Sənə yazmadım, Səni yazdım (31-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 491
Səs ver:
(səs: 0)
Aprel hadisələrindən sonra Atabəy işlərini bir müddət Türkiyədə davam etdirməli olduğundan, anasını da özüylə bura Ankaraya gətirmişdi. Onun Türkanla tanışlığı lap təsadüfən olmuşdu. Artıq 3 aydan çoxuydu ki, anası da onunla Ankaradakı evlərində yaşayırdı. Sara arada möhkəm xəstələnmişdi, böyrəkləri onu çox incidirdi, Atabəy həkimə aparanda həkim ciddi bir şey olmadığını desə də soyuqluğu aradan qaldıran iynə-dərman yazdı. Həkim Atabəyə onun iynələri və dərmanları ilə məşğul olacaq, xüsusi bir tibb bacısı məsləhət görmüşdü. Atabəy həftələrlə evdə olmurdu, bu üzdən də ona gecə-gündüz kömək edən tibb bacısı tapılmalı idi. Qonşuluqda yaşayan xoşsifət Hənifə isə yaşlı olsa da bu işin öhdəsində çox yaxı gəldi. Müalicə bir aydan çox çəkdi, iynələrin vaxtının qurtarmasına bir həftə qalmışdı ki, Hənifənin İzmirdə olan anası xəstələndiyinə görə o, İzmirə getmək məcburiyyətində qalır. Amma xoşsifətli bu qadın Saranın iynəsini vurmaq üçün özü adam tapır. Bu qız azərbaycanlıdı, Türkiyədə qardaşıyla birlikdə tibb təhsili alırdı. Və hər bir pis işdə bir xeyir olan kimi bu qız Saragilə gələr-gəlməz öz mehribançılığı ilə Saranın məhəbbətini qazanır. Hündür, düzgün bədəni, qəşəng saçları, yumru üzü olan Türkan Sara üçün tamam yad bir ölkədə ona elə qayğıyla yanaşır ki, bütün subay oğlan anaları kimi belə qəşəng qızı əldən verməməyi düşünürdü o da. Atabəy ilk dəfə qızı görəndə adi baxışla süzüb bəyənmədiyini deyərək anasını xəyal qırıqlığına uğratsa da, anası ümidini itirməyib Türkanı evə qonaq çağırmalarla, gəlib-getmələrlə bu qızın gerçək üzünü oğlunun görməsi üçün əlindən gələni etmişdi. Atabəy zamanla Türkan və qardaşıyla bir süfrəyə oturur, anasına etdiyi mehribançılığa görə bu heç tanımadığı qıza dərin minnətdarlıq duyurdu. Türkan yaxşı ailənin qızıydı, ataanası universitetdə professor idi. Və günün birində elə bir an gəldi ki, Atabəy bu qız haqqında düşündü ki, əslində bu qızda xoşa gəlməyən heç bir şey yoxdu. O bu qıza bir kəlmə söz deyəndə, ya nəsə adi bir sual verəndə qız elə qızarırdı ki, bununla da Atabəyə qarşı hisslərinin sıradan olmadığı bəlli olurdu. Onun Atabəyə olan bu həssaslığı, istənilən hər hansı sözünə diqqəti, elə səmimi, elə ürəkdən idi ki, bu da Atabəyin nəzərindən qaçmır, hətta xoşuna gəlirdi. Atabəy anasına Türkanı bəyəndiyini, evlənmək istədiyini deyəndə yazıq qadın elə sevinmişdi ki, anasının üzündə indiyə qədər görmədiyi sevinci görmüşdü. Bakıya gedib qızın “hə”sini alıb üzük taxmaq, ardınca toy etmək, üç ay çəkdi. Türkanın ailəsi Atabəyin öz zəhmətilə yüksəlməsini, özünü aparmasını, məğrurluğunu elə bəyənirdilər ki, qızlarının ağızdolusu ondan danışmasından az bir zaman sonra onunla fəxr etməyə başladılar. Onlar toydan sonra yenidən Ankaraya qayıtdılar. Türkan Atabəyi tanıdıqca daha çox sevirdi, ağlızəkasıyla qürur duyurdu. Qismətinə yaraşıqlı olduğu qədər dürüst bir oğlan çıxdığına görə elə xoşbəxt idi ki. Türkan özü də xoşsifət, tərbiyəli qızıydı, o, elə anlayışlı, elə mehriban idi ki, Atabəy evliliklərinin ilk aylarında belə əmin oldu ki, Türkan onun axtardığı qızdı, bu evlilik ona dinclik, arxayınlıq gətirmişdi. Kişilər üçün mehriban, anlayışlı qadın əsl xəzinədi, hələ o kişinin başından eşq acısı keçibsə bu zaman belə qadınların əvəzi olmur. Evliliklərinin üç ayında Türkan hamilə olduğunu deyəndə bu ailəyə başqa bir xoşbəxtlik gəldi. Sara, elə Atabəy də Türkanı əlini ağdan qaraya vurmağa qoymurdular. Atabəy arayıb-axtarmış, Türkana və anasına ev işlərində kömək etmək üçün ortayaşlı bir qadın tapmışdı. Hamiləlik Türkanın üzünə daha artıq mərhəmət, daha artıq mehribançılıq gətirmişdi. Atabəy həftələrlə Azərbaycanda olduğu vaxtlar olurdu. Bu zaman Sara gəlinini darıxmağa qoymur, onu konsertlərə, tamaşalara aparırdı. Türkan ərindən ayrı qaldığı günlər darıxsa da bunu üzə vurmurdu, ümumiyyətlə, çox sual vermək, “harda, kimlə idin” sualları ona yad idi. Atabəyin keçmişi ilə əlaqəli heç suallar verməmişdi ona. Yalnız bir dəfə Atabəyin məktəb illərinin şəkillərinə baxanda məzuniyyət və bir neçə başqa tədbirlərdə çəkilmiş şəkillərdə həmişə Atabəyin yanında olan qəşəng bir qız diqqətini çəkmişdi. Şəkillərdən görünürdü ki, Atabəy bu qızla çox yaxın olub, onların ikilikdə olan bir neçə şəkilləri də var idi. Həm də şəkildəki Atabəyin üzündə indiyə qədər Türkana məlum olmayan qəribə bir sevinc, bəxtiyarlıqdan doğan bir ifadə var. Bir şəkil onda lap maraq doğurmuşdu, qız əynində oğlan gödəkcəsi, oğlan ayaqqabısı və şəklin arxasında şeir... Türkan şeri oxumağa başladı:

Ayrılıq sözündən qorxuram yaman, Tanrı qoy qorusun bizi hər zaman. Ay mənim xəyalım, arzum, muradım, Bax sənə nə deyir şeirlə adın
Əbədi birlikdə xoşbəxt olaq biz, Yaradan əliylə tez qovuşaq biz!

Şeir Atabəyin adının baş hərflərinə yazılmışdı. Çox güman ki, elə şəkildəki qız yazıb, Türkan düşündü. Qısqanclıqdan nəfəsi təngidi, o, Atabəydən bu şəkillər haqqında soruşmaq istəməsə də özünü saxlaya bilmədi. Onu da bilirdi ki, Atabəy ondan heç nə gizlətməz, əlbəttə, bu olmuş-bitmiş bir hekayə idi, belə olmasaydı Atabəy bu şəkilləri açıqca evdə saxlayardımı? Türkan Atabəyə məktəb şəkillərinə baxdım deyəndə Atabəyin heç ifadəsi dəyişmədən ona:
– Nə yaxşı? Heç bilmirəm hardadı onlar, anam hara qoyubsa çoxdandı görmürəm.
Cavab çox adi idi. Türkanın ürəyindən idi. Onun sözlərindən ürəklənən Türkan cavab verdi ki:
– Hə, onlar albomların içində yox, sənin kitablarının arasında idi. – O bir az düşünüb təbəssümlə, amma hiyləgərlik qarışıq təbəssümlə, – səninlə çoxlu şəkilləri olan bir qız var, kimdi elə o?
Atabəy əvvəlki səs tonunu pozmadan:
– Səmranı deyirsən yəqin.
– Adı Səmradı bu qəşəng qızın? – deyib Türkan əlindəki şəkli ərinə göstərdi.
Atabəy şəklə baxanda istər-istəməz onu gülmək tutdu. Xoşbəxtlikdən Türkan onu kədərə bürüyən anlamlı şəkillərdən göstərməmişdi, əlbəttə, o istəməzdi Türkanın ürəyinə xal düşsün ki, Atabəy kimisə unuda bilmir.
– Bu şəkil tamam yadımdan çıxmışdı, – deyib gülə-gülə,
– burda Səmra mənim gödəkcəmi, ayaqqabımı geyinib əl çəkməmişdi ki, şəklini çəkim, mən də çəkmişdim.
Şəklə baxıb ər-arvad ikisi də güldü. Atabəy bu mövzuda hamilə arvadını üzəcək ən xırda açıq belə vermədi. Uşaqlıqda bu qızdan xoşu gəldiyini, məktəbdən sonra da hər kəs öz yoluna getdiyini qısa nağıl etdi və susdu. Fərqli bir susqunluq idi, o gecə başqa heç nə danışmadı Atabəy – nə Səmra deyilən o qızdan, nə də adi gündəlik mövzulardan. Türkan da heç bir sual verməmişdi. Atabəyin bu mövzuda danışmaq istəmədiyini, həm də Türkanı üzməmək üçün danışmaq istəmədiyini anlamışdı. Bu üzdən də o şəklin arxasında yazılmış şeir haqqında ərinə heç nə demədən şəkli alboma qoymuşdu. Türkan ağıllıydı, ərinin danışmaq istəməməsindən bilmişdi ki, əslində danışılası söz çoxdu. Duyğular aşıb-daşanda sözlər yoxa çəkilər, insan susqunlaşar. Və Türkanın daha artıq üstündə durmadan bu söhbətin üstündən ötüb keçməsi, heç nədən alınmaması Atabəyin xoşuna gəlmişdi. Bu, qadınların hikməti, kişilərin sadəlövhlüyü idi... Şəkil məsələsindən bir neçə ay sonra həmin qızı oteldə görməsi və bu görüşdə ərinin necə dəyişdiyinin şahidi olması, ərinə söyləməsə də, onu çox yaralamışdı. Beş gün idi ki, oteldəydilər, o ərini otaqdan çıxara bilmirdi, otaqda oturub televizora baxır, ya da jurnal oxuyurdu. Amma Səmrayla qarşılaşan anadək Atabəy heç otağa gəlmək istəmirdi. Axşam otağa gələndə də eyvanda qalmışdı gecə yarıya qədər. Bu dəyişkənlik Türkanı nə qədər incitsə də özünü o yerə qoymur, əksinə, zarafata salırdı ki, mənim suyum sənə sıçrayıb yəqin, sən də artıq havasız dura bilmirsən. Türkan hamiləliyin 7-ci ayında idi, havasız yerdə çox qala bilmirdi. O, Səmragili ilk gördüyü an bu qızın şəkildəki qız olduğunu və əri üçün sıradan biri olmadığını həmin dəqiqə anlamışdı. Atabəyin arxayınlığının əlindən getməsi, gərgin, əsəbi hərəkətləri, onlardan ayrılandan sonra restoranda nahar edərkən kimisə axtarırmış kimi gizlingizlin ətrafa boylanması Türkanın gözündən qaçmadı. Hələ Səmranın bu qarşılaşmaya özünü nə qədər sıradan, adi yanaşırmış kimi göstərməsi də onun nəzərindəydi. Əlbəttə, bu saxta saymazlığın içində gizlənən həyəcanı Türkan qadın gözü ilə dərhal anlamışdı. O özünü nə qədər sakit aparmaq istəsə də alınmadı. Bəlkə də adi vaxt olsaydı heç nə büruzə verməyib diplomatiya işlətmək olardı, o gecəni heç nə söyləmədən yatsa da hamiləlik həssaslığındanmı, ya da Türkanın indiyə qədər qarşılaşmadığı hal olduğundanmı, səhər yuxudan durub Atabəyi otaqda görməyəndə eyvana çıxdı, Atabəy onu görən kimi üzünün tutqunluğunu görüb:
– Necə yatmısan? Özünü pis hiss etmirsən ki? – desə də Türkan onun sualını cavabsız qoyub tamam başqa sual verdi:
– Mən bildim o şəkildəki qızdı, mən hiss edirəm ki, bu sən dediyin qədər uşaqlıq sevgisi olmayıb, nəsə ciddi bir şey olub ki, sən onu görəndən bu hala düşübsən, düzmü düşünürəm? – deyib ərinin gözlərinə baxdı.
Atabəy Türkanın üzünə baxdı, arvadının əzab çəkdiyini, dediyi sözləri gecədən “deyim-deməyim” deyə fikirləşdiyini onun gözlərindən oxudu. Arvadına hamilə vaxtı belə əzab verdiyi üçün xəcalət çəkdi. Arvadı ağıllıydı, bununla belə, Atabəy düşündü ki, hələ nə yaxşı Türkan onun hisslərini az anlayıb. O, Atabəyə hələ də başqasını sevdiyini dilinə gətirməmiş, yalnız keçmişdə ciddi nəsə olduğunu demişdi. Atabəy Türkanı incidəcək heç bir söz deməməliydi, xüsusilə belə bir həssas dönəmində, hamiləykən onun hansısa kədərinə səbəb olmamaq üçün Atabəy hər şey verərdi, bir də hansı kişi arvadına cəsarətlə “hə, düzdü, mən ilk sevgilimlə çox ciddi şeylər yaşamışam və hələ də unuda bilmirəm” deyə bilərdi ki? Ağlı başında olan hər bir kişi arvadını itirməmək, qəlbini qırmamaq üçün gərəkirsə yalan da danışar. Yalan danışmaq, yaxud düzünü gizləmək, nə fərqi var, eyni şeydi. Əsas odur ki, səni sevən bir qadının ümidlərini məhv etmirsən, və Atabəy, təki Türkan ürəyinə heç nə salmasın düşüncəsilə ona baxıb:
– Gör nəyi ürəyinə salırsan, lap uşaqsan ki... – deyib Türkanı qucaqladı.
Türkan ona qısılıb:
– Yox, mənə elə gəldi ki, sən özünü itirdin... – demək istəyirdi ki, Atabəy ona sözünü bitirməyə macal verməyib:
– Bilirsən, adam illər keçdikdən sonra sinif yoldaşını, müəllimini, görəndə istər-istəməz fərqli hisslər keçirir. Ümumiyyətlə, insan tələbəlik illərinin xatirələrindən bir ömür qurtula bilmir, xatirələr göz önündə canlanır. Mən də Səmranı görəndə çox şeyi xatırladım, axı mən məktəbdə oxuyanda ailəmizin ən həssas vaxtları idi, az-çox danışmışam sənə, həyatımın ən çətin günləri idi o günlər... – o, arvadına baxaraq danışırdı, sanki hər cümləsində onun etirazını gözləyirdi, – Səmra da mənə çox yaxın idi o vaxtlar, o üzdən də bir az dalğınlaşdım onu görüb, amma sən düşündüyün sevgi-məhəbbət bu artıq müzakirə mövzusu belə ola bilməz. Belə şeylərlə qanını qaraltma, məni də üzmə...
– deyib arvadına mehriban nəzər saldı. Atabəy elə danışırdı ki, danışadanışa nəinki Türkan, elə özü də Səmranın qəlbindəki yerinin kiçikliyinə inandı.
Səmra oteldən ayrılanda nə qədər arzulasa da Atabəygili görməsin, qarşılaşdılar, Rəşad qeydiyyat işlərini görəndə Səmra restoranda oturub çay içərək onu gözləyirdi, çamadanları hazır idi, qeydiyyat işləri qurtarsın, artıq gedirdilər. Səmra müəyyən qədər sakitləşmişdi... Tez bir zamanda burdan çıxıb gedəcəyini fikirləşmək ona özünü daha yaxşı hiss etdirirdi. O, soyuq nəzərlərlə ətrafa baxırdı. Fərqli insanlar varıydı, rəsmi geyimli kişilər, bərli-bəzəkli xanımlar, xoşbəxt görünüşlü gənclər. Səmra onlara baxdıqca müxtəlif fikirlərə dalıb, bu tanımadığı insanların taleyini düşünməyə başladı. Əzabın üstünü örtüb heç bir şey yoxuymuş kimi görünən nə qədər insan var. Allah bilir ürəklərindən nələr keçir bu insanların, bəlkə də elə bax bu mənim qarşım da oturan qəşəng xanım, elə bir bədbəxtlik yaşayıb ki, bu bədbəxtliyi heç xəyalına da gətirə bilməz insan. Kimin alnına yazılıb ki, mən bu dərdi çəkirəm, ya hansısa dəhşətli sirri daşıyıram. Kim bilə bilər ki, burda nə qədər yaralanmış qəlb, nə qədər ağrı var. Həyatının qızıl anının ötüb keçdiyini anlayan, itmiş xoşbəxtliyinin əzabını daxilində gizləyib, zahirində saxta həyəcan, saxta gülüşlər göstərən nə qədər insan var. Bax elə mən özüm son dəblə geyinmişəm və Türkiyənin ən bahalı otellərindən birindəyəm, tanınmış ailənin qızıyam, yaraşıqlı müasir ərim var. Hə, əlbəttə, bu, nankorluq olardı, Allah mənim qarşıma tərbiyəli, təhsilli, anlayışlı, məni sevən, hər kəsin arzulayacağı bir ər çıxarmışdı. Həqiqətən kənardan hər şey elə xoşbəxt görünürdü ki... bəlkə də elə görünmək və olmaq eyni şeydi? Bəlkə də əslində xoşbəxtiydi, sadəcə, çatışmayan onun bu xoşbəxtliyi anlayıb dərk etməsiydi...
Elə bu vaxt, Atabəy və Türkanın restorana girişi onu fikirlərdən ayırdı, onlar yaxınlaşdıqca Səmranı həyəcan bürüyürdü. Səmra hiss etdi ki, Atabəy Səmraya yox, yerdəki çamadana baxır, və bu an onun tutulduğu Səmranın nəzərindən qaçmadı, salamlaşdılar, söhbət əsnasında Atabəyin üzü elə bir ifadə almışdı ki, nə Türkan indiyə qədər Atabəyin üzündə belə bir ifadə görmüşdü, nə də Səmra. O, az qala ağlayacaqdı... Səmra nə qədər həyəcanlı olsa da zahirən özünü təmkinli apara bildi, amma bu əzablı dəqiqələr uzanmamalıydı, yoxsa lazımsız vəziyyət yarana bilərdi. Bu üzdən də Səmra bir-iki kəlmə ilə xudahafizləşib onların yanından ayrılaraq, qeydiyyata tərəf – Rəşadın yanına getdi, nə Atabəy ondan niyə tez getdiklərini soruşdu, nə də o bu ani gediş haqda danışdı. Bir də ki, əməllər sözlərlə üst-üstə düşəndə sözə heç gərək də qalmır. Səmra gedirdi. Atabəy arxasınca elə həsrətlə baxırdı ki, artıq gizləniləsi yeri yox idi bu həsrətin. Türkan anlasa da, anlamasa da o baxırdı... bu an onun üçün heç nəyin əhəmiyyəti yox idi, ancaq təkcə bu an üçün, sabah yenə hər şey həmişəki kimi olacaqdı, arvadının xoşbəxtliyi üçün əlindən gələni edəcək qayğıkeş ər, doğulacaq övladı üçün ən yaxşı ata olacaqdı. İndi isə hər şey başqaydı. Türkan ərinin baxışlarını görüb ürəyi parçalanırdı, bilirdi ki, Atabəy ona heç vaxt belə həsrətlə baxmayıb, baxmayacaq da. Bilirdi ki, onların yanından uzaqlaşıb gedən bu gənc qadın heç bir qızın bacarmadığını bacarmışdı. Atabəyin qəlbini öz varlığı ilə doldurmuşdu. O, təbiətcə ərini hər kəsdən yaxşı tanıyırdı. Atabəy gözü orda-burda olan kişilərdən deyildi. Yalnız indi ona aydın idi ərinin səbəbsiz kədərinin, qaradinməzliyinin, zamanzaman dalğınlığının səbəbi. Əlbəttə, bu qadının öz ailəsi, öz həyatı var idi. Atabəy onu yalnız xəyallarında yaşada bilərdi. Ancaq xəyalla mübarizə etmək ən pisidi, heç kimin xəyallarında yaşatdığı birinə qalib gəlmək olmaz!.. Türkanın bu düşüncələr içində gözləri yaşardı, ərindən gizləmək üçün fikirlərini həyatındakı dəyərli şeylərin üzərinə yönəltməyə çalışdı. Əlbəttə, Atabəy onun idi, iki aydan da az müddətə doğulacaq körpəsinin atası idi. Amma bütün bunlara baxmayaraq o bu an Səmranı özündən xoşbəxt hesab edirdi.

Müəllif: Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri