Uşaqdan əsgərə məktub

Müəllif: Love-Girl
Şərhlər: 10
Baxılıb: 8 053
Səs ver:
(səs: 1)
Əsgər təpədə düşmənlə üzbəüz döyüş postunu yenicə təhvil verib istirahət etməyə aşağı düşmüşdü. Çox yorğun idi. Ayaqları, əlləri az qala donmuşdu. Qarlı, şaxtalı havadan sonra isti blindajda qızınmaq istəyirdi. Yatıb dincəlmək üçün çox az vaxtı vardı. Düşüncələrə dalmışdı. Birdən dedilər ki, sənə məktub gəlib. Axı o heç kimdən məktub gözləmirdi. Evdəkilərlə də komandirinin telefonu ilə iki gün öncə danışmışdı. Məktubu aldı. Amma üstündəki adı, soyadı tanımadı. Təəccüb içində az qala donmuş barmaqları ilə zərfi cırıb məktubu açdı:

"Salam, əsgər!
Əsgər, sən məni heç vaxt görməmisən, elə mən də səni. Amma mən səni, oradakı bütün əsgərləri qardaşım kimi çox istəyirəm. Onlara da de, mən sənə və onlara "çox sağ olun" deyirəm. Axı siz orada bizi qorumasaz, biz burada rahat yatıb-dura, oxuya, gəzə, oynaya bilmərik.

Evdə 3 uşağın hamısından balaca olduğuma görə mənə evin sonbeşiyi deyirlər. Qardaşım da indi sizin kimi əsgərlikdədir. Bilirəm ki, indi siz də səngərdə düşmənlə üzbəüz dayanmısız. Hətta sizin bu məktubu oxumağa çox vaxtınızın olmadığını da bilirəm. Amma mən inanıram ki, siz düşmənlərdən qorxmursuz və biz tezliklə qalib gələcəyik.

Atamız deyir ki, bizim babamız faşistlərlə döyüşmək üçün 1941-ci ildə müharibəyə gedib, qayıtmayıb. O zaman da faşistlər çoxlu insanları öldürdülər, torpaqlarımızı tutdular. Amma axırda biz qalib gəldik. İndi də erməni faşistləri torpaqlarımızı tutublar. Onlar azərbaycanlıları öldürür, vəhşilik edirlər.

Əsgərlikdə olan qardaşım deyir ki, böyük qardaşımızın və əmimizin intiqamını almadan qayıtmayacaq. Hə, sizə deməyi unutmuşdum. Axı mənim əmim və böyük qardaşım da əsgər olublar. Mən əmimi görməmişəm. Deyirlər, o, hələ 23 il əvvəl Qarabağda döyüşlərdə şəhid olub. Qardaşım isə xaricdə oxuyurdu. Oradan qayıdan kimi də əsgərliyə getdi. Dedi ki, əgər Mübariz İbrahimov kimi igid məni və ailəmi qorumaq üçün şəhid olubsa, mən burada rahat gəzə bilmərəm, mən də gedib bizim, onun və dostlarımın ailəsini qorumalıyam. Amma o, evə qayıda bilmədi... O da şəhid oldu... Amma bilirəm ki, əmim də, qardaşım da ölməyiblər. Çünki oxumuşam ki, şəhidlərə ölü demək olmaz. Onlar həmişə diridirlər...

Amma qardaşım üçün çox darıxıram... Yadımdadır, o, tez-tez himnimizi oxuyardı. Himndə ən çox xoşu gələn yer, bilirsən, hansı idi? Bax bu: "Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!"

Bilirəm ki, siz də orada himnimizi tez-tez oxuyursuz. Amma mən sənin və oradakı əsgərlərimizin ölməsini istəmirəm. İstəyirəm ki, siz də, o biri qardaşım da düşmənləri məhv edib sağ-salamat evə qayıdasız. Axı sizi də mənim kimi gözləyən balaca bacılarınız, qardaşlarınız, atanız-ananız var.

Atamız bizə deyir ki, Allah bizi çox sevir. O, bunu Quranda oxuyub. Bilirəm ki, O, məni də çox sevir. Amma Allah pislik, vəhşilik edənləri sevmir. Allah səni də çox sevir. Çünki sən pis adamlarla döyüşürsən.

Heyf ki, oğlan deyiləm. Amma mən də sənin kimi, qardaşlarım kimi Vətənimizi, uşaqları qoruyacam. Bilirsən, mən böyüyəndə həkim olmaq istəyirəm. İstəyirəm ki, bütün uşaqlar sağlam olsunlar. Heç kim xəstələnməsin, ölməsin...

Mən ermənilərin azərbaycanlı uşaqları necə öldürməsi haqqında çox oxumuşam. Televizorda Xocalı soyqırımını görəndə istədim ki, siz onları buradan qovasız, məhv edəsiz. Əgər qardaşım, sən və oradakı əsgərlər onları məhv etməsəz, düşmənlər gəlib məni də, dostlarımı da öldürərlər axı...

Əsgər, bilirəm ki, sən məni görməsən də, çox istəyirsən. Çünki bəlkə, sənin də mənim kimi balaca bacın, qardaşın var. Ona görə də bilirəm ki, qoymazsan ki, onlar gəlib bizi öldürsünlər..."

Əsgər məktubu oxuyub bitirəndən sonra da bir xeyli donub qaldı. Bu dəfə onu şaxta yox, sözlər dondurmuşdu. Amma bu sözlər ona əlavə güc verirdi. İndi o, yatmaq haqqında yox, yenidən döyüş postuna, bu dəfə daha ürəkli, daha həvəslə qayıtmaq istəyirdi...

Qeyd: Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar" adlı müsabiqəsinə təqdim olunub. Həmçinin "Əsgərə məktub" layihəsinə dəstək olaraq saytımızda təmənnasız reklamı dərc edilmişdir.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 8 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri