Sən məni Allahdan istəməyi bilmədin (5-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 819
Səs ver:
(səs: 5)
Təyyarə hava limanına endi. Sentyabr ayı olmasına baxmayaraq, hava çiskin və buludlu idi. Rəhman təyyarədən düşüb çıxışdakı taksilərə dogru getdi. Taksiyə əyləşib ünvanı sürücüyə bildirdi. Hava limanı şəhərdən o qədər də uzaq deyildi deyə, bir azdan taksi Tanyanın yaşadığı evin qabağında dayandı. Rəhman sürücünün pulunu verib, yuxarı qalxdı. Axşam idi. Saat səkkiz olardı. Rəhman evin qapısının zəngini basdı. İçəridən Ruslanın səsi gəldi. Tanya qapını açdı.Ana- bala Rəhmanı görüb sevindilər. Onun boynuna sarıldılar. Nədən belə gec gəldiyinin səbəbini soruşdu Ruslan:
-Ata, axı mən sənsiz darıxırdım, niyə gəlmirdin? -Rəhman uşağın qabağında özünü suçlu hiss etdi. Ürəyi sancdı,lakin özünü ələ aldı:
-Hə, oğlum bu dəfə bir az gec gəldim. Ona görə ki, Kərim baba da mənim üçün darıxmışdı. Mən də bir az onun yanında qaldım. Ruslan atasından nənə və babası haqqında çox eşitmişdi. Həmişə də maraqla onlar haqqında söhbətlərə qulaq asırdı. Odur ki, babasının adını eşidən kimi Ruslan daha çox sual yağdırmağa, Sona nənəsini, Kərim babasının və bibilərinin halını soruşdu, onun üçün darıxıb, darıxmadıqlarını uzun- uzadı suallar verərək xəbər aldı. Rəhman onun bütün suallarına cavab verdi. Onu qucaqladı, qoxladı, boynuna alıb evdə xeyli gəzdirdi. Ruslan sevinir, şən qəhqəhələrlə gülürdü. Olub keçənlərdən nə xəbəri vardı ki.
Tanya kənardan Rəhmana fikir verirdi. Onun üzündəki buludu görürdü. Anlayırdı ki, Rəhmanı narahat edən nə isə var. O çox həssas qadın idi. Bir baxışla onu duyur və bu əhvala uyğun onunla davranırdı. Bəlkə də bu neçə ili onların bu qədər mehriban hayat sürmələrinə səbəb Tanyanın bu qədər hövsələli olması idi. Tanya Rəhmanın gətirdiyi çantaları boşaltmağa başladı. Rəhmanın çox səliqə ilə yığılmış paltarlarını çıxarıb yerləşdirdi. Paltarların bu qədər səliqə ilə yığılması onda qəribə hisslər oyatdı. Sanki bu dəfə nə isə bir az başqa cür idi. Sonra o biri çantanı açdı. Burda isə ləziz şirniyyatlar və bükülmüş yappaq dolması var idi. Tanya sovqatlara heyrət etdi. Bu cür şirniyyatları birinci dəfə idi ki , Rəhmanın gətirdiyini görürdü. Dolmanı isə əvvəllər də görmüşdü. Sona xanım həmişə oğlu üçün bir qazan dolma büküb qoyardı çantasına. İndi isə bunları Aliyə etmişdi...
Aliyə Rəhmanın gedəcəyini bilib xeyli ağladı. Rəhman onu ovutmağa çalışdı.Öpüşlərə qərq etdi ,evin içində qucağına alıb, o tərəf bu tərəfə xeyli gəzdirdi. Onu qəh-qəhələrlə güldürənə qədər buraxmadı. Aliyəni sakitləşdirdi. İki aydan sonra qayıdacağına söz verdi. İşinin orda olduğunu anlatdı:
-Aliyəm, canım! Elə bilirsən mən getmək istəyirəm? Yox , mən də getmək istəmirəm. Səni qoyub getmək, sənsiz yaşamaq mənə necə çətin gəlir, bir bilsən. Səndən ayrı həyatı təsəvvür edə bilmirəm, gülüm. Amma neyləyək, axı mənim işim ordadır. Bu belə olmayacaq ki. Bu dəfə gedim, bir-iki ay işləyim gəlim, sonra gedib bir az da işləyərəm,bir yaxşı ev tapıb gəlib səni də apararam.
Bu sözlərdən sonra Aliyə bir az sakit olsa da, Rəhman gedəndən sonrakı həyat onu qorxudurdu. O, Sona xanımdan qorxurdu. Onun zəhmindən ,zabitəsindən, bir də ikiüzlü hərəkətlərini heç götürə bilmirdi. Lakin çıxış yolu yox idi. Əslində bunları, yəni Rəhmanın işinin orda olduğunu əvvəldən ona demişdilər. Bilirdi ki, toydan sonra hələ bir müddət burada qalacaq, lakin, yenə də bunu eşitmək və ayrılığın gəlib çatdığını bilmək ağır gəldi ona. Bu düşüncələrdən sonra Aliyə özünü ələ aldı. Bir az sakitləşdi. İnsan özü-özünü sakitləşdirdiyi kimi heç kim sakitləşdirə bilməzmiş. Bu belədir. Gərək insan mövcud vəziyyəti özü anlaya və dərk edərək hərəkət edə. Yoxsa, yaşam çox çətin olar.

Aliyə həvəslə paxlava bişirdi, şəkərbura bişirdi, Sona xanımın tapşırığı ilə bir qazan da yarpaq dolması büküb Rəhmanın sovqat çantasını hazırladı. Paltarlarını səliqə ilə yığdı. Məqam yetişdi. Ailə üzvləri bir-bir Rəhmanla görüşdü. Aliyə utanaraq ona əl uzatdı. Rəhman onun da əlini sıxdı. Əslində onlar bayaqdan yataq otağında görüşüb –öpüşmüşdülər, bir-birini bərk-bərk bağrına basmışdılar. Aliyənin kövrəlmiş üzünə xeyli baxmışdı Rəhman, göz yaşlarını silib, onu sakitləşdirmişdi. Lakin özünün də qəlbi qan ağlayırdı. Həyatın ona oynadıgğı oyun idimi, ya özü-öz həyatını belə qarışdırmışdı, anlaya bilmirdi.
Rəhman evdən çıxanda hamı həyətdə idi.Sona xanım oğlunu qucaqladı ,sonra dönüb Aliyəyə baxdı:
- Az, bir bəri gəlsənə, Aliyə! Necə də quzu kimi baxır,az ürəyimin başına niyə od salırsan,gələjək dana!Əsgər ha getmir.Gəlif bunu bir qucaqlasana ay cicim. Əyə, bax arxeyin get, bil ki, balam kimi baxajam Aliyənə. Belə, qoymaram darıxmağa. Hara getsəm özümnən aparajam. -Sona xanımın əl - ayağı yerə dəymirdi. Rəhman gedirdi. Yenə də Sona xanım öz xanımlığını edəcək, evləri pulsuz-parasız qalmayacaqdı. Getməmişdən isə, ikilikdə olanda Rəhmana belə demişdi:
- A bala, qan –qargışdı. Tanyanı da buraxıb eləmə. Balanın anasıdır. Nə ziyanı var ki. Onsuz da sənin orda qayğını çəkən, qulluğunu edən bir adam lazımdı. Gejə-günüz çöllərdəsən. Gələndə bir isti yemək, təmiz paltar tapmalısanmı. Di eliyir dana yazıq. Təmizcə də baladı. Gördüm ora gələndə, fikir verdim. Mən adama birjə dəfə baxaram. Onun səvəvinə qazanıfsan e, bu pulları. Onun köməyi olmasa indi çöllərdə min cürə xəstəlik tapmışdın. İndi get, yenə də ailən kimi yaşa, oglunu saxla. Balandı a bala, atma, günahdı. Bu da ki, burda qalsın hələ ki. Balam kimi, gözümün üstündə saxlıyajam. Bir-iki aydan bir gələrsən, könlünü alarsan. Sonra da uşaq olar, başı qarışar, sən heç yadına da düşməzsən. Son sözlərdən sonra Rəhman əsəbdən dişlərini qıcadaraq anasına baxmış, bir söz söyləyə bilməmişdi.
Beləcə onu yola salmışdılar.
Ruslan atasını qucaqlayıb yuxuya getmişdi. Otaq sakitlik idi. Tanya gələndən hələ Rəhmanla bir-iki kəlmədən başqa söhbət etməmişdi. Televizorun səsini aşağı edərək sakitcə tamaşa edirdi. Ruslanın yatdığını, Rəhmanın onun yerini rahatladığını görüb qalxdı. Onlara tərəf gələrək gülümsədi :
-Hə, ata-bala doydunuzmu bir-birinizdən? Bəlkə mənimlə də bir-iki kəlmə söhbət edəsən? Yoxsa elə bilirsən ki ,təkcə oğlun darıxıb sənin üçün? Mən də darıxmışam, əzizim, Rəhmanım mənim, -deyərək onu qucaqladı, ona sığındı. Rəhman onu sakit bir tövrlə qucaqladı. Bu soyuqluğu duydu Tanya, biruzə vermədi. Ona şirin sözlər deyərək, mətbəxə apardı:
-Əzizim, axı sən acmısan. Sən ac olanda yaman kefsiz olursan, gəl, yemək ye bir az. Sağ olsun Sona xanım. Necə də ləzzətli yeməklər yollayıb bizə. Gəl, sən də ye.
Rəhman sözə hardan başlamağı bilmirdi, çətinlik çəkirdi. Lakin bu gün demək istəyirdi hər şeyi. Bu gün anlatmaq istəyirdi ürəyindəkiləri Tanyaya. Odur ki, Tanyanı buraxmadı. Onu özünə tərəf çəkib qucaqladı. Bilirdi ki, bu işdə Tanyanın günahı yoxdur. O özü hər şeydə günahkardır. Tanya onun əziyyətini çox çəkmişdi. Xəstələnəndə qayğısına qalmış, hətta işinə belə gedib, işini axsamağa qoymamışdı. Qazandığı hər şeydə Tanyanın köməyi vardı. Ona görə də onu ata bilməzdi. Ona hər şeyi anlatmalı idi. Onun gözlərinə baxdı. Tanyanın gömgöy gözləri alışıb- yanırdı. Sevgi ilə, həsrət ilə alışıb yanırdı. Tanya onu çox sevirdi, qiymətləndirirdi. Öz millətinin kişiləri kimi deyildi. İçki düşkünü deyildi, ailəsini yaxşı dolandırır, Tanyadan pul əsirgəmirdi. Evə yaxşı bazarlıq edir, mövsümündən asılı olmayaraq, onlara hər şey alırdı. Tanyanı incitmir, hörmət edir, oğlu Ruslanı çox istəyir, əzizləyir, bahalı paltarlar, oyuncaqlar, bir sözlə bir uşağın yaxşı yaşaması üçün nə lazımdırsa alırdı. İndi Tanya bu uzun ayrılıqdan sonra Rəhmana sığınmışdı. Ondan sevgi istəyirdi, sığal istəyirdi. Rəhman onu öpdü, oxşadı. Saçlarına sığal çəkdi. Tanyanın nəfəsinin səsindən nə istədiyini anladı. Onlar yataq otağına keçdilər. Rəhman bu gün ona heç nə anlada bilmədi.
Ertəsi gün Rəhman tezdən oyansa da, Tanyanı yanında görmədi. Yatağından qalxıb yuyunmağa getdi. Tanya mətbəxdə idi. Ona səhər yeməyi hazırlamışdı. Rəhman mətbəxə keçdi. Tanya ona sarı gəldi :
- Gəl, gəl yemək ye. Bir azdan işə gedəcəksən. Rəhman süfrə arxasına kecdi. Əyləşib bir yerdə səhər yeməyi yedilər. Tanya iş haqqında ona məlumat verdi. Hər şeyin yaxşı olduğunu ona bildirdi. Yeməkdən sonra Rəhman Tanyanın əlindən tutub yanında oturtdu. Hər şeyi olduğu kimi ona anlatdı. Tanya ürəyində əsəbdən, qısqanclıqdan ölsə də, üzdə özünü sakit göstərməyə çalışdı. Özünü sakit göstərməsinə səbəb isə o idi ki, bunu əvvəlcədən anlayırdı. Bilirdi ki,bir gün bu iş baş verəcək. Lakin nəyin bahasına olursa olsun, buna dözəcəyinə, Rəhmanı əlindən buraxmayacağına qərar vermişdi. Odur ki, Rəhmana axıra qədər sakit qulaq asdı. Bunu Rəhman gözləmirdi. Nəhayət Tanya dilləndi:
- Nə etmək olar. Valideynlərin belə məsləhət görüblərsə, belə olsun. Əgər sən Ruslanı yenə də övladın kimi sevəcəksənsə, mənimlə münasibətini pozmayacaqsansa, mən hər şeyə razıyam Rəhman. Təki sən məni tərk etmə. Təki, biz burda bir yedə olaq. Onsuz da mən Azərbaycana getmirəm. Sən də orda iki aydan artıq qalmırsan. Qoy belə olsun. Təki oğlumuzu bir yerdə böyüdə bilək. Mən yenə də səni əvvəlki kimi sevəcəyəm, qulluğunda duracağam.
Rəhman mat qalmışdı. Tanyadakı ona olan bu sevgiyə, ondakı böyük ürəyə heyran olmuşdu. Əslində o başqa cür olacağını düşünmüşdü, Tanyanın ağlayacağını, bəlkə də evdən qovacağını düşünmüşdü. Lakin bütün bunların əksinin baş verməsi onu xeyli sakitləşdirdi. Gözlərini bir nöqtəyə zillədi. Tanya ona daha da bərk sığındı.
Aliyə yatağında uzanmışdı. Ağlayırdı. Rəhmansız keçən bu gecə ona çox uzun görünürdü. Bu iki ayı necə gözləyəcəkdi, heç özü də bilmirdi.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 5 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri