Nəyə görə mən öz vətənimi sevirəm ? (1) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 527
Səs ver:
(səs: 2)
Azərbaycan - bizim hər birimiz üçün müqəddəs olan bir kəlmə. Qəhrəmanlıq və faciəli keçmişi olan, zəngin tarixə malik bir diyar. Vətən - hamımızın ana yurdudur. Dahi sərkərdə və dövlət xadimi Şah ismayil Xətayinin yaratdığı nəhəng Səfəvilər səltənətinin yanar qəlbidir bura. Bu diyarı sevməmək mümkün deyil.

Azərbaycan elinin möhtəşəm şəhərləri öz gözəlliyi ilə qonaqları valeh edir. Qədim İçərişəhər və əzəmətli «Qız qalası», onlarca gözəl minarəli məscidləri və tarixi abidələri olan Bakı şəhəri və Kiçik Qafqaz dağlannın ətəklərində yerləşən qədim Şəki, minilliklərlə tarixi keçmişi olan Naxçıvan, Gəncə və digər bölgələrimiz necə də gözəldir!

1139-cu ildə dəhşətli zəlzələ Gəncə şəhərini yerlə-yeksan etmişdi. Lakin bu dəhşətli zəlzələ nəticəsində Azərbaycan təbiətində iki yeni dilbər guşə əmələ gəlmişdir: Maralgöl, Cililgöl və əlbəttə ki, Göygöl.

Göygöl - Zaqafqaziyanın ən mənzərəli və ən səfalı gölü sayılır. Bu əsrarəngiz göl, dəniz səviyyəsindən 1566 metr hündürlükdə yerləşir. Göygöl turist marşrutları siyahısına daxil edilmişdir və Azərbaycan sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından biridir. Göygöl ərazisi Azərbaycanın qoruqlarından biri hesab edilir və burada bir sıra nadir heyvanlar dövlət qanunları ilə qorunur. Gəncə dahi Nizami Gəncəvinin, tanınmış şairə Məhsəti Gəncəvinin və gözəl lirik Mirzə Şəfi Vazehin vətənidir.

Bakıdan şimal-qərbə doğru təqribən 160 km getdikdə, Şahdağ yamacının ətəklərində, meyvə ağacları bağları yaşallıqlarına qərq olan gözəl Quba şəhəri yerləşir. Quba tarixi abidələrlə zəngin bir diyardır. Xınalıq kəndində yerləşən və İslamdan qabaqkı atəşkəslər məbədini, XIX əsrdə inşa edilən əzəmətli «Cümə» məscidi, eləcə də «Ərdəbil» və «Səkinə xanım» məscidləri, gümbəzvari hamamı görmək turistlər üçün çox maraqlı olur. Həmçinin, Quba rayonunun Əfrucə kəndindəki şəlaləni seyr etmək, dağ bulaqlarının bumbuz suyundan dadmaq və Pirbənövşə mağarasını ziyarət edərək dua etmək, istirahətə gələnlər üçün unudulmaz günlər bəxş edir. Gəzinti və təəssüratlardan yorulduqda isə, Qubanın məşhur ağ almasından dadmaqla bütün yorğunluğu unutmaq olar. Qubanın bir çox tanınmış insanlar tərəfindən ziyarət edilməsi əbəs yerə olmamışdır. Bunlardan məşhur fransız yazıçısı Aleksandr Dümanı, rus yazıçısı Bestujev- Marlinskini, görkəmli sərkərdə İ.N.Berezini və digərlərini göstərmək olar.

Azərbaycanın ən səfalı və gözəl şəhərlərindən biri də Şuşa şəhəridir. O, 300 il bundan qabaq salınmışdır. Şuşa şairlər və bəstəkarlar diyarıdır. Üzeyir Hacıbəyov, Natəvan, Xan Şuşinski və b. dahi şəxsiyyətlər bu diyarda böyüyüb boya-başa çatmışlar. Hal-hazırda bu dilbər guşə ermənilər tərəfindən işğal olunmuşdur, onun ətrafındakı gözəl meşələr yandırılmış, qədim tarixi abidələr isə xarabalığa çevrilmişdir.

Artıq neçə illərdir ki, qonşu Ermənistanla bizim ölkəmiz müharibə şəraitində yaşayır. Lakin, mən əminəm ki, çox keçməz, bizim şanlı ordumuz mənfur erməni yaraqlılarını işğal olunmuş torpaqlardan qovaraq, məmləkətimizin üzərini almış qara buludları dağıdacaq və sülh, əminamanlıq bərqərar olacaq.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 527
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri