Sən məni Allahdan istəməyi bilmədin (6-cı bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 553
Səs ver:
(səs: 4)
Rəhman gedəndən sonra Aliyə bu evdə çox darıxmağa başlamışdı. Eltisi gəlib –getmirdi, qaynanası ilə küsülü idi. Evdə kiçik baldızı, qaynatası və qaynanası ilə yaşayırdı. Qaynanası sözünün üstündə duraraq gəlini anası evinə buraxmırdı. Hərdən ata-anası gələr,qızlarından hali olub gedərdilər. Onların bu gəlişi də Sona xanımı açmırdı. Ona elə gəlirdi ki, Aliyənin anası və bacıları gəlini öyrədəcək, ona pis xasiyyətlər aşılayacaqlar. Lakin onu düşünmürdü ki, hər bir qız anası övladının ağ günündən başqa nə istəyər ki. Lakin Sona xanım ətrafda baş verənləri görür, ailədəki problemlərin hamısının günahını qız analarında görürdü. Onun böyük qızı ailə qurduğu oğlanla ta evliliyinin ilk günlərindən, oğlanın ata-anasından ayrı yaşamışdı. Oğlan sakit təbiətli, çalışqan ailəsinə bağlı bir adam idi. Öz ata-anasının yanına nadir hallarda gedərdi. Onlar kənddə yaşayardılar. Asif isə rayon mərkəzindən ev alıb, həyat yoldaşı ilə orada yaşayırdı. Ailənin hər işini Sona xanım həll edərdi. Ailədə heç bir söz-söhbət yox idi, sakit bir ömür sürürdülər. Sona xanımın yeznəsi çox utancaq idi, onun bir sözünü iki eləməzdi. Sona xanım da elə düşünürdü ki, bu qızının ailəcanlı, sakit təbiətli olmasından irəli gəlir. Lakin burda səbəb onların qabağına çıxan yeznənin belə sakit və hər şeyə qane olan bir insan olması idi. Odur ki, düşünürdü ki, gəlin də qızı kimi sakt olmalıdır. Orasını başa düşmürdü ki, onun qızı qaynana yanında yox, elə demək olar ki, öz anasının əhatəsində yaşayır. Kefi istəyəndə anasıgilə gəlir, qalır, hara getsə anası ilə gedərdi.
Aliyə öz səliqə səhmanı, biş-düş bacarığı, işgüzarlığı ilə ad-san qazanmışdı qohum- əqraba içində. Hamı bu qızın bu qədər çalışqan olmasına heyrət edirdi. Günün bütün vaxtnı ev işlərinə, nə isə yeni bir şey öyrənməyə sərf edirdi. Günləri, saatları sayaraq Rəhmanın gəlişini gözləyirdi.
Rəhman tez-tez Aliyəyə zəng edər, halını soruşardı. Onsuz darıxdığını və tezliklə gələcəyini deyirdi. Bu Aliyəni sevindirsə də, Sona xanımı qıcıqlandırır, Rəhmanın telefon danışığına xərclədiyi pula heyifi gələrdi. İlk vaxtlar dillənməsə də, sonralar Aliyəyə söylənirdi:
-Danışanda bir az qısa danışmaq olmur? Daha denən qazandığını da telefona verər. Gələcək də, nə hala qalıfsınız?
Aliyə dillənməz, qıpqırmızı olardı.
Tanya isə Rəhmana əvvəlkindən də mehriban idi. Tez-tez Aliyəni soruşar, tezliklə onun yanına getməyi məsləhət görərdi. Bəzən Rəhman bunun səbəbini heç anlamaz, onun bu qədər fədakar olmasının nə ilə bağlı olduğunu düşünərdi. Bunun səbəbi isə Tanyanın təkliyi idi. Onun anası çoxdan ölmüş, atası isə yaxın vaxtda dünyasını dəyişmişdi. Odur ki, bütün bunlar nə qədər ağır olsa da, Tanya dözür, övladını tək böyütməyə qorxurdu. Düşünürdü ki, əgər Rəhman bizi atmırsa, mən nə deyim ondan ayrılım.
Beləcə bu gəlmə-getmələr xeyli uzandı. Rəhmanın gəlişinə Aliyə sevindi, gedişinə Tanya kədərləndi və sonra əksinə, Tanya sevindi, Aliyə kədərləndi.
Rəhman qapıdan girəndə axşamüstü idi. Aliyə bağçanı suvarırdı. Əkdiyi gülləri, meyvə ağaclarını hamısını suvarıb qurtarmışdı. Ayaqları və paltarının ətəyi su idi. Qapının səsinə həyətə gəldi. Rəhmanı görüb həm sevindi, həm də heyrət etdi. O bu dəfə xəbər vermədən gəlmişdi. Sona xanım qızıgildən gəlib həyətdə oturmuşdu. Aliyənin bağçada işlədiyini görüb danışmağa bəhanə tapmamışdı. Aliyə nə qədər təmizkar, səliqəli olsa da, Sona xanım onun işini artırmağa bir səbəb tapar, söylənərdi. Kərim kişi bunun üstündə neçə dəfə onu danlasa da xeyri yox idi. İndi Rəhman içəri girəndə Sona xanım da məəttəl qaldı. Oğlunun bu xəbərsiz gəlişi onu çaşdırdı. Ayağa qalxıb oğluna sarı getdi:
-Ayə xoş gəlifsən, anan ölsün, bə niyə belə qəfil gəlifsən? Niyə xəbər vermirdin hazırlıq görək, a bala?-deyərək oğlunu qucaqlayıb öpdü. Sonra qəribə bir baxışla dönüb bağçadan gələn Aliyəyə baxdı:
-A bala, bax bu da adamı eşitmir ha. Min dəfə deyirəm, a qızım, bu qədər işləyib özünü yorma. Kim var ki, bu qədər əziyyət çəkirsən. Savaxdan giribf o bağçaya suynan oynayır- gözaltı onun yaş paltarlarına baxıb sözünə davam etdi:- Pal-paltarını isladıb, ayağını isladıb. Deyirəm, ay qızım, qoy dursun, sabah suvararsan, denən məni eşidirmi?
Eşitdiyi sözlər Aliyəni heyrətləndirmədi. O, bu kimi söhbətlərə öyrəşmişdi. Rəhman isə gördüyü mənzərədən və anasının sözlərindən heç nə anlamadı. Necə ola bilər ki, Aliyə kimi anlayışlı bir qız, anasının sözünü eşitmədən axşamın bu çağınacan su işi ilə məşğul olur. Lakin Aliyə elə bir gözəl görkəmdə idi ki, bu halı ilə də ona heyran olmamaq olmurdu. Saçları dağılmış, üst- başı islaq, suda islanmış ayaqları daha da ağ görsənirdi. Rəhman ümumi salamlaşaraq yuxarı atasının yanına keçdi. Atası eyvana çıxmışdı səsə. Görüşdülər, qucaqlaşdılr. Evə keçdilər. Sona xanım Aliyəyə sarı dönüb qəzəbli səslə dedi:
-Get üst – başını dəyiş, özünü elə isladıbsan ki, guya böyük iş görmüsən. Çəkələklərini də dəyiş, ayağına corab geyin. Bundan başqa iş görən yoxdu guya!
Aliyə tələsik paltarını dəyişdi və bişirdiyi ləzzətli yeməklərindən süfrəyə düzdü. Kərim kişi bığaltı gülümsəyərək gəlininə dedi:
- Ay qızım, səni ağ günlər gör. Sayəndə Rəhmanımı tez-tez görəsi olduq. Yoxsa aylarla üzünə həsrət idik. Aliyə gülümsəyərək cavab verdi:
- Sağ ol, ata. Hə, gəlib sizi sevindirir.
Kərim kişi gəlinin utancaq üzünə baxıb dedi:
- Elə hamımızı, başına dönüm.
Kərim kişi çox ağrıyırdı son vaxtlar. İynə dərman da kömək etmirdi. Rəhman indi ordakı həkimlərin məsləhəti ilə atası üçün başqa dərman alıb gətirmişdi. Kərim kişi iki dəfə infarkt keçirmiş, lakin həkimlərin köməyi ilə sağalmışdı. İndi isə deyəsən daha ürəyi sözünə baxmırdı.
Onlar öz otaqlarına keçəndə artıq Kərim kişi yatmışdı. Aliyə Rəhmana sığınmışdı. Rəhman onu sevib oxşasa da, həm də bir az danlamışdı:
- Niyə özünə baxmırsan hə? Demirsən, xəstələnərəm. Ayaqlarını niyə isladırsan? Axı səni çox sevirəm, Aliyəm. İstəmərəm ki, sən ağrıyasan.- Aliyənin fikri isə başqa yerdə idi. O hamilə idi. Bunu Rəhmana deməyə hazırlaşırdı. Rəhman isə hələ də bayaqkı söhbətini bitirməmişdi. Birdən Aliyə əli ilə onun dodaqlarına toxundu və düz gözlərinə baxdı:
-Rəhman, mən hamiləyəm!-dedi,- həyəcan dolu gözləri ilə ona baxdı.
Rəhman çaşıb qaldı, sevindi, həyəcanlandı. Ürəyi tez-tez döyünməyə başladı. Lakin indi özünü günahkar hiss etmirdi. Tanyanın ona verdiyi sərbəstlik ona azad nəfəs almaq imkanı vermişdi. Artıq həyatını bir yoluna qoymağı bacaracaqdı. Sürətlə ayağa qalxdı, Aliyəni qucağına aldı, evdə həmişəkindən daha çox sevgi ilə, daha həyəcanla fırlatdı, öpdü, oxşadı:
- Aliyəm, bu nə xoş xəbər oldu. Məni necə sevindirdin. Ay Allah, sənə çox şükür! Mən xoşbəxtəm, Aliyəm!
Onlar gecədən xeyli keçənədək söhbətləşdilər. Aliyə gözləyirdi ki, Rəhman bu dəfə ”səni də özümlə aparacağam” - deyəcək, amma demədi . Aliyəsini bağrına basıb şirin bir yuxuya getdi...

...Kərim kişi Rəhmanın övladını görmədən bu dünyadan köçüb getdi. Sona xanım daha zalımlaşmağa, Aliyə ilə pis yola getməyə başladı. Lakin Aliyə heç vaxt bu barədə Rəhmana bir söz demirdi. Çünki, Sona xanımdan qorxurdu. Bilirdi ki, desə o elə sözlərlə bu işlərin altından çıxacaq ki, Aliyə pis vəziyyətdə qalacaq. Ona görə də susmağı üstün tuturdu.
- Aliyənin hamiləliyini eşidən Tanya qısqanclıqdan alışıb yandı. Artıq Rəhmanın oğluna olan sevgisinin azalacağından qorxdu. Çox fikirləşib, yenə də dözməkdə gördü çıxış yolunu.
Aliyənin oğlu olmuşdu. Hamı sevinirdi. Uşaq eynən Rəhmana bənzəyirdi. Qara gözləri, uzun kiprikləri, qapqara saçları var idi. Lakin saçları eynilə Aliyəninki kimi qıvrım idi. Xəbəri alan Rəhman yenə də evə gəlmişdi. Axırıncı dəfə atasının dəfninə gəlmiş, atasının qırxı çıxana qədər burada olmuşdu. Sona xanım bu müddəti neçə dəfələrlə Aliyə ilə Rəhmanı az qala üz-üzə qoymuş, olub - olmazla Aliyəni günahlandırıb, Aliyəni Rəhmanın gözündən salmağa çalışmışdı. Rəhman birtəhər dözsə də, bəzən Aliyə ilə sözləşmişdi də. Onların araları pis olanda Sona xanımın sanki çiçəyi çırtlayır, Rəhmana özü qulluq edir, pərvanə kimi oğlunun başına fırlanırdı. Aliyə belə günlərdə Allaha yalvarır, səbr diləyirdi.
...İndi Aliyə xoşbəxt idi. Bax, bu balaca balası ilə, bu doğum evində ondan bəxtəvəri yox idi. Hər şeyi unutmuşdu. Dünyada sanki bir Aliyə, bir də bu balaca mışıl-mışıl yatan körpə vardı.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 6 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri