Çəhrayı zolaqlı varlıq (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 835
Səs ver:
(səs: 2)
Ertəsi gün səhər, Muradın səsi məni yuxudan oyatdıqda, ilk öncə qardaşımın çağırışını qulaqardına vurdum, ancaq təkrarlanan cümlədə Minarə adını eşidən kimi, yuxum aldadıcı duman tək, elə o andaca çəkilib getdi.

Əynimi geyinib, Muradı da qabaqlayaraq cəld şəkildə qapıdan çıxıb, hamam otağına keçdim. Qadınların səsi bu dəfə Elmira xanımın pasiyentlər üçün ayırdığı yan otaqdan gəlirdi. Sözə necə başlayacağımı götür-qoy edərək, güzgü qarşısında da on-on beş dəqiqəyə yaxın vaxt itirdim.

Nəhayət, kiçik otağa yaxınlaşıb əvvəl qapını döydüm, sonra isə dəstəyi burub, onu açdım.

- Hə, gəldin? – anamın dünənki həyəcanı hələ də keçməmişdi, odur ki, məni görən kimi qeyri-ixtiyari olaraq ayağa qalxdı – Keç, əyləş… – deyib özü də oturdu – Minarə xanım, bu mənim böyük oğlum Nicatdır. BDU-nun hüquq fakültəsinin üçüncü kurs tələbəsidir. – Elmira xanımın mənimlə necə fəxr etdiyi, ilk tanışlıqdan mənim harada təhsil aldığımı, qadına yersiz olaraq söyləməsindən açıq-aydın hiss olunurdu. – Nicat, Minarə xanımı isə, sən artıq qiyabi də olsa tanıyırsan.

- Hə, elədir. – deyib qonağımıza əl uzatdım – Bu kiçik xanımımız da, deyəsən Lalədir, eləmi? Tanış olmağımıza çox şadam.

- Mən də… – Minarə xanım güclə də olsa, gülümsəməyi bacardı…

Onun gülümsəyərkən nə qədər əziyyət çəkdiyini hiss etmək heç də çətin olmadı. "Görəsən, simasına bu qədər əzab cizgiləri həkk olunmuş bir qadın, həyatı boyu heç ürəkdən gülübmü?!” – deyə düşündüm.

Minarə xanımı mən elə bu cür də təsəvvür edirdim. Onun otuz beş yaşı ancaq olardı. İri, badamı qara gözləri aydın baxırdı. Şabalıdı, kəsik saçları isə çiyinlərinə tökülmüşdü. Üz cizgiləri düzgün idi, ancaq alt dodağının bir qədər sallaq olması, onun yeganə zahiri fərqliliyini nəzərə çarpdırırdı.

- Sizə mane olmadım ki? – söhbətə bu cür başlayacağımı əvvəlcədən düşünmüşdüm – Əgər hələ də nə isə danışacaqsınızsa, mən gözləyə bilərəm.

- Yox, ehtiyac yoxdur. – anam dərhal cavab verdi – Biz də elə səni gözləyirdik. Minarə xanıma hər şeyi danışmışam. O, səninlə məsləhətləşməyə razıdır.

- Lap yaxşı… – özünə güvəncli insanlar tək gülümsədim – O zaman Elmira xanım, sizdən bir xahişim olacaq. Zəhmət olmasa, Lalə ilə siz yan otağa keçin.

Anam heç bir kəlmə söz demədən Lalənin əlindən tutub, otaqdan çıxdı. Mən isə anamın bayaq oturduğu yumşaq qoltuğa keçdim. İndi Minarə xanım mənimlə üzbəüz oturmuşdu.

- Mənimlə məhz nə haqda danışmaq istəmisiz? – qadın söhbətə birinci başladı – Buyurun, nə sualınız varsa, verin.

- Hələ ki, elə bir konkret sualım yoxdur. – deyə cavab verdim – Siz əhvalatı başdan danışın, mənim nə sualım olsa, dərhal verəcəyəm.

- Axı, Elmira xanım deyir ki, siz əhvalatdan xəbərdarsınız?

- Anam düz deyir. O, mənə bəzi məsələlərdən bəhs edib, amma mən başınıza gələnləri, ögey qızınız Lalənin olmadığı şəraitdə bir daha eşitmək istəyirəm.

- O, otaqda qalsa da olardı. – qadın çiynini çəkdi – Lalənin burada olub, ya olmaması heç nəyi dəyişməyəcəkdi.

- Siz məni düzgün başa düşmədiniz. – Minarə xanımın nəyə görə belə düşündüyünün əsl səbəbini bilmədən dedim – Mən əminəm ki, dünən anama da əhvalatı elə olduğu kimi danışmısınız.

- Siz mənə kömək edəcəksiniz?

- Bacardığım qədər, hə… Amma ilk öncə siz mənə hər şeyi gərək lap əvvəldən danışasınız. Məsələn, bu ailəyə necə düşdüyünüzdən başlayın.

Minarə xanım bir dəqiqəyə yaxın susdu. Sanki söyləyəcəyi ifadələrin ardıcıllığını qoruyaraq, onları beynində yerbəyer edirdi. Mən isə səbrlə gözləyirdim.

- Nərimanla dörd il bundan qabaq ailə qurmuşduq. – nəhayət, qadın dilə gəldi – Övladımız dünyaya gəlmədiyindən, ilk həyat yoldaşım Faiqdən altı il idi ki, ayrılmışdım. V. kəndindəki uşaq bağçasında işləyirdim. Elə Nərimanla da orada tanış olmuşdum. O, Laləni hər gün bağçaya gətirib, sonra da gəlib aparardı.

- Çox üzr istəyirəm, demək siz Nərimanla tanış olanda, Mahirə hələ ki, həyatda imiş?!

- Hə, onda Mahirə hələ itkin düşməmişdi.

- Bir sual da verəcəyəm, amma məni düzgün başa düşün. Nəyə görə Laləni Mahirə yox, məhz atası bağçaya gətirirdi. Sizcə bunun səbəbi nə idi?

- Nə demək istədiyinizi anladım. – Minarə xanım gözlərini məndən qaçıraraq, gülümsədi – Siz düşünürsünüz ki, Nəriman ora hər gün mənə görə gəlirmiş?! Ola bilər ki, haqlısınız, amma onun başqa çarəsi yox idi. Mahirə həm də epileptik olduğundan, Nəriman onu heç yerə tək buraxmazmış…

Bu anda iki məqam diqqətimi cəlb etdi. Birincisi, dünəndən bu yana artıq Mahirənin iki xəstəlikdən əziyət çəkdiyini öyrənmişdim. Bu, özlüyündə çox maraqlı fakt idi. İkincisi də, Minarə xanımın, bəzən həkimlərin belə "epileptik” deyil, "epilipsik” deyə səhvən işlətdiyi termini doğru şəkildə səsləndirməsi idi.

- Bağışlayın, siz ali-təhsillisiniz?

- Yox, – qadın sanki utanaraq dedi – amma məktəbdə əlaçı olmuşdum. Sadəcə sonradan davam etdirə bilmədim. Səkkizinci sinifdə oxuyanda, anam iflic oldu, yatağa düşdü. Ona görə də dərslərimi bir kənara qoydum. Məktəbdəki son illərimin necə keçdiyini isə, heç xatırlamıram da… – Minarə xanım bu anda gözlərini döşəmədən ayırdı – Niyə soruşdunuz ki?

- Heç, davam edin…

- Bizim rayonda təhsilli insan çox azdır. Hətta adını belə yaza bilməyənlərə də rast gəlmək olar. Siz, mənim indiyədək rastlaşdığım yeganə ailəsiniz ki, bir evdən iki oxumuş şəxs var. – Minarə xanım özü də bilmədən səhv etdi – Bu, bizim əhatəmiz üçün təəccüblü haldır.

- Mənim rəhmətlik atam da ali-təhsilli idi. – bu an gec də olsa, düşündüm ki, gərək bunu heç deməyəydim – İndiki Tibb Universitetini bitirmişdi.

- Bağışlayın, bunu bilmirdim. – qadın məyus halda, sanki pıçıldadı – Allah rəhmətini əsirgəməsin.

- Amin! Cəmi ölənlər üçün, İnşallah…

- Çoxdan vəfat edib? – həmsöhbətim, ünvanladığı sonuncu sualın cavabını gözləmədən, azacıq gülümsədi – Yəqin ananızla da elə universitetdə tanış olublarmış?!

- Doğrusu, maraqlanmamışam… – bu an düşündüm ki, doğrudan da mənim bu haqda məlumatım yoxdur, çünki digər qadınlardan fərqli olaraq, vəfat etmiş həyat yoldaşı haqqında sentimental əhvalatlar danışıb ağlamaq, sızıldamaq, anamın xarakterinə xas deyildi – Nə isə, söhbətimiz yarımçıq qaldı – deyib, dərhal əsas mətləbə qayıtdım – Gəlin, davam edək…

- Səhv etmirəmsə, ailə qurduğum vaxta qədər baş verənləri danışdım. Sonra… – qadın əlini saçına çəkdi – Sonra Nərimanla evləndik.

- Bağışlayın, yenə sözünüzü kəsəcəm. Siz Nərimanla ailə quranda, Mahirə artıq neçə müddət idi ki, itgin düşmüşdü?

- Mahirə itgin düşəndən bir ay sonra, Nəriman mənə evlənmək təklifini etdi. Əvvəlcə razılaşmadım, amma sonra çox götür-qoy etdim və düşündüm ki, hələ həyat bitməyib və mən öz gələcəyimi qurmalıyam. Həm də, Nəriman təklifi ilə məni çox inandırdı. O dedi ki, "Lalın dilini anası bilər. Mən Laləni səndən başqa heç bir qadına etibar edə bilmərəm. Həm də artıq biri-birinizə öyrəşmisiniz. Sənə çətin olmayacaq.”

- Başa düşmədim… Yəni, Lalə doğrudanmı…

- Bəli, o, anadangəlmə qüsurlu olaraq doğulub, eşidib-danışa bilmir. Mən bu səbəbdən bayaq söylədim ki, Lalə otaqda qala da bilərdi.

- Anladım. Bəs, yazıb-oxuya bilirmi?

- Hə, dördüncü sinifdə oxuyur… Niyə soruşdunuz ki?

- Təbii ki, mən onunla da danışmalıyam.

- Mən lal dilini bilirəm. Sizə kömək etməyimi istəyirsiz?

- Çox sağ olun, amma mənim ona bir-iki sualım olacaq ki, onu da təklikdə verməyi düşünürəm. O, yəqin ki, hadisədən xəbərdardır?! Anasının itgin düşdüyünü bilir?

- Hə, bilir. Amma təkcə itgin düşdüyünü bilir, öldüyünü yox…

- Anladım… Demək, siz Nərimanla ailə qurmağa qərar verdiniz. Bəs, sonra nə oldu?

Minarə xanım bayaqdan tələskənliklə cavablandırdığı suallarımdan fərqli olaraq, bu dəfə bir az duruxdu. Hiss olunurdu ki, ona bu haqda danışmaq çox çətindir.

- Nərimanla ailə qurduğum zaman çox xoşbəxt idim. – o, asta səslə dedi – Ancaq elə biz evlənən kimi, Nərimanda qəribə qorxu hissləri yaranmağa başladı. O, bəzən həyətdən səs gəldiyini eşidirdi və az qala ən kiçik səs də onu qorxudurdu, amma sonra bir müddət bu qorxunc hadisələr səngidi. May ayında qızımız Nigar doğulanda, sanki bütün dünyanı mənə bağışladılar. Eləcə də Nəriman… O da çox sevinirdi. Ancaq bu dəfə də xoşbəxtliyimiz uzun çəkmədi. – qadın azacıq ara verib, boğazını arıtladı – Bir müddət sonra, Nərimanın vəziyyəti tamamilə korlandı, yatağa düşdü…

- Niyə?

- Bərk qorxmuşdu… Bu haqda danışanda, məni də vahimə bürüyür. Gecə yenə də bağdan səs gəldiyini eşidib, pəncərəyə yaxınlaşıb… Sonra otağın işığını yandırıb, məni yuxudan oyatmışdı. Rəngi ağapağ idi. Mən nə olduğunu soruşdum. Dinmədi… Elə bil dili tutulmuşdu. Mən bir də soruşdum, amma o, mənə cavab verməyib, birdən həyətə qaçdı. Mən də onun arxasınca getdim. Qoluna girib, evə gətirdim. O, nədənsə evə girməyə çox qorxurdu, amma güclə onu razı sala bildim. Divana uzandı, mən də ona mətbəxdən bir stəkan su gətirdim. Bir az özünə gələndə, bir daha nə olduğunu soruşdum, yenə cavab eşitmədim. Nəhayət, dördüncü dəfə təkrarladığım suala səsi titrəyə-titrəyə cavab verdi.

Minarə xanım, bu an yenə də söhbətini saxladı. Sanki, mənim həlledici sualımı gözləyirdi.

- O, nə görmüşdü? – bir qədər qabağa əyilərək, asta səslə soruşdum.

- O, dedi ki… – qadın gözlərimin içinə baxaraq, eyni səs tonu ilə pıçıldadı – Dedi ki, bağda, çəhrayı zolaqlı paltar geymiş bir insan görüb…

Qadının son sözündən sonra, bədənim ürpəşdi. Düşüncə mövqeyimi hələ ki, dəyişməsəm də, artıq anamın keçirdiyi vahimənin yersiz olmadığını anlayırdım. Özümü yumşaq qoltuğun söykənəcəyinə atıb, uzun müddət dinmədim.

- Mahirənin sağ olmasına inanırsız? – nəhayət, üç-dörd dəqiqəlik sükutu pozdum.

- Siz Mahirənin itgin düşən vaxt, məhz o geyimdə olduğunu bilirdiz? – Minarə xanım heyrətlə soruşdu, amma üz cizgiləri qəfildən dəyişdi – Hə, hə… Axı, mən bu haqda ananıza danışmışam. Mən Mahirənin sağ olmasından çox, başqa şeyə inanıram.

- Nəyə?

- Mahirənin ruhunun varlığına…

- Yaxşırın, görək. – istehzalı gülüşlə ayağa qalxdım – Bu, gülməli səslənmir?!

- Bəs, sizcə o yaşayır?

- Böyük ehtimalla, yox… – yenidən qoltuqda əyləşdim – Hər halda, bir epileptikin nəzarətsiz şəraitdə yaşaması inandırıcı deyil.

- Bəs, evimizdə, bağımızda dəfələrlə görünən, qızımın və həyat yoldaşımın ölümünə səbəb olan nədir? – Minarə xanım doluxsunub, cib yaylığını çıxardı – Əgər Mahirə ölübsə, bəs bu, onun ruhundan başqa nə ola bilər?!

- Sizi incitmək istəməmişdim. – az öncəki istehzalı gülüşümə görə üzr istədim – Buyurun, davam edin. Sonra nələrin olduğunu danışın.

- Nərimanın o hadisədən sonra vəziyyəti çox dəyişdi. – qadın bir neçə anlıq sükutdan sonra, incik səslə dedi – İki ay sonra isə, siz inanmadığınız həmin o varlığı evdə gördü. Onlar gecə ikən biri-birini dəhlizdə uzaqdan da olsa, görüblərmiş. Nəriman qonaq otağına qaçanda, qorxudan huşunu itirmişdi. O yıxılanda, mən də bu səsə oyandım. Mənim halımı təsəvvür edirsinizmi? İki körpə uşaq, qarşımda yıxılıb, öldüyünü sandığım həyat yoldaşım, gecənin zülmət qaranlığı və vahiməli ev… Az qala, olmayan ağlımı da itirmişdim, amma Nərimanın yaşadığını, ayılaraq özünə gəldiyini görəndə, rahat nəfəs aldım. Nəriman bütün gecəni sayıqladı, nəhayət, səhər ayılanda, hər şeyi ondan soruşdum. O, deyirdi ki, çəhrayı zolaqları olan məxluğu, dəhlizin sonundakı pəncərənin qarşısında görüb.

- Ümumiyyətlə, Nəriman nə işin sahibi idi? Necə insan idi?

- Bir az kobud insan olsa da, xasiyyəti o qədər də pis deyildi. Özünə fikir verən, səliqəli insan idi. Əlini ağdan-qaraya vurmazdı. Rəhmətliyin ən pis xarakteri də bu idi. Ailəli olduğumuz üç-dörd ildə, evin bütün işini mən görürdüm. Özü Rayon Bələdiyyəsində çalışırdı.

- O, keçən il vəfat edib, eləmi?

- Bəli, keçən il… Üç gündən sonra, ili tamam olur.

- Sonra nə baş verdi? Davam edin…

- Sonrasını danışmaq mənim üçün çox çətindir, – Minarə xanım qaşlarını çatdı – amma danışacam… Nəriman keçirdiyi güclü stressdən sonra, xeyli müalicə aldı. Əvvəl Gəncəyə, sonra Bakıya getdi, ancaq sağalmadı. Nəhayət, onu S. kəndində yaşayan və kənd adamlarının az qala fenomen adlandırdığı MirHəmid adlı bir şəxsin yanına apardıq. Onun çox qeyri-adi bacarığı var. Siz onun haqqında eşitmisiniz?

- Çox az…

- MirHəmid söz verdi ki, Nərimanın yüksək həssaslığa malik qorxu instinktini normal hala gətirərək, onu sağaldacaq. Biz isə ayda üç dəfə, hər ayın birinci, ikinci və üçüncü onluğunun ilk günləri onun yanına getməyə başladıq. Nəhayət, qəbulunda olduğumuz dördüncü ayın ikinci onluğunda, onun evinə gedərkən, qapıdan içəri keçər-keçməz MirHəmidin halı dəyişdi. Biz nə baş verdiyini soruşduq, o isə bir müddət cavab verməkdən imtina edib, az qala bizi otaqdan qovmaq dərəcəsinə çatdı. Bizim israr etdiyimizi gördükdə isə, məcbur olub nə hiss etdiyini söylədi. – qadın azacıq ara verdi – O, dedi ki, sizdən ölüm qoxusu gəlir…

- Siz də buna inandınız?

- Təbii ki, ilk öncə yox… Amma iki gün sonra… – Minarə xanım bu an cümləsini yarımçıq qoyub, daha dözməyərək, ağlamağa başladı – İki gün sonra ki, bir yaşlı qızım Nigarın… – qadın yenə də davam edə bilmədi və hıçqırıq səsləri ilə cümləsini tamamladı – Bağışlayın, – deyib ovcunda sıxdığı yaylıqla göz yaşlarını sildi – bağışlayın, amma bu haqda danışa bilmirəm…

- Sizi başa düşürəm… – deyib, bir az ona tərəf əyildim – Əgər istəyirsinizsə, biz söhbətimizi sonra da davam etdirə bilərik.

- Xeyr, ehtiyac yoxdur. Bir az su içsəm, həyəcanım keçər. – deyə qadın mənə cavab verdi.

- Gözləyin, gəlirəm… – ayağa qalxaraq otaqdan çıxdım və bir-iki dəqiqə sonra su ilə geri qayıtdım.

Minarə xanım sudan bir qədər içib, bardağı jurnal masasının üzərinə qoydu.

- Çox sağ olun. – deyib, mənə təşəkkür etdi – Davam edək?

- Əgər siz istəyirsinizsə, buyurun…

- Nigar vəfat edəndən sonra, istəsək də, istəməsək də, MirHəmidə inanmağa başladıq. Artıq, tək Nəriman yox, mən də yaşadıqca bir o qədər qorxurdum. Çünki Nigar müəmmalı şəkildə ölmüşdü. Nərimanla mən isə, qızımızın ölümü haqqında fərqli təsəvvürdə idik. Nigar ölən gecə mənim yanımda yatmışdı. Mən də onun ölümündə özümü günahlandırırdım. Düşünürdüm ki, yəqin, gecə bilmədən onun üstünə çevrilmişəm, o isə nəfəs ala bilməyərək boğulub. Nəriman isə elə hey deyirdi ki, Nigarı boğan Mahirənin ruhu olub, o, bizdən qisas alır. Nəriman o hadisədən sonra, dəli kimi olmuşdu. Evdən diksinirdi, tək qala bilmirdi…

- Bu hadisədən sonra, siz MirHəmidin yanına yenə də getdinizmi?

- Hə, getdik… Davamlı olaraq. Nəriman getdikcə yaxşılaşırdı. Ancaq düz bir il sonra, hər şey yenə də dəyişdi. İlk öncə, Nəriman bağda həmin varlığı gördü. Həmin ərəfədə mən onu MirHəmidin yanına getməyə məcbur edə bilmədim. Nərimanın halını təsəvvür edə bilməzsiniz. O, az qala mənə yalvarırdı ki, təcili şəkildə evimizi sataq. Ancaq vaxt çatmadı. Həm də belə halda evimizə hansı ağılsız yaxın düşərdi?!

- Yəni mənziliniz bu qədər vahiməlidir? – deyə soruşdum – Mən o evi görə bilərəmmi?

- Əgər sizə maraqlıdırsa, təbii ki, görə bilərsiniz…

- O zaman, bu gün mən də sizinlə T. kəndinə gedəcəyəm. – qətiyyətlə dedim – Demək, Nəriman yenidən güclü stress keçirməyə başladı. Yeri gəlmişkən, siz MirHəmidin hər qəbulunda olduqda, ona nə qədər pul ödəyirdiniz?

- Hər seansa on şirvan verirdik… (Yüz min manat. Söhbət köhnə Azərbaycan manatından gedir – müəllif)

- Aydındır… – deyə bu məsələni kənara qoydum – Bilirəm ki, sizə bu haqda da danışmaq çox çətindir, amma soruşmaq məcburiyyətindəyəm. Həyat yoldaşınız necə vəfat etdi?

- O, qorxudan sanki dəli olmuşdu. Nigar yataq otağında ölmüşdü deyə, gecələr yan otaqdakı divanda yatırdı. Amma bunun heç bir xeyiri olmadı…

- Ekspertiza hansı nəticəyə gəldi?

- Nəriman boğularaq ölmüşdü və heç bir əl izi yox idi.

- Maraqlıdır… Çox maraqlıdır… Deyəsən, siz bərk yatırsınız?!

- Doğrudur… Həm də çox bərk yatıram. Elə ona görə də, Nigarın ölümündə özümü günahlandırıram. Düşünürəm ki, əgər həqiqətən mən onun ölümünə bais olmuşamsa, hər halda o, yaşamaq üçün çırpınıb, ola bilər ki, səs də çıxarıb, amma mən eşitməmişəm. Nərimanı isə eşitməyə bilərdim, çünki o, yanımda deyildi. Onu boğmaq gücünə malik olan varlıq isə, əvvəlcədən yataq otağının qapısını bağlamaqda çətinlik çəkməzdi.

Bu an, divardan asılan saata baxdım. Artıq otuz beş dəqiqə idi ki, söhbət edirdik.

- Minarə xanım, sizdən son olaraq bir şey də soruşum. – deyib, ayağa qalxdım – Qızınızla həyat yoldaşınızın ölümü arasındakı bənzərlik, sadəcə onların ölüm şəraitinin eyni olmasıdırmı? Yoxsa siz mənə daha nə isə söyləyəcəksiniz?

Mənim ayağa qalxdığımı görüb, Minarə xanım da yerindən qalxdı.

- Ən əsas və ən dəhşətli bənzərliyi, mən sizə bu gün, öz kəndimizdə göstərəcəyəm. – deyib bayaqdan mənim nəzərimdən yayınmış kiçik, qara rəngli çantasını əlinə götürərək, qapıya yaxınlaşdı – Məncə siz, ancaq o zaman Mahirənin ruhunun varlığına inanacaqsınız…

Minarə xanım artıq bir neçə dəqiqə idi ki, otaqdan çıxsa da, mən hələ ki, yerimdə duruxub qalmışdım. Etiraf edim ki, artıq T. kəndinə getməyi, əvvəlki tək istəmirdim…

Elmira xanım ilk öncə mənim T. kəndinə getməyimə razı olmasa da, onu birtəhər yola gətirdim. Naharı bizdə edib, saat ikidə qonaqlarımızla bərabər mən də evdən çıxdım. Hava çox gözəl idi. Qonşumuz Səbuhidən, bizi maşınla T. kəndinə aparmasını xahiş edən kimi, razılaşdı. Səbuhi həm mənim yaxın dostum idi, həm də biz, altı il bir sinifdə oxumuşduq. Onun rəhmətlik atasından qalma köhnə bir ağ "Jiquli”si vardı və bu maşın, onun kiçik ailəsinin "çörək ağacı” sayılırdı. Odur ki, mən haqlı olaraq qərar vermişdim ki, xeyiri yoldaşıma versəm, daha yaxşı olar…

T. kəndi bizim kəndin bir neçə kilometrlik məsafəsində yerləşirdi. Yolumuzun bir hissəsi, sıx ağaclıqlar içərisindən salınmış kələ-kötür avtomobil yolundan keçdikdə, sanki mənə elə gəldi ki, daha öncə buralara heç gəlməmişəm. Səbuhi sükanı döndərib, maşını bir qədər hamar yolla təpəaşağı sürdükdə isə, mənzil başına çatdığımızı yəqin etdim, çünki uzaqdan gözümə, bir-birindən aralı yerləşən evlər göründü. Yolun sağında isə, kiçik kəndin böyük qəbiristanlığı nəzərimdən yayınmadı.

- Çatdıq, eləmi? – deyə dostumdan soruşdum.

- Hə, bura T. kəndidir, – Səbuhi mənə baxmadan cavab verdi – amma sizə məhz hansı mənzil lazımdırsa, onu deyərsiniz…

- Minarə xanım, düz gedirik? – güzgüdən qadına baxdım.

- Hə, amma əgər mümkündürsə, qardaş burada, qəbiristanlığın qarşısında saxlayıb, gözləsin. – o, çantasını əlinə götürdü – Nicat bəy, mənimlə gedə bilərsiniz?

- Təbii ki… – deyib, razılaşdım və elə o andaca Səbuhi "Jiquli”ni yolun kənarına çıxarıb, saxladı.

- Lalə, sən maşında qal… – qadın nə demək istədiyini həm də əl işarəsi ilə qıza izah edib, avtomobilin qapısını bağladı – Gəlin, Nicat bəy… – deyə məni arxasınca çağırdı – Qızımla, həyat yoldaşımın ölümü arasındakı əsas bənzərliyi sizə göstərmək istəyirəm.

Mən, Minarə xanımla birlikdə, qəbiristanlığın kiçik girəcəyindən içəri daxil oldum. Bütün əhvalım korlanmışdı. Az öncəki meşənin insanda yaşam həvəsi oyadan yaşıllığından, quşların qulaqbatırıcı cəh-cəhindən sonra, cansıxıcı və rəngsiz qəbirlərə baxmaq, buranın sanki anlaşılmaz bir dərin ölüm sükutunda karlaşaraq, kiçicik bir sədaya belə həsrət qalmaq çox çətin idi…

Qadın məndən təxminən on addım qabaqda yeriyərək, qəbirlərin arası ilə sürətlə addımlayırdı. Biz, əlli metrə yaxın yol getdik. Nəhayət, Minarə xanım yanaşı yerləşən dörd məzarın qarşısında dayanıb, mənə tərəf baxdı. Bunlar, Nərimanın atasının, anasının, qızı Nigarın və özünün məzarları idi.

- Bu qəbirlər sizə nə isə deyir?

Mən bu sualı cavabsız qoymalı oldum. Gözüm Nigarın qəbrinin başdaşına həkk olunmuş fotoşəkildə idi. Etiraf edim, mən hələ ömrüm boyu bir yaşlı belə bir gözəl körpə görməmişdim. Doğrudanmı insan bu qədər qəddar ola bilər ki, belə bir uşağa əl qaldırsın?! Artıq nifrət hissinin məni necə boğduğunu hiss etməyə başlamışdım.

Nigarın iri gözləri, hələ tam nəzərə çarpmayan qaşları, yumru yanaqları və uzun kirpikləri var idi. Dodaqları körpə çiyələk təki idi. Alt dodağının bir qədər sallaq olması isə, xüsusi ilə diqqətimi çəkmiş oldu.

- Qızınız eyni ilə sizə bənzəyirmiş… – Minarə xanıma baxaraq dedim. Qadın ağlayırdı…

- Yəni, mən belə gözələm? – o, güclə də olsa cavab verə bildi. Mən isə bu yerdə bir söz deməyə çəkindim. Hər halda qəbiristanlıq, kompliment söyləmək üçün elə də uğurla seçilmiş bir məkan deyildi.

Bu dəfə isə, nəzərlərim Nərimanın şəklinə dikilmişdi. Nəriman, Minarə xanım dediyi tək, kobud insana oxşayırdı. Burnunun kənarlarından uzanan xətlər və bığ saxlaması onu daha da zəhmli göstərirdi. Xırda gözləri isə bir qədər çökəkdə idi…

- Mənim məhz nəyə görə, sizi buraya gətirdiyimi anladınız?

- Təbii ki, anladım… – deyə Minarə xanıma baxdım.

- Mən ölüm tarixlərini nəzərdə tutmuşam. – o, bir daha dəqiqləşdirdi – İndi nə deyirsiniz?

- Mən yenə də fikrimi dəyişməmişəm.

- Yəni deyirsiniz ki, bu təsadüfdür, eləmi?

- Yox, əsla… Söhbət təsadüfdən getmir. Əksinə, mən artıq daha da əmin oldum ki, burada insan əli var.

- Mən sizin ananıza müraciət etmişdim ki, o, məni bu stressdən qurtarsın. Siz isə, məni daha da qorxudursunuz. – qadın əsəblərinə hakim ola bilmədi – Bəlkə, bu işi elə buradaca bağlayaq?! Mən artıq sizlə danışmaq istəmirəm.

Minarə xanım bunu deyib, qəbiristanlığın çıxışına doğru addımlamağa başladı. Mən isə, asta-asta onun ardınca gəlirdim. Qadın ancaq Laləni maşından çıxardanda ona çatdım.

- Xudahafiz… – o, qızın əlindən tutub, maşının qapısını örtdü – Bura qədər gətirdiyiniz üçün çox sağ olun.

Səbuhi nə baş verdiyini anlamayaraq, avtomobildən düşüb, çaşqın halda gah mənə, gah da bizdən uzaqlaşan hirsli qadına baxırdı.

- Mənim fikrim sizdə deyildi. – dostum təəccüblə üzümə baxdı – Sən ona neylədin?

- Axmaq-axmaq danışma… – deyib, üzümü çevirdim – Minarə xanım, – əllərimi cibimə salıb, yüksək səslə qadını səslədim və o, üzünü çevirdikdə, bir az ona yaxınlaşdım – Siz hardasa haqlısınız, amma bir şeyi unutmayın. Anam sizi sakitləşdirib, sizə kömək edə bilərdi. Bəs o, zəmanət verə bilərdimi ki, siz üç gündən sonra həyatda olacaqsınız?!

- Siz məndən nə istəyirsiniz?

- Mən sizə kömək etmək istəyirəm.

- Xahiş edirəm, məni qorxutmayın. Onsuz da əsəblərim təmiz pozulub. – qadının peşiman olduğunu o dəqiqə hiss etdim – Bayaq sizlə kobud danışdığıma görə, məni bağışlayın.

- Üzr istəmək lazım deyil. – deyə cavab verdim – Mən sizi anlamağa çalışıram… İndi mənzilinizə baxa bilərəmmi?

Minarə xanım heç bir söz deməyərək, azacıq gülümsünüb, başını tərpətdi. Səbuhinin yanına qayıdanda o, düz gözlərimin içinə baxırdı.

- Sən Allah, kimdi o qadın? – bic-bic gülüb, asta səslə dedi – Məndən gizlədirsən?

- Çox şey bilsən, – pulu ona uzadaraq dedim – saçın tez ağarar.

- Yenə başlama da… – adətən Səbuhinin ən yaxşı vəziyyətində, onun keçəl olduğunu yadına salaraq, əhvalını asanlıqla korlamaq olardı – Mənə sadəcə maraqlıdı. O qadın kimdi? Biz niyə bura gəldik? Qəbiristanlığa niyə keçdiniz? O, niyə səndən küsdü? Sən indi hara gedirsən?

- Səbuhi, gəl bura… – deyib, maşının qapısını açaraq, onu sükan arxasında oturtdum – Beş sualının beşi də yadımda qaldı. – gülərək ona baxdım – Söz verirəm. Bir gün bu haqda ətraflı danışarıq. İndi isə, heç vaxtım yoxdur, incimə. Hələlik…

Bunu deyib, Səbuhidən uzaqlaşdım. Mən Minarə xanımgilə çatanda, artıq o, maşınını çevirib yola düzəlmişdi.

Qadının yaşadığı ev, kəndin axırında yerləşirdi. Taxtadan o qədər də hündür olmayan hasarı, asanlıqla aşmaq olardı. Adətən kənd evləri, Bakıdakı kimi dəbdəbəli və "keçilməz” çəpərlərlə qorunmurdu. Minarə xanımgilin evi də eyni ilə belə idi. Ancaq, həyətə daxil olarkən, darvazadakı o qədər də kiçik olayan bir qıfıl diqqətimi çəkdi. Hər halda bu cür alçaq hasarla müqayisədə, bu qıfıl kifayət qədər böyük görünürdü. Birmərtəbəli evləri isə, kürsülü idi. Böyük və sıx ağaclı bağları vardı və mənzilin bu bağa üç pəncərəsi açılırdı. Evin sağındakı tikili isə, mənə daha çox qarajı xatırlatdı. Onun da darvazasından qıfıl sallanırdı.

- Deyəsən, rəhmətlik yoldaşınız qıfılları çox sevirmiş… – qadına baxaraq gülümsədim.

- Hə, elədir… – Minarə xanım da güldü – Nəriman SSRİ vaxtlarında xaricdə olan zaman, orada əlinə bəzi kiçik ev əşyaları keçib. Bir ara hətta al-ver də edibmiş. Cavan vaxtı… Bu qıfılları da Litvadan gətirib…

Qadın bu sözləri deyərkən, artıq evə daxil olmuşduq. Bu an, dəhlizin digər başında, yəni evin sağında, bağa açılan daha bir pəncərənin olduğunu gördüm. Dəhlizdən qonaq otağına keçəndə, Minarə xanım otağın sol küncündəki sobanı yandırırdı. Vəziyyətdən istifadə edib, yataq otağına daxil oldum. Burada bir qoşa çarpayı və sol küncdə kiçik bir uşaq yatağı vardı. "Görünür, Lalə burada yatır” – deyə düşündüm və mənzilin sonuncu otağına keçdim. Nərimanın, üzərində ölmüş halda tapıldığı divan burada idi və mən evin bu hissəsinin çox ağır olan aurasını dərhal hiss etdim. Lakin, otağın bağa baxan aşırım divarının üstündəki köhnə bir xalça, vəziyyətimi bir qədər dəyişdi. Onun çox gözəl naxışları var idi.

- Əgər baş vermiş ölüm hadisələri haqqında düşünməsək, mənə belə gəlir ki, vahiməli heç bir şey yoxdur. – Minarə xanımın yaxınlaşdığını görüb dedim – Mənə maraqlıdır ki, Nəriman nəyə görə bu evdən qorxurmuş?!

- Axı, mən onun səbəbini sizə dedim… Nigar öldüyü üçün, Nəriman evdə vahimələnirdi.

- Yox, doğru demirsiniz. – qadınla razılaşmadım – Nigar hələ təzə doğulan vaxt, hansı ki, Nəriman ilk dəfə bağda çəhrayı zolaqlı varlığı görmüşdü, həyətə qaçmışdı və siz onun qoluna girib, onu evə gətirmək istəmişdiniz, Nəriman hələ o zaman evdən qorxmuşdu. Nigar isə, bundan bir il sonra vəfat edib.

- Haqlısınız… – Minarə xanım daha nə isə söyləmək istəsə də, bir söz tapıb deyə bilmədi.

- Xahiş edirəm, Laləni mənim yanıma çağırın – yan otağa keçib, divanda əyləşdim – və zəhmət olmasa, bizi tək buraxın.

Qadın yenə də bir kəlmə kəsməyib, sadəcə başını tərpətdi. İki-üç dəqiqədən sonra, Lalə yanımda əyləşmişdi.

Yazar: Kamil
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri