Sənə yazmadım, Səni yazdım (21-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 973
Səs ver:
(səs: 0)
Artıq onun həyatı iki hissəyə bölünmüşdü, ona qədər və ondan sonra (o, Atabəyin adını çəkmirdi, son vaxtlar o deyə
düşünürdü haqqında).
Bu vaxtlar Sabirgilin ailəlikcə peyda olduğu məqama
təsadüf edirdi. Bir neçə gün əvvəl Sabirgilin oğlunun Türkiyədə universitet bitirib gəldiyini bilən Nailə onlara gələn
dəfə oğlunuzu da gətirin deməsi, elə bil onların da ürəyindən
olmuşdu. Anası Səmraya: – Bu gün heç yana getmə, nə işlə,
nə dərslə məşğul ol, bu gün Sabirgil gəlir, – deyəndə Səmra
təəccüblə:
– Onlar həmişə gəlir.
Nailə də adi söz deyirmiş kimi:
– Oğlu da gəlir bu dəfə.
Səmra ciddiləşib:
– Neyləyim ki, gəlsin də.
Anası daha yumşaq bir tonda:
– O da psixologiyanı oxuyub Türkiyədə, indisə burda
işə girmək istəyir, sənə sualları var deyəsən, Solmaz elə
dedi. Ona görə deyirəm ki, sən də evdə ol, deməsinlər işimiz düşdü, saymadılar.
Səmra könülsüz olsa da razılaşdı. Sabirgil son vaxtlar
bu evə tez-tez gəldiyindən artıq aralarında bəlli münasibət
yaranmışdı, və doğrudan da onların oğluna lazım olan,
Səmranın kömək edə biləcəyi nəsə varsa etməsə ayıb olar,
əlbəttə ki, evdə olub özünü lazım olan kimi aparacaqdı.
Qonaqların gəlməyinə az qalmış, Nailə çox incə güpurlarla bəzənmiş qara don geyinmişdi. Kürəyinə tökülmüş
qara saçları ağ üzünü çox cazibədar göstərirdi. O, hazırlanmış halda qızının otağına girib onu bəzəksiz, adi çit xırda
çiçəkli donda görüb:
Bəs sən nə vaxt hazırlaşacaqsan? – deyib Səmraya baxdı. Əslində ikisi də bu sualın yersiz olduğunu bilirdi. Səmra
bilirdi ki, anası onun bu paltarda qonaqların qarşısına çıxacağını, əynini dəyişib bəzəkli paltar geyinmək fikri olmadığını bilir.
– Belə yaxşıdı məncə, – o, yavaş səslə dilləndi.
– Səmra, xahiş edirəm, Moskvadan aldığımız yaşıl, xırda svarovski qaşlı donu geyin.
Səmra bu paltarı dünya dağılsa da geyməzdi, onlar iki ay
əvvəl Moskvada olanda bu paltarı anası özü bəyənib almışdı, don qəşəng olsa da Səmranın zövqündə deyildi. Yaşıl
dizdən azca yuxarı olan bu donu bəlkə toya geymək olardı,
hələ o da bəlkə... evdə isə mümkün deyildi.
– Mama, evdə elə paltar?
– Ev deyəndə ki, qonaqlıqdı, mütləq bəzənməlisən, sənin
yaşındakı bütün gənc qızlar bəzənib-düzənir. Doğrudanmı
bu donla onların qarşısına çıxacaqsan? – deyib anası bir az
da saxta təəccüblə dona baxdı.
– Mama, mən, ümumiyyətlə, onlarla görüşmək istəmirəm, sən dedin mənim ixtisasımla bağlı oğullarının sözü
var, razılaşdım. O ki qaldı bəzənmək, heç vaxt onların qarşısında bəzənib klounluq edəsi deyiləm. – Səmra sözlərini
elə sərt tonda dedi ki, artıq Nailə geyimlə bağlı bir kəlmə də
demədi. Səmranı diqqətlə süzüb:
– Heç olmasa saçını səliqəyə sal, – deyib otaqdan çıxdı.
Səmra yenicə yuyub kürəyinə tökdüyü saçlarını səliqə
ilə yığdı, üzünə diqqətlə baxdı, heç bir kosmetikadan istifadə etməyə ehtiyac görmədi. Bəlkə də ayrı vaxt olsa anasının dediyi kimi olmasa da azacıq bəzənərdi. Ancaq indi
vəziyyət başqa cür idi. Anasının təlaşından Səmra gözəl
başa düşürdü ki, evlərinə adlı-sanlı ailənin subay oğlunun gəlişinə anası böyük ümidlər bəsləyir, fikirləşir, bəlkə də
qızı ilə bu oğlan arasında nəsə baş tuta, ona görə Səmranın
bəzənməsini istəyir. Bunu isə Səmra özünə heç vaxt yaraşdırmazdı. “Özünü göstərmək-filan mənə görə bir iş deyil”
– deyə düşünüb donunu dəyişmədən qonaqların gəlişini
gözlədi.
Rəşad artıq 10 gün idi ki, Bakıdaydı, hər gün qonaqlıqdaydı, çox vaxt öz evlərində olurdu, qohumlar onunla görüşə gəlir, adı Rəşadla görüş olur, əslində Sabirin 20-30
nəfərlik həmişə qonağa hazır vəziyyətdə olan süfrəsində
yeyib-içirdilər. Hərdən də Rəşadın ünvanına təntənəli sağlıqlar deyilirdi. Təzə gələndə ailəsi ilə bir arada olmaq nə
qədər xoş olsa da, günlər keçdikcə yavaş-yavaş öyrəşdiyi
mühit üçün darıxmağa başladı... Rəşad 6 ildən çox idi ki,
Türkiyədəydi. İndi Bakıya qayıtmağıyla dost-tanışdan,
tələbə yoldaşlarının hamısından ayrılıb, elə bil boşluğa
düşmüşdü. Əvvəllər tətilə gələndə elə hallar olurdu ki, heç
qayıtmaq istəmirdi, indi isə səbəbsiz yerə kefi pozulur, ordakı həyatı üçün darıxırdı.
Anası o gecədən sonra qız haqqında heç nə danışmırdı.
Rəşad bu sakitliyi valideynlərinin onun narazılığından dolayı bu fikirdən əl çəkmələrilə izah edirdi. Artıq bu mövzunun narahatlığı onun üstündən qalxmışdı, lakin bu çox
çəkmədi, anası yatdığı otağa girib:
– Yatmırdın ki, mama qurban?
– Yox, yox, uzanmışdım, nə lazımıydı, mama?
– Gəldim deyim ki, Nailə zəng vurmuşdu, Tahir müəllimin
arvadı, deyir bəs oğlun universiteti bitirib gələndən qonaq
çağırmaq istəyirik, siz də bütün gün məşğulsuz, sabah saat
6-da Rəşadı da gətirin bizə gəlin.
– Məni neynirlər, mən uşağam sizin böyrünüzə düşüm
qonaq gedim?
– Qonaq gedən uşaq olur?
– Mama, ayıbdı ey, vallah, ayıbdı.
– Nədən ayıbdı axı? Bilirsən ki, Tahir müəllim atanla çox
yaxındı. Siz burda olmayanda biz onlara tez-tez gedirdik,
elə mədəni, elə yaxşı insanlardı ki, hələ Səmranı demirəm,
gül kimi qızdı.
– Səmra kimdi? O ərə getmək istəyən qızın adı Səmradı?
Oğlunun səsindəki kinayəni anlayan Solmaz:
– Belə demə, heç o qız da, anasıgil də bizim fikrimizi bilmirlər, sadəcə, gedib-gəlirik, yaxşı münasibətimiz
var, vəssalam! Bizi sayıb qonaq çağırıblar, elə şey olar,
getməyək?
– Niyə getmirsiz ki, gedin də, məni qatmayın, hara istəyirsiz gedin.
– Sən niyə başa düşmüsən ki, bu qonaqlıq sənə görədi,
sənsiz necə gedə bilərik axı?
Rəşad bezmiş halda:
– Mama xahiş edirəm, qurtar bu söhbəti.
Oğlunu yola gətirə bilməyəcəyini görüb, ürəyində “ən
yaxşısı Sabirin deməyidi” düşünüb, daha bu haqda heç bir
söz demədi, – yaxşı mən gedim, – deyib otaqdan çıxdı.
Ertəsi gün səhər yeməyi zamanı Sabir soyuq bir ədayla
Rəşada:
– Anan sənə deyib bu gün qonaq gedirik?
Xoşagəlməz söhbətin açılmağı Rəşadın bütün kefini qaçırdı.
– Deyib, amma mən də getmək istəmədiyimi demişəm.
– Sən Türkiyəyə getməmiş yaxşı nəzakətli, mədəni
oğlanıydın, nə oldu indi? – deyib o qaşqabağını sallamış Rəşada baxdı, sonra da saymazyana bir ifadəylə: – saat
6-dadı, anana da de hazır olsun, gəlib götürəcəm, sonra da
işə tələsdiyini vurğulayaraq otaqdan çıxdı. Rəşad acığını bilmirdi kimə töksün, anası gözünə dəymirdi, bir də ki,
əsəbiləşməyin nə faydası, onsuz da getməliydi.
Əvvəlcədən danışılmış vaxtda Sabir gəlib Solmazı və
Rəşadı götürdü. Rəşad ayağını sürüyüb könülsüzlüyünü
gözə soxmaq niyyətilə arxada oturmaq istəyəndə, vəziyyəti
görüb, lakin görməzdən gələn atası:
– Gəl qabağa, yanımda otur, daha ananla oturmaqdan
yorulmuşam, – deyib Rəşadı yanında oturtdu.
Evə çatan kimi ortayaşlı bir xanım qapını açdı, bu Cəbrayılovların evinin xidmətçisi Afət idi. Evin dəbdəbəsini,
görkəmini görən kimi Rəşad düşündü ki, yəqin atamın xoşuna gələn elə bu ev olub. Tahir bu evi təzə tikdirmişdi.
Mühit dəyişikliyi işə yarayırdı bəzən. Bina evindən gəlib
bura yerləşdikləri heç bir il deyildi. Rəşad gördüyü hər şeyə
tənqidi yanaşırdı, valideynlərinə acıqlı olduğundan burda
nəyəsə xeyirxah yanaşacağına ümid yoxuydu.
Rəşad ürəyində ərə getmək istəyən qız adlandırdığı qızı
görmək niyyətilə ətrafa baxdı, indiyə qədər bir neçə dəfə
görmüş olduğu və artıq tanıdığı Tahir və Nailə ilə qarşılaşdı. Hələ ki, qız görünmürdü. Rəşad ürəyində “yəqin hələ
bəzənib-qurtarmayıb” düşündü. Xüsusi zövqlə bəzənmiş,
təmtəraqlı görsənən Nailəyə baxıb anasıyla müqayisə etdi,
anası onun yanında həqiqi bir kənd qadını kimi görünürdü,
“belə bir xanımın 25 yaşlı qızı gör nə qədər bəzənib” – deyə
düşündü...
Qonaqlar çox isti qarşılandılar, hiss olunurdu ki, ev
sahibləri bu gəlişə xüsusi hazırlanıblar. Nailə xanım Rəşadı
çox zövqlə bəzənmiş masa arxasına dəvət edib “bu gün yığışmağımızın səbəbkarı sənsən” deyəndə, Rəşad qızardığını hiss etdi, əslində elə də utancaq olmayan Rəşad bəlkə də
bu qız söhbəti olmasaydı burda özünü çox rahat hiss edərdi,
indisə düşdüyü vəziyyəti çox axmaq hesab edirdi. Yenicə oturmuşdular ki, Nailə sakit səslə stola qulluq edən xidmətçiyə pıçıltıyla nəsə dedi, sonra təbəssümlə qonaqlara:
– Səmra gəlişinizi bilmir, xəbər göndərdim ki, gəlibsiz.
Xidmətçi otaqdan çıxmamışdı ki, Səmra göründü. Tahir
tez:
– Bu da mənim qızım Səmra. Gəl, qızım, gəl əyləş, –
deyərək qızını masaya dəvət etdi. Qonaqlarla sakit səslə
salamlaşan Səmra keçib anasının yanında oturdu, gəldiyi
dəqiqədən qızın üzünə baxmayan Rəşad yalnız ötəri baxışla qızın sadə görkəmi boyasız dümağ üzü, son dərəcə sadə
geyimdə olduğunu sezmişdi. Qızı görməmişdən əvvəl onun
haqqında düşündüklərinə görə utanırdı Rəşad, çox aydın
şəkildə Rəşad başa düşürdü ki, heç bir ərə getmək istəyən
qız onunla maraqlanan ailənin qarşısına bu görkəmdə çıxmaz. Məclis boyu Sabir işdə olan hadisələrdən danışır, uzunuzadı işçiləri müzakirə edir, hərdən hansısa işçinin nəsə yanlışını danışdığı zaman Tahirin narahatçılığını görüb ona “özüm
həll etdim” deyə söhbətini davam etdirirdi. Söhbət əsnasında
Nailə aradakı sakitlikdən istifadə edib üzünü Solmaza tutdu:
– Rəşad artıq gəldiyinə görə oteldə atasına kömək edər
yəqin?
Solmaz xanım qətiyyətlə dilləndi:
– Yox, Rəşad öz ixtisası üzrə işləmək istəyir, inşallah,
klinikaların birində, təbii ki, Tahir müəllimin də məsləhətilə
işə başlayar.
Bu zaman Tahir söhbətə qarışdı:

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri