Süleyman Rüstəmin "Ana və poçtalyon" əsərinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 368
Səs ver:
(səs: 0)
Süleyman Rüstəm Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biridir. O, bir sənətkar kimi həmişə öz xalqının əməl və idealları ilə yaşamış, bütün istedadını, təmiz hiss və duyğularını bu ideayaların tərənnümünə həsr etmişdir. S.Rüstəm, sözün əsl mənasında, dolğun və zəngin yaradıcılıq yolu keçmiş, xalq həyatının güzgüsü olaraq bu həyatın bütün cəhətlərini əks etdirmişdir.
S.Rüstəm bədii yaradıcılığa çox gənc yaşlarından başlamış, həyatının bütün sahələrinə aid bədii nümunələr yaratmış, çoxsaylı oxucularına yüksək fikirlər, nəcib duyğular aşılamış, düşünərək yazan, sevilərək oxunan bir şair kimi şöhrət qazanmışdır.
S.Rüstəmin 1941 - 1945-ci illər müharibə dövrü əhvali-ruhiyyəsini əks etdirdiyi əsərləri də onun maraqlı yaradıcılıq nümunələridir. Şair müharibəyə həsr edilmiş şeirlərində adamlarımızın yüksək mənəvi keyfiyyətlərini, vətənpərvərliyini, qəhrəmanlığını, nəcibliyini və s. insani duyğularını böyük məhəbbətlə tərənnüm etmişdir.
S.Rüstəmin müharibə mövzusunda yazdığı şeirlər içərisində «Ana və poçtalyon» əsəri xüsusi yer tutur. Bu şeir nəinki S.Rüstəm yaradıcılığında, eləcə də müharibə dövrü poeziyasında ən məşhur əsərlərdən biridir.
Əsərin mərkəzində cəbhədəki oğlunun intizarında, narahatçılığını çəkən bir ana surəti durur. Dörd aydır ki, ana cəbhədəki oğlundan məktub almır. Həyətlərinə gələn poçtalyon hamıya məktub gətirir, lakin ananı sevindirə bilmir. intizardan sarsılan ana hirsini poçtalyona tökür. «Məktub olmasa, bir də sən bu həyətə gəlmə!» - deyə ona acıqlanır.
Poçtalyon dünya görmüş, təcrübəli bir adamdır. O, ananın dərdini dərindən duyur, ona haqq qazandırır, heç bir söz demədən çıxıb gedir və günlərlə bu həyətə gəlmir. Çox keçmir ki, ana da öz hərəkətindən peşman olur. Poçtalyonun bu həyətə gəlməməsi onu qüssələndirir. Oz oğlunun dərdini çəkən ana, indi də poçtalyonun dərdini çəkməyə, onun üçün narahat olmağa başlayır. Ana fikirləşir ki, bəlkə, poçtalyonun başında bir macəra var. Bəlkə, onun da oğlu qanlı döyüşlərdədir, bəlkə də xəstədir, baxanı yoxdur. Ananın bu hissləri səmimi və qayğıkeş bir ananın, başqasının dərdini də öz dərdinə çevirən həqiqi bir insanın saf və dərin duyğularıdır.

Bu qoca poçtalyon da anaya bir dərd oldu,
Yolunu gözləməkdən hər gün gözü dörd oldu...
Ana düşündü: Bəlkə, qəlbini qırdım onun,
Bəlkə bir macəra var başında poçtalyonun..
Bəlkə, onun da oğlu qanlı döyüşlərdədır,
Kim bilir, bəlkə, o da mənimlə bir dərddədir...
Xəstədır, baxan yoxdur, bəlkə də, poçtalyona,
Evlərini bilsəydim, bir baş çəkərdim ona...

Ana, poçtalyona dediyi acı sözlər üçün peşmançılıq çəkir, «kaş ki, o sözlər mənim çıxmayaydı dilimdən», - deyə təəssüflənir. Indi ana poçtalyonun məktubsuz da olsa, bu həyətə gəlməsinə razıdır. Çünki onun hər gəlişi anaya oğlunun ətrini gətirirdi.
Bir müddət keçir və biz yenə də poçtalyonun bu həyətə ayaq basdığını görürük. Məlum olur ki, poçtalyon da nəcib və həssas bir insandır. O, xeyli müddət gözləmiş, nəhayət, ananın oğlundan gözlədiyi məktubu ona gətirmişdir. Poçtalyon məktubu böyük şevinc hissi ilə anaya təqdim edir:

Bundan neçə gün əvvəl məndən küsən, inciyən,
«Məktub olmasa, bir də bu evə gəlmə!» deyən
Mərhəmətli, möhtərəm anayadır bu kağız!..

S.Rüstəm «Ana və poçtalyon» şeirində öz qəhrəmanlarının qəlbinə daxil olmağı ustalıqla bacarmış, onların yüksək mənəvi aləmini aydın və rəngarəng boyalarla reallığa çıxarmış, möhtəşəm bir abidə yaratmışdır. Məhz bu keyfiyyətlərinə görədir ki, əsər bu gün də oxucular tərəfindən yüksək səviyyədə sevilir və oxunur.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri