"Bir elmi öyrənmək istədikdə sən, Çalış ki, hər şeyi kamil biləsən" - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 179
Səs ver:
(səs: 0)
İnsana başucalığı gətirən, cəmiyyətdə ona hörmət qazandıran bir sıra fəzil keyfiyyətlər var. Kamillik də məhz belə keyfıyyətlərdəndir. Mütəfəkkir şair Nizami Gəncəvi hələ XII əsrdə söylədiyi

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.

sözləri ilə insanları seçdikləri, talelərini bağladıqları sənətin sirlərini mükəmməl öyrənməyə çağırmışdır. Bir növ aforizmə çevrilən bu sözlərin daşıdığı məna bütün zamanlarda aktual olmuşdur. işini yaxşı bilən, əməlləri ilə xariqələr yaradan sənətkarlar həmişə sayılıb-seçilmişlər. Dilimizdə belə bir deyim var: «Əlləri qızıldır». Bu sözləri, adətən, müxtəlif materiallardan hamım valeh edən, başqalarına qeyri-adi görünən, möcüzə təsiri bağışlayan incilər yaradan insanlar haqqında deyirlər.

Mən sizə taleyini bağladığı sahədə kamillik zirvəsinə yüksələrək təkcə öz adını deyil, doğma Vətənimiz Azərbaycanı da bütün dünyada şöhrətləndirən bir insan barəsində söhbət açmaq istəyirəm. Həmin insan xalçaçılıq rəssamı Kamil Əliyevdir. Xalçaçılıq sənətinin ən incə sirlərinə mükəmməl yiyələnən K.ƏIiyev çoxlu sayda bir-birindən gözəl xalçalar yaratmışdır. O öz sənətinin vurğunu idi, çalışırdı ki, araya-ərsəyə gətirdiyi xalçalarda hər ilmə öz yerində olsun, rənglər bir-birini tamamlasın. Buna görə də onun təxəyyülünün məhsulu olan xalçalarda yad təsir bağışlayan bircə naxışa da rast gəlməzsən. Bu xalçalara baxanda Azərbaycanın əsrarəngiz təbiəti göz önündə canlanır, çəmən çiçəklərinin, xalq yaradıcılığına xas süjetlərin, bəzək elementlərinin necə böyük məharətlə təsvir olunduğuna heyran qalırsan və qeyri-iradi olaraq pıçıldayırsan: Əhsən, bu gözəlliyi yaradana!

Kamil Əliyev xalçaçılıq sənətinə bir sıra yeniliklər gətirmişdir. Onun süjetli və portret janrında yaratdığı xalçalar geniş şöhrət qazanıb. Böyük sənətkarın ulu öndərimiz Heydər Əliyevə, söz ustadları Nizamiyə, Füzuliyə, Şəhriyara həsr etdiyi xalçalar bu qəbildəndir.

Başqa sahələrdə də seçdiyi sənətə dərin rəğbəti sayəsində ucalan, şan-şöhrətə çatan insanlar çox olmuşdur. Uzun illər boyu Bakıdakı Hacı Zeynalabdin Tağıyev adına Taxıl Məhsulları Kombinatının rəhbəri işləmiş Nadir Quliyevi respublikamızın hər guşəsində «Çörəkçi Nadir» kimi tanıyırdılar. Bu da səbəbsiz deyildi. O öz sənətini sevir və yüksək qiymətləndirirdi. Mən Nadir Quliyev haqqında yazılmış «Duz-çörəyi itirməzlər» kitabını mütaliə edəndə sənətə bağlılığın, onu mükəmməl öyrənməyin nə demək olduğunu bir daha dərk etdim. Müəllif yazır ki, Nadir Quliyevin rəhbərlik etdiyi müəssisədə bişirilən buğda çörəyi özünəməxsus ətri ilə fərqlənərmiş və bakılılar bu müəssisənin çörəyini almaq üçün mağazalarda uzun növbə gözləyərlərmiş... Nadir Quliyev sənətinə bağlılığını övladlarına da aşılaya bilib. Oğlu Bəsirət Quliyev də çörəkçidir və ənənələri uğurla davam etdirir.

Mənim babam da öz sənətinin kamil bilicisi idi. O, inşaatçı idi, bütün ömrü boyu tikmişdi və şəhərimizi bəzəyən ayrı-ayrı daş incilərin arayaərsəyə gəlməsində çəkdiyi zəhmətlə fəxr edirdi. Babam tez-tez təkrarlayırdı. İnşaatçı ucaltdığı binalarla tarixdə öz izini qoyur. Buna görə də gərək zövqlə və keyfiyyətlə tikəsən. Mənim üçün onunla birlikdə Bakının küçələrini gəzmək çox maraqlı idi. O, gözəgəlimli binaların qarşısında mütləq ayaq saxlayar və onların fasadındakı memarlıq elementləri barədə bizə məlumat verərdi. Babamın öz peşəsi ilə bağlı maraqlı söhbətləri mənim daşyonma sənəti haqqında təsəvvürlərimi xeyli genişləndirib. Düşünürəm ki, öz sənətini sevən, onu kamil bilən ustalar olmasaydı, bu gün paytaxtımızın yaraşığı sayılan Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhərin qala divarlan, metronun «Nizami» stansiyası və bu kimi başqa daş incilər də yaranmazdı.

Kamil sənətkarlar bir qayda olaraq seçdikləri sahələrdə gözəl nümunələr yaratmışlar və bununla da həm özləri ad-san qazanmış, həm də sənətlərini nüfuza mindirmiş, ona şöhrət gətirmişlər. Biz həyatda kiminsə adının yanında ayrı-ayrı sənət növlərini bildirən sözlər işlənməsi hallarına tez-tez rast gəlirik. Bu, təsadüfi deyil. İnsanlar öz peşələrini kamil bilən sənətkarları başqalarından fərqləndirmək üçün onlara sevimli sənətləri ilə bağlı təxəllüs seçirlər. Məsələn, ismayıllı rayonunun Lahıc qəsəbəsində çoxlarının bu qəbildən təxəllüsü var: Qalayçı Məmməd, dəmirçi Həsən, zərgər Zeynal və s.

Şəkidə isə bütöv bir küçəni dadlı-ləzzətli şirniyyatlar bişirən ustaların şərəfinə «Halvaçılar» məhəlləsi adlandırmışlar. Belə adlara layiq görülən sənət sahibləri bununla sözün əsl mənasında iftixar hissi keçirirlər...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri