Vətəni sevmək nə deməkdir? - İnşa

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 30 977
Səs ver:
(səs: 13)
Vətən… Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir.            

Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır.

Laylasında anam mənə
Belə demiş dönə-dönə,
Bir anan mən, biri vətən
Yadda saxla bunları sən.

Mənim vətənim Azərbaycandır. Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm, bütün varlığımla bu füsunkar diyara bağlıyam. Mənim Vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mən Vətənimin laləli çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağlarını, coşqun çaylarını, firuzə qaşlı üzüyə bənzər göllərini, şır-şır axan bulaqlarını candan artıq sevirəm. Yaşıl ormanlar, mavi səma, ağ çalmalı dağlar, dərələrdən axan şəffaf çaylar yurdumun füsunkarlığını birə-min artırır. Təbiətin əfsanəvi gözəli Göy göl kim vurulmaz?!           

Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazmış, bəstəkarlarımız musiqi bəstələmiş, yazıçılarımız bu gözəllikləri öz əsərlərində dolğun əks etdirmişlər.  

Vətəni sevmək nə deməkdir?  

Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir. Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. Vətəni sevmək Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur.  

Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi Vətənə məhəbbətin, yurd sevgisinin bariz nümunələridir.            

Son dövrlərin zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə hazır olan igid oğul və qızlarımız çoxdur. Bu mərd və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli bir iz qoymuşlar.            

Vətəni sevmək torpağı sevməkdir. Vətənə məhəbbət xalqa məhəbbətdir.            

XVIII əsrin görkəmli şairi M. P. Vaqif doğma vətənini hədsiz bir məhəbbətlə sevir, onu azad və şən, xalqını isə firavan və xoşbəxt görmək istəyir. Qaniçən və qəsbkar Qacar isə bu yerlərə hücum edir, yandırır, viran qoyurdu. Xalqa qənim kəsilmiş, yeganə ümidi öz  qanlı qılıncı olan bu vəhşi fatehin ən böyük faciəsi vətən məhəbbətindən məhrum olması idi. Bunu onun özü də etiraf edirdi:

Vətən! Çoxmu sevir məni o vətən?
Mənə həcv yazır hər yoldan ötən…
Çox da tərifləmə mənə vətəni,
Bu qılınc olmasa yeyərlər məni!

Vətəni sevmək, göz bəbəyi kimi qorumaq, onun torpağının, daşının qədrini bilmək, sözün əsl mənasında həmişə mübariz və mərd vətən övladlarının, cəsur və namuslu insanlarının ən nəcib və müqəddəs vəzifəsidir.
(səs: 13)
Şərhlər: 2
Baxılıb: 30 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri