bəlkə atam ona kömək də
edər hələ, onların imkanı indi yaxşı deyil, amma bu belə
getməyəcək, atasıyla qardaşının günahsızlığı sübut olunsun, hər şey yoluna düşəcək.
Anası qızının sözlərinə istehzayla gülərək soruşdu:
– O, elə aldadır səni, eləmi? Yaxşı bəs onun atasını niyə
tutublar? Heç maraqlanıbsan?
Səmra anasının istehzasına acıqlanaraq dedi:
– Birincisi, o məni aldatmır, kaş ki, onun mənə olan
hisslərinə az da olsa inanaydın, o ki qaldı atasıgilin həbs olunmasının səbəbi, onlar şərə düşüblər, və bu tezliklə sübut olunacaq.
– Hə əlbəttə, şərə düşüblər. Bilirsənmi, həbsxanada heç
vaxt günahkar olmur, onlar ya şərə düşürlər, ya da səhv
düşürlər. Bəs o səmimi, dürüst Atabəy sənə onların narkotik ucbatından tutulduqlarını nə əcəb deməyib? – Anası ona
heyrətlə gözlərini dikib baxan qızına daha uca səslə söylədi:
– İkisinin də üstündən narkotik çıxıb.
– Kim deyib bunu sənə? Hardan bilirsən? – Səmra
təəccüb içində soruşdu.
Sən mənim yeganə övladımsan, yəni mən sənin kimlə
oturub-durduğunu bilməməliyəm? Onları yaxşı tanıyan
adam var iş yerində, elə də çətin olmadı.
– İnanmıram, yəni Atabəy məndən düzünü gizlədib?
– İstəyirəm biləsən, biləsən ki, – deyərək o bir az susub sakit-sakit sözə başladı, qızının həyəcanını hiss edən
ana, artıq qızına lazım olan qədər təsir etdiyini bilib, – hər
şeyi sənin yaxşılığın üçün deyirəm, son vaxtlar nə işdə, nə
də evdə dinclik tapa bilirəm. İnan mənə, söhbət nə onların
pulunda, nə cəmiyyətdəki mövqeyinin olmamağında, nə də
Atabəyin təhsilindədi, mən çox düşünmüşəm bu haqda, tutaq ki, biz ona maddi imkan, istənilən dəstək də göstərə bildik, – deyəndə Səmranın ona təəccüblə baxmasından onun
sözünə şübhə etdiyini başa düşən Nailə, qızının gözlərinə
dik baxaraq: – mənə inan, Səmra, inan ki, onun öz ayaqları
üzərində möhkəm durması üçün biz bütün tədbirləri görərik,
bilirsən, atan sənin xətrinə hər şey edər, onsuz da bizim hər
şeyimiz sənindi, ancaq burda vəziyyət tamam başqadı, sən
uşaqsan, hələ anlamırsan ki, valideynin ən müqəddəs mirası
onun təmiz adıdı, mal-mülk, sərvət – hamısı yaxşıdı, amma
təmiz ad olmadan dadı qaçar bunların. Onun atası, qardaşı
həbsdə, sən bu adı üzərinə necə götürəcəksən, uşaqlarının
babası, əmisi kim olacaq? Bu qorxunc mənzərəni adam hələ
düşünəndə dəhşətə gəlir. Allah göstərməsin, ailən olacaq bu
insanların üzərindəki ləkəni necə gəzdirəcəksən? Bizim
ailəmizlə o ailə arasındakı fərq müqayisəyə belə gəlməz.
Sənin ləyaqətli ictimai mövqe tutman bizim üçün hər şeydən önəmlidi, və səni tanıyaraq söyləyirəm, bu elə sənin
özün üçün önəmlidi, onun ailəsinə hörmət etməsən tezliklə
özünə də hörməti itirəcəksən, sən belə bir ailə içində öz
səadətini tapacağına necə inana bilərsən axı? Onu bil ki,cəmiyyətdə nüfuz sahibi olmaq, yaxşı ad qazanmaq, nə
qədər çətindirsə onu itirmək də bir o qədər asandı, və sən öz
nüfuzunu mühafizə etməsən bu bircə anın içində yox olub
gedəcək. O oğlan da gərək belə bir vəziyyətdə səndən uzaq
gəzsin. Bu qədər aşağı ictimai mövqeyi olduğunu bilərək o
sənin ətrafında fırlanır. Ola bilsin ki, o səni çox sevir, amma
təminatlı gələcək hər bir gəncin arzusudu.
Anasının sözünün bu yerində o:
– Yaxşı, mama, bəsdi, artıq heç nə eşitmək istəmirəm,
– deyib anasının sözünü kəsdi. O, Atabəyin alçaldılmasına
anası tərəfindən olsa belə dözə bilmirdi.
Sonda anası Səmraya daha nəvazişli səslə:
– Mən səni incitmək istəməzdim, amma hər şeyi öz adıyla çağırmaq lazımdı, – deyib otaqdan çıxdı.
Anası ilə arasındakı bu söhbətdən sonra Səmra Atabəyə
heç nə deməmişdi, daha doğrusu, deyə bilmirdi, amma
düşüncələrində anası da haqsız deyildi. Atabəy atasıyla
qardaşını elə qızğınlıqla müdafiə edirdi ki, Səmra bu haqda
danışmaq istəsə də susmağa üstünlük vermişdi, amma o
gündən içində şübhələr ona rahatlıq vermirdi, bəlkə anamın
dediyi həqiqətdi? Bəlkə doğrudan da narkotik məsələsidi?
Bəlkə Atabəy özü də bilmir, bəlkə də bilir... düşünürdü.
Özünə heç nə deməsə də son zamanlar Atabəy Səmranın
ondan nəsə gizlətdiyini hiss edirdi, bir gün görüşəndə Səmra atasıgildən bir xəbər varmı deyə soruşdu. Atabəy ümidsiz-ümidsiz:
– Elə bildiyin kimi, heç bir xəbər yoxdu, – dedi.
– Günahsız olduqları halda az qala bir il olacaq, hələ də
buraxmırlar?
– Günahsız sözünü bir az birtəhər dedin, yoxsa inanmırsan? Atabəy sərt şəkildə soruşdu.
Səmra tez dilləndi:
– Yox, mən, sadəcə, bilmək istəyirəm onları nə üstündə
şərləyiblər, məsələ nədir axı?
– Deyəsən bu haqda nəsə eşidibsən?
– Yox, – deyə Səmra mızıldandı.
– Nə eşidibsən?
– Hə, mən... mən eşitmişəm ki, – deyərək sözə başlayan
Səmranın Atabəy sözünü kəsib:
– Sən eşitmisən ki, atam da, qardaşım da narkotik satırlar
və bu üzdən tutulublar, eləmi? Görürəm ki, buna da inanmısan.
– İnanmıram, sadəcə, beynim qarışır və səndən nəsə izahat eşitmək istəyirəm, tutarlı bir açıqlama istəyirəm.
– İstəyirsən sənə and içim ki, belə bir şey yoxdu? – Atabəy kinayəli bir səslə soruşub bir az susduqdan sonra sakit
tonla danışmağa başladı: – Atam illərdi Türkiyəyə tır sürür, son vaxtlar atamın xəstəlikləri onu çox incitdiyindən
qardaşım Ramin də ona kömək üçün üç aydır ki, onunla
gedirdi, yolda atam üçün çətin olmasın deyə maşını növbə
ilə sürürdülər. Amma bir gün və evə zəng gəlir ki, onlar narkotik üzündən tutulublar, bu böhtandı, mənim atam bizi ac
qoyar, amma belə işlərə girməz, sən onu tanımırsan, məni
ki, tanıyırsan, mən ki, səni aldatmaram, inanmağın üçün
sən, sadəcə, bu suallara cavab ver ki, narkotik satan adamın
iki banka borcu olarmı? Oğlu, atası bir ay işləməyən kimi
ailəsini dolandırmaq məcburiyyətində qalarmı? Bu suallar
çox uzanar. Bilmirəm nə oldu, necə oldu, amma onu bilirəm
ki, xəstə atam və qardaşım bu işdə qurbandılar. Mən həmişə
öz problemlərimi səndən uzaq tutmağa çalışmışam, səni öz
qayğılarımla yormaq istəməmişəm. İndi də sən bəzi şeyləri
səhv bilməyəsən deyə danışıram, bilmirəm sənə kim bu
haqda nə deyib, amma sən təkcə mənə inan, səndən gizli nə sirrim var, nə saxlancım, sən mənim ürəyimin özüsən,
yoxsa səncə niyə danışmayım sənə?! Bəlkə də deməliydim,
amma indi ailəmin başına gələnləri nəzərə alsaq nəyi
düz, nəyi səhv etdiyimi inan bilmirəm, elə çaşmışam ki...
Bilirsən, hər şey yolunda gedəndə doğru addımlar atmaq
elə də çətin olmur, – deyərək Səmraya qayğıyla baxdı
və əlavə etdi, – mən, sadəcə, sənin qayğısız həyatını öz
problemlərimlə doldurmaq istəmədim. Bir də ki, unutma,
əgər atamgil haqqında söylənənlər düz olsaydı bunu səndən
gizləməzdim, nə olur olsun deyərdim, məndən ayrılacağını belə gözə alıb deyərdim, bil ki məni olduğum kimi,
əskiklərimlə qəbul etməyən birilə mən birgə yol qət edə
bilmərəm, başa düşürsən məni? – deyib Səmranın gözlərinə
baxdı.
Səmra ona baxırdı. Atabəyin üzü elə saf, elə dürüst idi
ki, o bu an ancaq öz-özünü qınayırdı, o, Atabəydən necə
şübhə etmişdi? Üzünə baxanda içi görünən Atabəydən necə
şübhə edə bilərdi axı?

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri