Fauna

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 218
Səs ver:
(səs: 1)
Azərbaycanın fauna və florası çox zəngin olsa da bəzi növlərin təbiətdən silinmə təhlükəsi var. Beləki bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 10-13 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar. Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub.

Vaşaqa Azərbaycanda əsasən Naxçıvan, Dağlıq Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında rast gəlinir. Azərbaycanda çox nadir hallarda Zolaqlı kaftara Bozdağın ətəklərində, Göyçay, Ağdaş, Ağdam, Yevlax, Naxçıvan Muxtar Respublikası ərazilərində təsadüf olunur.

XIX əsrin ortalarında Azərbaycanda ceyran səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur.

Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu "zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.

Azərbaycanda məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmişdir.

Çöl qartalı Azərbaycanda sayı azalan nadir, köçəri növdür. Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Toğlugötürən nəsli kəsilmək üzrə olan, oturaq növdür. Azərbaycanın Böyük və Kiçik Qafqaz və Talış dağları ərazilərində areallaşmışdır.

Dovdaq nadir, qışlayan quş növüdür. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir.

Çəhrayı qutannadir, sayı azalmaqda olan qışlayan növdür. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdır. Ancaq görünür ki, indi olduğu kimi keçmişdə də yuvalamırdılar. Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir. 1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınmışdır. Qızılqaz nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür.

Xəzər dənizində və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Böyük Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Nərə, ağ balıq, çəki, siyənək, kütüm, ziyad, forel, Azərbaycanın su hövzələrində rast gəlinən əsas balıq nəvlərinə aidirlər. 2010-ci ildə 439,47 milyon ədəd balıq körpələri süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılmışdır. O cümlədən: nərə cinsli-1,522 milyon ədəd, qızılbalıq-173,61 min ədəd, çəkikimilər-432,08 milyon ədəd, ağ amur-5,75 milyon ədəd. Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri