Dostluq qırılmaz zəncirdir - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 453
Səs ver:
(səs: 0)
Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. Insanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişliyoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin ən uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dostdosta tən gərək, tən olmasa, gen gərək.

Dostu olmaq böyük xoşbəxtlikdir. Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir.

Mən «Dostluq nədir?» sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir - onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. «Uzaq sahillərdə» filmini yada salaq. Zənnimizcə, filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlərə «Dostluq nədir» sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır.

Hamı kimi mənim də çoxlu dostlarım var. Onların əksəriyyəti mənimlə eyni sinifdə oxuyurlar. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Heç vaxt bir-birimizin xətrinə dəymirik. Biz, boş vaxtlarımızda bir yerə yığışır, müxtəlif məsələləri müzakirə edirik. Eyni zamanda bir-birimizə asanlıqla güzəştə getməyi də bacarırıq. Biz adətən, dərslərimizi də bir yerdə hazırlayırıq. Bu bizə dərslərimizdən yüksək qiymətlər almağımıza böyük təsir göstərir. Heç təsadüfı deyildir ki, dostlarımız arasında dərslərdən geri qalan yoxdur, biz hamımız dərs əlaçısıyıq. Müxtəlif fənlərdən «əla» qiymətlər almaqla həm valideynlərimizin etimadını doğrulduruq, həm də təhsil aldığımız məktəbin şöhrətini artırmağa çalışırıq. Müəllimlərimiz də onların zəhmətini itirmədiyimizə görə bizimlə fəxr edirlər.

Belə bir deyim var. «Hər şeyin təzəsi, dostun köhnəsi». Mən də məktəb illərində qazandığım dostlarımla fəxr edir və onları qorumağa çalışıram. Mənim ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. Mən özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək mümkün olmayacaq.

Mən əsl dostluğu tərənnüm edən çoxlu kitablar oxumuşam. Dostluqla bağlı bədii əsərlər arasında sevimli yazıçımız S.S.Axundovun «Qaraca qız» hekayəsi daha təsirlidir. Əsərin balaca qəhrəmanı Qaraca qız təxminən bizim yaşıdımızdır. Onun üçün dostluq hər şeydən qiymətlidir. Buna görə də ürək qızdırdığı rəfiqəsi təhlükə ilə üz-üzə qalanda özünü saxlaya bilmir. O, rəfiqəsinin zəhərli qanını sormaqdan belə çəkinmir. Beləliklə, Qaraca qız dostunu xilas edir, özü isə erkən yaşında həyatla vidalaşır.

Qaraca qızın hərəkəti dost yolunda fədakarlıq nümunəsidir. Əsl dostlar çətin sınaq məqamlarında məhz belə hərəkət edirlər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 453
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri