İslamın ilk əsrlərində yaşamış məşhur
ariflərdən biri olan Abdullah ibn Mübarək bir gün səhradan keçirdi. Bir
tərəfdə sürüsünü otlayan bir çoban gördü.
Ürəyində
çobana acıdı: "Bu biçarə elmdən, mərifətdən uzaq bir çöl adamıdır. Kim
ona Allahı tanıtdırar, kim ona dini öyrədər? Qoy bu savabı mən qazanım,
ona Allahdan danışım, dinini başa salım”.
Abdullah çobanın yanına gəldi,
salamlaşıb hal-əhval tutdu. Sonra soruşdu: "Qardaş, Allahı
tanıyırsanmı?”. Çoban cavab verdi: "Heç ağasını tanımayan qul olarmı?
Əlbəttə, tanıyıram”. Abdullah sual verdi: "Sən bu səhrada, yazıb-oxumaq
bilmədiyin halda Allahı necə tanımısan? Bunu sənə kim öyrətdi?”. Çoban:
"Qoyunlarım öyrətdi. Otardığım qoyunları diqqətlə müşahidə etdim,
Rəbbimi tanıdım”. Abdullah təəccüb içində idi: "Canım, qoyunlara
baxmaqla Allahı tanımaq olarmı? Bu nə hədyandır danışırsan?”. Çobanın
cavabı belə oldu: "Baxıb gördüm ki, bu qoyunlar mənsiz özbaşına yaşaya
bilməzlər. Onları otaran, canavardan qoruyan, soyuqdan saxlayan bir
çoban olmalıdır. Mən olmasam, bunlar hamısı qırılarlar. Anladım ki, əgər
kiçik bir sürünün çobana ehtiyacı varsa, bu qədər böyük və rəngarəng
dünyanın da bir sahibi olmalıdır. Kainatda hər şeyi bəsləyən, qoruyan,
ruzisini yetirən bir tanrı mütləq var”.
Abdullah növbəti sualı verdi: "Bəs
Allahın sifətlərini necə tanıdın? Onu kimə bənzətdin?”. Çoban cavab
verdi: "Heç kimə. Mənim Allahım heç kimə və heç nəyə bənzəməz”.
Abdullah: "Nədən bu fikrə gəldin?”. Çoban dedi: "Yenə qoyunlarıma
baxdım, bu fikrə gəldim. Gördüm ki, nə qoyunlar mənə bənzəyir, nə də mən
onlara. Mən onlara bənzəsəydim, onları idarə edə bilməzdim. Onlar mənə
bənzəsəydilər, mənə tabe olmazdılar. Başa düşdüm ki, hökm edənlə tabe
olan eyni ola bilməz. Əgər bütün dünyanın sahibi Allahdırsa, deməli,
Allah dünyada olan heç nəyə bənzəmir. Onu təsəvvür etmək, nəyə isə
bərabər tutmaq düzgün deyil”.
Abdullah aldığı cavablardan heyrətə
düşmüşdü. Yenə soruşdu: "Sən elmdən, bilikdən bir şey öyrənmisənmi?”.
Çoban təvazökarlıqla cavab verdi: "Mən hara, elm-savad hara? Bu səhrada
kimdən dərs alacağam? Bildiyim üç şeydir, vəssalam. Bunun biri ürəyə,
biri dilə, o biri isə bədənə aid bilikdir. Bu üç şeydən başqa heç nə
bilmirəm”.
Abdullah soruşdu: "Dediklərini mənim üçün xırdala”.
Çoban açıqlama verdi: "Ürək elmi budur
ki, Allah mənə qəlb verib, öz sevgisini və mərifətini orada yerləşdirib.
Mənim də borcum bu qəlblə Onu tanımaq və sevməkdir. Gərək Onun
sevdiklərini mən də sevim, Onun bəyənmədiklərini mən də bəyənməyim.
Dil elmi budur ki, Allah mənə dil verib,
bu dillə Ona şükr etməyimi, nemətlərini sadalamağımı istəyib. Gərək
dilimə söyüş, yalan, qeybət almayım.
Bədən elmi budur ki, Allah mənə mükəmməl
bir cism verdi. Bu bədənlə istədiyim işi görə bilirəm. Amma gərək Onun
ibadətini də yerinə yetirim, Onun xoşlamadığı əməllərdən uzaq olum,
bədənimin gücünü xeyir işlərə sərf edim”.
Abdullah ibn Mübarək çobanın sözlərinin
təsiri altında idi. Ağlına belə gəlməzdi ki, yazıb-oxumaq bacarmayan,
savadsız bir çöl adamı bu qədər dərin mərifətə və möhkəm imana sahib ola
bilər. Ayrılanda çobandan soruşdu: "Sən elmin əsil məğzini mənə
öyrətdin. İndi xahiş edirəm, mənə nəsihət ver”.
Abdullahın kimliyini tanımayan çoban
dedi: "Üzünüzdən elm əhli olduğunuzu görürəm. Əgər elmi Allah rizasından
ötrü öyrənmisinizsə, adamlardan heç nə istəməyin, elminizin əvəzində
insanlardan mənfəət ummayın. Yox, əgər din elmini dünya qazancından ötrü
öyrənmisinizsə, bilin ki, bundan bir xeyir-bərəkət görməzsiniz”.