"Vətən mənə oğul desə, nə dərdim" - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 438
Səs ver:
(səs: 0)
Həyatda hər birimizin qürur duyduğumuz, müqəddəs sandığımız bir neçə anlayış var. Üstündə gəzdiyimiz, suyunu içdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz Vətən belə anlayışlardandır. Sevimli şairimiz Abbas Səhhət Vətənin həyatımızdakı yerini yüksək dəyərləndirərək yazmışdı:

Südüdür kim dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Şaxlaram gözlərim üstə onu mən,
ölərəm əldən əgər getsə, Vətən!

Vətən dəyişilmir, satılmır, köhnəlmir, qocalmır. O, tale qismətidir, Ulu Yaradan tərəfindən bizlərə bəxş olunub. Bu müqəddəs məkanda keçmişimizlə gələcəyimiz qovuşur. O, əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Bu vətəni bizlərə babalarımız ərməğan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuşlar, qan tökmüşlər, yağılardan qorumuşlar. Bu Vətəndə övladlarımız dünyaya gələcək...
Vətən yalnız üstündə gəzmək, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyildir. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Gözəl şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Şairin ifadə etdiyi bu fikir hər bir vətənpərvər Azərbaycanlının qəlbinə və düşüncəsinə hakim kəsilib. Tarixin müxtəlif dönəmlərində xalqımızın vətən naminə göstərdikləri qəhrəmanlıqlar məlumdur. Zaman-zaman torpaqlarımızda çoxlu savaşlar olub. Hər dəfə yağılar sərhədlərimizi pozmağa, sərvətlərimizi talamağa cəhd göstərəndə vətən övladları «canımızdan keçərik, Vətənimizdən keçmərik» deyib ayağa qalxmış, düşməni geri oturtmuşlar.
Müasir tariximiz də belə qəhrəmanlıq səhifələri ilə zəngindir. Son onilliklərdə baş verən ayrı-ayrı hadisələr Azərbaycanın oğul və qızlarının vətənə necə möhkəm tellərlə bağlı olduqlarını təsdiqlədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə minlərlə insan imperiya qoşunlarının Bakıya girməsinin qarşısını almaq üçün şəhərin şimal qapısındakı meydana axışdı. O gecə Vətən sevgisi insanları yumruq kimi birləşdirmişdi və onlar sinələrini vətənə atılan düşmən gülləsinə sipər edərək şəhidlik zirvəsinə yüksəldilər.
Bədnam qonşularımız ermənilərin 1988-ci ildə başladıqları Dağlıq Qarabağ müharibəsi Azərbaycanın neçə-neçə qəhrəman oğul və qızının adını tarix səhifəsinə yazdı. Azərbaycanın milli qəhrəmanları Koroğlu Rəhimov, Gültəkin Əsgərova, Əlif Hacıyev, Salatın Əsgərova... Bu siyahı çox uzundur. Bu qəhrəmanları sakit həyatlarını buraxıb cəbhə bölgəsinə getməyə heç kəs məcbur etməmişdi. Onları düşmənlə üzbəüz səngərlərə, odun-alovun içinə çəkən yeganə qüvvə vətən sevgisi, vətənə olan övladlıq borcunu qaytarmaq məsuliyyəti idi.
Bəzən düşünürəm. Həyatları yarımçıq kəsilən, arzuları ürəklərində qalan bu gənclər başqa cür hərəkət edə bilərdilərmi? Dərhal da qəlbimin harayını eşidirəm: Əsla! Dara düşən Ana Vətən çağırırsa, onun sinəsində boy atan oğul və qızları necə sakit dayana bilərlər? Vətənin harayına çatmaq, onu düşmənlərdən qorumaq hər birimizin müqəddəs borcudur. Biz gəldi-gedərik, təki vətən yaşasın!
İndi Azərbaycanın hər şəhərində, hər kəndində insanlar bu fikirlərlə yaşayırlar. Buna səbəb torpaqiarımızın bir qisminin düşmən əlinə keçməsi, bir milyondan artıq soydaşımızın öz doğma ev-eşiklərindən didərgin salınmasıdır. Ermənilər buna zor gücünə, Ermənistandakı və Dağlıq Qarabağdakı rus qoşunlarının köməyi sayəsində nail olmuşlar. Xalqımız əmin-amanlıq tərəfdarıdır. Buna görə də işğal altındakı torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasına nail olmağa çalışır. Əks halda Vətənin igid övladları yenə silaha sarılacaqlar. Vətən bizə - öz övladlarına güvənir və biz Vətənin bircə qarış torpağının da düşmən əlində qalmasına imkan verməyəcəyik. Nə qədər ki, sərhədlərimizin bütövlüyü təmin olunmayıb, nə qədər ki, nahaq tökülən qanların qisası alınmayıb, nə qədər ki, bu Vətəni bizlərə ərməğan edən babalarımızın ruhu narahatdır, biz rahatlıq tapa bilməyəcəyik.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 438
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri