Vahid Azərbaycan dövləti haqqında nə düşünürəm - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 402
Səs ver:
(səs: 0)
Dünyada tarixin gərdişi üzündən ikiyə bölünən xalqların sayı çox azdır. Məmləkətin zor gücünə parçalanmasından ağır bir faciəni təsəwürə gətirmək mümkündürmü? Təxminən iki yüzillikdir ki, xalqımız belə bir acı tale yaşayır. XIX əsrin əvvəllərində Azərbaycan qonşu dövlətlərin məkrli planları nəticəsində iki yerə bölünmüşdür. Vahid bir məmləkəti, dilbir, qanbir xalqı ayıran sərhəd kimi isə Araz çayı götürülmüşdür. 1813-cü il Gülüstan və 1828-ci ii Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın Araz çayının Şimalında qalan hissəsi Rusiyanın, Cənubunda qalan hissəsi isə İranın tərkibinə qatılmışdır. O vaxtdan bəri Araz ayrılıq, həsrət, nisgil rəmzinə çevrilmişdir.
Lakin bədnam Gülüstan və Türkmənçay müqavilələrindən onilliklər ötsə də, xalqımızın qəlbində azadlıq, müstəqillik, birləşmək arzusu heç vaxt sönməmişdir. Həm o tayda, həm də bu tayda insanlar bir-birlərinə qovuşmaq həsrəti ilə yaşamışlar. Repressiyalar, təzyiqlər, qadağalar nə qədər sərt olsa da, xalq dilini, dinini qoruyub saxlamış, soykökünə, ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq qalmış, tarixi zəmin yetişdikdə isə azadlıq mübarizəsinə qalxmaqdan çəkinməmişdir. 1918-ci il mayın 28- də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə 1920-ci ildə müstəqil Azadıstan dövləti quruldu. Hər iki dövlətin ərazisində geniş milli-demokratik islahatlar həyata keçirildi. Beləliklə, Azərbaycan xalqı həm Şimalda, həm də Cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi. Təbii ki, xalqımızın Iranda və Rusiyada öz müstəqil dövlətini qurması imperiya rejimlərini rahat buraxa bilməzdi və onlar bu dövlətlərin süqut etməsinə nail oldular. Beləliklə, müstəqil yaşamağa layiq olan bir xalqın azadlıq arzuları zor və silah gücünə boğuldu.
Dövlətçiliyimizin bərpası üçün yeni real tarixi şərait isə yalnız ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı. 1991-ci il oktyabrın 18-də Şimali Azərbaycan müstəqilliyini bütün dünyaya bəyan etdi və öz dövlətini qurdu. Həmin vaxtdan bəri müstəqil Azərbaycan dövləti yaşayır və getdikcə möhkəmlənir.
Zaman ən böyük hakimdir, deyirlər. Tarixdə heç bir ədalətsizlik sonsuzluğa qədər davam etmir, gec-tez haqq-ədalət öz yerini tutur. Onilliklərdən sonra Almaniyanı ikiyə bölən divarların uçurulması və alman xalqının yenidən bir dövlətdə birləşməsi bu həqiqətin təsdiqidir.
Bu mənada mən xalqımızla, Vətənimizlə bağlı tarixi ədalətsizliyin gectez aradan qalxacağına inanıram. «Bütöv Azərbaycan» ideyası bütün dünyaya səpələnən milyonlarla azərbaycanlının ülvi bir duyğutək qəlbində yaşatdığı ən böyük arzudur. Azərbaycanın görkəmli söz ustadları öz əsərlərində dönə-dönə bu mövzuya müraciət etmiş, xalqımızın ikiyə bölünmüş Vətən dərdini, birləşmək istəyini, bu məqsəd uğrunda apardığı mübarizəni poetik şəkildə ifadə etmişlər. Ürəyi, dili və qələmi «Vətən» hayqıran xalq şairi Məmməd Arazın «Bu gecə yuxuda Arazı gördüm» şeirini həyəcansız oxumaq mümkün deyil. Şair yazır:

Arazı bəxtindən çox razı gördüm,
Üstündən yol atdı: «Cəsarətlə keç!»

Şairin yuxusu rəmzi məna daşıyır. Əslində bu yuxu məmləkəti bir bayraq altında birləşən görmək istəyən hər bir azərbaycanlının düşüncələrinin, qəlb duyğularının ifadəsidir. Şair bu dəfə Arazı qəmli-qüssəli yox, nikbin, tox təsvir edir. Bu da təsadüfi deyil. Şairin xəyalları uzaqlara gedib, məhdudiyyətlərə məhəl qoymur, sərhədləri aşır. Birləşmək məqamı yetişib - Araz o tayla bu tayı birləşdirmək üçün üstündən yol açıb...
Lakin şair realistdir, başa düşür ki, yalnız arzu etməklə ikiyə bölünmüş Vətənin birliyinə nail olmaq mümkün deyildir. Bundan ötrü mübarizə aparmaq, cəsarət göstərmək gərəkdir. Artıq zaman dəyişib, dünya yeni mizan-tərəzi ilə idarə olunmağa başlayıb.

Əsrimiz körpülər əsridir indi,
Pas atmış ağıllar quylanır yerə.

Bu sözlərlə şair dünyada yaranan yeni ab-havaya işarə edir və həmvətənlərinə birləşmək üçün tarixi məqam yetişdiyini xatırladır. Bu tarixi məqamdan istifadə etmək üçün qəti mübarizəyə qalxmalı və mübarizəmizi «Təbrizi Arazdan su içirənədək» davam etdirməliyik. Qalibiyyətimiz daha sıx birliyimizdən asılıdır. Azərbaycançılıq ideologiyası bütöv Azərbaycan yaratmaq uğrunda son və qəti mübarizədə ən güclü silahımız olmalıdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 402
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri