"Koroğlu" dastanında zülmə, ədalətsizliyə qarşı mübarizə - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 154
Səs ver:
(səs: 0)
«Koroğlu» eposu ideya-məzmun dolğunluğu və bədii xüsusiyyətlərinin zənginliyinə görə Azərbaycan xalq yaradıcılığının ən möhtəşəm nümunələrindəndir. Tarixi-qəhrəmanlıq dastanı olan «Koroğlu»da təsvir olunan hadisələr XVI əsrin sonlarında və XVII əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə baş qaldıran Cəlalilər hərəkatı ilə səsləşir.

Zülmə, istibdada qarşı barışmazlıq eposun əsas ideyasını təşkil edir. Koroğlunun və onun dəlilərinin paşalara, xanlara, bəylərə qarşı apardıqları haqq-ədalət mübarizəsi xalqın azadlıq, istismardan qurtulmaq arzularının ifadəsidir.

Dastanın əsas surəti Koroğlu əsl xalq qəhrəmanıdır. Dastan yaradıcıları onu həm zəhmətkeş insanların dərd-sərinə yanan sadə bir insan, el aşığı, həm də döyüş meydanlarında misilsiz şücaətlər göstərən igid kimi səciyyələndirmişlər. Bütövlükdə 18 qoldan ibarət olan dastan zülmkarlıqda tayı-bərabəri olmayan Həsən xanın onun atası günahsız Alı kişinin gözlərini çıxartdırmasının təsviri ilə başlayır. Bu səhnə o dövrdə hökm sürən haqsızlığı, sadə insanların ən adi hüquqlardan belə məhrum qalmalarını nəzərə çarpdırmaq baxımından çox ibrətamizdir. Cəmiyyətdə təbəqələşmə, ayrı-seçkilik o qədər dərinləşmişdir ki, paşalar, xanlar, bəylər günahı olmayan insanları ömürlük şikəst etməkdən belə çəkinmirlər. Xalq isə daha zülmə, ədalətsizliyə dözmək istəmir, cəmiyyətdə istibdada qarşı etirazlar baş qaldırır. Amansızcasına gözləri çıxanlan ilxıçının oğlu Rövşən atasının məsləhəti ilə «Koroğlu» adını qəbul edir, qisas almaq məqsədi ilə Qıratı, Düratı və ildırım parçasından hazırlanmış Misri qılıncı da götürüb dağlara - Çənlibelə çəkilir. Lakin Koroğlunun mübarizəsi fərdi xarakter daşımır. O, cəmiyyətdə bərabərsizliyi aradan qaldırmaq, təmsil etdiyi təbəqənin - sadə, zəhmətkeş insanların haqqını tanıtmaq uğrunda mübarizə aparır. Dastan yaradıcıları Koroğlunu xalqın gücünü və müdrikliyini özündə birləşdirən qəhrəman kimi səciyyələndirmişlər. Koroğlu xalqın mənafeyi naminə vuruşduğu üçün xalqın özü ona dəstək verir, arxa, kömək durur. Çənlibeldə Koroğlunun başına xalqın içindən çıxan seçmə igidlər - dəlilər toplaşırlar. İnsanda düzlüyü, sözübütövlüyü yüksək qiymətləndirən Koroğlu Çənlibelə təşrif gətirən dəliləri də məhz bu meyarlarla seçib öz dəstəsinə qəbul edir. Xalqa, Vətənə böyük məhəbbət, zülmkar paşalara, xanlara, bəylərə dərin nifrət, xarakterlərindəki mərdlik, cəsurluq Koroğlunu və onun dəlilərini birləşdirən əsas keyfiyyətlərdir. Koroğlu kimi onun dəliləri də heç vaxt düşmən qabağından geri çəkilməzlər, döyüş meydanlarında şücaətlər göstərməyi özləri üçün başucalıq sanırlar. Dəmirçioğlu, Bəlli Əhməd, Dəli Həsən, Halaypozan, Eyvaz belə igidlərdəndirlər. Koroğlu və onun igidləri cəsur olduqları kimi, həm də humanist və təvazökardırlar. Onlar aman diləyəni bağışlayır, heç kəsi incitmirlər. Dastanda Koroğlunun dəlilərinin 7777 olduğu göstərilir. Bu isə sonsuzluğa, xalqın gücünün yenilməzliyinə işarədir.

Dastanda təsvir olunan qadın surətləri də əsas fikri - zülmə, ədalətsizliyə qarşı barışmazlıq ideyasının daha qabarıq şəkildə nəzərə çarpdırılmasına xidmət edir. Maraqlıdır ki, dastandakı qadın surətlərinin hamısı varlı xotkar, paşa qızlarıdırlar. Onlar saraylarda maddi cəhətdən hər şeylə təmin olunsalar da, burada kök atmış ədalətsizliklə, məkrlə barışa bilmir, mənəvi azadlığı üstün tutaraq bərabərlik, haqq-ədalət məkanı kimi şöhrətlənən Çənlibelə təşrif gətirirlər. Dastandakı qadın surətləri arasında Koroğlunun həyat yoldaşı Nigar xanım xüsusilə, seçilir. O, varlı xotkar qızı olsa da, igidliyinə görə Koroğluya rəğbətini gizlətmir, ömrünün sonunadək ona sədaqətli ömür-gün yoldaşı, eyni zamanda arxa, köməkçi olur. Çənlibelə üz tutan Mərcan, Ruqiyyə, Telli, Məhbub da sərbəst düşünən, çətinliklərdən qorxmayan igid qadın surətləridirlər. Onlar lazım gəldikdə döyüş meydanlarına atılıb zülmkar paşalara, xanlara qarşı vuruşmaqdan çəkinmirlər.

Dastanda təsvir olunan Həsən xan, Ərəb Reyhan, Bolu bəy, Qara xan, Cəfər paşa sadə insanlara qarşı ədalətsizlikləri ilə seçilirlər. Dastanda Koroğlunun paşalar, xanlar üzərində qələbəsi cəmiyyətdə ədalətsizliyin, sinfı bərabərsizliyin süqutu kimi qavranılır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri