İncə yırtıcı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 378
Səs ver:
(səs: 2)
Elastik, incə, bədəni, yumru başı, uzun quyruğu və uzun ayaqları bu heyvana xüsusi gözəllik verir. Uzananda da, ayaq üstə duranda da, yeriyəndə də, ov üstünə atılanda da çox incə görünür… Amma şahanə yerişin sahibi, yüngüllük, zəriflik, çeviklik təcəssümü sayılan bu heyvan nə qədər incə olsa da, o, bir yırtıcıdır… Nəsli kəsilmək təhlükəsi ilə üzləşən yırtıcı… Bəli, bu heyvan gözəl, qamətli, şahanə yırtıcı bəbirdir.

O xal nə xaldır, qoşa düzdürmüsən?
Bəbir pişikkimilər fəsiləsinə aiddir. Bu fəsiləyə şir, pələng, vaşaq, meşə pişiyi və bizim ev pişikləri də daxildir. Amma bəbir onların bir çoxundan fərqli olaraq, nəsli kəsilməkdə olan yırtıcıdır. Həm də onu pişikkimilər fəsiləsinin ən superpişiyi, insanların dostu da adlandıra bilərik. Nə üçün? Bu barədə bir az sonra… Öncə bəbiri daha yaxından tanıyaq.

Əvvəllər bəbiri şir və panteranın hibridi hesab edirdilər: bu heyvanın latınca adı – leopard da bu fərziyyədən yaranıb: leo – latınca şir, pard isə pantera sözünün qədim variantıdır.

Bu incə vəhşinin bədəni parlaq və yumşaq xallı xəzlə örtülüdür. Bir bəbirin bədənindəki xallar digərlərinə oxşamır, elə onları da çox zaman xallarına görə ayırırlar. Xəzi başdan-ayağa qara rəngdə olan bəbirləri adətən qara pantera adlandırırlar. Amma əslində onların da dərisi xallıdır, sadəcə xallar o qədər də gözə çarpmır. Qara panteralara ən çox Cənub-Şərqi Asiyada rast gəlinir. Xəzlərinin tünd rəngi qara panteraları sıx kolluqlarda yaxşıca gizlədir. Qara panteralar digər bəbirlərə nisbətən daha aqressivdirlər. Amma öncə Azərbaycanda yaşayan bəbirlər barədə məlumat verək. Yəqin ki, bir çoxlarınız bəbirin yalnız ucu-bucağı görünməyən Afrika savvanalarında, keçilməz Asiya cəngəlliklərində yaşadığını düşünürsünüz. Elə isə agah olun ki, Hirkan meşələrində, Axar-Baxar dağ silsiləsində, Zəngəzur dağlarında da bu gözəl yırtıcı yaşayır. Amma gələcəkdə də yaşayıb-yaşamaycağı onların nə dərəcədə qorunmasından asılı olacaq. Çünki Azərbaycan ərazisində yaşayan bəbirlərin sayı 15 fərddən artıq deyildir. Bugün bəbirlərin, eləcə də nəsli kəsilməkdə olan heyvanların qorunmasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) da üzərinə böyük yük düşür.

“Quyruğuma yağ çəkərəm…”
Azərbaycanda bəbirlərə aid ən qədim tapıntı bizim eradan 400-300 il əvvələ aiddir. Azıx mağarasından tapılan bəbir skeleti bu heyvanın hələ qədimdən Azərbaycanda yaşadığını göstərir. Azərbaycanın bir çox yerlərində, o cümlədən Qobustan və Gəmiqayada rast gəlinən bəbir təsvirləri də bu faktı sübut edir.

Bəbir obrazı hələ Orta əsrlərdə də bədii əsərlərdə tez-tez rast gəlinən personajlardandır. Hətta müxtəlif incəsənət sahələrində, o cümlədən xalçaçılıqda bəbir təsvirləri bütün dövrlərdə önəmli yer tutub. Bəs, görəsən, ədəbiyyatımızda, incəsənətimizdə geniş təsvir olunan bu güclü pişiyin xarici görkəmi necədir? Bəbir kifayət qədər iri heyvandır, bədən uzunluğu 120-170 sm, quyruğu 75-110 sm, çəkisi 32-60 kq-a çatır. Bəzən isə 100 kq ağırlığı olan bəbirlərə də rast gəlinir. Adətən erkək fərdlər dişilərdən iri olur. Bəbirin ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını qoruyur. Maraqlıdır ki, quyruğunu itirmiş heyvan kiçik sıçrayışlar belə etməyə qadir deyil. O, çox zərifcəsinə hündür daşların üzərinə sıçrayır, sıçrayışlarının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirlər suda da yaxşı üzə bilir.

Bəbirin xəzi qısa və sıxdır. Qışda xəzi daha sıx, uzun və parlaq olur. Sarı və ya sarı-kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi, demək olar ki, ağdır. Cavan fərdlərin rəngi daha parlaqdır, onlar, əsasən, boztəhər sarı, bəzən də çirkli ağ rəngdə olurlar.

Quyruğu az tüklü olduğundan nazik görünür. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyacanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri