Molla Pənah Vaqifin lirikası - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 813
Səs ver:
(səs: 0)
Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Molla Pənah Vaqifdir. O, Azərbaycan ədəbiyyatı tarixində mühüm xidmətləri olan ölməz bir sənətkardır. Vaqif həm mahir bir söz ustası, həm də görkəmli dövlət xadimi kimi böyük şöhrət qazanmışdır. O, Azərbaycan ədəbiyyatı tarixində yeni bir ədəbi məktəbin əsasını qoymuş, onun yaradıcılığı ilə ədəbiyyatımızda xalq şeiri üslubu formalaşaraq aparıcı mövqe qazanmışdır. Vaqif şeirini səciyyələndirən əsas cəhətlər nikbinlik, xəlqilik və realizmdir.

Vaqif lirik şairdir. Onun əldə olan ədəbi irsi qoşma və təcnislərdən, qəzəl, müxəmməs, müstəzad və müəşşərlərdən ibarətdir. Bu ədəbi irs içərisində Vaqifin özünün «qafiyə» adlandırdığı qoşmalar xüsusi yer tutur.

Vaqif lirikasının əsas mövzusu məhəbbət və real gözəllərin tərənnümüdür. Lakin Vaqif məhəbbət mövzusuna özündən əvvəlki şairlərdan fərqli olaraq, yeni bir tərzdə yanaşmış, ona real və həyati bir məzmun vermişdir. Vaqifin şeirlərində məhəbbət həqiqi olaraq yaşanmış hisslərin, reallığın ifadəsinə çevrilir, real insan duyğuları kimi edir.

Vaqifin məhəbbət şeirlərinin bir səciyyəvi xüsusiyyəti də gözəlliyin təsvir və tərənnüm obyekti olan məşuqənin vəsfinə, onun real gözəlliyinin, tərifinə geniş yer verilməsidir. Şairin təsvir etdiyi, tərifini verdiyi gözəllər həm fiziki, həm də mənəvi gözəllikləri özündə birləşdirən real Azərbaycan qızlarıdır. Vaqif bu gözəlləri öz dövrünün geyimi, davranışı, əxlaq normaları, estetik baxışları ilə birgə təqdim edir:

Boyu mina gərdən, sinəsi mərmər,
Bəyaz ola gül əndamı sərasər.
Əlində al həna, zülfündə ənbər,
Qaşında, gözündə sürmə gərəkdir.

Vaqif lirik şeirlərində xalqın gözəllik anlayışını, gözəllik haqqında qənaətini, hiss və həyəcanlarını böyük bir ustalıqla sevgilisinə çevirir, gözəlliyin real təcəssümünü yaradır.

Vaqif lirikasının baş mövzusu əsas lirik qəhrəman olan aşiqin qəlb dünyası, arzuları, eşqdən doğan sevinc və kədəridir. Şair əsərlərində gözəlin təsvirinə nə qədər geniş yer versə də, əslində bunlar aşiqin sevgi duyğularına haqq qazandıran, onları qabarıq şəkildə göstərməyə xidmət edən bir vasitə kimi götürülür.

Vaqifin lirik qəhrəmanı həqiqi bir aşiqdir. O, saf və təmiz bir eşqlə sevir, sevgilisini də əhdinə vəfalı, ilqarına sadiq bir insan kimi görmək istəyir:

Mənim yarım gərək baxa bir mənə,
Qeyri üzə baxan yara baxmaram.

Vaqifin şeirlərində məhəbbət aparıcı bir mövzu olsa da, şair başqa mövzulara da biganə qalmamışdır. Həssas və müqtədir bir şair kimi o, dövrünün ən mühüm hadisələrinə əsərlər həsr edərək öz münabasibətini bildirir, sevinc və kədərini, məhəbbət və nifrətini ifadə edir. Bu cəhətdən Vaqifin «Hayıf ki, yoxdur» qoşması diqqəti cəlb edir. Bu şeirində biz şairi elin-obanın yoxsul həyatına, Kür qırağının acı taleyinə yanan və acıyan bir sənətkar kimi görürük. Vaqif burada yaşayan əhalinin kasıblığını, qız və gəlinlərin yoxsul geyimini, onların davranış və rəftarının aşağı səviyyədə olmasını ürək ağrısı ilə qələmə alır:

Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə,
Bəzəyi, libası, hayıf ki, yoxdur.

Vaqif lirikasının ən mühüm keyfiyyətlərindən biri nikbinlikdir. ömrünün son çağlarında yazdığı bir neçə şeirdə Vaqif bədbin notlara yer versə də, onun yaradıcılığı bütövlükdə əsl nikbinlik məktəbi, insanı həyata, gözəlliyə və məhəbbətə çağıran bədii nümunələrdir.

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan, Nizami, Füzuli, M.F.Axundzadə, Sabir kimi qüdrətli söz ustaları ilə bir cərgədə dayanan sənətkardır. Onun şeirləri əsl məhəbbət nəğmələri, könül təranələridir. Bu şeirlərdə o qədər əsrarəngiz bir gözəllik və təbiilik vardır ki, bunlar indi də aşıqların və xanəndələrin dilindən düşmür, oxucular tərəfindən hərarətlə qarşılanaraq sevilə-sevilə oxunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri