Əməkçi insanların Koroğluya və onun dəlilərinə rəğbəti - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 692
Səs ver:
(səs: 0)
Azərbaycan xalq ədəbiyyatının ən gözəl nümunələrindən biri də «Koroğlu» eposudur. Qəhrəmanlıq dastanı olan «Koroğlu»nun XVI əsrin sonlarında və XVII əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə baş vermiş Cəlalilər üsyanının təsiri altında yarandığı güman edilir. Xalq və onun igid övladlarının sadə insanları istismar etmək yolu ilə özlərinə çoxlu sərvət toplamış xanlara, paşalara qarşı apardıqları mübarizə dastanın əsas qayəsini təşkil edir.

Dastanın əvvəlindən axırınadək iki qüvvə qarşı-qarşıya durur. Koroğlu və onun başına yığılan dəlilər xalqı təmsil edirlər. Dastan yaradıcıları xalqa xas olan ən yaxşı cəhətləri Koroğlunun və onun dəlilərinin timsalında ümumiləşdirmişlər. Koroğlu xalq qəhrəmanı kimi mərd və yenilməzdir, eyni zamanda təvazökar və humanistdir. Kasıblara əl tutur, aman diləyəni bağışlayır.

Dastanda hamı paşalar, xanlar, bəylər düşmən qüvvələr kimi səciyyələndirilirlər. Onların təmsilçiləri olan Həsən xanın, Aslan paşanın, Bolu bəyin xisləti hiyləgərliklə, zülmkarlıqla yoğrulub. Onlar hər addımbaşı sadə zəhmət adamlarının haqlarını tapdalayırlar. Xarakterlərindəki hiyləgərlik və qorxaqlıq onlara qarşı nifrəti artırır, özlərini rişxənd hədəfinə çevirir.

Koroğlu və onun dəliləri təsadüfən dağlara - Çənlibelə çəkilib burada özlərinə yurd salmamışlar. Onlar zəmanənin haqsızlığına, istibdada, varlıların, paşaların, xanların, sadə insanların haqlarını tapdamalarına qarşı mübarizə aparmaq üçün əlçatmaz yerlərə üz tutmuşlar. Çənlibel bu igidlər üçün bir Vətən nümunəsidir və onlar canları, qanları bahasına Vətənin hər daşını qorumağa, xalqın düşmənlərinə qarşı axıradək mübarizə aparmağa hazırdırlar. Koroğlunun, onun dəstəsinin yeganə məqsədi təmsil etdikləri xalqı istismardan qurtarmaqdan, cəmiyyətdə baş alıb gedən haqsızlığa son qoymaqdan ibarətdir.

Varlıların zülmkarlığı lap əvvəldən üzə çıxır. Həsən xan dostu Hasan paşanın bir sözü ilə ömrü boyu onun qapısında ilxıçılıq etmiş Alı kişinin gözlərini çıxartdırır. Bu, paşaların, xanların namərdliyinin ümumiləşdirilmiş ifadəsidir. Varlıların belə amansız rəftarına tuş gələn yalnız Alı kişi deyil, bütün xalq bu istibdaddan əziyyət çəkir. Koroğlu və onun dəliləri xanlardan, paşalardan Alı kişinin, digər sadə insanların timsalında bütün xalqın qisasını alırlar. Bu qorxmaz igidlər paşaların, xanların üstünə hücum çəkir, onların var-dövlətini kasıblara, kimsəsizlərə paylayırlar.

Koroğlu və onun dəstəsinin əsas məqsədi xalqı, Vətəni müdafiə etmək olduğu kimi, onlar gücü də xalqdan alırlar. Biz dastan boyu sadə insanların Koroğluya, onun dəlilərinə dərin rəğbət bəsləmələrinin şahidi oluruq. Bu cəhətdən eposun sevilə-sevilə oxunan, dinlənilən «Durna teli» qolu çox səciyyəvidir. Koroğlunun durna teli gətirməyə gedən üç dəlisi - Eyvaz, Dəmirçioğlu və Bəlli Əhməd Koroğludan qisas almaq üçün məqam gözləyən Aslan paşanın adamları tərəfindən əsir götürülürlər. Aslan paşa şadyanalıq içindədir, dəlilərin edamına hazırlıq gördürür. Vaxtilə Koroğludan yaxşılıqlar görmüş Xoca Əziz adlı bir tacir Bağdadda bu xəbəri eşidəndə bərk sarsılır, tez Koroğluya xəbər çatdırmaq üçün hətta, var-dövlətindən belə keçməyə hazır olduğunu dilə gətirir. Xoca Əziz Qıratı ələ keçirərək vaxt itirmədən dəlilərin edam ediləcəyi barədə xəbəri Çənlibelə çatdırır.

Yenə «Durna teli» qolunda Koroğlu ilə qoca biçinçinin qarşılaşması səhnəsi də çox təsirlidir. Aslan paşanın Koroğlunun dəlilərini edam etdirəcəyi xəbəri qocanı hədsiz dərəcədə kədərləndirir. O, bu acı xəbəri tanımadığı yolçuya - Koroğluya söyləyəndə gözlərinin yaşını dolu kimi tökür. Dəlilərin xilas edilməsi xəbərinə ən çox sevinənlərdən biri də yenə bu qoca biçinçi olur. Koroğlunun özünün də sadə xalqın təmsilçilərinə münasibəti kifayət qədər səmimidir. O, dəlilərinə tarla işlərində qoca biçinçiyə kömək göstərməyi tapşırır. Aslan paşanın xəzinəsindən ona xeyli qızıl bağışlayır.

Beləliklə, biz dastanda geniş xalq kütlələri ilə Koroğlu və onun dəliləri arasında qarşılıqlı rəğbətin şahidi oluruq. Xalqın məhəbbəti Koroğlunu, onun dəlilərini daim yeni qələbələrə ruhlandırır, döyüşlərdə onları yenilməz edir. Koroğlunun dəstəsi zülmkar paşalara, xanlara qarşı döyüşlərdə bir qayda olaraq qələbə çalırlar. Bu, xalqın qələbəsi, haqq-ədalətin təntənəsidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri