Mirzə İbrahimovun «Talesiz insanlar» («Gələcək gün») əsərində sadə insanların taleyi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 098
Səs ver:
(səs: 0)
Yüksək sənətkarlıqla qələmə alınan «Böyük dayaq», «Pərvanə» romanları, «Həyat», «Kəndçi qızı», «Yaxşı adam», «Məhəbbət» pyesləri və çoxlu sayda hekayələri ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında layiqli iz qoyan Mirzə İbrahimovun yaradıcılığından cənub mövzusu qırmızı xətlə keçir. İkiyə bölünən Vətənin dərdi, cənublu soydaşlarımızın məşəqqətli həyatı, onların azadlıq uğrunda apardıqları mübarizə əslən Cənubi Azərbaycandan olan yazıçını bütün yaradıcılığı boyu düşündürmüşdür.

Ədibin cənub mövzusunda yüksək sənətkarlıqla qələmə aldığı ən təsirli əsərlərindən biri də «Gələcək gün» romanıdır. Müəllif romanda sadə insanların üzləşdikləri haqsızlıqları, əli qabarlı zəhmət adamlarının son dərəcə agır gün-güzəranını dolğun lövhələrdə ümumiləşdirərək şah rejiminin iç üzünü açmış, ərbabların, məmurların xalqa verdiyi zülmü göstərmişdir. Oxucu əsərdə aclığa, səfalətə düçar olan, ölümə məhkum edilən insanların acı talelərinin şahidi olur. Yazıçı gecə-gündüz alın təri tökən kəndliləri talesiz insanlar adlandırır. Müəllifin bu qənaəti təsadüfi deyildir. Kəndlilər sübh tezdən şər qarışanadək ağır zəhmətə qatlaşsalar da, zülm və ehtiyac içində həyat sürürlər, uşaqlarını qarındolusu çörəklə təmin edə bilmirlər. Kəndlilərin yeganə ümidləri məhsul bölgüsündən onlara düşəcək paydır. Lakin ərbab bölgü vaxtı onların qarşısına çox ağır tələb qoyur, bildirir ki, hazır məhsulun beşdə ikisi deyil, beşdə biri kəndlilərə çatacaq. Ərbabın yeni şərti kəndiilərin ümidini qırır. Belə ədalətsiz məhsul bölgüsü onlar üçün ölümə bərabər bir cəzadır. Aşağıdakı sətirlər əksəriyyəti borc içində yaşayan, ailəsinin qış ruzusu olmayan kəndlilərin necə çətin vəziyyətə düşdüklərini göz önündə canlandırır: «Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bu sual durmuşdu: Nə etməli?»

Yazıçı diqqəti zəhmətə bağlı insanların ağır dolanışığının səbəblərinə yönəldir. Romanda hadisələrin inkişafından məlum olur ki, cəmiyyətdəki bu ədalətsizlik, qeyri-bərabərlik şah rejiminin mahiyyətindən irəli gəlir. Bu rejim zülmə, istibdada söykənir. Belə ədalətsiz cəmiyyətdə kəndlilərin taleləri şah rejiminin təmsilçisi Hikmət isfahani kimi acgöz ərbabların əlindədir. Onlar müxtəlif bəhanələr gətirərək kəndlilərin min bir zəhmət hesabına yetişdirdikləri məhsulun hamısını mənimsəməyə çalışırlar.

Şah rejiminin mahiyyəti yüksək mənəviyyata malik Musa kişinin ailəsinin acı taleyində bütün çılpaqlığı ilə təzahür edir. Ailəsinin ehtiyaclarını göz önünə gətirib haqqını tələb etmək istəyən Musa kişi ərbabın qəzəbinə tuş gəlir, onun göstərişi ilə ağaca sarınıb döyülür, sonra da Tehrana sürgün edilir və heç kəs də onun şikayətini eşitmək istəmir. Beləliklə, zəhmətkeş bir ailə ədalətsiz cəmiyyətdə mərhumiyyətlərlə qarşılaşır, faciələr yaşayır və məhv olur.

Lakin müəllifın məqsədi heç də yalnız zəhmət adamlarının acı talelərini, ictimai ədalətsizliyi göstərmək deyildir. Əsərdə təsvir olunan kəndlilərin qəlbində üzləşdikləri haqsızlığa dərin barışmazlıq, zülmkar məmurlara kəskin qəzəb və nifrət var. Rejimin qayda-qanunları, təqibləri nə qədər sərt olsa da, xalqın qabaqcıl nümayəndələri zülmə, istibdada qarşı azadlıq mübarizəsi aparmaqdan çəkinmirlər. Xalqın istiqlal mübarizəsinin önündə gedən gənclərdən biri əsərin qəhrəmanı Firudindir. O, haqq və ədalət tərəfdarıdır, həmvətənlərinin yenilməzliyini, mübarizə əzmini əks etdirir.

Müəllif romana «Gələcək gün» adını təsadüfən seçməmişdir. Bu adın müstəqim mənası ilə yanaşı, onun daşıdığı rəmzi məna da diqqəti cəlb edir. Bugünkü çarpışmalar sabahkı xoşbəxt və azad gündən xəbər verir. Xalqın azadlıq mübarizəsinin qələbə ilə başa çatacağı, zülmün, istibdadın, haqsızlığın sona yetəcəyi gün mütləq gələcəkdir. Elə bir gün ki, orada «nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər olmayacaq».
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri