Zəvvarı kim dəvət edib? – HEKAYƏ

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 268
Səs ver:
(səs: 0)
Tahir Məşhəd avtovağzalında düşüb, yenicə həyat qurduğu xanımı Zərifənin çamandanlarına kömək etmək üçün avtobusun baqaj yerinə tərəf yönəldi. Zərifə ilk dəfə gəldiyi üçün maraqla ətrafa baxırdı. Qum şəhərindən uzun yolçuluq olduğu üçün, bir an öncə otelə gedib dincəlmək istəyirdi.

Tahir çamandanları götürüb, çıxışa doğru yönəldi. Zərifə Tahirin qoluna girib, aramla addımlamağa başladı. Çöldən günəşin bol şüası ətrafı nura qəraq etmişdi. Taksi sürücüləri avtovağzaldan çıxanlara yan alır, gedəcəyi yeri soruşur və öz xidmətlərini təklif edirdilər.

Tahir avtovağzaldan çıxan kimi bir neçə addım atıb, əlini sinəsinə qoyaraq: “Əssəlamu aleykum, ya Əli ibn Musa ər-Rza (ə) və rəhmətullahi və bərəkatuh” dedi.

Zərifə ətrafa baxıb tanış bir kəs görmədi.

- Tahir, kimə salam veririsən? Burada səni gözləyən birimi var?- deyə Zərifə başına atdığı çadranı bir qədər düzəldərək soruşdu və Tahirin salam verdiyi istiqamətə baxdı.

- Əlbəttə var. Biz elə onun dəvəti ilə bura gəlmişik. Bir bax, əzəmətlə ucalan minarələri görürsənmi?- Tahir başı ilə uzaqdan bərq vuraraq parıldayan İmam Rza (ə) hərəminin günbəz və minarələrini göstərdi.

Zərifə təəccüblə bir Tahirə, bir də işarə edilən tərəfə baxdı:

– Tahir səni dindar bilirdim, amma bu qədər ifrat xurafatçı bilməzdim. Anladım namaz qılırsan, ziyarətə gəlmişik. Amma biz təhsilli bir ailəyik. Sənin bu hərəkətini mənim atam görsəydi, inan ki, ailə qurmağımız haqqında verdiyi o razılığına görə peşman olardı, –Zərifə son cümləsini bir qədər yaxına gələrək, Tahirin qulağına pıçıldayırmış kimi dedi.

Zərifə Tahirlə ali məktəbdə bir yerdə oxumuşdular. Hər ikisi təhsillərini çox yüksək dərəcələrlə başa vurmuşdular. Ali məktəbi bitirdikdən sonra ailə qurmuş və hər ikisi öz sahəsi üzrə özəl sektorda işləməyə başlamışdılar. Tahir bu müəsissələrin birində tanış olduğu iş yoldaşlarının təbliği ilə namaza başlamışdı. Zərifə bu qərardan çox sevinmişdi. Tahir hər dəfə müxtəlif dini mövzularla bağlı söhbət etmək istədikdə, Zərifə maraqla qulaq asırdı. Amma özünün dinə gəlməsini isə demək olar ki, qeyri-mümkün hesab edirdi.

Tamamilə fərqli mühitdə böyüyən Zərifə, dini sadəcə bir əxlaqi qaydalardan ibarət yaşam tərzi kimi qəbul edirdi. Digər mövzuları isə xurafat və sonradan uydurulan bir şey kimi qəbul edirdi. Amma Tahirin qəlbinə dəyməsin deyə, bu mövzular haqqında çox da dərinə getmək istəmirdi.

Məşhəd səfərinə isə sadəcə Tahirin qəlbini qırmamaq üçün gəlmişdi. Həm də qədim Şərq onun diqqətini həmişə çəkdiyindən, özü ilə fotoaparatını da gətirmişdi. Niyyəti Tahir ziyarətdə olduğu zaman şəhərin qədim məhəllərinə gedib, orijinal şəkillər çəkmək idi.

Tahir bir şey demədən taksi sifariş verdi və birbaşa hərəmə sürməyini xahiş etdi.

– Tahir, birinci otelə gedib, rahatlanardıq. Sonra isə sən ziyarətə, mən də şəhərə baxmağa gedərdim, - Zərifə narazı halda Tahirə dedi.

- Narahat olma, onsuz da qalacağımız otel hərəmin yaxınlığındadır. Onun üçün hərəm dedim, – Tahir Zərifəyə baxmadan hərəmə doğru gedən yolun ətrafında olan mənzərələri zövqlə seyr edirdi.

Bu, Tahirin 2-ci səfəri idi. Birinci dəfə iş yoldaşaları ilə gəlib, 10 gün qalmışdılar. Bu səbəbdən artıq harada qalacağını və oraya necə gedəcəyini soruşmağa ehtiyac duymurdu.

- Namaza az qalıb, Zərifə, bir az əldən iti ol. Oteldən hərəmə bir az yolumuz var... – Tahir saçını darayıb, ətirini vurdu və qapıya sarı yönəldi.

- Bura Bakı deyil ee, Tahir. Bakıda çölə çıxanda saatlarla hazırlanıram. İndi isə çadramı salacam başıma və oldum hazır, - Zərifə bu sözləri deyib, divanın üstünə qoyduğu çadranı başına atıb, Tahirə göz vurdu.

Hava artıq yavaş-yavaş qaralırdı. Zərifə ensiz küçələrdən keçərək, hərəmə doğru aparan yola sarı addımlayırdı. Tahir bir qədər öndə gedirdi.

– Çalış hərəm ətrafında qoluma girmə, bir addım arxada gəl. Bu yerlərin adəti belədir, - Tahirin hələ oteldə, çölə çıxmadan dediyi bir neçə kəlmə Zərifənin yadından çıxmırdı. Bunun səbəbini nə qədər sual verdisə də, Tahirdən cavab ala bilməmişdi. Tahir demişdi ki, hər sualın cavabı sözlə deyilməz Bəzi sualların cavabını Allah özü qəlbinə salar.

Zərifə əsas yola çıxdıqdan sonra ətrafında olan ailələrin əksəriyyətinin bu qayda ilə yol getidyinin şahidi olurdu.

Tahir aramla gedir, əlində tutduğu təsbehi dodağının altında dediyi zkrə uyğun olaraq çevirirdi. Zərifə sanki tam fərqli bir aləmə düşmüşdü. Özünü lap nağıllar aləmində hiss edirdi. Qədim Şərq nağıllarında olduğu kimi, ətrafındakı fərqli personajların əhatəsində olduğunun xəyallarını qurudu. O bilikli, iddialı Zərifədən əsər-əlamət qalmamışdı...

- Tahir, Tahir bir dayan da, hara tələsirsən? Ətrafında olanları görmürsən? Bu millət hara gedir belə? Vallah, məni qınama, elə bil mən buralarda olmuşam. Yoxsa birisinə ilk dəfə gördüyü məkan, niyə bu qədər doğma gəlsin ki? - Zərifə gözləri dolmuş halda Tahirə sarı səsləndi.

Uzaqdan hərəmin giriş qapısını görən Tahir, addımlarını bir az da yeyinlətdi. Zərifə də addımlarını Tahirin addımlarına uyğunlaşdırmağa çalışdı. Tahir giriş qapısının yanına az qalmış dayandı və Zərifəyə baxıb, üst-başının səliqədə olmasına diqqət etdi.

- Bax, bu qapının üst tərəfində daxil olmaq üçün icazə kəlmələri – “İzni-duxul” duası vurulub. Onu oxuyub girəcəyik. Mən oxuyacağam, sən də yanımda dayanarsan. Həzrət İmam Rza (ə) əgər bizim girişimizə icazə versə, qəlbimiz kövrələcək...

- İnşəallah, ümid edək ki, mehriban İmamımız (ə) biz günahkarları qapsı ağzında çarəsiz buraxmaz, - Tahir aram addımlarla dua yazılan lövhə ilə üzbəüz dayanıb, əlini sinəsinə sıxıb oxumağa başladı. Elə ilk cümlələrdə göz yaşları sinəsinə süzülməyə başladı. Ətrafında için-için ağlayan zəvvarların da səsi qəribə bir aura yaratmışdı. Tahir arxasında dayanan Zərifəyə sarı çöndü. Zərifə orada yox idi. Heyrətlə bir az aralıda üzünü əli ilə tutmuş və hönkür-hönkür ağlayan Zərifəni gördü.

Tahir gəlib Zərifənin yanında oturdu. Zərifə için-için elə ağlayırdı ki, Tahir də özünü saxlaya bilmədi.

- Tahir, bir az gözlə, hələ girməyək. İnan ki, əgər o qapıdan girsəm, ürəyim partlayacaq, – Zərifə çadrası ilə gözlərini silib, Tahirə baxdı- Bu nə haldı, bu nə hissdir? Elə bil o qapıdan içəridə illərlə həsrətində olduğum birisi ilə görüşəcəyəm. Bu, kimdir ki? Bu İmam (ə) dediyin kimdir ki, bu qədər insan gözüyaşlı şəkildə onun görüşünə gedir?

Tahir, sən dəqiq bilirsən də bu hərəmdə olan kimdirsə, o, dünyasını dəyişib? Bu qədər insanı bir ölmüş insan cəzb edə bilməz axı... Dünyada hələ bir diri olan kəs yoxdur ki, onu görmək üçün gecə-gündüz bilmədən bu qədər ziyarətçi olsun. Vallah, mən özümü 1000 kilomter uzaqda deyil, öz evimdə olduğum kimi hiss edirəm.

- Zərifə əslində biz evdəyik. Amma etdiyimiz günahlar ünvanı yadımızdan çıxardıb... Dur, dur, yavaş-yavaş gedək. İndi azan veriləcək...

Zərifə Tahirin qolundan yapışıb durdu və çadrasını düzəldərək, qapıya tərəf addımlamağa başladı. Qapıdan girib, hərəmin həyəti ilə irəliləməyi başladı. Bir qədər irəlidə böyük qapılar taybatay açımış və zəvvarların təbərrük toxunmaları ilə zinətlənirdi. Zərifə Tahirin ardınca birinci qapıdan keçib, daha böyük həyətə daxil oldu, o həyətdən də hərəmin fəvvarələr olan həyətinə açılan başqa bir qapıya yaxınlaşdı.

Tahirin gözü mübarək günbəzə sataşanda, özünü saxlaya bilmədi. Elə qapıya söykənib, için-için ağlamağa başladı. Zərifə Tahirin qolundan yapışıb, günbəzə sarı baxırdı.

-Əssəlamu əleykə, ey mehriban İmam. Mənəm, Zərifə. Ya İmam (ə), ürəyimdə olan məhəbbətinə and olsun ki, mən səni çox sevirəm. Məni də qəbul edərsənmi?...

Tahir əlini üzündən çəkib, əli sinəsində İmamla (ə) münacat edən Zərifəni gördü. Elə bu an Hərəmin mübarək səmasını azan səsi bürüdü...

Allahım! Bizləri Qərib İmamın (ə) ziyarətindən binəsib etmə!

Mətləb Həmzəli
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri