Siz elə bilirdiniz ki, mən görmürəm

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 172
Səs ver:
(səs: 0)
(Naməlum müəllif tərəfindən qələmə alınmış bir yazıdan motivlənərək)

Bəzən bizə elə gəlir ki, yanımızda olan övladlarımız və nəvələrimiz yalnız öz işləri ilə məşğuldurlar. Onlar bizim hərəkətlərimizi, əməllərimizi, işlərimizi görmürlər və danışdıqlarımızı eşitmirlər. Amma Uca Allah Öz hikməti ilə uşaqlarımızın həyatında ən yaxşı və ən əsas nümunəni elə biz böyüklərdə qərar vermişdir.

İstəyərdim ki, bir uşağın dilindən, onun mümkün təəssüratları ilə bölüşüm.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz mənim çəkdiyim ilk rəsmi necə soyuducuya yapışdırdınız. Və mən həmin andaca yeni bir şəkil çəkmək istədim.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, satıcının bilmədən və səhvən artıq verdiyi pulu siz geri qaytardınız. Və mən başa düşdüm ki, halallıq – ən mühüm məsələlərdən biridir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, qoluzorbalı birisinin bir məzlumu aşağıladığı zaman, siz ona qahmar çıxıb müdafiə etdiniz. Və mən başa düşdüm ki, hər bir halda ədalətsizliyə qarşı çıxmaq lazımdır.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, qonşuda başsız qalan bir ailənin yetim uşaqları üçün siz onların qapılarının altına zərfdə bir qədər pul qoydunuz. Və mən başa düşdüm ki, başsız qalan yetimlərə əl tutmaq – gözəl işdir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, namazın vaxtı gəlib çatan kimi siz əlinizdəki bütün işləri qoyub, namazlarınızı qıldınız. Və mən başa düşdüm ki, namazə vaxtında qılmaq – Yaradana olan ehtiramdır.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, xəstə yatan dostunuz üçün yemək hazırlayıb apardınız. Və mən başa düşdüm ki, insanlar bir-birinə yardım etməli, bir-birinin qayğısına qalmalıdırlar.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz öz vaxtınızı və pulunuzu heç bir şeyi və vəsaiti olmayan insanlara sərf edirsiniz. Və mən başa düşdüm ki, əgər kiminsə nəyisə varsa, o, heç nəyi olmayana kömək etməlidir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz maşınla dolu olan yolu keçə bilməyən qoca bir kişinin qolundan tutub, onun yolu keçməsinə imkan yaratdınız. Və mən başa düşdüm ki, yaşlılara hörmət edilməlidir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, hətta özünüzü yaxşı hiss etməsəniz də belə, siz öz vəzifələrinizə necə məsuliyyətlə yanaşırsınız. Və mən başa düşdüm ki, böyüyəndə mən də işlərimdə məsuliyyətli olmalıyam.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz bütün ətrafınızda olanların qayğısını çəkirsiniz. Və mən başa düşdüm ki, bizə verilmiş bu qiymətli nemətlərin qayğısına qalmaq lazımdır.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, əzadarlıq məclislərində, dualarda sizin gözlərinizdən necə göz yaşı axır. Və mən bildim ki, həyatda elə şeylər də olur ki, insana kədər-qəm gətirir, onun qəlbi ağrıyır və deməli, ağlamaq – normal bir halətdir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz imkan tapan kimi əlinizə kitab alıb oxuyursunuz. Və mən başa düşdüm ki, insan daima öz üzərində işləməli, elmlənməli və maariflənməlidir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz kimsəsiz bir pişiyə yemək verdiniz. Və mən bildim ki, hətta heyvanlara qarşı da mehriban olmaq lazımdır.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz ad günümə məhz mənim sevdiyim tortu bişirdiniz. Və mən başa düşdüm ki, hətta ən xırda məsələlərin də xüsusi əhəmiyyəti ola bilər.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz necə də daima mənim qayğıma qalırsınız. Və mən ola biləcəyim bütün yaxşı xüsusiyyətlərə malik olmaq istədim.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən böyüyəndən sonra yaxşı, ədalətli, abırlı, insaflı, elmli və uğurlu insan olmaq üçün həyatdan götürməli dərslərimin bir çoxunu əldə edirdim.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən sizə baxırdım və demək istəyirdim: “Atacan, anacan! Çox sağ olun ki, siz düşünərkən ki, mən baxmıram, mən görməli olduğum mətləbləri görürdüm!”

Rza Adil,
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri