Coğrafiya dərsləri (Dərs 2)

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 4 942
Səs ver:
(səs: 1)
Coğrafiya elminin inkişafında, Yerin hərtərəfli öyrənilməsi və təsvirində kartoqrafiyanın rolu böyükdür. Kartoqrafiya Yerin təsviri üsulları haqqında elmdir.

Plan - xəritə və qlobus kartoqrafik təsvirin növləridir. Plan məhəllin yuxarıdan görünüşünün miqyaslı və şərti işarəli təsviridir. Planın tərtibi miqyasın təyini ilə başlayır. Miqyas Yer səthinin artoqrafik təsvirlərdə kiçiltmə nisbətini göstərən kəsrdir. Məsələn, yer səthində ölçüləri 4 km x 4 km olan məhəllin planını ölçüləri 50sm x50 sm olan planşetdə tərtib etmək üçün hansı miqyası qəbul edəcəyimizi təyin edək. Miqyası təyin etmək üçün 1sm-ə məhəldə uyğun gələn məsafəni tapmaq lazımdır. 4km= 400 000sm.

Sadə tənasüb quraq:
50sm - 400 000sm
1sm - Xsm X =(400 000x1) : 50 = 8000

Deməli, verilən ölçülərə uyğun olaraq, məhəllin planını tərtib etmək üçün kiçilmə nisbəti 8000-dir, yəni miqyas 1:8000 təyin olunur. Formasına görə miqyaslar 3 yerə bölünür: ədədi miqyas, adlı (izahlı) miqyas və xətti miqyas.

1:10 000, 1:50 000, 1:2 500 000 və s. ədədi miqyas adlanır. Ədədi miqyasdan miqyasın kəmiyyəti (kartoqrafik təsvir növlərinin 1 sm-nə yer səthində uyğun gələn məsafə) tapılır və bu, yazılış formasına görə adlı (izahlı) miqyas adlanır. 1:500 000 və 1:2 500 000 ədədi miqyasların izahlı miqyasını təyin edək: 500 000sm = 5000m = 5 km; 2 500 000sm = 12km. Verilən ədədi miqyasların müvafiq olaraq izahlı miqyasları 1 sm-də 5 km və 1 sm-də 25 km kimi yazılır.

Ədədi və izahlı miqyasın qrafik üsulla ifadəsi xətti miqyas adlanır və aşağıdakı kimi göstərilir.

Yer səthindəki coğrafi obyektlərin kartoqrafik təsvirlərini vermək üçün şərti işarələrdən istifadə olunur. Məhəlin planında şərti işarələr təsvir etdiyi obyektlərin müəyyən əlamətlərini yada salır. Məsələn, bitki örtüyü və su obyektləri öz rəngləri ilə, zavod tüstü borusu və s. təsvir olunur.

Ümumiyyətlə, şərti işarələri 3 qrupa bölmək olar: sahəvi (konturlu), xətti və miqyassız. Miqyaslı (konturlu və xətti) şərti işarələrin köməyi ilə təsvir olunan obyektlərin üəyyən ölçülərini miqyasa əsasən təyin etmək mümkündür: konturlu (sahəvi) şərti işarələrin köməyi ilə təsvir edilən obyektin sahəsini təyin etmək olar (bağ, bostan, çəmən, meşə, göl və s.); xətti şərti işarələrin köməyi ilə təsvir olunan obyektin (yollar, rabitə xətləri, çaylar və s.) uzunluğunu təyin etmək mümkün olsa da, onların enini təyin etmək olmur. Miqyassız şərti işarələrin köməyi ilə obyektin (su quyusu, dəyirman, zavod, məktəb, mayak və s.) ancaq yerini təyin etmək mümkündür.

Üfüq – müşahidəçinin öz ətrafında gözlə görə bildiyi Yer səthinin bir hissəsidir.

Məhəldə cəhət təyini üfüqün tərəflərinin müəyyənləşdirilməsi deməkdir. Üfüqün 4 əsas (şimal, cənub, şərq, qərb) və 12 aralıq cəhəti (şimal-şərq, cənub-şərq, şimal-qərb və s.) vardır.

Qədim Yunanıstanda istiqaməti Günəşə əsasən təyin edirdilər. Oriyentasiya (səmtlənmə) anlayışı da oriyens (şərq, Günəş çıxan tərəf) sözündən götürülmüşdür. Üfüqün tərəflərini yerli obyektlərə (ağacların gövdəsində bitən mamır, günorta vaxtı şaquli dirəyin kölgəsi), qütb ulduzuna və s. əsasən təyin etmək mümkün olsa da, müasir dövrdə üfüqün cəhətlərini kompas vasitəsilə təyin edirlər.

İlk sadə kompas b.e.ə II əsrdə Çində kəşf edilmiş, orta əsrlərdə Avropada təkmilləşdirilmişdir. Yer kürəsinin Şimal və Cənub coörafi qütbləri yaxınlığında (Kanada Arktika arxipelağı və Antarktidada Adeli torpağı) güclü maqnit sahəsinin olması maqnitlənmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır.

Kompas əqrəbinin göstərdiyi əsas istiqamətlər şimal-cənub istiqamətləridir.Məhəldə müxtəlif obyektlərin birinin dügərinə nəzərən mövqeyini təyin etmək üçün azimutdan istifadə olunur.

Azimut – (ərəbcə əs-səmt – istiqamət) şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbi istiqamətində ölçüləri 0 dərəcə ilə 360 dərəcə arasında dəyişən bucaqdır. Üfüqün əsas istiqamətlərinin azimutlari: şimal – 00 (360), şərq – 90, cənub – 180, qərb – 270; aralıq istiqamətlərin azimutları: şimal-şərq – 45, cənub-şərq – 135, cənub-qərb – 225, şimal-qərb – 315 və s.

Plan və xəritədə şərti olaraq yuxarı – şimal, sağ – şərq, aşağı – cənub, sol – qərb istiqamətlərini göstərir.

Qayda: Verilən azimut bucağı 180- dən kiçikdirsə, geri qayıdılan azimutu təyin etmək üçün verilənin üzərinə 180 əlavə etmək, 180-dən böyükdürsə, veriləndən 1800 çıxmaq lazımdır.
Plan

Planda relyefin təsviri
Yer səthində hündürlük xüsusiyyətlərinə görə fərqlənən dağlar, düzənliklər, çökəkliklər mövcuddur. Yer səthinin bu nahamarlıqlarının cəmi relyef adlanır. Plan çəkmək üçün ərazidəki dağ və təpələrin hündürlüyünü, çökəkliklərin dərinliyini bilmək lazımdır. Bu zaman mütləq və nisbi hündürlük anlayışlarından istifadə edilir. Yer səthində bir nöqtənin digər nöqtəə nisbətən şaquli xətt üzrə hündürlük fərqi nisbi hündürlük adlanır. Nisbi hündürlüyü sadə halda məktəb niveliri vasitəsilə ölçürlər. Plan və xəritədə relyef mütləq hündürüklər əsasında tərtib olunur. Nöqtənin okean və ya dəniz səviyyəsindən olan hündürlüyü (şaquli məsafəsi) mütləq hündürlük adlanır. Azərbycanda mütləq hündürlüklər Baltik dənizi səviyyəsin əəsasən ölçülür.

Relyef plan və tooqrafik xəritədə horizontalların köməyi ilə təsvit edilir. Eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən səlis əyri xətlər horizontal (izohips) adlanır. Qonşu horizontallar arasındakı hündürlük fərqi kəsmə hündürlüyü adlanır. Plan və topoqrafik xəritələrdə kəsmə hündürlüyü təsvirin bütün hissələrində sabitdir və nisbətən kiçikdir.

Kiçik miqyaslı fiziki xəritələrdə isə kəsmə hündürlüyü relyefin mürəkkəbliyindən asılı olaraq təsvirin müxtəlif hissələrində müxtəlifdir, daha böyükdür və horizontallar arasındakı sahələr lay-lay rənglənir. Kiçik miqyaslı fiziki xəritələrdə relyefi “oxumaq” üçün xəritənin kənarında hündürlük və dərinlik şkalası verilir. Hündürlük şkalası quru səthinin relyefini, dərinlik şkalası isə dəniz dibinin relyefini “oxumağa” köməklik göstərir.

Horizontallara əsasən relyefi oxumaq mümkündür. Horizontallar bir-birinə yaxındırsa, yamac dik, horizontallar aralıdırsa, yamac az meyillidir. Yamacın hansı tərəfə alçalma istiqamətini berqştrix və ya horizontal üzərində yazılmış rəqəmin köməyi ilə təyin etmək mümkündür. Berqştrix yamacın alçalma və uyğun olaraq səth axınlarının istiqamətini göstərən, horizontala perpendikulyar çəkilmiş kiçik xətlərdir. Horizontal üzərində yazılmış rəqəmin yuxarı tərəfi yüksəlmə istiqamətini göstərir.

Qapalı horizontallarla təsvir edilmiş relyef formasında daxili və kənar horizontal anlayışlarından istifadə olunur. Belə halda berqştrix daxilə doğrudursa, çökəklik, kənara doğrudursa, dağ (təpə) təsvir olunur.

Hazırda Yer səthinin planı havadan (kosmik və aeroplanalma) və yerüstü planalma yolu ilə tərtib olunur. Yerüstü planalma mürəkkəb alətlərin (teodolit, bussol və s.) köməyi ilə çəkilən dəqiq planalmadan və sadə alətlərin (kompas, vizir xətkeçi, ruletka və s.) köməyi ilə tərtib olunan gözəyarı planalmadan ibarətdir. Gözəyarı planalma qütb planalmasına (planalma bir nöqtədən aparılır) və marşrut planalmasına (planalma bir neçə nöqtədən aparılır) bölünür.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri