Ağ akula

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 384
Səs ver:
(səs: 2)
Ağ akula Yer kürəsində ən iri yırtıcı balıqlardan biridir. Yaxşısı budur, çimərliklərdə və açıq okeanda onunla qarşılaşmayasan. Axı, bu təhlükəli balığı adamyeyən akula adlandırırlar. Bəs, bu amansız yırtıcını mühafizə etmək insanın nəyinə lazımdır?

Akulalar hələ 350 milyon il əvvəl dünya okeanında yaşayıb. O vaxt qurunun çox hissəsi suyun altında olub. Ona görə də arxeoloqlar ağ akulanın əcdadının qalıqlarını bəzən dənizdən çox-çox uzaqda tapırlar. Tədqiqatçılar onun əcdadının daşlamış dişlərini hətta Atakama səhrasında və Peruda aşkar ediblər. Skeleti sümükdən ibarət olan qədim qohumlarından fərqli olaraq müasir dəniz yırtıcılarının skeleti qığırdaqdandır. Akulanın üzmə kisəsi də yoxdur. Ona görə də suyun dibinə düşməmək üçün daim hərəkətdədir. Bu səbəbdən ağ akula heç vaxt yatmır. Onun beyninin hər yarımkürəsi növbə ilə istirahət edir.

Ağ akula bəzən sualtı bulaqların qaynaqlandığı yerlərdə qısa müddətə qıc vəziyyətinə düşür. Ağ akulaya Şimal Buzlu okeanından başqa bütün okeanlarda təsadüf edilir. Bu yırtıcı balıq insan üçün çox təhlükəlidir. Axı, şikar saydığı hər şeyə hücum edir. Bəzən insanları da iri dəniz heyvanları sayıb, hücum edir. Xüsusən, Avstraliyada çoxlu sayda üzgüçü akula dişlərinin qurbanı olub. Bu səbəbdən onu Ağ Ölüm adlandırıblar.

Akulanın ağzında ülgüc kimi iti bir neçə yüz diş var. Hər birinin ölçüsü 3-4 santimetr olan dişlər üç cərgədə düzülüb. Qabaq dişlər xarab olanda onları arxa dişlər əvəzləyir. Bu minvalla ağ akulanın həyatı boyu minədək dişi olur. Ağ akula balıq, suiti, dəniz pişikləri və şirləri, tısbağa, delfin və hətta digər akulalarla qidalanır. Əslində, ağ akulada ideal qatilin bütün əlamətləri var. O, qan qoxusunu uzaq məsafədən hiss etmək, suyun azacıq tərpənişini sezmək iqtidarındadır. Məsələn, o, böyük balığın hərəkətini 300 metr məsafədən hiss edir. Ağ akula qurbanlarının nəfəs alan və ürək döyünən zaman əmələ gələn elektrik impulslarını hiss edir və hətta çox yaxşı gizlənən ovunu asanlıqla tapır. Ağ akulanın bədəninin temperaturu həmişə suyun temperaturundan yüksəkdir. Yəni onun əzələləri həmişə qızmış, özü isə hücuma hazır vəziyyətdədir. O, qurbanına gizlicə yaxınlaşaraq qəfil hücum edir.

Bununla belə, ağ akulanın insanlardan qorxmaq və onlardan uzaq durmaq üçün daha çox səbəbi vardur. Axı, bəşər övladı dəniz yırtıcılarının bu növünü, demək olar, məhv edib. Alimlərin hesablamalarına görə, okeanda 3500 ağ akula qalıb. İnsanlar hər il bir milyona qədər müxtəlif növ akulanı məhv edirlər. Ağ akulanın əti çox dadlı və qidalıdır. Üzgəcləri xüsusi delikates sayılır. Akulanın dərisi möhkəmliyi ilə seçilir, öküz dərisindən 1,5 dəfə möhkəmdir. Ona görə də akula dərisinə böyük tələbat var. Amerika şirkətləri ildə təqribən 50 min akula dərisi emal edir. Ondan kəmər, portmone, ayaqqabı və digər məmulat hazırlanır. Akulanın tələf edilməsinin qarşısını almaq lazımdır. Axı, yırtıcı olsa da, xəstə balıqları ovlamaqla okeanı təmizləyir və sağlamlaşdırır. Akulanın çox güclü immuniteti var. Bioloqlar akulada xərçəngin və yoluxucu xəstəliklərin izlərinə rast gəlməyiblər. Onlar ümidvardırlar ki, akula təhlükəli və ölümcül xəstəliklərə qarşı dərmanlar hazırlamağa kömək edəcək.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri