Mən əsil xoşbəxtliyi nədə görürəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 544
Səs ver:
(səs: 0)
Xoşbəxtlik! Onu hərə bir cür başa düşür. Kimi şən həyatda, kimi arzularının yerinə yetməsində, kimi pulda, var-dövlətdə, kimi zəhmətdə, əməkdə, kimi də səmimi ailə həyatında görür.

Məncə xoşbəxtlik - qurmaq, yaratmaq, ən ülvi arzulara çatmaq deməkdir. Belə xoşbəxtlik isə heç zaman asanlıqla qazanılmır və əslində asanlıqla qazanılan xoş günə xoşbəxtlik demək də düzgün olmaz. Çünki belə xoş günün ömrü qısa olur və insana mənəvi zövq, məmnunluq gətirmir. Əsl xoşbəxtlik daim çalışmaqla, mübarizə aparmaqla qazanılır və bunun əsasında həqiqi zəhmət, faydalı əmək, alın təri dayanır. Ona görə də hər bir adam əməyi sevməlidir. Çünki əmək, zəhmət xoşbəxtliyin, səadətin açarıdır.
Biz öz əməyi ilə dolanaraq xoşbəxt həyata qovuşan insanların bədii obrazına şifahi xalq ədəbiyyatının gözəl nümunələri olan dastanlarda, nağıllarda, yazılı ədəbiyyatımızın roman, povest, şeir və hekayə kimi növlərində tez-tez rast gəlir, onları sevə-sevə öyrənirik.
Hələ XII əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvi öz əsərlərində zəhmətkeş insan obrazları yaradaraq onları milyonlara sevdirmişdir. Şairin «Sirlər xəzinəsi» poemasındakı «Kərpickəsən kişinin dastanı» hekayəti bu baxımdan gözəl sənət nümunəsi, zəhmətkeş insana ucaldılan abidədir.
Nizami gəncliyi zəhmətsevərliyə, sənət öyrənməyə, bir tikə çörək üçün başqalarına əl açmamağa, öz halal zəhməti ilə dolanmağa çağırır. Şair bu haqda öz arzularını oğluna nəsihət yolu ilə belə ifadə edir:

Elə ki böyüdün, belədir qayda,
Atanın adından sənə nə fayda?!
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən.

Nizami öz əsərlərində insan əməyini yüksək qiymətləndirir, əməyə, əməkçi insana fəal münasibət bəsləyir və göstərir ki, əsl xoşbəxtlik də, rahatlıq da, şadlıq da halal zəhmətdədir. Zəhmət çəkib tər tökmək insana şöhrət gətirir, onu ucaldır. Şair öz oxucusunu əməyi sevməyə çağırır və ona belə nəsihət edir:

Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar,
Zəhmətin axırında rahatlıq var, şadlıq var.

İnsan yalnız öz halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə çata bilər. Bu gün mən hələ adicə şagirdəm. Əsas vəzifəm oxumaq, xalqıma, vətənimə gərəkli bir şəxs olmaqdır. Mənim əməyim də bundan ibarətdir. Çalışıram ki, dərslərimi yaxşı oxuyum, müəllimlərimin bütün tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirim. Gələcəkdə mən də öz əməyimlə ucalmağa çalışacaq, xoşbəxtliyə, səadətə halal zəhmətlə, alın təri ilə çatmağa səy göstərəcəyəm.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri