Sənə yazmadım, Səni yazdım (12-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 061
Səs ver:
(səs: 0)
– Atan nədən belə oldu, axı ciddi nəsə olduğunu deməmişdin?
– Xəstəydi, şəkər, təzyiq, yazıq çox əziyyət çəkirdi,
bir həftəyə məhkəmə olasıydı, işə yenidən baxılacaqdı.
Bu işlə bağlı yeni dəstə tutulub, bilmirəm həyəcandan, ya
nədən, təzyiq kişini beləcə... – qəhərdən sözünü tamamlaya
bilməyən Atabəy susdu.
Səmra da ağlayırdı. Atabəyin atasına nə qədər bağlı olduğunu bilirdi, onu sakitləşdirmək üçün hər hansı təsəlliedici
bir söz tapıb deyə bilmirdi, halbuki Atabəy üçün bu ağır
vəziyyəti aradan qaldırmağı o qədər ürəkdən istərdi ki...
Bir müddət susub özünü əla alandan sonra Səmranın
əlini öpüb:
Yaxşı ki, burdasan, – dedi, sonra da, – burda olmağın nə
qədər yaxşı olsa da getməlisən, – deyib maşını işə saldı.
Səmragil binanın qarşısına çatanda atasıyla anası artıq
binanın qarşısındaydılar, atasıgil Səmranın arxasınca gəlməyə hazırlaşırdılar.
Səmra onları görəndə həyəcandan rəngi qaçdı, ürəyindən
keçdi ki, kaş ki, atam bilməyəydi, atasıyla üz-üzə gəlmək
ona çox ağır gəlirdi. Elə Atabəy də tutuldu, amma nəticə
gözlənilən kimi olmadı, onlar maşından düşən kimi atasıgil Atabəyə yaxınlaşıb təmiz, başqa ab-havada başsağlığı
verdilər, anası:
– Oğlum, Allah rəhmət eləsin, biz sabah gəlib anana da
başsağlığı verəcəyik.
Kədərli, bir az da utanmış halda olan Atabəy ilk dəfə
söhbət etdiyi bu adamlara dərin minnətdarlıq bildirdi.
Səmra “biz çox kədərləndik oğlum və çox təəssüf edirik”
deyən atasının üzünə fəxrlə baxırdı və ürəyində “çox sağ ol,
ata, çox sağ ol, yaxşı ki, Atabəyin belə bir ağır vəziyyətində ona qayğıyla yanaşdın” deyirdi. O, misilsiz insandı, yəqin
anamı da elə o sakitləşdirib, düşündü. Evə gələndən sonra
da anası ayrılıqda ona heç nə demədi, elə bil bayaq Səmraya
qadağa qoyan, sərt baxışlarla “getmək olmaz” deyən adam
deyildi. Səmra otağına keçib qarışıq düşüncələrlə yatağa
uzandı. Evdə son sözü həmişə atası deyərdi, amma bəzi
məsələlər vardı ki, ana-qız bu məsələləri özləri həll edirdilər, ataları bilmirdi, məsələn, Səmranın istənilən yerə
geyinəcəyi paltar, tələbə yoldaşlarıyla gəzinti-filan, bu kimi
işlərlə atanı yormaq olmazdı. Atabəy mövzusu isə tamam
fərqliydi, anası hər şeyi bilsə də, amma qətiyyən atasının
bilməsini istəmirdi. Anası Səmraya dönə-dönə “atan bilsə
heç vaxt izin verməyəcək” deyərdi, “çünki o sənin tayın
deyil, atan bilməmiş münasibətlərə son qoyun”. Bəs indi
nə dəyişmişdi? Atası nə bilirdi? Atabəyə münasibət nədən
dəyişmişdi? Səmra öz-özünə bu sualları verərək sonda belə
nəticəyə gəldi ki, bəlkə də atam söhbəti üstüörtülü bilir,
ürəyində narazı olsa da, bu vəziyyətində Atabəyi incitmək
istəməyib, anamı da o başa salıb. Sonra da kim bilir, bəlkə
də həqiqətən Atabəy onun xoşuna gəlib, düşündü, bu son
ağlına gələn fikir çox xoş idi, elə bu fikirlə də yuxuya getdi
Səmra.
Səmra səhər dərsdən sonra Atabəyə zəng vurdu, bir
neçə dəfə çağırsa da telefona cavab vermədi, birdən anasıgil yadına düşdü, axı onlar gecə demişdilər bu gün üçün
Atabəygilə gedəcəklər. Səmra tez anasına zəng vurdu:
– Ana, salam.
– Salam.
– İşdəsən?
– Hə, nə lazımdı, Səmram?
– Heç, dünən siz... – demək istəyirdi ki, Atabəygilə yas
yerinə gedəcəkdiz, anası sözünü kəsib:
– Hə... Atabəygilə gedəcəyik, atanın klinikada iclası qurtaran kimi gələcək, birlikdə gedəcəyik.
Bunu eşidən Səmra çox sevindi və:
– Sağ ol, mama, papaya da de, çox sağ olun.
– Dəli qızım mənim, yaxşı, gələndə danışarıq.
– Yaxşı, – deyib telefonu söndürdü, birdən yenə zəng
gəldi, Atabəy idi.
– Bağışla, bayaqdan baş qarışıb, indi baxdım telefona.
– Bilirəm, bilirəm, narahat olma, elə-belə zəng vurmuşam onsuz da.
– Yaxşı eləmisən, ürəyim partlayır mənim də... dünən
sənə bir söz demədilər?
– Yox, heç nə demədilər.
– Nə əcəb? Mən dedim bəlkə mənim yanımda deməyiblər.
– Elə mən də məəttəl qaldım, bilirsən, atam çox anlayışlı adamdı, mən həmişə inanmışam ki, o bizim münasibəti
bilsə dəstək olar, elə anamı da o, yola gətirəcək.
– Əsas odur ki, sənə heç nə deməsinlər... – bir az susduqdan sonra, – dünən heç danışa bilmədik, amma sənin gəlişin
mənə elə böyük kömək oldu ki, səni görəndə bildim ki,
məni məndən çox sevən biri var, heç hisslərimi ifadə edə
bilmərəm necə hisslər keçirdim, həyatımın ən ağır gününü
yaşasam da varlığın mənə dopdolu bir dünya oldu. 10-15
dəqiqəlik gəlişinlə bütün ətrafdakıların varlığını yox elədin,
– deyib bir an susduqdan sonra, – Allah gedişindən qorusun, – dedi.
– Belə demə, mən heç yana gedəsi deyiləm sənin yanından.
– Nə bilim, birdən ağlıma gəldi, dedim. Bir sözlə, kiminsə səni düşünməyi sənə görə gecənin qaranlığını gözə almağı başqa bir aləmdi, hələ ki, bu insan sənin sevimli
mələyin Səmra olsun.
– Belə danışma, bax-bax, ayağım yerdən üzülür, uçuram, təəssüf ki, baxa bilmədin uçduğuma, amma yanımdakılar gördü.
İkisi də bu an güldü.
– O zaman sən yanındakılara de ki, mən adi insan deyiləm, mən mələyəm, təpədən-dırnağa mələyəm və yalnız,
yalnız mənim mələyim...

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri