Coğrafiya dərsləri (Dərs 35)

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 693
Səs ver:
(səs: 0)
Xəzər dənizi Azərbaycan Respublikası tarixi-coğrafiyasına, təbiətinə və müasir iqtisadi həyatına önəmli təsir göstərir. Ona görə də bu unikal dəniz-gölün öyrənilməsi respublika xəzərşünaslarının daim diqqət mərkəzində olmuşdur. Xəzərin planlı və ardıcıl öyrənilməsinin əsasını professor Q.K.Gül qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə aid geniş tədqiqat işləri aparılmış və çoxsaylı elmi əsərlər yazılmışdır.

1972-ci ildə Xəzərin açıq hissəsində tərpənməz özül üzərində dünyada birinci olaraq dəniz observatoriyası yaradıldı. Bu observatoriyanın təşkilində, ümumiyyətlə, Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur.

Müxtəlif adlar və tabeçiliklər altında fəaliyyət göstərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA Coğrafiya İnstitutuna verilən "Xəzər dənizi problemləri mərkəzi" dənizin hərtərəfli öyrənilməsinin əsl qərargahı rolunu oynamağa başladı. Bu mərkəzdə: Xəzərinrejimi, axımları, temperaturu və duzluluğun şaquli və üfüqi istiqamətdə paylanması, səth və daxili dalğaları atmosferlə dənizin qarşılıqlı təması, bioloji aləmi, dənizdəki təsərrüfat fəaliyyətinin hidrometeoroloji və ekoloji şəraiti və s. müntəzəm olaraq öyrənilirdi.

Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun üzərində hava şəraitini yaradan atmosfer prosesləri, küləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən öyrənilmişdir.

Ölkə xəzərşünasları dəniz səviyyəsinin tərəddüdləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından iştirak edirlər. Belə tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Xəzərin səviyyə tərəddüdləri 80-90 faiz hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır.

Xəzərin axınlarının daxili strukturunu, onda baş verən pulsasiyaların ölçülməsi işlərini ilk dəfə R.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilmişdir. Xəzərin dibinin relyefi, Abşeron yarımadasının, cənubi Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası ətraflı öyrənilmiş və rayonlaşdırılması aparılmışdır. Ümumiyyətlə, Xəzər dənizinin sahillərinin formalaşmasında təbii amillərin rolu təhlil edilmiş və morfometriyası öyrənilmişdir (N.Ş. Şirinov, A.İ.Xəlilov, N.M.Mehdiyev, X.Ə.Əliyev, R.X.Priyev). N.Ş.Şirinovun, X.Ə.Vəliyevin, Q.Q. Əliyevin, "Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası" (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş verən dəyişikliklər, dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir.

Xəzər dənizinin ekoloji vəziyyətinin öyrənilməsi istiqamətində son illər aparılan tədqiqatların, hazırlanan layihələrin sayı xeyli artmışdır. Dənizin neft məhsulları, fenol və digərləri ilə çirklənməsinin paylanması təsnifatı verilmiş, Azərbaycanın sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb təhlil edilmişdir (N.M.Ağalarova). Xəzərin öyrənilməsində aerokosmik metodların tətbiqi xeyli genişləndirilib və dəqiq hesablamaların sayı artmışdır.

Azərbaycan EA Coğrafiya İnstitutunun təşkili (1945) coğrafiya elminin bütün sahələri kimi iqtisadi coğrafiyanın da inkişafına güclü təkan verdi. Tədricən bu elmin ayrı-ayrı sahələrinə–məhsuldar qüvvələrin, əhalinin, şəhərlərin inkişafı və yerləşdirilməsinə, təbii ehtiyatların istifadəsinə, iqtisadi-coğrafi rayonların səciyyəsinə və s. aid müntəzəm elmi-tədqiqat işləriaparılmağa başlandı. İlk gündən bu işlərin təşkilində və aparılmasında professor H.B.Əliyevin müstəsna xidmətləri olmuşdur. Aliməktəblərdə iqtisadi coğrafiya kafedralarının açılması, tədris kurslarının təşkili və sistemli elmi tədqiqat işlərinin aparılması onun adı ilə bağlıdır. Azərbaycanda iqtisadi və sosial coğrafiya elminin aşağıdakı istiqamətləri üzrə elmi-tədqiqat işləri həyata keçirilmişdir. Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlarının əhatəli öyrənilməsi və ilk dəfə onun balla qiymətləndirilməsi işləri Ə.M.Hacızadənin "Azərbaycan SSR sənayesinin inkişafının təbii ehtiyat potensialı" (Bakı, 1983, rus dilində) monoqrafiyasında verilmişdir. Təbii ehtiyatların iqtisadi-coğrafi qiymətləndirilməsi, istehsalın inkişafı və yerləşdirilməsinin təbii zəmini, ayrı-ayrı təbii ehtiyat növləri ilə Azərbaycanın təmin olunması və ekoloji mühitin qorunması və s. məsələlər N.A.Nəbiyevin «İqtisadiyyat, cəmiyyət və ekoloji mühit» (Bakı, 2000) adlı iri həcmli monoqrafiyasında ətraflı şəkildə öyrənilmişdir.

B.T.Nəzirovanın müştərək müəllifliyi ilə yazılan "Böyük Qafqazın təbii ehtiyat potensialı" (Bakı, 1992, rus dilində) əsərində bu iriregionun təbii ehtiyatları ümumi, ayrı-ayrı növləri ilə xüsusi halda dərin təhlil edilmişdir. Azərbaycanın ayrı-ayrı regionlarının təbii ehtiyatlarının iqtisadi-coğrafi baxımından öyrənilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Naxçıvan MR (Z.S.Məmmədov,1999), Gəncə-Qazax, Şəki-Zaqatala və digər regionların təbii ehtiyatlarının iqtisadi-coğrafi səciyyəsi verilmişdir.

Təbii fəlakətlər və onların iqtisadi coğrafi qiymətləndirilməsinə dair Azərbaycanda yazılmış ilk əsər N.B.Babaxanovun "Azərbaycanda təbii fəlakət və ona qarşı mübarizə tədbirləri" (Bakı, 1985, rus dilin) olmuşdur. Burada təbii fəlakət hadisələrinin əsas anlayışları şərh olunur, təsərrüfat sahələrinə və əhaliyə vurduğu ziyanların hesablama metodu göstərilir, təbiifəlakətlərin yayılması coğrafiyası, rayonlaşdırılması və ona qarşı mübarizə tədbirləri təhlil olunur. Günün çox aktual olan bu mövzusu özdavamını Böyük Qafqazın təbii fəlakətlərinin iqtisadi-coğrafiya qiymətlənidirilməsində (N.A.Paşayev) tapmışdır

Azərbaycan Respublikasının təsərrüfat sahələrinin iqtisadi coğrafi öyrənilməsi daim diqqət mərkəzində olmuşdur. Belə ki, bütün mülkiyyət növlərini öz əlində cəmləşdirən sosialist iqtisadi sistemi buna maraqlı idi. Bununla əlaqədar olaraq respublikanın təsərrüfat sahələrinin-sənaye, kənd təsərrüfat və nəqliyyatın coğrafiyasına dair çoxlu əsərlər yazmışdır. Ə.M.Hacızadənin "Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemləri" (Bakı, 1975, rus dilində) adlı iri həcmli əsəri elmimizinxəzinəsinə sanballı tədqiqat nümunəsi kimi daxil edilmişdir. Burada Azərbaycan sənayesinin inkişafının təbii-iqtisadi zəmini,formalaşması mərhələləri, enerji-istehsal silsilələri, müxtəlif sənaye-ərazi qovşaqları və kompleksləri yaratması və s. kimi coğrafi problemləri geniş təhlil olunmuşdur. Məhsuldar qüvvələrin yerləşdirilməsi aspektində akademik A.A.Nadirov tam bir məktəb yaratmış və bu problemə aid geniş elmi tədqiqatişləri aparmış, monoqrafiyalar və elmi məqalələr yazmışdır. Bunların ən başlıcaları "Azərbaycanda sənayenin yerləşdirilməsinin iqtisadi problemləri" (1976), "Naxçıvan MR" (1959, iqtisadi coğrafi oçerk), "Naxçıvan iqtisadiyyatı XX əsrdə" (2000) və başqalarıdır.

B.T.Nəzirova tərəfindən yazılmış "Azərbaycanın kənd təsərrüfatının coğrafiyası" (Bakı, 1975, rus dilində) kimi sanballı tədqiqat işində kənd təsərrüfatı coğrafiyası daha da inkişaf etdirilmiş, kənd təsərrüfatı rayonları ayrılmış, torpaq kadastrı verilmişdir. Respublikanın ayrı-ayrı regionlarının kənd təsərrüfatı coğrafiyasının müxtəlif problemləri üzrə elmitədqiqat işləri aparılmışdır (S.Qaramollayev, A.Mirzəyev, A.Qurbanov, A.Q.Abdullayev və b).

Azərbaycan nəqliyyatı və iqtisadi əlaqələrinin coğrafiyasına və son illər yaradılmaqda olan Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinə dair bir sıra elmi tədqiqat işləri həyata keçirilmiş, məqalələr yazılmış və dissertasiyalar müdafiə olunmuşdur. (B.E. Əbdürrəhmanov, C.Məmmədov, Z.S.Məmmədov, T.Gərayzadə və b.).

Rayon istiqaməti iqtisadi coğrafiyanın həmişə mərkəzi tədqiqat obyekti olmuşdur. Belə ki, dövlətin təsərrüfat quruculuğunda, məhsuldar qüvvələrin səmərəli ərazi təşkilində və ölkə coğrafiyasının əhatəli öyrənilməsində iqtisadi-coğrafi rayonlar böyük əhəmiyyət kəsb edirlər. Ona görə də Azərbaycan Respublikasının iqtisadi rayon və zonaları üzrə müntəzəm tədqiqat işləri aparılmışdır. Bu sahədə son illərmaraqlı tədqiqatlar aparılır, sxemlər və layihələr irəli sürülür (A.A.Nadirov, Ə.X.Nuriyev, T.G.Həsənov). R.X.Şaulov özünün dissertasiya işini ("Azərbaycan SSR-nin iqtisadi rayonlaşdırılması problemləri", Bakı, 1987, rus dilində) bilavasitə rayonlaşdırmaya həsr etmiş və təsərrüfat sahələrinin strukturunu, ərazidə yerləşdirilməsini, daxili və xarici istehsal əlaqələrinin sıxlığının nəzərə alaraq aşağıdakı iqtisadi rayonlara ayırmışdır: Abşeron, Xəzərsahili, Şəki, Kür, Gəncə, Qarabağ, Naxçıvan MR. Təklif olunan bu şəbəkədə Azərbaycanın təzadlı təbii şəraitinin təsərrüfat sahələrinin ixtisaslaşmasına və strukturuna güclü təsir etməsi zəif nəzərə alınmışdır və ona görə də bu şəbəkə tətbiq edilmədi.

Regional tədqiqatların ilkini A.A.Nadirov özünün "Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi səciyyəsi" (1957) əsərində qoymuşdur. Onun ardınca Muğan düzünün (E.Q.Mehrəliyev), Şirvan iqtisadi rayonunun (O.V.Vahabov) iqtisadi coğrafi tədqiqatları aparılmışdır. Regional tədqiqatlar arasında M.A.Abramovun "Abşeron sənaye qovşağı"(Bakı, 1971, rus və azərbaycan dillərində) əsəri xüsusi qeyd olunmalıdır. Bu əsərdə Abşeron sənaye kompleksinin tarixi, təbii-iqtisadi amilləri, mövcud sənaye-istehsal strukturu, onun nəqliyyat iqtisadi əlaqələri və s. təhlil olunur. Sonrakı illərdə Gəncə sənaye qovşağı (R.H.Məmmədov), Əli-Bayramlı–Salyan təsərrüfat kompleksi (H.B.Ağayev), Mil-Qarabağ iqtisadi zonası (Ü.T.Həsənova) yeni yaradılan inzibatı rayonların məhsuldar qüvvəsinin kompleksin kişafının coğrafi məsələləri (İ.İ.Əhmədova) və s. dair kompleks tədqiqat işləri aparılmışdır.

Ümumiyyətlə, Bakı və Abşeron regionunun iqtisadi və sosial coğrafiyası bir neçə nəsil tərəfindən geniş öyrənilmişdir və indi də davam etdirilir (Ə.M.Hacızadə, R.İ.Umudova, Z.Abdullayeva, V.Ə.Əfəndiyev və b.).

Xəzərin iqtisadi-coğrafi cəhətdən öyrənilməsi ölkə alimlərinin daim diqqət mərkəzində olmuşdur. Onun təbii ehtiyatlarına, nəqliyyat əhəmiyyətinə, müasir dövrdə Azərbaycanın həyatında oynadığı geosiyasi və iqtisadi roluna və s. həsr olunan çoxlu elmi əsərlər və dissertasiyalar yazılmışdır, xəritələr çəkilmişdir (Q.G.Gül, İ.H.Məmmədov, E.Q.Mehrəliyev, C.R.Abbasov, L.İ. Nəsibzadə, Ç.N.İsmayılov və b.).

Beynəlxalq şirkətlərin Xəzərin neft ehtiyatlarından istifadəyə cəlb edilməsi, neft kəmərlərinin marşrutlarının seçilməsi son illər ölkədə kompleks coğrafi tədqiqatlara tələbatı xeyli artırmışdır. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Ceyhan neft kəməri marşrutlarının kompleks fiziki və iqtisadi coğrafi öyrənilməsi işləri aparılır.

Xarici ölkələrin xüsusilə İran və Türkiyənin iqtisadi və siyasi coğrafiyası üzrə H.B.Əliyevin rəhbərliyi altında hələ lap əvvəllərdən elmi-tədqiqat işləri aparılmağa başlanılmışdır. Bu istiqamətdə aparılan mühüm işlərdən "Türkiyənin regional siyasəti" (A.İ.İbrahimov), "Türkiyənin toxuculuq sənayesinin coğrafiyası"(O.Ə.Əliyev), "İran kənd təsərrüfatının suvarma sistemi" (H.B.Soltanova) və bir sıra tədris vasitələrini göstərmək olar.

Azərbaycanın iqtisadi və sosial coğrafiyasına aid aparılan elmi-tədqiqat və tədris işləri 70-ci illərdən sonra tamamilə yeni keyfiyyət müstəvisinə keçirilmişdir. Bu öz əksini əhali, şəhərlər və sosial sahələrin istehsalla əlaqəli və tarazlı inkişafını öyrənən "iqtisadi və sosial coğrafiya" adlı yeni elmin yaranmasında tapdı. Əvvəllər bizim elmin diqqəti əsasən istehsal sahələrinin coğrafiyasına yönəldilmişdir. Ölkədə əhali və ona xidmət göstərən sahələrin inkişafına ikinci dərəcəli baxılırdı. Bu bütün mülkiyyət formalarını öz əlində cəmləşdirən sosialist iqtisadi sisteminin tələbatından irəli gəlirdi. Lakin əhali və onunla bağlı problemin öyrənilməsi sosial-coğrafiyanın diqqət mərkəzində olmuş və bütün dünya coğrafiya ədəbiyyatında bu sahənin inkişafına üstünlük verilmişdir.

Köhnə və yeni tədqiqat metodlarından istifadə edərək iqtisadi və sosial coğrafi obyekt və proseslərin öyrənilməsində T.G.Həsənovun 1990-cı ildə nəşr edilmiş "Coğrafiyanın tədqiqat metodları" (iqtisadi coğrafiya hissəsi) dərs vəsaitinin böyük əhəmiyyəti oldu. Bu vəsait ali təhsilli coğrafiyaçı kadrların hazırlanması işinin elmi metodiki təminatını xeyli gücləndirəcəkdir.

Sosial coğrafiya istiqamətində yazılan əhəmiyyətli əsərlər içərisində M.A.Abramovun "İstehsal və sosial xidmət" (M.1977), "Xidmət coğrafiyası" (M.1988, hər ikisi rus dilində) monoqrafiyalarını göstərmək olar. Bu monoqrafiyalarda ilk dəfə olaraq sosial xidmət sahələrinin nəzəri əsasları verilib və mövcud coğrafiyası təhlil olunub.

Turizmin coğrafiyası sahəsində mühüm işlər görülmüşdür. Azərbaycanın kurort-rekreasiya ehtiyatlarının coğrafiyası, bu ehtiyatların istifadəsi əsasında yaradılan turizm müəssisələri və onların ərazidə yerləşdirilməsi, turistlərin məlumat kitabçaları və xəritələrinin müntəzəm buraxılması və s. aid geniş tədqiqat işləri aparılmış və çoxlu kitablar nəşr olunmuşdur və bu gün də davam etdirilir.

Azərbaycanda turizm coğrafiyasını ilk öyrənənlərdən biri Y.A.Kotlyakov olmuşdur. Onun "İstirahət və turizmin coğrafiyası"(M.1978, rusdilində) adlı geniş həcmli əsərində ərazi rekreasiya kompleksinin formalaşması və inkişafı verilmiş, müəllifin uzun illər Azərbaycanda və MDB-nin digər respublika və diyarlarında etdiyi səyahətlərin nəticələri əks olunmuşdur.

A.H.Salmanovun "Arid rekreasiya sisteminin məkanca inkişafı", "Cənubda istirahət: layihə və həlli" (M.1987, rus dilində) monoqrafiyalarında, R.M.Qasımovun və b. bu mövzuda apardıqları tədqiqatlarında Azərbaycan rekreasiya ehtiyatları ümumi halda və regionlar üzrə tədqiq olunur, rayonlaşdırılır, turizm və istirahət coğrafiyası verilir.

Azərbaycan iqtisadi coğrafları respublika iqtisadiyyatına aid bir sıra xəritələr tərtib etmişlər. Bu xəritələrin bir qismi respublikanın coğrafi atlaslarına daxil edilmişdir. Azərbaycan EA Coğrafiya İnstitutunun iqtisadi coğrafiya şöbəsi indi bir sıra sosial-coğrafi tədqiqatlarını davam etdirir. Sosial coğrafiyanın daim diqqət mərkəzində duran məsələlərindən biri də Azərbaycanın əhalisi və şəhərlərinin coğrafiyasıdır.

Əhali coğrafiyasının öyrənilməsi sahəsində qiymətli tədqiqatlar meydana gəlmişdir. Əhalinin məskunlaşması, kənd yaşayış məntəqələrinin yenidən qurulması, şəhər aqlomerasiyalarının və regional məsələlərin tədqiqində Ş.Y.Göyçaylı, E.Q.Mehrəliyev, V.Ə.Əfəndiyev, Ş.Q.Dəmirqayayev, N.N.Əyyubovun və b. böyük xidmətləri olmuşdur. Əhali coğrafiyası problemləri ilə ölkədə Bakı və Pedaqoji Universitetlərinin müvafiq kafedraları və Coğrafiya institutu məşğul olmuşdur. Problemin əhəmiyyəti nəzərə alınaraq Coğrafiya İnstitutunda 1977-ci ildə əhali coğrafiyası bölməsi yaradılmışdır.

Daim diqqət mərkəzində olan əhali və şəhərlər coğrafiyasına dair ölkədə fasiləsiz elmi-tədqiqat işləri davam etdirilmiş, dissertasiyalar yazılmışdır. Bu sahə üzrə yazılmış elmi işlərin sayı iqtisadi və sosial coğrafiya sahəsində çap olunan elmi məqalələrin içərisində birinci yerdə durur.

E.Q.Mehrəliyevin "Azərbaycan SSR əhalisinin formalaşması və yerləşdirilməsinin coğrafi problemləri" (Bakı, 1984, rus dilində) əsərində Azərbaycanda əhalinin formalaşması mərhələləri, onun sosial-iqtisadi amilləri, təbii hərəkətinin xarakteri və ərazi diferensiasiyası, miqrasiyasının regional xüsusiyyətləri, respublika ərazisində əhalinin yerləşdirilməsinin təbii iqtisadi amilləri, şəhər və kənd əhalisinin coğrafiyası və s. əsaslı surətdə tədqiq olunmuşdur.

Kənd əhalisinin məskunlaşması, onun ümumi məskunlaşma sistemində yeri və s. problemlər Ş.Y.Göyçaylının "Kənd məskunlaşması və onun yenidən qurulması" (Bakı, 1987, rus dilində) monoqrafiyasında əhatəli şəkildə tədqiq edilmişdir. Buradahəmçinin Azərbaycanda kənd məskunlaşmasının vəziyyəti, tipləri, onların sistemləri, yenidən qurulması proqnozları verilmişdir. Müəllifin Azərbaycan yaşayış məskənlərinə aid tərtib etdiyi iri həcmli xəritəsi özünün informasiya yükünün genişliyi və zənginliyi ilə fərqlənir.

E.Q.Mehrəliyev, N.H.Əyyubov və M.O.Sadıqovun "Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri" (Bakı, 1988) monoqrafiyası azərbaycan dilində yazılmış və əhalinin ümumi regional coğrafiyasını əhatə edən iri həcmli bir əsərdir.

Əhali coğrafiyasına dair iri və orta miqyaslı xəritələr tərtib edilmişdir. (Ş.Y.Göyçaylı, E.Q. Mehrəliyev, Ş.A. Dəmirqayayev və b.).

V.Ə.Əfəndiyev və Ş.Q.Dəmirqayayevin yazdıqları "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri" (Bakı, 1995) ən yaxşı əsər kimi 1997-ci ildə Akademik H.Ə.Əliyev adına mükafata layiq görülmüşdür. Kitabda Azərbaycan şəhərlərinin tarixi, sosial-iqtisadi məsələləri, demoqrafik vəziyyəti, sistem halında formalaşması, inkişafının tənzimlənməsi və s. nəzərdən keçirilir.

Azərbaycanın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsi onun əhalisinin demoqrafik şəraitini, əmək potensialını, miqrasiyasını, şəhərlərin inkişaf potensialını, Bakı paytaxt regionunun inkişafının tənzimlənməsi və s. problemlərinin ətraflı tədqiqini tələb edir. Aqrar islahatlar və bələdiyyə idarəetmə sistemlərinin yaradılması kəndlərin coğrafiyasına, onların transformasiyasına təsiri lazımı səviyyədə öyrənilməlidir.

Ə.M.Hacızadə (1920-1991). Professor Ə.M.Hacızadə Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, ərazi-istehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək ixtisaslı kadrlar hazırlaması olmuşdur.

Ə.M.Hacızadə 16 fevral 1920-ci ildə Şəki şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Şəkidə alan Ə.M.Hacızadə 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirmişdir.

Ə.M.Hacızadə 1950-ci ildə "Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına layiq görülmüşdür.

Ə.M.Hacızadənin təşəbbüsü və yaxından iştirakı ilə 1960-cı ildə universitetin geologiya-coğrafiya fakültəsi nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılmış və O, 1989-cu ilədək fasiləsiz olaraq həmin kafedranın müdiri vəzifəsində işləmişdir.

Ə.M.Hacızadə 190-dan çox elmi əsərin müəllifidir. Onların arasında "Azərbaycan iqtisadi rayonu", "Azərbaycan SSR-nin əhalisi və onun məskunlaşması", "SSRİ-nin iqtisadi coğrafiyası və həmçinin Zaqafqaziya respublikalarının coğrafiyası" və "Qafqaz" kollektiv monoqrafiyaları üçün yazdığı bölmələr böyük marağa səbəb olmuşdur. Azərbaycan Respublikasınınvə Bakının iqtisadi coğrafi səciyyəsinə aid kitabları ilk dəfə olaraq ingilis, fransız, ispan, ərəb, hind və başqa xarici dillərə tərcümə olunmuşdur. Alimin bu və digər əsərləri Azərbaycan ölkəsi barədə ətraflı məlumatların yayılmasında əvəzsiz rol oynamışdır. Onun beynəlxalq aləmdə görkəmli tədqiqatçı kimi qazandığı böyük nüfuz müxtəlif ölkələrin alimləri, xüsusilə Moskva alimləri ilə birgə tədqiqatlar aparmağına əsas vermişdir. Azərbaycanın coğrafiya məktəbini onun ən qabaqcıl dəstələrindən birinə çevrilməsində fəal rol oynayan alimlərimizdən biri olmuşdur. Heç kimə sirr deyildir ki, prof. Ə.M.Hacızadənin keçmiş sovet coğrafiya elminin ən yeninailiyyətlərinin Azərbaycana gətirilməsində xüsusi xidmətləri olmuşdur. O, bir sıra əhəmiyyətli kitabların, dərsliklərin və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsini həyata keçirirdi. Ümumiyyətlə, onun diqqətindən, demək olar ki, heç bir yeni mühüm coğrafi, iqtisadi və ictimai elmlərin başqa sahəsində işıq üzü görmüş elmi kitab və məcmuə yayınmırdı.

Ə.M.Hacızadənin apardığı tədqiqatların əhatə dairəsi olduqca geniş şaxəli idi. Onun elm yaradıcılığının başlıca mahiyyətinin iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edirdi. İstər bütöv respublika və ya onun təsərrüfat sahələrinin, istərsə də ayrı-ayrı regionlarının tədqiqində kompleks yanaşma prinsipinə dönmədən əməl etmişdir.

Bu cəhətdən onun çoxillik yaradıcılıq fəaliyyətinin yekunu olaraq başa çatdırdığı "Azərbaycanın sənaye kompleksi", "Azərbaycan sənayesinin inkişafının təbii ehtiyatları" əsərləri elmimizin sanballı tədqiqat nümunəsi kimi hesab olunurlar. İlk dəfə olaraq o öz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə keçərək təbii ehtiyatların bal göstəriciləri ilə iqtisadi coğrafi qiymətləndirilməsini aparmış, sənayenin ümumi və hər birinin ayrılıqda istehsal-ərazi kompleksləri şəklində formalaşmasının təbii-iqtisadi əsaslarını tədqiq etmişdir. O, Azərbaycan sənaye kompleksində tam istehsal silsilələrinin yaradılmasının metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil etmiş və orijinal xəritə-sxemlərini vermişdir. Onun elmi əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrüfat sahələrinin daha səmərəli yerləşdirilməsində, düzgün iqtisadi-coğrafi rayonlaşdırma aparılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.

Ə.M.Hacızadə Azərbaycanın dövlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən böyük iqtisadi əhəmiyyəti olan iri miqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. Belə mühüm işlərdən tətbiqi əhəmiyyətli Azərbaycanın alüminium xammal ehtiyatları və istifadəsinin iri miqyaslı xəritəsinin, Bakı aqlomerasiyası, Filizçay polimetal, Naxçıvan dağ-kimya komplekslərini və s. göstərmək olar.

Ə.M.Hacızadə müxtəlif iqtisadi xəritələrin tərtibinə ciddi yanaşırdı. Məktəblər üçün divar xəritələri, Azərbaycanın 1963-cü ildə buraxılmış və Dövlət mükafatına layiq görülmüş kompleks atlasında verilən iqtisadi coğrafi xəritələrin əksəriyyəti onun müəllifliyi və redaktəsi ilə hazırlanmışdır. Azərbaycan Ensiklopediyası üçün yazılan diyarşünaslıq, iqtisadi coğrafiya məqalələrinin, ensiklopediya sözlüyünün çoxunun müəllifi olmuşdur.

Ə.M.Hacızadənin yüksək ixtisaslı coğrafiya kadrları hazırlanması istiqamətində də böyük xidmətləri olmuşdur.

Onun təşəbbüsü və yaxından iştirakı ilə 1983-cü ildə Bakı Dövlət Universitetində iqtisadi coğrafiya üzrə elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiə elmi şurası təşkil olunmuş və həmin şurada Azərbaycandan və qonşu Gürcüstan, Ermənistan, Orta Asiya respublikalarından, Ukraynadan, Rusiyanın bir çox cənub regionlarından 20 dən çox namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Bununla yanaşı Ə.M.Hacızadə bir çox Respublikalarda elmi rəhbər olmuşdur. Onun rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanmışdır.

Əbdürrəhim Hacızadə coğrafiya fakültəsinin bacarıqlı və təcrübəli müəllimi kimi auditoriyalara həmişə yeni biliklər gətirərdi, yüksək səviyyəli mühazirələr oxuyardı, maraqlı çöl təcrübələri aparardı. Coğrafiyaya o təkcə elmi mənbə yox, həm də tələbələrin dünyagörüşlərinin genişləndirilməsində və ümumi mədəni inkişafında mühüm bir vasitə kimi baxırdı.

Ə.M.Hacızadə Azərbaycan Coğrafiya Cəmiyyətinin (1959-cu ildə) vitse-prezidenti, iqtisadi coğrafiya şöbəsinin daimi sədri, keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin qurultaylarının iştirakçısı, Universitetlərin Elmi-metodiki şurasının iqtisadi coğrafiya şöbəsinin üzvü olmuşdur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri