Mənalı hekayələr - Qaranlığa baxan insan (1) #20

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 3 469
Səs ver:
(səs: 1)
Ağsaqqalar belə rəvayət edir ki, Allah-təala ilk insanı yaradarkən ona üç keyfiyyət bəxş etdi: İradə, Qanacaq və İstedad. Lakin sonradan yeri-göyü yaradan nə düşünüb daşındısa bu üç keyfiyyətdən birini hər bir insandan uzaq tutdu. Beləliklə, insanların biri - iradəli, istedadlı, lakin qanacaqsız; digəri – qanacaqlı, iradəli, lakin istedadsız; üçüncü tip insanlar isə qanacaqlı və istedadlı, lakin iradəsiz doğuldu.

O, iradəli, qanacaqlı və istedadlı doğulmuşdu. Yox, doğuluşu Allahın nəzərindən qaçmamışdı əlbəttə. İlk insana bəxş edilən üç keyfiyyətin üçünü də özündə birləşdirirdi, amma…xoşbəxt deyildi. Xoşbəxt olmamasının böyük bir səbəbi vardı. O, kor idi. Yaradanı ondan gözlərinin nurunu almışdı. O, müğənni idi. Çıxışını elan edən aparıcılar onu “Sevilən kor müğənni” kimi təqdim edirdilər. Sevilən… kor… müğənni…

Çox inciyirdi bu sözdən. Amma heç biruzə etdirmirdi. Üzündə “dünyanı xilas etmiş insan” təbəssümü ilə səhnəyə çıxır, mahnısını oxuyur, alqışlar və güllər alaraq səhnəni tərk edirdi. Sevilən müğənni idi, lakin bura gəlib çatması ona heç asan başa gəlməmişdi.

Səhnədəki hər bir addımı əvvəlcədən planlaşdırılır və ona bildirilirdi. Prodüserləri bu yolla onun korluğunun yarada biləcəyi problemlərin qarşısını alırdı. Bir neçə il bundan öncə kosertlərinin birində səhnədən yıxılmışdı və bu hadisənin bir daha təkrarlanmaması üçün cangüdənləri bir an belə gözlərini ondan ayırmırdı.

Hələ uşaqlıqda əlillər üçün məktəbdə oxuyarkən öz eşitmə qabiliyyətini inkişaf etdirmişdi. Oxuduğu məktəb köhnə binada yerləşirdi. Ümumiyyətlə, məktəb binasının yerləşdiyi küçə çirkli olduğundan bu binada siçanlar məskən salmışdı. Onunla bir parta arxasında oturan kar qız siçanları görən zaman qorxur və qorxudan huşunu itirirdi. Bu qorxu ona da keçmişdi. Qızın bir daha siçan görən zaman anidən huşunu itirərək onu da qorxutmaması üçün saatlarla müəlliminin nə danışdığına fikir vermir, siçanın addım səslərinin hansı tərəfdən gəldiyini müəyyənləşdirməyə çalışırdı. “Kaş ki, mən də o siçan deyilən qorxunc heyvanı görə biləydim”-deyə tez-tez düşünürdü. Bir müddət sonra o balaca siçanın ayaq səslərinin hansı tərəfdən gəldiyini tam dəqiqliklə təyin edə bilirdi. Elan olunmamış siçan ovu başladı. Siçanlar məhv edildi. Bu hadisənin onun yüksəksəviyyəli müğənni olmasında böyük pay var.

Tez-tez efirə çıxır, hamı onu görürdü. Bütün şəhər, bütün ölkə. O, isə ona doğru tuşlanmış kameraları belə görmürdü. “Seyrcilər”-adlandırılan hansısa qaranlığa, hansısa boşluğa danışırdı. Sonra aparıcıların xahişi ilə son zamanlar çox dəbdə olan mahnısını oxuyurdu. İnsafən çox gözəl oxuyurdu. Sarışın qızları çox bəyəndiyi haqda oxuyurdu, lakin sarı rəngin nə cür olduğu haqda anlayışı belə yox idi. Gözəl geyinirdi-səliqəli və zövqlü; lakin “zövqlə geyinmiş insan necə olur?”-sualına cavab tapa bilmirdi.

İllər keçdikcə onu çox heyrətləndirən daha bir məsələ vardı. Özü də kor olmasına baxmayaraq, onunla bir sinifdə oxuyan kor uşaqlarla ünsiyyətdən qaçırdı. Əvvəllər düşünürdü ki, korlar bir-biri ilə görüşərkən bir-birini “görməlidir”. Bu görüşü hər tərəfi boz olan bir məkanda təsəvvür edirdi. Sonralar korlarla tanış olarkən bu görüşün heç də təsəvvür və ümid etdiyi kimi olmadığını anladı.

Yaşadığı evdə televizor da vardı, güzgü də. Bütün insanlara xas olan “güzgü xəstəliyi” onda yox idi. Güzgünün önündə dayanmadan qarşısından keçə bilirdi. Dayandıqda da güzgüdən ona “baxan” ağsaçlı koru görə bilmirdi. Ağsaçlı kor da onu görmürdü. Elə yaxşı ki, görmürdü! Görsə onun da ilk sözü, -dostum saçların ağarıb ki!..-olardı. Yeni tanış olduğu hər kəs ilk öncə onun ağ saçlarını kəşf edirdi.

O, Sevilən Kor Müğənni idi. “Bundan böyük nə bədbəxtlik ola bilər?”-soruşurdu özündən…

İnsanları aldadırdı. Ekrandan onlara yalançı təbəssümlər, sevgi dolu sözlər, gülüşlər göndərirdi. İçi qanaya-qanaya… Hamı onu zarafatcıl hesab edirdi, anlamırdılar ki, bu zarafatlar ona çox çətinliklə başa gəlir. Əvvəllər ətrafındakı insanlar gülərkən, onun eyibibə güldüklərini düşünürdü. Eşitdiyi və əslində onunla əlaqəsi olmayan gülüş səsləri bıçaq kimi ürəyinə saplanırdı… Öz kreslosunda oturub səsi tamamilə alınmış televizora tərəf baxırdı. Kino gedirdi. Səssiz və görüntüsüz kino. Qonşu otaqda isə radio tam gücüylə onun ən çox sevdiyi mahnını səsləndirirdi. Bu mahnını İlqar Muradovun ifasında dinləməyi çox sevirdi. Ən çox sevdiyi sözləri özü də oxuyurdu, amma ürəyində. Öz səsinin dinləməsinə mane olacağını düşündüyündən sadəcə dodaqlarını tərpədirdi.

Qurban adına,
Bir sal yadına,
Sənin oduna,
Yandım bilmədim…

Ardı var..
Or Cuvarli
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri