Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povestində əsas surətlərin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 970
Səs ver:
(səs: 0)
Azərbaycan xalqının yetişdirdiyi ən qüdrətli söz ustalarından biri də Mirzə Fətəli Axundzadədir. Böyük sənətkar özünün çoxsahəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəb yaratmış, yüksək ideyalı, dərin məzmunlu əsərləri ilə onu daha də zənginləşdirmişdir. Ədəbiyyat tariximizdə milli dramaturgiyanın və realist nəsrin banisi olmaq şərəfı məhz M.F.Axundzadəyə nəsib olmuşdur.

M.F.Axundzadə bədii yaradıcılığa şeir yazmaqla başlamış, qələmini həm şeir, həm bədii nəsr, həm də dramaturgiya sahəsində sınayaraq birbirindən gözəl əsərlər yaratmışdır.

M.F.Axundzadənin bədii yaradıcılığında xüsusi diqqət çəkən əsərlərdən biri onun «Aldanmış kəvakib» povestidir. Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin, müasir povest janrının ilk nümunəsi olan bu əsər 1857-ci ildə qələmə alınmışdır. Povestin süjeti I Şah Abbasın səltənəti tarixini yazan İsgəndər bəy Münşinin Tarixi-aləmarayi-Abbasi əsərindən götürülmüşdür. M.F.Axundzadə tarixi bir hadisəni dövrünün müasir həyatı ilə əlaqələndirərək maraqlı bir əsər yaratmağa müvəffəq olmuşdur.

«Aldanmış kəvakib» əsəri bütövlükdə Şərq despotizminin eybəcərliklərinin ifasına keçmiş dövlət başçılarının ağılsızlıqlarının və yaramazlıqlarının tənqidinə həsr edilmişdir. Povestin əsas tənqid hədəfi Şah Abbasdır.

Şah Abbas qabilliyyətsiz və nadan bir hökmdardır, ölkənin müqəddəratını və xalqın vəziyyətini düşünməyən, günlərini eyş-işrətlə keçirən rəhimsiz və qəddar bir dövlət başçısıdır. Bu despot şah hakimiyyəti əlində saxlamaq üçün hər cür zülmə və ədalətsizliyə yol verir, insanları dar ağacından asdırır, şallaqlatdırıb qala qapısından asdırır, hətta öz övladlarını belə öldürməkdən və şikəst etməkdən çəkinmir. Müəllif əsərin sonunda bu barədə belə yazır: «Şah Abbas qəddarlığının əsas əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu.»

Şah Abbasın nadanlığının əsas təcəssümlərindən biri ətrafına yığdığı yaltaq və ikiüzlü vəzirlər, bacarıqsız şəxslərdir. Yazıçı bu şəxsləri bir-bir danışdırır və onların öz dilləri ilə özlərini ifşa edir. ölkənin maliyyə işlərinə rəhbərlik edən vəzir Mirzə Möhsün rüşvətxorluğu dövlət səviyyəsinə qaldıran bacarıqsız bir vəzifə sahibidir. O, dövlət vəzifələrini varlı adamlara satır, hökumət məmurlarını və ayrı-ayrı imtiyazlı şəxsləri şaha peşkəş verməyə məcbur etməklə ölkədə rüşvətxorluğun və soyğunçuluğun artmasına səbəb olur.

Xəzinədar Mirzə Yəhya dövlət xəzinəsini məmurların və ordunun maaşı hesabına doldurmağa çalışır və bundan ötrü ikiüzlü bir siyasət yeridir. O, bir tərəfdən kiçik məmurlara və qoşuna maaş verilməsini əmr edir, digər tərəfdən isə vilayət hakimlərinə gizli məktub göndərib məvacibin verilməməsini tapşırır.

Sərdar Zaman xan müdafiə işlərindən xəbəri olmayan kütbeyin bir ordu başçısıdır. Onun Şah Abbasın məclisindəki danışığından məlum olur ki, Osmanlı tayfası Irana hücum edərkən guya o, ağıllı iş görərək düşmənin yolunu kəsmək, hücumunu dayandırmaq üçün yolları, körpüləri dağıtdırmış, düşmənin əlinə heç nə keçməsin deyə, kəndlilərin əkinlərini və mal-qaranı tələf etdirmişdir. Hələ bu azmış kimi, Sərdar Zaman xanın bu axmaq tədbiri İran hakimlərinin o qədər xoşuna gəlmişdir ki, gələcəkdə xarici basqınlardan qorunmaq üçün sonradan da yolların, körpülərin bərpası məsləhət bilinməmişdir.

Saray xadimlərindən biri də ruhanilik işlərinə xidmət edən mollabaşı Axund Səməddir. O, yaltaq, riyakar, Allah və Peyğəmbər adından min bir fitnə-fəsad törədən paxıl və alçaq bir adamdır.

Əsərdə təsvir olunan münəccimbaşı Mirzə Sədrəddin və onun ustadı Mövlana Cəlaləddin də öz danışıq və hərəkətləri ilə gülüş doğuran mənfi surətlərdir.

«Aldanmış kəvakib» povestində Şah Abbasın tam əksinə olaraq müsbət planda təsvir olunan surət Yusif Sərracdır. Yazıçı onun simasında öz maarifçilik ideyalarına uyğun olan ağıllı, uzaqgörən və ədalətli bir şah surəti yaratmışdır. Dindar və mömin bir ailədə böyüyən Yusif Sərrac isfahanda və Kərbəlada ruhani təhsili aldıqdan sonra bunun gərəksizliyini, din xadimlərinin kələkbazlığını görərək bu sənətdən əl çəkmiş, sərraclıq, yəni at yəhəri düzəltməklə məşğul olmuş, sadə və mehriban xarakteri ilə zəhmətkeş adamların dərin hörmətini qazanmışdır. O, şahlıq səltənətinin, istismarçı zalımların ən böyük düşmənidir. Ona görə də saray xadimləri Yusif Sərracı şah seçirlər ki, ulduzların bəlası ona dəysin, fəlakət onun başında çatlasın.

Yusif Sərrac hakimiyyət başına keçdikdən sonra böyük islahatçılıq işləri aparır, xalqın mənafeyinə xidmət edən qanunlar verir. O, ilk öncə yaltaq və ikiüzlü vəzirləri saraydan uzaqlaşdırır, münəccimliyi bir vəzifə kimi ləğv edir, vilayət hakimlərinə tapşırır ki, xalqla yaxşı rəftar etsinlər, xalqı nahaq yerə incitməsinlər. Yusif Sərrac xalq mənafeyinə xidmət edən yeni vergi sistemi tətbiq edir, ölkəni abadlaşdırmaq, məktəblər, xəstəxanalar açmaq, karvansaralar tikmək üçün sərəncamlar verir, susuz yerlərə su çəkdirir, köhnə ərəb əlifbasının təkmilləşdirilməsi fikrini irəli sürür. Lakin bütün bunların müqabilində Şah Abbasın zülmkar rejiminə adət etmiş xalq Yusif Sərracı başa düşmür, ona dayaq dura bilmir və sonda Yusif Sərrac məğlub olur.

Özünün dərin ideya-məzmununa və sənətkarlıq xüsusiyyətlərinə görə M.F.Axundzadənin «Aldanmış kəvakib» povesti Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Əsər bu gün də aktual bir mövzu kimi diqqəti cəlb edir və oxucular tərəfindən maraqla qarşılanır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri