Mirzə Ələkbər Sabir Azərbaycanda yeni tipli satiranın banisi kimi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 638
Səs ver:
(səs: 0)
Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Mirzə Ələkbər Sabirdir. Poeziyamızda realizmin və demokratik ideyaların inkişafında onun müstəsna rolu vardır. Sabir böyük xalq şairi, görkəmli mütəfəkkirdir.

M.Ə.Sabir bədii yaradıcılığa kiçık yaşlarından başlamış, ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu şeirlər lirik üslubda və əsasən, qəzəl janrındadır. Sonralar da lirik əsərlər yazan Sabir ədəbiyyat tariximizdə böyük satirik kimi şöhrət qazanmışdır. Onun satira yaradıcılığı 1906—1911-ci illər arasındakı 5-6 illik birdövrü əhatə edir. Lakin Sabir bu kiçik zaman kəsiyində satira sahəsində elə bir zirvəyə qalxmışdır ki, dünyanın ədəbi korifeyləri ilə bir cərgədə dayanmaq şərəfi qazanmışdır.

Sabir qüdrətli bir satirikdır. Onun fıkirlərini, hisslərini ifadə üçün xüsusi üsulu, üslubu, həyat materialına yanaşmaq tərzi, öz orijinal bədii vasitələri və surətləri vardır, Böyük şair köhnə istismar cəmiyyətində fəhlənin, kəndlinin, zəhmət adamının ağır və məşəqqətli həyatını göstərmək üçün mənfi tipini özünü danışdırma, öz dili ilə özünü ifşa etmə üsulundan istifadə edir. «Bizə nə» şeirində Sabir xalqı saymayan, onların müqəddəratına qarşı hədsız laqeyd olan xudbin ağaların öz dili ilə özlərini ifşa edir:

Bu da sözdürmü, qazandıqlarımız parələri,
Hey verək boğmalasın Zəngəzur avarələri?
Bizlərə dəxli nədir - yoxdur əgər çarələri?
Qoy ağarsın füqəra gözlərinin qarələri!
Çəksin onlar gecə-gündüz nigaranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Sabir satirasında ən çox işlənən mövzulardan biri fəhlə mövzusudur. Bu şərəfli və həm də zəruri mövzunu şeirə, satiraya M.Ə.Sabir gətirmişdir. Onun fəhlə mövzusuna həsr olunmuş satiralarında bir tərəfdən fəhlə sinfinin oyanışı, milli özünüdərki və hüquqları uğrunda mübarizəsi göstərilirsə, digər tərəfdən istismarçı və tüfeyli siniflərin, mədən sahiblərinin bu oyanış qarşısındakı təşviş və narahatçılığı ifadə olunur. Fəhlələrin hüquq və azadlıq uğrunda mübarizəsi istismarçıları vahiməyə salır, qorxudur:

Olmaz bu ki hər əmrə dəxalət edə fəhlə,
Dövlətli olan yerdə cəsarət edə fəhlə,
Asudə nəfəs çəkməyə halət edə fəhlə,
Yainki hüquq üstə ədavət edə fəhlə,
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi...

«Əkinçi» şeirində Sabir kəndlinin əməyini, canını, var-yoxunu, insanlıq hüquqlarını mənimsəyən mülkədarın qansız, vicdansız, zalım və qəddar simasını üzə çıxarır, ona yüksək istehza və nifrətlə yanaşır. Kəndlini adam yerinə qoymayan bu cəllad qapısına çörəyə və mərhəmətə gedən əkinçiyə belə müraciət edir:

Söz açma mənə çox çalışıb az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən;
Mən gözləmənəm, buğda çıxar ver bəbəyindən,
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!

Sabir satiralarında çarizmin və burjua-mülkədar ağalığının mürtəce və antidemokratik mahiyyəti, müstəmləkəçilik siyasəti də kəskin bir dillə tənqid olunur, istismarçı cəmiyyətin xalqa gətirdiyi bəla və rəzalətlər açılıb göstərilir. Şairin çar üsuli-idarəsinə qarşı barışmaz mövqeyi onun köhnə seçkilər, Duma və qlasnılar, çarizmin milli siyasəti haqqında yazdığı əsərlərdə, xüsusən «Millət deyir ki» taziyanəsində və «Yuxu» şeirində çox aydın şəkildə görünür. «Millət deyir ki» taziyanəsində Sabir qlasnı seçkilərini ələ salaraq istehza ilə yazır:

Qlasnı seçkisini qoydu Dum müzakirəyə,
Çatır sezon ki, yenə əlbət gəzə rüşvət.
Qlasnı olmaq iki şərtə bağlıdır ancaq
Birinci rüşvət, ikinci hədə... fəqət xəlvət.

Sabir yüksək səviyyədə vətənpərvər, doğma elini, obasını, xalqını dərin məhəbbətlə sevən bir şairdir. Onun əsərlərinin bir çoxunda vətənpərvərlik ideyası qəlbi vətən eşqindən məhrum xəyanətkar adamların, millət adından danışıb milləti sevməyənlərin ifşası yolu ilə yerinə yetirilir. «Ürəfa marşı» adlı şeirində Sabir vətən qeyrətindən məhrum olan, günlərini kef məclislərində keçirən, xalqın dilinə və mədəniyyətinə xor baxan, millətə yabançı olan inteligentləri məzəli ifadələrlə tənqid edir:

İnteligentik, gəzərik naz ilə,
öm r edərik nəşeyi-dəmsaz ilə,
Həftədə bir dilbəri-tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq!

Sabir Azərbaycan ədəbiyyatı tarixində çox böyük xidmətləri olan, şeirimizdə tamam yeni bir dövr açan, milyonların qəlbini oxşayan və fəth edən əsl xalq şairidir. Onun ölməz satiraları bu gün də zehinlərdə yaşayır, insanları yeni dünya, yeni həyat uğrunda mübarizəyə səsləyir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri