Xoşbəxtlik həsrəti (2-ci bölüm)

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 9 525
Səs ver:
(səs: 3)
Toy günlərindən düz iki ay keçmişdi. Bu iki ayda Sevinc Vahidə alışmışdı. Ona hörmət edir, sözünü tərəddüd etmədən yerinə yetirirdi. Elə Vahidin ailəsinə də alışmışdı. Qaynatası xəstə yatağında olsa da, ona da qulluq etməyi özünə bir övlad borcu hesab edirdi. İki baldızı vardı. Biri ailəli, 3 uşaq sahibi idi. Gec-gec gələrdi. Digər baldızı isə ailə qurmamışdı. Çünki həmişə bir sözü deyib dururdu : "Mən həyatımda bir dəfə sevənlərdənəm." Bəli, baldızı illər əvvəl sevdiyi insanı itirdiyi üçün daha evlənmək barədə nə düşünmür, nə də kiməsə düşünməyə qoymurdu. Qaynanası Zəminə xanım çox zəhmli qadın idi. Sevinci ilk gördüyü andan bəyənməsə də, biruzə verməzdi heç zaman. Sanki yeganə oğlunu ona qısqanırdı. Paylaşa bilmirdi.

Vahid də xasiyyətcə mehriban, deyib gülən, şən oglan idi. Hələ əsgərlikdən qayıdandan Rusiyaya işləməyə getmişdi. Bu neçə illər ərzində özünə həm vətəndaşlıq, həm də yaxşı iş qazanmışdı. Kiçik fabriki vardı. Bütün günü telefonda asılı qalırdı. Sevinc də buna bir o qədər əhəmiyyət verməzdi. Çünki varlığı ilə kimsənin həyatının dəyişməyini istəmirdi.
Qaynatası Veysəl kişi artıq Sevinci doğma qızı kimi çox istəyirdi. Hətta dəfələrlə olmuşdu ki, Sevinc təkbaşına ona qulluq edirdi. Suyunu, yeməyini, çayını canla başla verirdi. Atasını itirdiyi andan bu günə kimi ilk dəfə idi ki, ata qayğısı, ata sevgisi hiss edirdi. Bunu o da hiss etmişdi. Sevinc üçün elçi gedə bilməsə də, onu gəlinlikdə gördüyü andan qızı kimi sevmişdi. Hər gün mehribancasına söhbətlər edər, ona həyatından, zəmanədən, bu yaşına kimi yaşadıqlarından, gördüklərindən danışardı. Günlərin bir günü elə evdə ikisi idi. Veysəl kişinin vəziyyəti çox ağır olsa da, Vahid Rusiyaya iki günlüyə getmişdi. Qaynanası Zəminə xanım isə bacısının oğlu üçün keçirdiyi xeyir işdə idi. Baldızı da iş yerində. Yəni Sevinc kimsəni köməyə çağıra bilmirdi. Tək güc onun çiyinlərinə düşdü. Qaynatasının üzünün rəngi heç xoşuna gəlmirdi. Bu iki ayda ona elə alışmışdı ki, "İlahi sən onu bizlərə çox görmə"- deyərək qəlbində yalvarmağa başladı. Tez telefona əlini atıb baldızını, qaynanasını çağırdı. Hər ikisi də dedilər ki, "Bu saat gəlirik". Amma artıq yarım saat keçmişdi, kimsə gəlmirdi ki, gəlmirdi. Sevinc Veysəl kişinin nəfəs almasının belə normal olmadığını hiss edirdi. Sanki bir an içində doğma atasını yenidən itirirmiş kimi bərkdən ağlayırdı.
Qapı zərbə ilə açıldı. Zəminə əlində çantası özünü güclə saldı evə. Gördüyü mənzərədən isə gözləri dəhşət içində böyüdü. Bəli, artıq Veysəl kişi canını tapşırmışdı. Qaynatasının əllərini bərk-bərk sıxan Sevinc isə hönkür-hönkür ağlayırdı. Artıq bir il keçmişdi o gündən. Amma nə Sevinc unudurdu o günü, nə də unutmağa qoyurdular. Zəminə xanım hər gün onu günahlandırırdı. "Evimizə bədbəxtliyi sən gətirmisən, ayağın ağırdı!" deyirdi. Elə baldızı Firəngiz də ondan geri qalmırdı. Sağa keçirdi bir söz, sola keçirdi bir söz eşitdirirdi.
Bu bir ili o qədər çətinliklə yaşamışdı ki, bir Allah bilirdi. Vahidə heç zaman evdəki söz-söhbətləri deməzdi. Gizlədərdi ki, evdən soyumasın. "Yoldaşının əzizləri, mənim əzizlərimdir"- deyərək özünə təsəlli verirdi. Hətta anası ilə bir aydan bir zəngləşəndə ondan da gizlədirdi. İçində çəkirdi bütün dərdini. Hətta bir gün Arifə qəfl zəng etmişdi onlara. Telefonda Sevincə:
--Sevinc, necəsən? Ay qız deyirəm getdin şəhərliyə, daha bizləri sayıb eləmirsən. Niyə gəlib getmirsən? Anandan eşitdim uşağın yoxdur, bəs niyə?
Sevinc bu zəngdən təsirlənmişdi. Düşünmüşdü ki, Arifəyə dərdini desə anlayar, ona təskinlik verər. Amma Arifənin kinayəli sözlərinə görə ona etibar etmədi sirrini. Sadəcə "yola verdi" və dəstəyi asdı. Çox çətin il yaşamışdı. Bir yandan da uşaq olmaması onu incidirdi. Hər gecə yerinə uzananda ilk düşündüyü də bu idi: "Görəsən, mən sonsuzam?"
Evdə vəziyyət hər ay daha da pisləşirdi. Vahid də ayda bir dəfə yox, ayda 3 dəfə Rusiyaya gedirdi. Gedəndə də bir həftə qalırdı. Yəni hər ayın cəmi bir həftəsi Vahidlə keçirdi. O yanında olanda evdə kimsə Sevincə güldən ağır söz demirdi. Əksinə onu mehribancasına nəyəsə buyururdular. Sevinc də hər dəfəsində: "Vahid heç nədən narazı qalmasın" deyib içini yeyib qurtarmışdı. Artıq toylarından iki il keçmişdi. Bu iki ildə Dilarə qızını cəmi 3 dəfə görmüşdü. O da təsadüfən Vahid gedib onu gətirmişdi. İki gün qızının yanında qalıb ona doymadan yenidən gedərdi kəndə. İstəmirdi ki, ona görə qızının evinə söz-söhbət düşsün. Hamı mehriban olsun istəyirdi. Hətta bir dəfə Zəminə xanıma "Sevinci deyirəm bir həkimə aparaq müayinə etsin. Bilək görək nədəndir uşaq olmamağı" deyəndə Zəminə xanım az qalmışdı əlindəki stəkanı nəlbəkiyə yox, elə bir başa Dilarənin üstünə atsın.
--Yoxlanmalı heç nə yoxdur. Hər şey açıq aydın göz qabağındadır. Gün gələr o da olar Allahın köməkliyi ilə... - deyib söhbəti bağlamışdı.
Əslində Zəminəyə elə bu da lazım idi. O istəyirdi ki, tezliklə Sevinc ata evinə qayıtsın. Uşağın olmamağı onu incitmirdi, əksinə əmin idi ki, Vahidlik deyil. Çünki Vahidin Rusiyada evli və iki qızı olduğunu bilirdi. Buna görə arxayın idi ki, Sevinc sonsuzdur. Dilarə özü də beş il Sevincin arzusunda olmuşdu. Övladı olmamaq nədir yaxşı bilirdi. Qızının nələr yaşadığını da, nələr hiss etdiyini də başa düşürdü. Elə Sevinci o vəziyyətdə görməsin deyə tezliklə kəndə qaıtmışdı. Anasının son gedişindən düz 2 ay keçmişdi. Sevinc telefonu götürüb Vahidə mesaj yazdı. Amma tezliklə cavab olaraq ona mesaj gəldi. Açdı və rus dilində nəsə gördü. Çox heyf ki, bu dili Sevinc bilmirdi. Amma əmin idi ki, Vahid həmişə ona "tezliklə gələcəm, işlərimi qaydasına salım gələcəm, ya da ki fabrikdə ciddi problemlər var hələ bir neçə gün də qalacam" kimi mesajlar yazardı. Ona görə Sevinc arxayınlıqla telefonu Zəminə xanıma uzatdı. Xahiş etdi ki, Vahidin rus dilində yazdıqlarını tərcümə etsin. Zəminə xanım da "fürsətdir düşdü əlimə, onsuz da rus dilini bilmir. Nə biləcək düz tərcümə etdim ya yox." düşündü.
-- Qızım, Vahid burda yazıb ki, mən daha burda qalacam. Və burdakı ailəm, uşaqlarım səndən dəyərlidir. Sən də tezliklə get atan evinə. Məni də unut.
Sevinc Zəminə xanımın "oxuduqlarına" inana bilmirdi. "Yəni Vahid belə yazıb?" Əvvəlcə heç etmədiyi bir zarafat kimi düşündü. Sonra bir an içində həyatı alt-üst oldu. Zəminə xanım ona həqiqəti dedi:
-- Bəli, Sevinc, Vahid 24 yaşında orda evlənmişdi. Nadejda adlı yoldaşı var. Mənə şəklini göndərmişdi. Mən də demişdim ki, rus-mus mənlik deyil. Öz millətimizdən olsun gəlinim. Bax onda o da acığıma evləndi. Sonra iki ekiz qızları oldu. Sveta, Sima -şirin baladılar. Albomda var ey şəkilləri. Dayan göstərim.
Zəminə xanım termoya yaxınlaşıb kiçik albom çıxartdı. Sevinc həmin albomu evi yığışdıranda görmüşdü. Amma heç zaman başqasına aid bir şeyə baxmadığı üçün, bu alboma da baxmamışdı. Amma halbuki, Zəminə xanım albomu göz qabağına qəsdən qoymuşdu ki, Sevinc görsün. Zəminə xanım sanki qonşu oğlundan və qonşu qızından danışırmış kimi elə sakit və soyuq idi ki. Albomu da rahatlıqla açıb verdi Sevincin əlinə. Dedi:
-- Bax bu Nadejdadı. Toylarında çəkiblər.
Sevinc gəlinlik içində olan sarışın xanımı gördü. Vahidi də üzündə təbəssüm, əynində bəyliklə...
-- Bax bu da Nadejda ilə bal ayında olanda çəkdiriblər. Antalyaya getmişdilər.
Sevinc yenə Vahidin yanağındakı təbəssümü və Nadejdanı necə qucaqladığını gördü.
--Bax bu da ekiz nəvələrim. - Zəminə xanım elə ağız dolusu danışırdı ki, sanki qarşısındakı insan deyil, cansız əşyadır. Sevinc uşaqlara da baxdı. Bəli, şəkildəki uşaqlar

Vahidə çox bənzəyidilər. Albom uşaqların doğum evində, 6 aylığında, 1 yaşlarında, və başqa-başqa yerlərdə Vahidlə və Nadejda ilə birlikdə çəkilmiş şəkillər ilə dolu idi.
-- Yəni qızım, artıq özün də uşaq deyilsən. Başa düşürsən ki, Vahidim nə zamana kimi sonsuz biri ilə yaşamalıdır? Onun o Nadejdaya yenidən qayıtmasına sən səbəb oldun. Vaxtında uşaq versəydin ona, o da orda burda olmazdı.
İlk dəfə idi ki, Sevinc özündən çıxdı:
-- Necə yəni? Mənəm günahkar? Onun evli olduğunu gizlədən sizlər deyilsiz? Bu vaxta kimi məni fil qulağında yatızdıran, həkimə gedək deyəndə ağzımdan vuran siz deyildizmi? Kimdir burda günahkar olan? Bilirsiz nə var? Əgər Vahid kişi kimi o da xanımının yanında olsaydı, onda uşaq da olardı....
Sevinc özü də anlamadı nə etdiyini. Bircə onu bilirdi ki, Vahid onun deyildi. Və daha bu evdə heç bir şeyin dəyəri qalmamışdı. Tez otağına getdi. Zəminə xanım da iki illik gəlininin ilk dəfə onun sözünün qarşısına söz deməsini uda bilmirdi. Tez Vahidə qısa-qısa zəng edirdi. Nəhayət Vahid zəng etdi:
-- Ana nə olub, nəsə vacib işdir?
-- Hə bala, sənin bu arvadın özündən çıxıb. Sizin Nadejda ilə olan albomunuzu tapdı. Bayaqdan mənə demədiyini qoymayıb. Elə bil məcbur gətirmişəm bunu bura. Bax, sənə deyirəm o qız bu evdən gedəcək. Onsuz da sonsuzdur. Nəyinə lazımdır, ay bala. Qoy getsin. Sən də özünə başqasını taparsan. O da gəncdir, gedər evlənər biri ilə. Tutmayaq burda. Madam ki, sənin evliliyini qəbul etmək istəmir daha özü bilər. Bizə də gülə-gülə demək düşər.
Vahid bir an içində anasının dediklərini nə dərk edə bilirdi, nə də özü nəsə düşünə bilirdi. Amma çox qəzəblənmişdi. Buna görə də anasına dedi:
--Hanı o? Ver telefonu ona.
Zəminə xanım otağın qapısını çırparaq açdı. Telefonu yatağa ataraq "Al, ərin zəng edir" dedi.
--Alo, Alo, Sevinc!
--Vahid bütün bunlar nə deməkdir?
--Sən kimsən ki, məndən haqq-hesab soruşursan?
--Necə yəni kiməm? Mənəm Sevinc, eşidirsən?
--Lap yaxşı, eşidirəm. Qulaq as, tez ol anamdan üzr istə. Evliyəm sənə nə? Guya bilmirsən ki, burda işi gücü olan, vətəndaşlığı olan evli olur? Bilmirsən, ay axmağın qız? Atamı bezdirdin öldü, indi də anama keçmisən?
--Vahid, sən nə danışırsan?
--Sənlə evləndiyim günə bir qara daş düşəydi. Gör, mən səni tanımamışam. Get atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut bizi. Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin.
Sevinc telefonda eşitdiklərinə inana bilmirdi. Bu nə deməkdir axı? Özü də "Nəyin var, götür get atan evinə!" deyib zəngi kəsməsi son nöqtə idi. Bəli, Sevinc o evə təkcə gəlinliklə gəlmişdi. Heç nəsiz. Indi də aparılası bir tək öz canı idi. Odur ki, gözünün yaşını silərək qapıdan çıxdı...

YAZAR: XƏYALƏ MURAD
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 9 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri