Nizami Gəncəvi yaradıcılığında mütərəqqi ideyalar - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 921
Səs ver:
(səs: 0)
Böyük Azərbaycan şairi Nizami Gəncəvi bəşər həyatının yetirdiyi ən əzəmətli və ölməz söz ustalarından biridir. O, yaradıcılığının bədii kamilliyi, ictimai-fəlsəfi mənasının dərinliyi, dəyər və dolğunluğu etibarı ilə dünya ədəbiyyatının Homer, Dante, Şekspir kimi dahiləri ilə bir cərgədə durur. Nizami əsərlərinin canını təşkil edən dərin humanizm, ədalət və xalq səadəti ideyaları əsrlərdən aşaraq bir günəş işığı kimi süzülüb gəlmiş, yüksək mənəvi keyfiyyətlər xəzinəsi kimi xalq həyatına daxil olmuşdur. Nizaminin əsərləri elə bir mənəvi xəzinədir ki, burada insan həyatı və yaşayışının mənasını açan ən müdrik fikirlər, hakimanə sözlər toplaşmışdır. Nizaminin əsərləri hər bir yeni nəsil üçün ibrət dərsidir, insanların qəlbində yüksək duyğular oyadan, onları tərəqqi və inkişafa sövq edən, yer üzündə həqiqi bərabərlik, sülh və səadət uğrunda mübarizəyə ruhlandıran misilsiz sənət nümunələridir.
Nizami dünyanın ən böyük humanist sənətkarlarından biridir. Onun əsərləri insana xidmət etmək, insanın haqqını və mənafeyini müdafiə etmək, insanı fiziki zənginliyə və mənəvi kamilliyə səsləyən bir sənət xəzinəsidir. Nizami yaradıcılığındakı ən mütərəqqi cəhət onun insanı insan kimi yaşamağa, dünyanı zəkası və əməlləri ilə bəzəməyə, zənginləşdirməyə çağırmasıdır. Şair göstərir ki, insan yalnız özü üçün yaşamamalı, böyük məqsədlər uğrunda, bəşər həyatına xidmət etmək yolunda çalışmalıdır.

Çalış, insanların işinə yara,
Geysin əməlinlə dünya zərxara.
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük arxadır kömək.

Nizami öz əsərlərində bütün xalqlara hörmət və məhəbbətlə yanaşır. Şair insanı hansı xalqa, hansı ölkəyə mənsub olmasına görə yox, ləyaqətinə, insanlığına görə qiymətləndirməyi əsas götürür. Nizami yüksək bir vətənpərvərdir. Onun əsərlərində vətənpərvərlik müqəddəs bir anlayış kimi verilir. Nizami doğma yurdu Azərbaycandan danışanda bu əsrarəngız diyarın zəngin təbiətindən, mərd və nəcib insanlarından böyük hərarətlə, iftixar hissi ilə söz açır:

Bu mərdlər, gözəllər yurdunda inan,
Çox saysız xəzinə gizləmiş zaman.
Belə şux, sevdalı gülşən harda var?!
Harda var xəzinə saçan bu diyar?!

Nizami vətəni qorumaq naminə canından keçməyə hazır olmağı hər bir vətən övladının borcu sayır. Lakin o, saysız insan məhvinə səbəb olan ədalətsiz müharibələrə qarşı çıxır. Mənəmlik və dünya ağalığı iddiası ilə başlanan savaşların gec-tez məğlubiyyətlə nəticələndiyini göstərir. Nizaminin bu fikirləri bu günümüzün reallığı ilə də üst-üstə düşür, ədalətsiz, işğalçı müharibələrin insanlığa fəlakət gətirdiyini, aclıq və səfalət yaratdığını bütün aydınlığı ilə açıb göstərir.

Nizami yaradıcılığındakı ən mühüm cəhətlərdən biri onun əməyə, əməkçi insana yüksək münasibətidir. Şair öz əsərlərində əməkçi insan surətləri yaradaraq onların halal zəhmətlə olan yaşayışını tüfeyli şahların həyatından qiymətli sayır, onların mənəvi gözəlliyini dərin rəğbət hissi ilə əks etdirir. «Kərpickəsən kişinin dastanı» hekayəsindəki kərpickəsən qoca, «Süleyman və əkinçi»dəki əkinçi əməyi, zəhməti sevən mərd və ağıllı insanlardır. Onlar zəhmət çəkərək yaşamağı başqalarına əl açmaqla həyat sürməkdən daha üstün tuturlar. Eləcə də şairin «Xosrov və Şirin» poemasında sevə-sevə təsvir etdiyi Fərhad yüksək mənəviyyatlı əməkçi insan surəti olub, əsərin əsas qəhrəmanı Xosrovdan qat-qat yüksəkdə durur.

Nizami həyatda başqalarının hesabına yaşayan mənəviyyatsız və tüfeyli adamların da olduğunu göstərir və onlara nifrətlə yanaşır, onların cəmiyyətə heç bir xeyri olmadığını, insanlığa yalnız zərər gətirdikləri bildirir.

Nizami yaradıcılığı yüksək insani görüşləri, mənəvi ucalığı tərənnüm edən möhtəşəm sənət abidələridir. Onun bədii irsi bu gün də ən yüksək insani duyğuların toplandığı mənəvi xəzinə kimi hərarətlə qarşılanır və sevilə-sevilə oxunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri