Süleyman Rəhimovun "Mehman" əsərində Mehman obrazı - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 295
Səs ver:
(səs: 0)
Süleyman Rəhimov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, bütün yaradıcılığı boyu bədii nəsr sahəsində fəaliyyət göstərmiş, çoxlu hekayə, povest və roman, ədəbi-tənqidi və publisist məqalə yazmışdır. S. Rəhimovu daha çox məşhurlaşdıran onun roman və povestləridir. «Şamo», «Saçlı», «Ana abidəsi» və s. kimi romanları, «Ata və oğul», «Medalyon», «Mehman» və s. kimi povestləri ədəbiyyatımız tarixində ona yüksək şöhrət qazandırmışdır.
S.Rəhimovun ən maraqlı əsərlərindən biri «Mehman» povestidir. Realist-psixoloji üslubda yazılmış bu əsərin mövzusu cəmiyyətin mənəviəxlaqi saflığı uğrunda ədliyyə orqanlarının mübarizəsindən götürülmüşdür. 1944-cü ildə qələmə alınmış bu povestdə qanunun aliliyi, hamının qanun qarşısında məsuliyyət və bərabərliyi əsas götürülmüş, maraqlı bir prokuror surəti yaradılmışdır.
Əsərin əsəs qəhrəmanı Mehmandır.
Mehman gənc hüquqşünasdır. Universiteti fərqlənmə diplomu ilə bitirən bu gəncin qarşısında iki yol dayanır: Bakıda qalıb hüquq alimi kimi yetişmək və həyat təcrübəsi qazanmaq naminə ucqar bir rayona işləməyə getmək. Mehman bu yollardan ikincisini seçir, rayona gedərək təcrübə toplamağı, həyat sınağından çıxmağı daha üstün hesab edir.
Mehmanın işləməyə getdiyi rayon da mürəkkəbdir. Burada maskalanmış düşmənlər sadə və namuslu adamları öz tərəflərinə çəkməyə, mümkün olmayanda onları ləkələməyə, məhv etməyə çalışırlar. Mehmanın ailəsində də mürəkkəb bir vəziyyət vardır. Züleyxanın məhəbbəti qarşısında yumşalıb onunla evlənən Mehman onun aldığı tərbiyədən irəli gələn şöhrətpərəstlik hisslərinin qarşısını ala bilmir, çətinlik qarşısında qalır. O, qayınanasını da gec tanıyır, əslində gözəl və nəcib qız olan Züleyxanı anasının təsirindən vaxtında uzaqlaşdıra bilmir.
Düşmənlər də Mehmanın məhz bu zəif yerindən istifadə edir, gənc prokurorun ailəsini ləkələməyə çalışırlar. Mehmana qarşı açıq və gizli mübarizə aparan adamlar öz aralarındakı ixtilaflara baxmayaraq, əlbirdirlər. Müstəntiq Murtuzov, onun an/adı Yavər, bağça müdiri Zərrintac, anbar müdiri Məmmədxan, yazıqlıq donuna girmiş Qaloşlu adamdan ibarət olan bu dəstənin başında RİK sədri Kamilov durur. Bu dəstəni birləşdirən əsas cəhət onların var-dövlət hərisliyi, əliəyri olmalarıdır. Onlar Mehmanı da sındırmaq, öz tərəflərinə çəkmək istəyirlər. Qaloşlu adam vasitəsi ilə Züleyxaya hədiyyə adı ilə qızıl saat verir, sonra isə bunu Mehmana bildirərək onu təhdid edirlər.
Mehman çətin vəziyyətdə qalır. Lakin o, həqiqi bir vətəndaş, əsl hüquq işçisi kimi qanunun aliliyini əsas götürür, ədalət bayrağını, hətta öz ailəsindən də üstün tutur. Rüşvət verilmiş qızıl saatı seyfə qoyaraq cinayət işi qaldırır, işlərin mayası olan Qaloşlu adamı həbsə aldırır.
Mehman qurduğu ailədə uğursuzluğa məruz qalır. Lakin bu, ona bir ibrət dərsi olur. Mehman başa düşür ki, həqiqi hüquqşünas, həqiqi prokuror öz ailəsinin saflığına da diqqət yetirməli, onu kənarda qoymamalıdır. Mehman məhz təmizliyi ilə qələbə çalır, saflığı və paklığı ilə rəğbət qazanır, oxucu örnəyinə çevrilir.

«Mehman» povesti istər ictimai məzmununa, istərsə də dil və üslub xüsusiyyətlərinə görə təqdirəlayiq əsərdir. Bu əsər indi də oxucular tərəfindən rəğbətlə qarşılanır və sevilə-sevilə oxunur.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri