Elçinin «Bülbülün nağılı» əsərində azadlığın ən böyük sərvət kimi təsvir olunması - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 109
Səs ver:
(səs: 0)
Ədəbiyyatımızda ötən əsrin altmışıncı illərində formalaşan «yeni nəslin» istedadlı təmsilçilərindən biri də Elçindir. Onun yaradıcılığı çoxşaxəlidir. Hekayələri, povestləri və romanları ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanan yazıçının tənqidçi, publisist, kinodramaturq kimi səmərəli fəaliyyəti də diqqətəlayiqdir.

Əsərlərinin mövzusu həyatdan götürülən və qəhrəmanlarını sadə insanlar arasından seçən Elçinin maraqla oxunan əsərlərindən biri də «Bülbülün nağılı» hekayəsidir. Hekayəni fəlsəfi-psixoloji əsər kimi səciyyələndirmək mümkündür. Burada müəllif həyat, «gəlimli-gedimli, son ucu ölümlü dünya» haqqında düşüncələrini ifadə etmiş və insanın azadlığı məsələsini ön plana çəkmişdir. Əsəri oxuduqda hasil olan qənaət belədir: azadlıq dünyada ən böyük sərvətdir. Yazıçı bu ideyanı ölüm ayağında olan qoca tacirin yaddaşında azadlıq aşiqi bülbüllə bağlı canlandırdığı təsirli lövhələrdə açır.

Neçə gündür ki, ölən qoca tacir başının üstündə qız-gəlininin dayandığını, taxtının ətrafında oğlanlarının, kürəkənlərinin düzüldüyünü, kəniz-qaravaşlarının onun üçün mahnı oxuyub ud çaldığını bilsə də, heç kimi görmür və heç kimi eşitmir. Onun gözlərinin qabağında tanış meşə yaşıllığı və bu yaşıllığın içindəkı bülbül canlanır.

Yazıçı bülbülü qocanın yaddaşında bir-birindən fərqli vəziyyətlərdə - qızıl qəfəsdə və köksü yaşıl dağlardakı palıd ağacının oyuğundakı yuvasında təsvir edir.

Ölüm ayağındakı qoca tacir əvvəlcə yol ötən dən/işdən ayağı bağlı bülbülü alıb onu qızıl qəfəsə salmasını xatırlayır. Lakin sən demə, xoşbəxtlik üçün qızıl qəfəs kifayət deyilmiş. Bülbül qızıl qəfəsdə şad olmur, daim kədərli, nisgilli, qəlb parçalayan mahnılar oxuyur və onun «oxuduğu nəğmələr dünyanın dərdindən, qəmindən xəbər verir». Qızıl qəfəsdəki bülbülün kədərini anlamayan tacir onu azad buraxır və göydəmir ürgəni minib arxasınca çapır. Bülbül köksü gözəl dağlardakı meşəyə uçur, burada yaşlı palıdın oyuğunda qurduğu köhnə yuvasını tapır. ö z yuvasında «bülbül dünyanın ən cəhcəhli nəğməsini» oxuyur. Bu nəğmə güldən, çiçəkdən danışır, gözəl meşələrdən, saf bulaqlardan, təmiz dəryalardan söyləyir, ürəyə sevinc, şadlıq gətirir. Lakin bu, bülbülün son nəğməsi olur. Doğma yuvasını tapmasının, öz azadlığına qovuşmasının xoşbəxtliyinə tab gətirməyən bülbülün ürəyi partlayıb ölür. Qocaya qoşulan yeniyetmə tacir bülbülü qınayaraq deyir: «Axmaq bülbül, qızıl qəfəsdə, gülün, çiçəyin içində bəslənirdin, oranı bəyənmədin. Bir ağac oyuğunu ondan üstün tutdun, axırda da ürəyin partladı, öldün».

Müəllif bülbülün qızıl qəfəsdəki və öz köhnə yuvasındakı təzadlı vəziyyətlərini əbəs yerə qarşılaşdırmamışdır. Yazıçı bununla belə bir fikri aşılamaq istəyir ki, insan azad deyilsə, əhatə olunduğu cah-cəlal ona xoşbəxtlik gətirə, qəlbini şad edə bilməz. Əksinə öz evində, obasında azad, sərbəst yaşayan insan xoşbəxtdir. Elə buna görə də bəşər övladı daim azadlığa can atır.

Həyatını var-dövlət toplamağa həsr edən qoca tacir bu həqiqəti ölüm ayağında dərk edir. Bülbülün ölüm səhnəsini göz önündə canlandıran qoca son nəfəsini toplayaraq vaxtilə quşcuğazı qınayan yeniyetmənin ünvanına pıçıldayır: «Axmaq yeniyetmə». Bu ibrətamiz sonluqdan belə nəticə çıxır: insan var-dövlət əsiri olmamalıdır. Həyatda ona verilən ömrü ləyaqətlə və azad yaşamalıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri